Masallı:
inkişafın yeni dövrü
başlanıb
Ötən
hər ay, il bütün ölkədə olduğu kimi,
Masallı rayonunda da yeni bir uğurun tarixinə çevrilir,
inkişaf və tərəqqi ilə müşayiət olunur.
Əhalinin işıq, qaz, su təchizatının
yaxşılaşdırılması, sosial obyektlərin tikilməsi,
abadlıq-quruculuq tədbirlərinin genişləndirilməsi,
yeni iş yerlərinin yaradılması burada həyatın
günbəgün gözəlləşməsinin real göstəriciləri
sayılır. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev bu il aprel ayının 14-də Masallıya səfəri
zamanı rayonda aparılan tikinti-quruculuq işləri ilə
tanış olmuş və razılığını
bildirmişdir: "Biz Masallının inkişafının
yeni mərhələsini yaşayırıq. Çünki
Masallıda gedən işlər, bu gün mənə göstərilən
layihələr, təqdimat yaxın zamanlarda rayonda demək olar
ki, əsas sosial məsələlərin həllinə gətirib
çıxaracaqdır".
Dövlət başçısının səfərindən üç aydan da çox vaxt keçməsinə baxmayaraq, hələ də Prezidentlə görüşlərin təəssüratı Masallı sakinlərini tərk etməyib. Rayon mərkəzində yenidən qurulmuş Nizami Gəncəvi parkı ilə tanışlıqdan sonra ictimaiyyət nümayəndələri ilə görüşən Prezident ölkə miqyasında bütün sosial məsələlərin kompleks şəkildə həllini tapdığını, əhalinin həyat şəraitinin durmadan yaxşılaşdığını konkret faktlarla diqqətə çatdırmışdır. Sakinlər rayona göstərdiyi gündəlik qayğı və diqqətə görə ölkə rəhbərinə hədsiz minnətdarlıqlarını çatdırmışlar. Onlar həmçinin müəyyən problemlərin də aradan qaldırılması üçün dövlət başçısından kömək göstərilməsini xahiş etmişlər.
Dövlət başçısı ilə görüşdə iştirak etmiş Mahmudavar kəndinin sakini, rayon ağsaqqalı, Prezident təqaüdçüsü Şirvan Əbilov:
-Hələ də o unudulmaz görüşün xoş təsiri altındayam. Möhtərəm cənab Prezidentimiz bizimlə elə mehriban və səmimi görüşdü ki, sözün əsl mənasında fəxr elədik. Xatırlayıram ki, rayonumuza səfəri çərçivəsində Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunda, həmçinin yolun Masallının Sərçuvar kəndi ərazisində aparılan tikinti işləri ilə tanış olan dövlət başçısı bizimlə söhbətində demişdi ki, kənd yollarının tikintisi layihələri də gündəlikdə dayanır, bu məsələ ilə də məşğul oluruq.
Təsəvvür edirsinizmi, cəmi beş gün sonra möhtərəm Prezidentin 19 aprel 2011-ci il tarixli sərəncamı ilə rayonumuzun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2 milyon manat vəsait ayrıldı. İndi isə, 30 iyul tarixli sərəncamla Ərkivan-Boradigah-Rüdəkənar avtomobil yolunun tikintisi məqsədilə rayonumuza daha 3,5 milyon manat vəsait ayrılıb. Bütün bunlar hər birimizi və hamımızı ürəkdən sevindirir. Yəni, söz verilir, əməl edilir, dövlətə və dövlətçiliyə inam daha da artır. Dövlət başçısının qayğısından o qədər razıyıq ki, sözlə ifadə etməyə çətinlik çəkirəm.
Bu gün ölkəmizin bütün guşələrində, o cümlədən də Masallıda sosial sahə üzrə çoxsaylı obyektlər tikilib istifadəyə verilir. Təkcə son beş ildə bu rayonda 24 yeni məktəb binası inşa olunub, 5 məktəb əsaslı təmir edilib. Hazırda Hüseynhacılı, Yelağac və Kubin kəndlərində məktəblərin tikintisi, rayon Şahmat məktəbinin isə əsaslı təmiri gedir. Kubində və Şıxlar kəndində tibb məntəqələrinin inşası sona çatdırılıb. Yarımillik hesabat yığıncağında icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin də xüsusi vurğuladığı kimi, aprel ayında rayon üçün ayrılmış 2 milyon manat vəsaitin hesabına kəndlərarası yolların, konkret desək, Kalinovka-Qızılağac, Şıxlar-Kalinovka və Tatyan-Güllütəpə yollarının əsaslı təmiri reallaşdırılmaqdadır. Eyni zamanda həmin vəsaitlə şəhərin mərkəzi prospekt və küçələrində geniş abadlıq işləri layihəsinin icrasına start verilib. Yarım ildə ümumən rayon ərazisindən keçən ölkə və yerli əhəmiyyətli 6,3 kilometrlik yola asfalt döşənib. Cari təmir işləri davam etdirilir. Ələt-Astara yolunun Masallıdan keçən hissəsində hazırda torpaq yatağı bərkidilir.
