Milli dövlətçilik konsepsiyasının banisi

 

Bu konsepsiyanın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Böyük alman mütəfəkkiri İmmanuel Kant özünün fəlsəfi-hüquqi nəzəriyyələrində qeyd edir ki, güclü dövlətin iki mühüm təminatı mövcuddur - xalq tərəfindən dəstəklənən mütərəqqi ideologiya və bu ideologiyanın daşıyıcısı olan xarizmatik lider. Məhz bu harmoniya ən qədim dövrlərdən bugünədək ədalətli və hüquqi dövlətdə yaşamaq istəyən hər bir fərdin ideallarını xoş xəyal və illüziyalardan gerçəkliyə çevirə bilər. Dünyada onun maddi və mənəvi varlığını məhdudlaşdırmağa yönəlmiş maneə və sədləri dəf etməyə çalışan bəşər övladı daim haqq-ədalət axtarışında olmuş, ilk növbədə, daxili azadlığını təmin edəcək demokratik cəmiyyətə qovuşmaq üçün əzmkar mücadilə aparmışdır.

Xalqımız tarixən formalaşmış demokratik ənənələri əsasında milli dövlətçilik modeli yarada biləcək böyük sərkərdəyə, liderə daim ehtiyac duymuş, fəqət bu istəyini yalnız ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə gerçəkləşdirə bilmişdir. XX əsrdə xalqımızın yetirdiyi ən böyük şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyev özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, müdriklik və həqiqət kimi üç ali dəyəri bir araya gətirərək çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, gücün siyasətinə qarşı çıxaraq, siyasətin gücünü qoymuşdur.

İndi siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı üçün belə real tarixi şans ötən əsrin ikinci yarısında - ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublika rəhbəri seçilməsindən sonrakı mərhələdə yaranmışdır. Ulu öndərin respublikaya birinci rəhbərlik dövrü çağdaş tariximizə iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olmuş, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə təkan vermişdir. Tarixi məhz bu dövrdən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi, ictimai şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir.

Zəngin mənəviyyata, dünyagörüşünə, konkret həyat amalına malik kamil şəxsiyyət olaraq Heydər Əliyev dövrünün problemlərinə əsl vətəndaş təəssübkeşliyi ilə yanaşmış, xalqının nicatına, təminatlı gələcəyinə xidmət edən savab əməllərin müəllifinə çevrilmişdir. Heydər Əliyevin ən nəcib mənəvi keyfiyyətlərindən biri də məhz onun siyasi fəaliyyətinin bütün mərhələlərində, dövrlərində humanizm, sosial ədalət və insanpərvərlik prinsiplərinə tapınması, ali milli və bəşəri ideallara bağlı olmasıdır. Heydər Əliyev hər bir fərdin maraq və mənafeyinin, qanuni hüquqlarının müdafiəsini dövlətin fundamental vəzifəsi saymış, xalqa təmənnasız xidməti özünün həyat kredosu hesab etmiş, dahi liderin ölməz ideyaları milli inkişafın rəhninə çevrilmişdir.

Ötən əsrin 70-ci illərində məhkəmə, prokurorluq, daxili işlər orqanlarında həyata keçirilən köklü kadr dəyişiklikləri, təsərrüfat-iqtisadi xarakterli cinayətkarlığa qarşı mübarizənin sərtləşdirilməsi məqsədilə atılan addımları, hüquq-mühafizə orqanları əməkdaşlarının mənəvi cəhətdən sağlamlaşırılması, qanun keşikçisi adını daşımağa layiq olmayanların orqanlardan uzaqlaşdırılması da ulu öndərin cəmiyyətdə hüquq normalarının möhkəmlənməsində, milli ruhlu hüquqşünas kadrların yetişməsində maraqlı olduğunu bir daha təsdiqləyir. Həmin illərdə dövlət rəhbəri hüquqşünas kadrların hazırlanması işinin keyfiyyətini tam nəzarətə götürmüş, 1974-cü ildə Bakıda "Hüquq pozuntuları və aktiv həyat mövqeyi" mövzusunda 15 günlük elmi-praktik konfrans keçirilmiş, bu tədbirə keçmiş İttifaq respublikaları və dünyanın ayrı-ayrı ölkələrindən görkəmli alimlər qatılmışdılar. Bütün bunlarda məqsəd həm də Azərbaycan hüquq elminin, təhsilinin inkişafına nail olmaq, cəmiyyəti qanunçuluq, əsas insan hüquq və azadlıqlarının qorunması prinsipi ətrafında səfərbər etmək istəyindən irəli gəlmişdir.

