Qəbələ:
bu qədim diyarın şöhrəti
ölkə hüdudlarından çox-çox
uzaqlara yayılıb
Təkcə turizm, mədəniyyət
və idman sahəsində deyil, aqrar sektorda da beynəlxalq əlaqələr
genişlənir
Bu
ilin sonuna qədər Azərbaycanda, Qəbələ şəhərində
daha bir beynəlxalq aeroport istifadəyə verilməlidir. Qəbələ
ölkəmizin turizm mərkəzlərindən birinə
çevrilibdir. Orada böyük infrastruktur layihələri həyata
keçirilir. Çoxlu otellər tikilib, istirahət
zonaları yaradılıb və xarici turistləri cəlb etmək
üçün əlavə infrastruktur layihələri icra
olunur.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin
birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş 12 iyul tarixli iclasındakı
yekun nitqindən
İndi artıq Qəbələ və qəbələlilər haqqında dünyanın müxtəlif guşələrində, müxtəlif məzmunlu xəbərlərin eşidilməsi adi hala çevrilib. Kimi Qəbələdə keçirilən musiqi festivallarından söz açır, kimi bu dağlar diyarının turizm potensialını zəngin təəssüratlarla yada salır, kimi Qəbələ Futbol Akademiyasının yeniyetmə təmsilçilərinin dünya və Avropa miqyaslı uğurlarını təqdir edir, kimi də bu qədim şəhərin öz antik şöhrətinin bərpası istiqamətində atdığı addımların miqyasını alqışlayır. Bu yaxınlarda hörmətli akademik Teymur Bünyadov vurğulamışdır ki, mətbuatda hansısa şəhərin və ya rayonun öz şöhrətini bərpa etməsi barədə fikirlər səslənəndə söhbət ötən əsrin 70-80-ci illərində yaranmış şöhrətdən gedir. Qəbələ isə 10-15 əsr və daha çox əvvəllərə aid olan şöhrətini bərpa edir. Bu ilin sonuna qədər istifadəyə veriləcək yeni beynəlxalq aeroport həmin tendensiyanı daha da sürətləndirəcəkdir.
Əlbəttə, bütün bunların hamısı uğurdur və Qəbələnin şöhrətinin üstünə şöhrət gətirir. Ancaq bu məsələdə Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalının əhəmiyyəti daha çox qiymətləndirilir. Repertuarında həm Avropa klassik musiqisi, həm də ənənəvi Azərbaycan musiqisi və onun incisi olan muğamların yer tutduğu Qəbələ festivalı ildən-ilə öz əhatəsini genişləndirərək bütövlükdə Azərbaycan mədəniyyətinə öz töhfələrini vermiş olur. Az qala dünyanın bütün ölkələrindən gəlmiş ifaçılar və sənətşünaslar respublikamızın inkişafını görür, milli-mənəvi dəyərlərimizin zənginliyinin şahidinə çevrilir və Azərbaycan insanının həyat səviyyəsi ilə daha yaxından tanış olurlar. Bütün bunların təməlində Qəbələnin əsrarəngiz təbiəti, tarixi abidələri, gülərüz insanları və dövlətin bu diyarın inkişafına ayırdığı diqqət, qayğı dayanır. Bu gün elə bir qəbələli ola bilməz ki, o, öz rayonunun şöhrətinin artması ilə fəxr etməsin. Ancaq rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevin fikrincə qəbələlilər artıq rayonun müasirləşdirilməsi ilə, inkişafı ilə fəxr etməklə yanaşı, bu prosesə özünəməxsus töhfələr verməyə də çalışırlar: "İndi artıq çoxlu təkliflərin, təşəbbüslərin səsləndirilməsinin şahidiyik. Təkcə ziyalılar, ağsaqqallar, imkanlı şəxslər, iş adamları deyil, istənilən sıravi insan da bu tərəqqinin davam etdirilməsində nə isə bir əməyi olmasını arzulayır. Bu, çox yaxşı tendensiyadır. Görülən işlərin nəticəsi sakinləri ruhlandırırsa, deməli, götürülmüş kurs həqiqidir, dəqiqdir, xalqın sevdiyi kursdur".
