Azərbaycanda sənayeləşmə prosesi uğurla davam edir

 

Bu sahədə qeyri - neft sektorunun payı sürətlə artır

 

Cari ilin birinci yarımilliyində ölkəmizin iqtisadi və sosial həyatında dinamik inkişaf prosesi davam etmiş, istehsal və xidmət sahələrində qazanılan uğurların sayı bir qədər də artmışdır. İlin ötən dövrü ərzində əldə edilmiş nailiyyətlərin, tərəqqinin əyani təcəssümü olan uğurlu makroiqtisadi göstəricilər bir daha sübut edir ki, Azərbaycanda sürətli sosial-iqtisadi inkişaf artıq qarşısıalınmaz bir prosesə çevrilmişdir. İlin əvvəlindən etibarən bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, investisiya fəallığının daha da güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını bir qədər də möhkəmləndirmişdir. "Azərbaycan Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqram"nın icrası bölgələrdə iqtisadi fəallığı xeyli artırmış, yeni istehsal sahələrinin yaradılması prosesini bir qədər də sürətləndirmişdir. Bütün bunlar isə ölkədə iqtisadiyyatın dinamik və tarazlı inkişafının sürətlənməsinə səbəb olmuşdur.

2011-ci ilin ötən altı ayı ərzində Azərbaycanın strateji valyuta ehtiyatları 9 milyard dollar artaraq 38 milyard dollara çatmışdır ki, bu da ölkədə nəzərdə tutulmuş bütün infrastruktur layihələrinin uğurla həyata keçirilməsinə imkan yaratmışdır. Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: "...Altı ayda Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir.Ölkədə bütün proseslər müsbət istiqamətdə inkişaf edir və bu, bir daha onu göstərir ki, həm bizim seçdiyimiz yol düzgün yoldur, həm də apardığımız siyasət uğurlu inkişafı təmin edir. Xüsusilə indi dünyanın müxtəlif yerlərində yaşanan gərginlik, qarşıdurmalar, müharibələr, maliyyə və iqtisadi böhranlar göstərir ki, düzgün siyasət aparılan zaman bütün sosial və iqtisadi məsələlər uğurla öz həllini tapa bilər. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır, heç bir yerdən yardım almır". Göründüyü kimi, keçid iqtisadiyyatı dövrünü artıq arxada qoyan Azərbaycan Respublikası hazırda dünyanın ən sabit və dinamik inkişaf edən dövlətləri sırasındakı mövqeyini getdikcə möhkəmləndirir.

Dövlət Statistika Komitəsinin 2011-ci ilin yanvar-iyun aylarının sosial-iqtisadi inkişafına dair məlumatında bildirilir ki, hesabat dövründə Azərbaycanda 22 milyard 516,5 milyon manat həcmində ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz və ya müqayisəli qiymətlərlə 169,9 milyon manat çoxdur. Cari ilin altı ayında ölkə üzrə istehsal olunmuş ümumi daxili məhsulun 66,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 54,7 faizi sənayedə, 6,9 faizi inşaat kompleksində və 4,6 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi isə 27,9 faiz təşkil etmişdir ki, bunun da 6,2 faizi nəqliyyatın, 8,7 faizi ticarət və pullu xidmətlərin, 1,7 faizi rabitənin, 11,4 faizi sosial və digər xidmətlərin payına düşmüşdür. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 5,9 faizini təşkil etmişdir. Hesabat dövründə ölkənin qeyri-neft sektorunda məhsul istehsalı 7,2 faiz artmışdır. Ötən altı ay ərzində ölkədə adambaşına 2496,9 manatlıq (3149,5 ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur.

2011-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayedə bir qədər azalma müşahidə olunsa da, sahənin bəzi mühüm növ məhsullarının istehsalında artım qeydə alınmışdır. Belə ki, ölkə sənayesi iqtisadiyyatda ən böyük xüsusi çəkiyə malik olmaqla ÜDM-in artım sürətini təmin etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 15 milyard 612,6 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Sənaye məhsulunun 11 milyard 937,7 milyon manatlığı və ya 76,4 faizi mədənçıxarma, 2 milyard 762 milyon manatlığı və ya 17,7 faizi emal, 821,9 milyon manatlığı və ya 5,3 faizi isə elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 91 milyon manatlığı və ya 0,6 faizi isə su təchizatı bölməsində yaradılmışdır. Göründüyü kimi, cari ilin ilk yarımilliyində ölkə sənayesində bir qədər azalma müşahidə olunsa da, son 5-6 ildə onun real həcmi təqribən 2,6 dəfə artmışdır. Ölkə Prezidenti İlham Əliyev bu amili son illər Azərbaycanda həyata keçirilən uğurlu sənayeləşmə siyasəti ilə əlaqələndirmişdir.