Bu baxımdan Heydər Əliyevin Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il tarixli plenumdakı dərin məzmunlu, eyni zamanda tənqidi ruhlu çıxışı sovet Azərbaycanını problemlər məngənəsindən dinamik inkişaf yoluna çıxaran pozitiv prosesin başlanğıcı kimi xatırlanır. Plenumda bütün köhnə stereotiplərə rəğmən, Azərbaycan dilində səlist çıxış edən Heydər Əliyev mövcud problemləri konkret şəkildə, tam çılpaqlığı ilə önə çəkmiş, dövlət idarəçiliyi sistemində formalaşmış regionçuluq, bürokratiya və korrupsiya kimi neqativ tendensiyaların yolverilməz olduğunu demişdir. Ulu öndər eyni zamanda çoxsaylı problemlərin həllində bir sıra rəhbər şəxslərin məsuliyyət daşıdığını da aşkar şəkildə bəyan etmişdir: "Azərbaycanın bütün İttifaq göstəricilərindən və digər respublikaların göstəricilərindən geri qalması ciddi təşviş hissi doğurur. Bunu nə ilə izah etmək olar? Aydındır ki, hər bir sahədəki çatışmazlıqların öz xüsusi səbəbləri vardır. Lakin təhlil göstərir ki, bir çox sahələr üçün səciyyəvi olan ümumi səbəblər də az deyildir. Bu, hər şeydən əvvəl, etibar edilən iş sahəsi üçün bəzi rəhbərlərin məsuliyyət hissini itirməsindən ibarətdir. Odur ki, müəssisələrə rəhbərliyin səviyyəsi çox aşağıdır, lazımi tələbkarlıq və intizam yoxdur".

Hüquq elminin Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə özünə daha uca zirvələrdə yer alması, daha da populyarlaşması bir sıra obyektiv reallıqlarla şərtlənirdi. Məsələ bundadır ki, o zamanlarda bəzi neqativ hallar üzündən sıravi vətəndaşların hüquq fakültəsinə daxil olması əlçatmaz arzuya çevrilmişdi. Hüquq fakültəsi o illərdə "imtiyazlı" bir təbəqənin - "sovet-partiya elitası"nın inhisarında olduğundan, qəbul prosesində adamsız, sadə gənclərə müxtəlif problemlər yaradılırdı. Burada əsasən yüksək vəzifəli partiya və sovet məmurlarının, hüquq-mühafizə və dövlət orqanları əməkdaşlarının övladları təhsil alır, fəhlə-kəndli ailəsindən, orta ziyalı təbəqəsindən çıxan gənclərin bu fakültəyə qəbul olunmaq imkanları çox məhdudlaşdırılmışdı. Sadə və orta imkanlı ailələrdən olan gənclərin hüquq fakültəsinə qəbulunun qarşısına isə hansısa arayışlar, staj, yaxşı xarakteristika, zəmanət, komsomol tərifnaməsi və s. kimi bürokratik sovet süründürməçilikləri şəklində çeşidli maneələr qoyulurdu. Belə sənədləri əldə etmək isə yalnız sovet-partiya elitası təmsilçilərinin övladları üçün asan məsələ idi. Nəticədə hüquq fakültəsində daha çox savadsız, hüquqşünas adını daşımağa layiq olmayanlar təhsil alırdılar. Bütün bunlar isə hüquq fakültəsinin və universitetinin təqsiri olmayıb, o zamankı sistemin xarakterindən irəli gəlirdi. Özü də məsələ təkcə hüquq fakültəsi ilə bitmirdi - həmin illərdə Tibb İnstitutunda və Xalq Təsərrüfatı İnstitutunda da təxminən eyni vəziyyət hökm sürürdü.

Ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk gündən bu neqativ hallara qarşı mübarizəni gücləndirərək ali təhsil ocaqlarına qəbul prosesinin şəffaf, obyektiv və azad şəraitdə keçməsi üçün bütün zəruri tədbirləri həyata keçirmiş, bu sahədə ciddi dönüşün yaranmasına nail olmuşdur. 70-ci illərin əvvəllərində bir sıra ali təhsil ocaqlarının, o cümlədən universitetin rəhbərliyi dəyişdirilmiş, xoşagəlməz stereotiplərin aradan qaldırılmasına başlanılmışdır. Ali məktəblərə qəbulun şəffaflığını təmin edən, bu sahədəki əyintilərin kökünü kəsmək niyyətini cəsarətlə, qətiyyətlə, addım-addım gerçəkləşdirən Heydər Əliyevin səyləri ilə universitetin hüquq fakültəsi yenidən istedadlı gənclərin üzünə açılmış, burada təhsilin səviyyəsi və nizam-intizamla yanaşı, hüquqşünas kadr hazırlığı işi də keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Eyni zamanda, həmin illərdə hüquq fakültəsinə qəbul prosesində fəhlə və zəhmətkeş övladlarına üstünlük verilməsi də ulu öndərimizin insanpərvər və ədalətli insan olduğunu bir daha təsdiqləyir. Məhz bu qətiyyətli tədbirlərin nəticəsi olaraq o zamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsi əvvəlki hörmət və nüfuzunu bərpa etmiş, yüksək səviyyəli hüquqşünas kadrların hazırlığı prosesində aparıcı statusunu qorumuşdur.

Böyük öndərin ötən əsrin 70-80-cı illərində minlərlə gəncin respublikamızın hüdudlarından kənarda yüksək hüquq təhsili almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının və vətənpərvərliyinin əyani təcəssümüdür. O illərdə bu qayğı sayəsində hüquqşünas ixtisasına yiyələnən, peşəkar hüquqşünas kimi bu gün də ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı işinə töfhəsini verən, habelə hüquqşünas kadrların hazırlanması ilə məşğul olan insanlar öz talelərinə, peşə və karyeralarına görə məhz Heydər Əliyevə borclu olduqlarını birmənalı etiraf edirlər.

Ötən əsrin 90-cı illərində yenə də məhz Heydər Əliyev fenomeni, onun yenilməz iradəsi, düşüncəsinin dinamizmi, dünyada gedən prosesləri anlamaq, təhlil edib modelləşdirmək və siyasi davranışın ən əlverişli sxemlərini reallaşdırmaq qabiliyyəti Azərbaycanı xaos və anarxiya mühitindən, vətəndaş müharibəsi təhlükəsindən xilas edib, stabil inkişaf yoluna çıxarmışdır. Ulu öndər 1993-cü ilin iyunundan etibarən ölkədə ictimai-siyasi sabitliyi tam təmin edərək sonrakı mərhələdə həyata keçirdiyi çoxşaxəli islahatlarla bir daha sübuta yetirmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Böyük strateq iqtsadi və hüquqi islahatların paralelliyini təmin etməklə məhz bu prinsipə əsaslanmışdır ki, hüquqi dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm amili, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin təmini vasitəsidir. "Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi, dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümümbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir" - deyən ümummilli lider demokratik inkişafa məhz insanların daxili azadlığını, mənəvi ucalığını, qanunçuluğa riayət etməsini şərtləndirən mühüm vasitə kimi yanaşmışdır.

Azərbaycan xalqının vahidliyinə çalışan Heydər Əliyev dühası özünün fitri idarəçilik istedadı sayəsində respublikada ümumbəşəri dəyərlərlə çulğaşan, milli xüsusiyyətləri, mental dəyərləri qoruyan ədalətli, sivil və demokratik cəmiyyət qurmuş, dövlət-vətəndaş münasibətlərində hər birinin mənafeyini prioritet götürmüşdür. Müxtəlif tarixi dövrlərin siyasi təbəddülatları ümummilli problemlərin həllində cəmiyyətin Heydər Əliyev siyasi kursuna olan inamına zərrə qədər də təsir etməmiş, əksinə, bu inam günü-gündən güclənmiş, möhkəmlənmişdir. İctimaiyyət Heydər Əliyev siyasətinə olan yüksək etimadın müqabilində dövlətə, hakimiyyətə inamını bərpa etmişdir. Məhz bu inam da cəmiyyəti anarxist meyillərə sürüyən mənfi tendensiyalara qarşı güclü immunitet formalaşdırmışdır. Bu baxımdan, Heydər Əliyevin siyasi varislik irsinin alternativsizliyi təkcə praktik məsələlərdə özünü təsdiqləməmişdir - bu faktor cəmiyyətin ideoloji istiqamətləri baxımından da ciddi əhəmiyyətə malikdir.