İcra başçısı ilə Qəbələ-Ağdaş magistralının genişləndirilməsi üçün başlanılan iş yerində görüşdük. Bu yolun Qəbələ şəhərindən yeni inşa edilən Hava Limanına qədər olan 22 kilometrlik hissəsi dörd cərgəli, ən müasir magistrala çevriləcək. Səbuhi müəllim danışdı ki, 2011-ci ilin birinci yarısında Qəbələ rayonunda tikinti-abadlıq və yenidənqurma işləri sürətlə davam etdirilib. Yarım il ərzində əsas kapitala yönəlmiş investisiyanın həcmi 40 milyon 205 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 36 milyon 180 min manat təşkil edib. Əvvəlki ilin birinci yarısı ilə müqayisədə əsas kapitala yönəlmiş investisiyanın həcmi 20 milyon 381 min manat, yaxud 2 dəfə artıb.
Hazırda rayonda sosial-müdafiə fondu üçün inzibati binanın, Qəbələ seysmoloji mərkəzinin tikintisi başa çatıb, icra hakimiyyəti üçün inzibati idarə binasının, olimpiya idman kompleksinin, atçılıq kompleksinin, Qəbələ beynəlxalq hava limanı, əlil və şəhid ailələri üçün 36 mənzilli yaşayış evinin, taekvando üzrə beynəlxalq reablitasiya mərkəzinin, Qəbələ Mədəniyyət Mərkəzinin, Qəbələ Futbol Akademiyasının, Qəbələ şəhər məscidinin, İmamlı kəndində orta məktəb binasının, Çuxur Qəbələ kəndində istirahət mərkəzinin, Milli Təhlükəsizlik Nazirliyinin Qəbələ şöbəsi üçün inzibati binanın, Zarağan kəndində şadlıq sarayının, Nic qəsəbəsində Heydər Əliyev Fondunun hesabına 4020 yerlik, dövlət büdcəsi hesabına 360 yerlik məktəb binalarının, Qaradeyin kəndində şərab zavodunun və özəl sektorda bir çox xidmət obyektlərinin tikintisi davam edir. 2011-ci ilin birinci yarısında fərdi təsərrüfat1ar tərəfındən 4.786 kvadratmetr sahəsi olan 43 yaşayış evi tikilib istifadəyə verilibdir.
Qəbələdə şəhərdaxili yolların genişləndirilməsi, asfaltlaşdırılması davam edir. Şəhərin İsmayıl bəy Qutqaşınlı, Elçin Kərimov və 28 may küçələrində səkilərin tikintisi və tamet daşları ilə üzlənməsi, yağış sularının axıdılması üçün yeraltı kanalizasiyanın quraşdırılması, küçələrin ətrafının memarlıq üslubunda hasarlanması və darvazaların qoyulması, küçələrin hərəkət hissələrinin genişləndirilməsi, elektrik və rabitə hava verilişi xətlərinin yerin altına köçürülməsi, küçə və səkilərin işıqlanma sisteminin quraşdırılması və yaşıl1ıqların salınması işləri davam etdirilir.
Qəbələnin beynəlxalq aləmdə daha çox tanınması barədə fikirlərə gəlincə isə rayon rəhbəri qeyd etdi ki, istənilən sahədə beynəlxalq əməkdaşlıq etmək olar və bu, ümumi işə mütləq səmərə verəcəkdir: "Məsələn, Qəbələnin təbiətini, torpağını, relyefini hamı yaxşı tanıyır. Burada hektardan 20 sentner taxıl götürmək o qədər də pis göstərici deyil. Biz bu il hər hektardan 23,5 sentner taxıl götürmüşük. Bu da ötən ilki göstəricidən 1,2 sentner çoxdur. Ancaq 2011-ci ilin məhsulu üçün təcrübə məqsədi ilə Rusiya Federasiyasının Tambov vilayətindəki Miçurin adına Dövlət Aqrar Universiteti ilə iş birliyi yaradaraq 488 hektarda taxıl əkini aparmışdıq. Elmi şəkildə əsaslandırılmış bu sınaq öz müsbət nəticələrini vermişdir. Belə ki, əvvəlki illər həmin sahənin hər hektarından 20-22 sentner məhsul alındığı halda cari ildə həmin sahənin hər hektarından 33,3 sentner məhsul istehsal olunmuşdur. İş birliyini gələcəkdə də davam etdirmək niyyətindəyik.