Onu da qeyd etmək lazımdır ki, ölkə sənayesinin real həcminin artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış uğurlu neft startegiyası mühüm rol oynamışdır. Belə ki, dünyanın inkişaf etmiş ölkələrinin transmilli şirkətləri ilə bağlanmış sazişlər Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafını təmin etmiş, son illərdə adı çəkilən sahələrdə hasilatın rekord səviyyəyə çatmasına səbəb olmuşdur. Yeri gəlmişkən, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də digər nəql marşrutlarının uğurlu fəaliyyəti Azərbaycanın ixrac imkanlarını xeyli artırmışdır. Bu da ölkəmizin Avropa və dünyanın enerji təhlükəsizliyinin təminatında daha yaxından iştirak etməsinə imkan yaratmışdır.

Neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da inkişaf tendensiyası sürətlənir. Bu da ondan irəli gəlir ki, son illər ölkəmizin ayrı-ayrı yerlərində yeni istehsal və emal müəssisələri yaradılır, idxalı əvəzləyən rəqabətə davamlı məhsul buraxılışının həcmi artır. İndi hətta Azərbaycan istehsalı olan mallara dünya bazarlarında maraq da getdikcə çoxalır.

2011-ci ilin yanvar-iyun aylarında ölkə üzrə istehsal olunmuş sənaye məhsulunun 79,5 faizi özəl bölmənin payına düşmüş, ümumi istehsalın 91,9 faizi sənaye mallarının, 8,1 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Göründüyü kimi, ölkədə sərbəst istehsal fəaliyyəti üçün yaradılmış əlverişli şərait və azad sahibkarlığa geniş meydan verilməsi nəticəsində sənayedə qeyri-dövlət bölməsinin payı artmaqdadır. Onu da deyək ki, bir vaxtlar dövlət mülkiyyətində olmuş sənaye obyektlərinin bazasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun yaradılmış yeni istehsal sahələrinin işində də böyük canlanma hiss olunur.

Hesabat dövründə istehsal olunmuş sənaye məhsulunun böyük əksəriyyəti istehlakçılara göndərilmişdir. Bununla yanaşı, 2011-ci ilin iyul ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında əvvəlki dövrlərdən qalan qalıqlar da nəzərə alınmaqla 236,6 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Ehtiyatların daha çox hissəsi - 71,6 faizi Bakı şəhərinin payına düşmüşdür. Qalan hissəsi isə Sumqayıt (7 faiz), Gəncə (1,1 faiz), Mingəçevir (0,6 faiz) və respublikanın digər rayonlarının sənaye müəsisələrinin anbarlarında qalmışdır. Bundan əlavə, anbarlarda başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 26 milyon manat məbləğində digər mallar da olmuşdur.

Beynəlxalq iqtisadi fəaliyyət növlərinin təsnifatına gəlincə isə, yanvar-iyun aylarında mədənçıxarma və ya hasilat sənayesində 11 milyard 937,7 manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz azdır. Bu sahədə azalma, əsasən, ölkədə neft və qaz hasilatının bir qədər aşağı düşməsi ilə əlaqədardır. Bütövlükdə isə altı ay ərzində ölkə üzrə 23 milyon 877,6 min ton xam neft və 12 milyard 910,9 milyon kubmetr təbii qaz hasil olunmuşdur. Neft və qaz hasilatlarında müvafiq olaraq 5,6 faiz və 2,1 faizlik azalma qeydə alınmışdır.

İlin əvvəlindən etibarən Azərbaycanda metal filizlərinin hasilatı sahəsində isə əhəmiyyətli artım müşahidə olunmuşdur. Belə ki, yanvar-iyun aylarında ölkədə 1660 kiloqram qiymətli metal və konsentratları istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1 faiz çoxdur. Ölkəmizdə qızıl istehsalına başlanılmasını da əlamətdar hadisə kimi dəyərləndirmək olar. Azərbaycan Beynəlxalq Mədən Şirkəti tərəfindən cari ilin altı ayı ərzində 891 kiloqram qızıl hasil edilərək təmizlənməyə göndərilmişdir. Bundan əlavə, ötən altı ay ərzində ölkədə 769 kiloqram gümüş istehsal olunmuşdur. Bütövlükdə isə hesabat dövrü ərzində Azərbaycanda qızıl və gümüş istehsalı müvafiq olaraq 0,5 faiz və 48,5 faiz artmışdır. Onu da deyək ki, dünya bazarında qızılın qiymətinin kəskin bahalaşdığı bir şəraitdə mədənçıxarma bölməsinin bu sahəsinin inkişaf etdirilməsi ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət daşıyır.

2011-ci ilin birinci yarımilliyində mədənçıxarma bölməisində fəaliyyət göstərən sahibkarlar tərəfindən 1,3 milyon ton çınqıl, qırma daş, xırda çay daşı, 347,1 min ton tikinti qumu, 148,4 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilmişdir. Duzun hasilatı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz azalaraq 2 min tondan bir qədər artıq olmuşdur.