Cəmiyyətdə fəlsəfi fikrin düzgün inkişafına çalışan ulu öndər çıxışlarında hər zaman xüsusi vurğulamışdır ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir. Problemi aktuallaşdıran başlıca amil budur ki, qloballaşma prosesinin və çoxqütblü inteqrasiyanın diqtələri bir çox hallarda milli-mənəvi dəyərlərə, adət-ənələlərə, saf duyğulara qarşı yönəlir. Heydər Əliyevin Vətəninə, xalqına, milli irs və ənənələrə bağlılığı bu təhdidlərin önündə əzəmətli sipərə çevrilmiş, bütövlükdə xalqın milli özünəməxsusluğunu qorumuşdur. Bu dahi insan Azərbaycanın min illərin sınağından çıxmış mədəniyyətinə, tarixinə, ənənəsinə həddən artıq bağlı olmaqla yanaşı, onların olduğu kimi xalqa qaytarılması üçün əlindən gələni əsirgəməmişdir. Dahi öndərimizin böyüklüyü həm də ondadır ki, milli ənənələrimizə bu dərəcədə yüksək bağlılıq onun timsalında bəşəri tərəqqi ilə təzad yaradan konservativ yanaşma kimi sezilmir.

"Biz nadir bir dövlətçilik irsinin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyət, yüksək mənəviyyatı olan dövlətimizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır" - deyən Heydər Əliyevin milli ənənə və dəyərlərə bu dərəcədə sadiqliyi əsla onun daxili demokratizminin inkarına yönəlməmiş, bu xariqüladə şəxsiyyət öz düşüncələrində çox böyük ustalıqla milli və liberal dəyərlərin uğurlu dialoqunu qura bilmişdir. Azərbaycanın qapıları ən ali, bəşəri və universal dəyərlərin üzünə məhz onun əlləri ilə açılsa da, bu qapıdan həyatımıza daxil olan yeniliklər minilliklər boyu tariximizlə yol gələn, bizi dünya xalqları içərisində tanıdan milli dəyərləri üstələyə bilməmişdir. Xalqımıza xas mənəvi keyfiyyətlər yad mədəniyyət stereotiplərinin milli ənənələr üzərində hakim mövqeyə sahib olmasına heç zaman imkan verməmişdir. Ulu öndər Heydər Əliyev bu mənada, həm də xalqın inanclarını, milli dəyərlərini bütün siyasi proseslərin fövqündə saxlayaraq qorumağı bacarmış xariqüladə şəxsiyyətdir.

Xarizmatik liderlər üçün səciyyəvi olan bir müstəsna keyfiyyət ulu öndərin şəxsiyyətində özünü daim qabarıq göstərmişdir: həyatın ən çətin anlarında bütün psixoloji-siyasi təzyiqlərə, təqiblərə sinə gərən, qürurunu qoruyan, vicdanın səsilə hərəkət edən Heydər Əliyev dühası məğlubiyyət sözünı heç zaman yaxına buraxmamışdır. Bədxahları, bəzən elə çörək verdiyi insanlar da zəngin və şərəfli ömür yolunun ayrı-ayrı mərhələlərində ona qarşı çirkin təbliğat kampaniyası təşkil etmiş, fürsət düşdükcə dəstə-dəstə, qrup-qrup üzərinə hücüm çəkməyə, məqamdan yararlanıb ona zərbə vurmağa uğursuz cəhdlər göstərmişlər. Fəqət, Heydər Əliyevi heç zaman məğlub edə bilməmişlər, Ulu Tanrı bütöv bir millətin nicatı naminə kölgəsini onun üzərindən heç zaman çəkməmişdir. Bütün yenilməz şəxsiyyətlər kimi, ulu öndərimiz bu dünyaya qalib kimi gəlmiş, əbədiyyət adlı ünvana da saysız-hesabsız qələbələrin müəllifi kimi qovuşmuşdur.