İndi söz ölkənin aqrar sektorunda çalışan elm adamlarınındır. Üzümü onlara tutub demək istəyirəm. Buyurun, gəlin, görün ki, elmi şəkildə əsaslandırılan metod hansı məhsuldarlığa zəmin yaradır. Bu sahədə də böyük uğurlara imza atan qəbələlilərin hamı tərəfindən tanınmasını istəyirik.
Başçı əlavə etdi ki, rayonda taxılçılığın inkişafı üçün mümkün olan bütün variantlardan istifadə edilir:
- Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci ilin avqustunda "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam imzalamışdır. Sərəncamla əlaqədar aqrar məsələlər şöbəsi tərəfindən 8 maddə və 35 bənddən ibarət rayon üzrə "Tədbirlər Planı" hazırlanmış və aidiyyatı orqanlara təqdim edilmişdir. Şöbə tərəfindən ildə iki dəfə görülmüş işlər barədə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə rəsmi məlumat verilir.
Həmçinin qeyd etmək lazımdır ki, adıçəkilən Dövlət Proqramının icrası ilə əlaqədar olaraq taxılçılığın inkişafına xüsusi diqqət verilir. Məlum olduğu kimi taxılçılığın inkişafına təsir edən mühüm amillərdən biri yüksək məhsuldar toxum növlərinin mövcud olmasıdır. Yüksək məhsuldar toxum növlərinin əldə olunması üçün, 2 ildir ki, 6 özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. 2010-cu ildə həmin təsərrüfatlarda 3455 ton I və II reproduksiyalı toxumlar istehsal edilmiş və münasib qiymətlərlə torpaq mülkiyyətçilərinə satılmışdır.
Bu gün Qəbələdə elə bir sahə yoxdur ki, rayonun və respublikanın ümumi inkişafına layiq göstəricilər əldə edilməsin. Məsələn, şəhərin içməli su sisteminin köhnəlməsinə baxmayaraq əhalinin içməli su ilə təminatında ciddi çatışmazlıqlara yol verilməmişdir. Su kanal idarəsi öz gücü ilə şəhərdə bir sıra təmir-bərpa işləri aparmış, yenidən qurulan və abadlaşdırılan küçə və meydanlarda su xətlərinin yerlərinin dəyişdirilməsini də vaxtında həyata keçirmişdir.
Bu il Qəbələ su kanal sistemində əhalinin çoxdan gözlədiyi hadisə baş vermiş, Qəbələ şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulmasına başlanmışdır. Hazırda işlər sürətlə gedir. Duruca su mənbəyində yerləşən su anbarı lildən, qumdan təmizlənmiş, 400 kubmetr lil anbardan kənar edilmiş, anbarın ətrafında və yol hissəsində təmizlik işləri aparılmışdır. Qara çay hövzəsində yerləşən su anbarında, Qara Su mənbəyində təmizləmə, Soyuqbulaq su mənbəyində cari təmir işləri aparılmışdır.
