Ərzaq təhlükəsizliyinin
etibarlı təminatı prioritet vəzifədir
Son
illər Azərbaycanda qeyri-neft sektoruna göstərilən
diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən
olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə
qədəm qoymuş, respublikamızda ərzaq təhlükəsizliyinin
yaradılması prosesində mühüm uğurlar əldə
edilmişdir. Bu da təsadüfi deyil. Çünki ölkəmizin
bazar iqtisadiyyatı sisteminə transformasiyası ilk əvvəl
aqrar sahədən başlamış, kənd təsərrüfatında
90-cı illərin əvvəllərində özünü
qabarıq büruzə verən tənəzzül meylləri
dayandırılmış, iqitsadi artıma və inkişafa
nail olunmuşdur.
Azərbaycan
Prezidenti İlam Əliyevin 2007-ci il 23 yanvar tarixli "Kənd
təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi
haqqında" və 2008-ci il 21 avqust tarixli "Kənd təsərrüfatı
məhsulları istehsalçılarının toxum, gübrə
və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə
dəstək verilməsi barədə" sərəncamları
da aqrar sahədə mövcud problemlərin aradan
qaldırılmasına, bu sahənin dinamik inkişafına
ciddi təkan vermişdir. Həmin sərəncamlar kənd təsərrüfatı
məhsullarının istehsalının
artırılmasına, istehsalçıların yüksək
reproduksiyası buğda toxumuna, cinc damazlıq mal-qaraya olan
ehtiyacının ödənilməsinə, habelə mineral
gübrə və texnikanın saxlanması üçün
xüsusi anbarın tikilməsinin təmin edilməsinə
müsbət təsir göstərmiş, sadalanan işlərin
görülməsini sürətləndirmişdir.
Dövlət
başçımızın 2008-ci il 25 avqust tarixli sərəncamı
ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı" isə
qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin
təmin edilməsi baxımından müstəsna əhəmiyyətə
malikdir. Həmin proqramda nəzərdə tutulan 164 tədbirin
101-i kənd təsərrüfatının müxtəlif
istiqamətlərinə aiddir. Bu, təsadüfi deyil.
Çünki aqrar sahənin inkişaf etdirilməsi ölkə
əhalisinin ərzaq, emal sənayesinin xammal təminatını
yaxşılaşdırmağa, kənd əhalisinin həyat
səviyyəsinin yüksəldilməsinə və
heyvandarlıqda etibarlı yem bazasının yaradılmasına
xidmət edir.
Kənd
təsərrüfatına göstərilən diqqət və
qayğının nəticəsidir ki, bu ilin ötən
aylarında müvafiq sahədə uğurlu göstəricilər
əldə edilmişdir. Dövlət Statistika Komitəsinin məlumatına
görə, aqrar bölmədə yaz tarla işləri
artıq başa çatmışdır. İyun
ayının 22-nə kimi 397,3 min hektar sahədə yazlıq
bitkilərin əkini aparılaraq 29,7 min hektar sahədə dənli
və dənli paxlalılar, 33,6 min hektar sahədə dən
üçün qarğıdalı, 80,8 min hektar sahədə
tərəvəz, 65,1 min hektar sahədə kartof, 42,8 min
hektar sahədə pambıq, 33,2 min hektar sahədə bostan
bitkiləri, 7,3 min hektar sahədə şəkər
çuğunduru, 10,8 min hektarda dən üçün
günəbaxan, 1435 hektar sahədə tütün və s. əkilmişdir.
Ötən illə müqayisədə yazlıq bitkilərin əkin
sahəsi 21,6 min hektar, o cümlədən pambığın əkin
sahəsi 12,4 hektar, dən üçün
qarğıdalının əkin sahəsi 4,1 min hektar, bostan
bitkilərinin əkin sahəsi 730 hektar, tütünün əkin
sahəsi 84 hektar artmışdır.
Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlamışlar. İyul ayının 1-nə kimi qarğıdalı istisna olmaqla 486,9 min hektarın taxılı biçilmiş və həmin sahələrdən 1191,9 min ton məhsul toplanmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 57 min hektar az sahənin taxılının biçilməsinə baxmayaraq 73,2 min ton çox məhsul toplanmış, məhsuldarlıq 3,9 sentner yüksələrək 24,5 sentnerə bərabər olmuşdur.
Yığım başlanandan tarlalardan 266,5 min ton kartof, 306,9 min ton tərəvəz, 62,8 min ton meyvə və giləmeyvə, 28,9 min ton bostan məhsulları, 37,3 ton tütün, 286 ton yaşıl çay yarpağı toplanmışdır. 2010-cu ilin anoloji dövrü ilə müqayisədə kartof istehsalı 31,5 min ton və ya 8,8 faiz, tərəvəz istehsalı 27,5 min ton (9,1 faiz), bostan məhsulları istehsalı 12,9 min ton (80,3 faiz), tütün istehsalı 8,6 ton (30 faiz), meyvə və giləmeyvə istehsalı 1,3 min ton (2,2 faiz), yaşıl çay yarpağı istehsalı 29,1 ton (11,3 faiz) artmışdır.
Keçən ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal-qaranın baş sayı 1,3 faiz artaraq 2663,7 min başa, qoyun və keçilərin sayı 1 faiz çoxalaraq 8630,4 min başa çatmışdır. Bu dövrdə 5,6 faiz çox və ya diri çəkidə 207,9 min ton ət, 7,8 faiz çox, yaxud 797,8 min ton süd, 15,2 faiz az və ya 517,7 milyon ədəd yumurta, 7,5 faiz çox, yaxud 14,2 min ton yun istehsal edilmişdir.
Ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 8,3 faiz, heyvandarlıq məhsulları istehsalı 4,8 faiz, bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalı 6,2 faiz artmışdır.
Azərbaycan Prezidentinin təşəbbüsü və səyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, hər hektar əkin sahəsinə görə 40 manat kompensasiya verilmiş, buğda əkən fermerlərə əlavə 40 manat ödənilmiş, gübrə xərclərinin 70 faizi dövlət hesabına təmin edilmiş, kənd təsərrüfatı istehsalının torpaq vergiləri istisna olmaqla, bütün vergilərdən azad olunmuş, sinifli toxum istehsalının dövlət tərəfindən subsidiyalaşdırılması üçün hər il dövlət büdcəsindən müəyyən vəsait ayrılmışdır. Hazırda taxılçılığın inkişafı məqsədilə yeni əkin sahələrinin dövriyyəyə çıxarılması üçün meliorativ məsələlərin həlli zərurəti də qarşıda mühüm vəzifə kimi durur. Düzdür, son illər suvarılan torpaq sahələrinin artırılması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması baxımından bir sıra iri layihələrin reallaşdırılmasına başlanılmışdır. Məsələn, Samur - Abşeron, Yuxarı Mil kanallarının, Tovuzçay su anbarının tikintisi davam etdirilir.
Ölkə Prezidenti İlham Əliyev hazırda meliorasiya ilə bağlı məsələlərin öz həllini tapdığını vurğulamışdır. Dövlət başçımız demişdir: "Xüsusilə nəzərə alsaq ki, biz taxılçılığın inkişafı üçün yeni əkin sahələrini müəyyən etməliyik, suvarma sahələrinin vacibliyi daha da artır. Son illər ərzində bu sahədə müəyyən işlər görülmüşdür. Hazırda tikilməkdə olan Şəmkirçay su anbarı başa çatdıqdan sonra on minlərlə hektar torpaq sahəsi suvarılacaq və beləliklə, kənd təsərrüfatının inkişafı üçün əlavə imkanlar yaradılacaqdır. Digər layihələr də icra edilir və biz elə etməliyik ki, əkin sahələrinin ərazilərini genişləndirək"
Son illər taxılçılığın inkişafı istiqamətində digər tədbirlər də həyata keçirilməkdədir. Burada sahibkarların, iş adamlarının ciddi ehtiyac duyduqları taxıl anbarlarının, taxıl elevatorlarının tikintisini misal göstərə bilərik. Belə ki, bütün regionlarla ümumi tutumu 270 min ton olan 17 taxıl anbarı komplekslərinin inşası güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir. Bundan əlavə, Səngəçalda 100 min tonluq, Naxçıvanda 30 min tonluq taxıl elevatorları istismara verilmişdir. Gəncədə 60 min tonluq elevatorun tikintisi davam etdirilir. Bununla da bu sahədə tələbat əsasən təmin edilmişdir.