Ölkə sənayesində ikinci böyük xüsusi çəkiyə malik olan emal bölməsinin müəssisələri və fərdi sahibkarları ( ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 2 milyard 762 milyon manatlıq məhsul istehsal olunmuş, sənaye xarakterli xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz çoxdur. İstehsalın daha çox hissəsi qida məhsullarının payına düşmüşdür. Belə ki, altı ayda mühüm növ qida məhsullarından sayılan makaron, ət, süd, kərə yağı, qaymaq, pendir, kolbasa, cem və marmeladlar, həmçinin marqarin, qənd və şəkər tozu istehsalı xeyli artmışdır. Bundan əlavə, hesabat dövründə ölkədə araq, üzüm şərabı və alkoqolsuz içkilərin istehsalında da əhəmiyyətli irəliləyiş müşahidə olnmuş, şampan şərabı, pivə və konyak istehsalı isə bir qədər azalmışdır.

Emal sənayesinin toxuculuq, tikiş, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən ötən dövr ərzində 34,9 milyon manatlıq məhsul istehsal olunmuşdur. Yanvar-iyun aylarında pambıq iplik istehsalı istisna olmaqla digər malların buraxılışında azalma qeydə alınmışdır.

Emal sənayesində ikinci böyük xüsusi çəkiyə malik olan neft məhsullarının istehsalı sahəsində isə altı ay ərzində 3,3 faiz artım müşahidə olunmuşdur. Hesabat dövründə ölkədə 584,3 min ton avtomobil benzini, 294 min ton ağ neft istehsal olunmuş, sürtkü yağlarının istehsalında 29,4 faiz, neft bitumunda 15,5 faiz artım baş vermişdir.

Adı çəkilən bölmənin kimya sənayesində, rezin və plastmas məmulatlarının, həmçinin əczaçılıq məhsullarının istehsalı ilə məşğul olan müəssisələr isə altı ay ərzində 139,4 milyon manatlıq məhsul istehsalına nail olmuşlar. Əsas kimya məhsullarından sulfat turşusu, kaustik soda və lak-boya məmulatlarının, həmçinin polietilenin, rezin və plastmas məmulatlarından isə bərk polietilen boruların, borucuqların və polimer örtüklərin istehsalı xeyli artmışdır.

Yanvar-iyun aylarında tikinti materialları sənayesində 97,4 milyon manatlıq məhsul istehsal edilmişdir . Sənaye müəssisələri tərəfindən 682,4 min ton sement, 55,1 min ton tikinti gipsi, 16,8 min kubmetr betondan yığma-tikinti konstruksiyaları, 108,7 min ton asfalt, 102,4 min kubmetr tikinti kərpici və 368,9 min ton hörmə üçün hazır beton qarışığı istehsal olunmuşdur.

Emal bölməsinin metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələri isə cari ilin yanvar-avqust aylarında 124,5 milyon manatlıq məhsul istehsal etmiş və xidmətlər göstərmişlər. Adı çəkilən bölmədə 118,2 min yon polad tökmə məhsulları, 85,5 min ton armatur 45,3 min ton polad borular istehsal olunmuşdur. Bölmənin digər mühüm sahələrindən sayılan kompyuter, elektron və optik məhsulların, elektrik avdanlıqlarınının istehsalı sahəsində 70,1 milyon manatlıq, maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, avtomobil və qoşquların istehsalı sahəsində isə 74 milyon manatlıq məhsul buraxılmışdır. 2011-ci ilin altı ayında ölkədə 383 ədəd yük avtomobili, 172 ədəd "Lifan" markalı minik avtomobili istehsal edilərək satışa çıxarılmışdır.

Ölkə sənayesinin digər sahəsi olan elektrik enerjisi, qaz, buxar, kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində 821,9 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Xatırladaq ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə 9,1 faizlik artım qeydə alınmışdır. Altı ay ərzində ölkədə 10 milyard kVt-saat elektrik enerjisi istehsal olunmuşdur ki, bunun da 16,4 faizi su elektrik stansiyalarının, 83,6 faizi isə istilik elektrik stansiyalarının payına düşmüşdür.

2011-ci ilin yanvar-iyun aylarında ölkənin sənaye müəssisələrində çalışan işçilərin sayı 163 min nəfər olmuşdur. İşçilərin hər beş nəfərindən ikisi sənayenin qeyri-dövlət bölməsinə məxsus müəssisələrdə çalışmışdır. Sənaye işçilərinin orta aylıq əməkhaqqı 520,3 min manat təşkil etmişdir. Qeyri-dövlət müəssisələrində işçilərin əmək haqqı isə 646,7 manat olmuşdur.

Yaxın illərdə ölkəmizdə sənayeləşmə tendensiyası daha da sürətlənəcək. Azərbaycanın yeni neft strategiyasının uğurla reallaşdırılması, ikinci regional inkişaf proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi , eləcə də yerli istehsalın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və s. amillər ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayeyə, xüsusən də adı çəkilən sahədə qeyri-dövlət bölməsinin inkişafına daha yüksək inkişaf perspektivləri vəd edir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.- 5 avqust.- S. 1.