Qəbələ Rayon Mədəniyyət və Turizm şöbəsində 2011-ci ilin 6 ayı ərzində dövlət bayramlarının, əlamətdar günlərin, yubiley tədbirlərinin qeyd olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Mədəniyyət müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, folklor qruplarının, incəsənət məktəbi şagirdlərinin keçirilən respublika müsabiqələri və sərgilərində iştirakı təmin olunur. Bu baxımdan 28-30 aprel tarixlərində "Baku Expo Center"də keçirilən Ümumrespublika Daxili Turizm Sərgisində turizm obyektləri nümayəndələrinin və xalq tətbiqi sənətkarlarının iştirakı təmin olunmuşdur. 16-20 mayda incəsənət məktəbinin şagirdləri Ucar şəhərində keçirilən Milli musiqi alətləri ifaçılannın V Respublika Müsabiqəsində iştirak etmişlər. 15-18 iyunda Bakı şəhərində "Azərbaycan - doğma diyar" devizi altında keçirilən milli azlıqlar festivalında Nic qəsəbə Mədəniyyət Evinin "Cəngi" qrupu iştirak etmiş və diplomla təltif olunmuşlar. "Elektron Azərbaycan" proqramı ilə əlaqədar olaraq Qəbələ rayonu üzrə maddi və qeyri-maddi mədəni irs barədə məlumatların toplanılması işi davam etdirilir. Rayona gələn turistlərin sayı ilbəil artır. Hazırda rayon ərazisində 12 mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bu obyektlərdə 1023 yer var. Yarım il ərzində rayona 15200 nəfər turist gəlib. 2011-ci il ölkə Prezidenti tərəfindən "Turizm ili" elan olunub. Azərbaycan turizm sektorunun durmadan inkişaf etdiyi bir ölkədir. Respublikada dünya standartlarına cavab verən otellər, istirahət mərkəzləri, restoranlar fəaliyyət göstərir. Qəbələ ölkənin bu sahədə öndə gedən bölgələrindən biridir. Rayondakı Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin məqsədi də bu obyekt və müəssisələri ixtisaslı kadrlarla təmin etməkdir.
Ümumiyyətlə, bu gün Qəbələdə rayon həyatının bütün sahələri zamanın tələblərinə, günün çağırışlarına cavab verəcək şəkildə inkişaf etdirilir, yenidən qurulur. Elə bir sahə yoxdur ki, inkişaf, müasirləşmə qeydə alınmasın. Təhsil müəssisələri təmir və bərpa olunur, yeni məktəblər tikilir, səhiyyə ocaqlarının maddi-texniki bazası müasirləşdirilir, xidmət sahələrinin hamısı dövlətin və dövlət başçısının tələb etdiyi şəkildə yenidən qurulur. Əhaliyə elektrik enerjisi, təbii qaz, istilik və içməli suyun verilməsində heç bir problem qalmayıb. Bunun nəticəsidir ki, həmin xidmətlərin pulunun ödənilməsi də yüksək səviyyədə təmin edilir. Rayonun əsas turizm bölgələrindən biri olduğunu nəzərə alan müvafiq qurumlar nəqliyyat, rabitə və iaşə xidmətinin dünya təcrübəsi səviyyəsində qurulmasına nail olublar. İcra başçısı qeyd etdi ki, ilin birinci yarısında əldə edilmiş uğurlar geridə qalan ayların daha böyük göstəricilərlə yadda qalmasına zəmin yaradıb: "Biz Qəbələni təkcə bu gününə və ya sabahına görə deyil, həm də tarixinə görə bütün dünyadakı dostlarımıza tanıtmalıyıq".
...Bir müddət əvvəl Qəbələdən qayıdanda Vəndam kəndində şabalıd ağacından hazırlanmış qeyri-adi bir suvenir görmüşdüm. Yerdən uçmağa hazırlaşan leyləyin qanadları, ayaqları elə bir incəliklə işlənmişdi ki, adam onun taxtadan olmasına inana bilmirdi. Zirvəyə qalxmağa hazırlaşan bu fiqurdan bir qədər aşağıda isə eynilə həmin ağacdan qədim Qəbələ şəhərinin yadigarı olan qədim qalanın qalıqları hazırlanmışdı. Yəni Qəbələ qədimlikdən müasirliyə doğru uçmaqdadır. Bakıda köhnə dostlarımdan birinə həmin əl işi barədə ətraflı danışdım. Onun hədsiz marağını nəzərə alaraq fikirləşdim həmin fiquru alıb gətirim və dostuma hədiyyə edim. Amma... usta (həm də satıcı) dedi ki, Qəbələ qalasının təsviri olan bütün əl işlərini alman turistləri alıb apardılar... Eybi yox, Qəbələ qalası qədim Albaniyadan müasir Almaniyaya gedib. Uğur olsun. Qəbələnin səsini həmişə dünyanın hər yerindən eşidək.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2011.- 4 avqust.- S. 4.