Yeri gəlmişkən, regionlarımızda inşa edilən soyuducu və taxıl anbarları komplekslərinin yaradılması, taxıl elevatorlarının istismara verilməsi ərzaq təhlükəsizliyinin təmin olunmasına, regionların sosial-iqtisadi inkişafına və investisiya cəlbediciliyinin artırılmasına, kənd təsərrüfatının intensiv inkişafına, məhsul itkisinin qarşısının alınmasına, daxili bazarın qorunmasına, istehlakçıların hüquqlarının müdafiə olunmasına, yeni texnologiyaların tətbiqinə və ixrac potensialının artırılmasına təkan verməklə, ölkə iqtisadiyyatının inkişafına da böyük töhfələr verəcəkdir. Belə ki, kənd təsərrüfatı məhsullarının ixrac potensialından səmərəli istifadə baxımından bir məhsulun istehsalı qədər, onun müvafiq saxlama şəraiti ilə təmin olunması mühümdür. İnşa edilən soyuducu və taxıl anbarları kənd təsərrüfatı məhsullarının bazara çıxış müddətinin artırılması və məhsulun istehsal mövsümündə ucuz qiymətlə ixrac edilməsi əvəzinə onun müəyyən müddət saxlayaraq daha münasib qiymətlə ixrac edilməsinə imkan yaradır.
Bununla yanaşı, ölkəmizin ümumiləşdirilmiş preferensiyalar sisteminə (GSP) qoşulması sahibkarların mövcud və yeni ixrac bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından atılmış ciddi addım kimi qiymətləndirilməlidir. Bildiyimiz kimi, ölkəmiz Kanada, Yaponiya, Türkiyə, Norveç, İsveçrə və Amerika Birləşmiş Ştatlarının GSP, Avropa Birliyinin isə GSP+ proqramlarından istifadə etmək və öz məhsullarını həmin ölkələrin bazarlarına güzəştli şərtlərlə ixrac etmək hüququna malikdir. Belə ki, GSP-nin üstünlüklərini daha yaxşı ifadə etmək baxımından qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası sadəcə 2008-ci ilin dekabr ayında ABŞ-ın GSP proqramına qoşulmaqla 3473, Avropa Birliyinin GSP+ proqramına qoşulmaqla isə 7200-ə yaxın mal mövqeyi üzrə həmin ölkələrə güzəştli ixrac imkanı əldə etmişdir.
Ölkəmizdə dünya standartlarına uyğun, yüksək keyfiyyətli məhsulların istehsalının daha da artırılması dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin prioritetlərindəndir.Prezident İlham Əliyev göstərmişdir ki, hazırda Azərbaycanda istehsal olunan məhsulların dünyanın əksər ölkələrinə ixrac edilməsi onu deməyə əsas verir ki, Azərbaycanda dünya standartlarına uyğun, yüksək keyfiyyətli məhsul istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır. Bu, eyni zamanda, dövlətin iqtisadi siyasətinin prioritetlərindəndir. Keyfiyyət bizim üçün əhəmiyyətli göstəricidir. Çünki istehsal olunan məhsulların yüksək keyfiyyətli olması həmin məhsulların ixrac bazarlarında rəqabət qabiliyyətini artırdığı kimi, istehlakçılarımızın da keyfiyyətli məhsul istehlak etmək hüququnun təmin olunması deməkdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 5 avqust.- S. 2.