...Avropa siyasətçilərinin həyata keçirmək istədiyi bir layihə dalana dirənəndə Uinston Çörçildən soruşurlar ki, bəs indi neyləməliyik? Siyasət nəhəngi heç nə olmayıbmış kimi, təmkinini pozmayaraq deyir ki, siyasətdə gedişlər tükənmir. Yəni, yaranmış vəziyyətdən istənilən halda çıxış yolunu tapmaq mümkündür. Ulu öndər Heydər Əliyevin diqqəti çəkən fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti, yəqin, heç zaman xatirələrdən silinməyəcək. Öz liderinin müdrik, uzaq hədəflərə hesablanmış, qətiyyətli və çevik addımlar atmaq əzmindən yetərincə xəbərdar olan Azərbaycan xalqı ən çətin, mürəkkəb vəziyyətlərdə, çıxılmaz anlarda belə arxayınlıq hissini itirməmişdir. Çünki baş qaldıran təhlükələr, həyatın bu və digər mürəkkəblikləri, cılız siyasi kombinasiyalar Heydər Əliyev şəxsiyyətinin qüdrəti qarşısında son dərəcə bəsit görünürdü. Azərbaycan insanı tam əminliklə öz liderinin ən çətin dövlətçilik sınaqlarından üzüağ çıxacağını düşünür, bu fövqəlşəxsiyyətin çətin situasiyalar üzərində növbəti zəfərini alqışlamağa hazırlaşırdı. 1993-cü ildən sonrakı mərhələdə xalqın istiqrarlı və sabit ölkədə yaşaması, özünə inamının güclənməsi də məhz bu gerçəklikdən qaynaqlanmışdır.

Fransız mütəfəkkiri Jan-Jak Russo demişdir ki, dövlət onun inkişafı ilə bağlı yeni fikir və ideyalar tükənəndə uçuruma yuvarlanır. Müstəqil Azərbaycan dövləti isə bu təhlükədən birdəfəlik qurtulmuşdur: Azərbaycanın dayanıqlı və sabit inkişafı üçün nəinki proqressiv proqram və konsepsiyalar mövcuddur, eyni zamanda, ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanaraq ölkəmizin intibahının təminatına çevrilmiş sosial-iqtisadi inkişaf strategiyası uğurlu nəticələr verir. Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlmişdir.

Hər bir liderin dövlət idarəçiliyində qazandığı uğur və nailiyyətləri şərtləndirən başlıca amillərdən biri də ciddi təmələ söykənən siyasi varislik ənənələrinin qorunmasıdır. Söhbət ölkənin və dövlətin sabit, dinamik inkişafının təkamül yolu ilə davam etdirilməsi xəttinin etibarlı şəkildə qorunmasından gedir. Bu baxımdan ulu öndərin nəhəngliyi həm də ondadır ki, Heydər Əliyev təkcə güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider, layiqli davamçı yetişdirmişdir. Xalqın sosial sifarişi əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş cənab İlham Əliyev öz siyasətini bu ənənələr çərçivəsində qurur.

Bu gün İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada liderə çevrilməsi, iqtisadi sahədə keçid dövrünü başa vurması faktıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələrin gerçəkləşməsi, respublikamızın, ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir. Azərbaycan insanının gün-güzəranı yaxşılaşır, şəhər, kənd və qəsəbələr abadlaşır, respublikamızda işsizlik-yoxsulluq kimi ağır sosial bəlalar artıq həllini tapır. Bütün bunlarla yanaşı, Azərbaycanda demokratiyanın təntənəsi, qanunların aliliyi, haqq-ədalətin zəfəri üçün bütün lazımi tədbirlər həyata keçirilir. Azərbaycanın mövcud iqtisadi potensialının insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar Azərbaycanın elmi inkişafına doğru sürətli kurs götürdüyünü təsdiqləyir. Prezident İlham Əliyev dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kursu üzərində formalaşdırır və onu yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Milləti Heydər Əliyev ideyaları ətrafında toparlayır, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərimizin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bu gün hər bir azərbaycanlı dərk edir ki, bu ideyalar yaşayır və bizi xəyallarımızda yaşatdığımız tam demokratik, qüdrətli Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında mühüm vəzifələr gözləyir. Mütləq əksəriyyət bu fikirdədir ki, bir sıra dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu bu hədəflərə tezliklə qovuşacaqdır.

 

 

İlham MƏMMƏDZADƏ,

AMEA-nın Fəlsəfə, Sosiologiya

və Hüquq İnstitutunun direktoru

 

Xalq qəzeti.- 2011.- 5 avqust.- S. 3.