Çox keçməz ki, rayon mərkəzlərinin kənarından keçəcək bu yollar iqtisadiyyatın inkişafına, əhalinin firavanlığına müsbət təsirini göstərər. Kənd təsərrüfatı, sənaye, turizm kimi sahələr daha da tərəqqi edər. Daha geniş götürəndə yeni yolların istifadəyə verilməsi Masallı və Astara ilə yanaşı, Yardımlı, Lənkəran, Biləsuvar və digər rayonların əhalisi üçün də rahatlıq yaradacaq.
"Masallı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 30 iyul 2011-ci il tarixli Prezident sərəncamına əsasən cari ilin dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin Masallıya ayrılmış 3,5 milyon manatı 69 min nəfər əhalinin yaşadığı 34 yaşayış məntəqəsini birləşdirən yolun inşasına sərf ediləcək.
Həmin ərazidə - Boradigah qəsəbəsində yaşayan ağsaqqal ziyalı Cavanşir Əsədovun dedikləri:
-Beş-on il öncə ağlımıza belə gəlməzdi ki, adi kəndlərarası yollara dövlət bu dərəcədə böyük əhəmiyyət verə bilər. Amma indi, görürsünüz, get-gedə qüdrətlənən dövlətimiz artıq buna qadir olduğunu konkret addımları ilə göstərir. 69 min nəfər əhalinin yol rahatlığının, nəqliyyatın və piyadaların maneəsiz hərəkətinin təmin edilməsi ilk növbədə böyük bir savabdır. Məhz bu savab işlərinə görə möhtərəm Prezidentimiz İlham Əliyevə əhalimiz adından dərin minnətdarlıq duyğularını ifadə etməkdən hədsiz məmnunam.
Bir neçə ay əvvəl dövlət başçımızla görüşdə mən də bir ağsaqqal kimi iştirakçı olmuşam. Açığını deyim ki, onun çıxışı, xalqın rifahı naminə atdığı addımlar qəlbimizi iftixar hissi ilə doldurur, riqqətə gətirir. Heç də hər ölkədə xalqa, millətə bu qədər yaxın olan, belə böyük məhəbbətlə sevilən Prezident yoxdur. Şəxsən mən həmin gün dövlət başçımızla çəkdirdiyimiz şəkilləri əziz bir xatirə kimi qoruyub saxlamağımla özümü xoşbəxt hesab edirəm.
Masallının qazlaşdırılmasını Prezident İlham Əliyev böyük nailiyyət adlandırmışdır: "Gələn ilin sonuna qədər masallının bütün yaşayış məntəqələri qazlaşdırılacaqdır. Bu, tarixi bir nailiyyət olacaqdır. Çünki heç vaxt Masallı kəndlərində qaz olmamışdır. İndi isə... bütün kəndlərdə qaz təchizatı təşkil ediləcəkdir. Gələn ilin sonuna qədər bu layihə başa çatmalıdır. Beləliklə, hesab edirəm ki, biz böyük bir məsələnin həllinə nail olacağıq".
Rayonun bir sıra digər mühüm infrastruktur layihələri, o cümlədən su və kanalizasiya sistemlərinin çəkilişi də tezliklə həyata keçiriləcək. Azərbaycan hökumətinin Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən, Masallının su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün sənədləşdirmə işlərinə başlanılıb, tender vasitəsilə qalib şirkət təyin edikdən sonra yaxın vaxtlarda geniş icraya başlanacaq.
Masallıda həyatın bütün sahələrində intibah duyulur, -desək, yanılmarıq. Buraya kənd təsərrüfatı, emal sənayesi, məşğulluq, sosial-mədəni-məişət sahələri də daxildir. Coşğunluq, canlanma rayonun hər tərəfinə sirayət etməkdədir. Burada, qeyd etdiyimiz kimi, müxtəlif istiqamətlərə yollar çəkilsə də, bu yolların hamısı irəliyə, qələbəyə aparır. Regional inkişaf üzrə Dövlət Proqramının təşəbbüskarı və müəllifi olan Azərbaycan Prezidenti İlham Əliyev ölkənin ən ucqar yaşayış məntəqələrinin belə abad və infrastrukturlu məkanlara çevrilməsi üçün bütün zəruri tədbirlərin görülməsini vacib sayır: "Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin etmək üçün hər bir rayonda və kənddə bütün problemlər həll olunmalıdır".
Biz Masallı rayonunun timsalında bu vüsətin bəzi aspektlərinə nəzər saldıq. İnanırıq ki, ölkəmizin bütün guşələri kimi, Masallının da yaxın zamanlarda yeni və daha gözəl siması yaradılacaq.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 4 avqust.- S. 6.