"Füyuzat" jurnalistika məktəbi
Azərbaycan milli ictimai və bədii fikrinin inkişafında mühüm xidmətləri olan mətbuat orqanlarımızdan biri də "Füyuzat" jurnalıdır. Bu jurnal ictimai-milli və mədəni sərvətimizin ən qiymətli incilərindəndir. O, təkcə Azərbaycanı deyil, bütövlükdə türk və islam aləminin özünün tarixi, elmi və mədəni-mənəvi əsaslarına dayanmaqla müasir dünya və Avropa mədəni-elmi sərvətinin tərəqqi və insanlığa, hürriyyət və firavanlığa, qüdrət və qalibiyyətə xidmətə yönələn cəhətlərini əxz edib ruhi, mənəvi və maliyyə-iqtisadi cəhətdən qüvvətlənib tərəqqi etməyini öz fəaliyyətinin başlıca məqsədi seçmişdi. Jurnalın birinci nömrəsində dərc etdiyi "Həyat" və meyli-"Füyuzat" başlıqlı proqram məqaləsində Əlibəy Hüseynzadənin də göstərdiyi kimi, ona "...Füyuzat" adı ələttəsadüf verilmiyor, bu nam "Həyat"dan təbii olaraq təvəllisəl ediyor". Yəni "Füyuzat"da izləniləcək qayə və amal əslində "Həyat" qəzetinin məsləkinin yeni keyfiyyətində davamından ibarətdir. Burada müəllif "Həyat" və "Füyuzat" sözlərini həm mətbu orqanların adları, həm də konkret lüğəvi mənaları mənasında işlədərək, belə bir fikri təlqin etməyə çalışır ki, zövq və səfa, feyz və ləzzətlər həyatdan nəşət etdiyi kimi, "Füyuzat" jurnalı və onun izlədiyi qayə də "Həyat" qəzetinin məslək və məramından doğmuşdur.
Bununla yanaşı, bizə qalarsa, "Həyat"ın məslək və amalının kökləri, ideya qaynaqları bir qədər əvvələ gedib çıxır; bunun üçün Ə.Hüseynzadənin 1904-cü ildə Misirdə (Qahirədə) çıxan "Türk" qəzetində çap edilən "Məktubi-məxsusi"sinə, İsmayıl bəy Qaspıralının "Tərcümanı" və milli mətbuatımızın XIX əsr nümunələrinə, xüsusən "Ziya (Ziyayi-Qafqasiyyə)", "Kəşkül", "Kaspi" səhifələrinə nəzər salmaq kifayətdir...
Osmanlı imperiyasının getdikcə zəifləməsindən çıxış yolu arayarkən Osmanlı türklərinə digər türk tayfalarının, guya, yük olmaları qənatilə onların (osmanlıların) özlərini qan qardaşlarından - imperiya daxilindəki qeyri-osmanlı türklərindən təcrid etmələri fikri ortaya atılarkən Əli bəy həmin fikir və mülahizələrin yer aldığı "Türk" qəzetinə xüsusi bir məktub (məqalə) göndərərək, məsələyə öz münasibətini bildirmişdi. Əli bəyin qəti rəyinə görə, türk-islam xalqlarını məzhəb, tayfa, ərazi və s. görə bir-birindən ayırıb təkləməkdənsə, həmin süni sədləri ortadan götürüb ümumtürk birliyi yaratmaq, xalqları özlərinə tanıtmaq, onlar arasında fitnə-fəsad deyil, ülfət və məhəbbət toxumu səpmək lazımdır. Bu hal türklərin güclərini birləşdirib onların inkişaf və tərəqqi yolunda bir-birlərinə arxa, dayaq durmalarını təmin edər. Əgər birlik, yekdillik olarsa, türk və ümumən islam məmləkətinin bir yerində əmələ gələn oyanış, dirçəliş və inkişaf digər məmləkətlərin canlanmasına rəvac verər, nəticədə get-gedə bütöv millət, ümmət və məmləkət xoşbəxt və firavan həyat, güzəran qazanar. Ə.Hüseynzadə vəziyyətdən çıxış yolunun tapılması haqda yazırdı:
"Təkəssüri-nüfuz sihbəti-cismaniyyə və ruhaniyyə, irtibati-mənəvi sərvətsiz, məhəbbətsiz, hüsni-əxlaqsız olamaz. Binaənəleyh əvvəl əmrdə cahil olmamağa çarə aramalıdır. Sərvət qazanmanın yollarını öyrənməlidir. Fəsadi-əxlaqın önü alınmalıdır. Və ələlxüsus məhəbbəti-mütəqabiləninn təzayüdünə çalışmalıdır."
Ə.Hüseynzadə sözünə davam edərək türk-islam xalqlarının əlbirliyinin onlara bəxş edəcəyi uğur və inkişaf haqda özünün nikbin qənaətlərini belə şərh edirdi:
"Ancaq şunu gözəlcə anlamalıdır ki, bu millətin, ya ümmətin tərəqqiyi-maddi və mənəvisi mütəqabildir; yəni təavün əsasına müstənəddir. Ətrakın bir qismində vüqua gələn tərəqqi o biri qisminə əks edər, təsir edər. Məsəla, Lisani-Osmaninin təkamülü, kırımlıların, kazanlıların, ya şirvanlıların dəxi dilini islaha xidmət edər; Türküstani-Çin bir Fransa qədər laəql bir Felemenq, bir Belçika qədər mütərəqqi bir məmləkət olsa idi, bunun Osmanlı türklərinə də bir faidəsi olmayacaqmıydı?... Aləmi-islam, ya məmaliki-ətrak , qeyri-münbit bir çöl, bir biyaban halını aldığı təqdirdə, əmin olamaz ki, Osmanlı mədəniyyəti dəxi nə qədər çalışsa, yenə bu biyabanın ortasında bir vahədən başqa bir şey olamaz! Bir məmləkətin bağlarına filoksara ariz olmuş ikən orta yerdə bir-iki bağın şu illətdən tamamilə məsun qala bilməsi çox müşküldür. İslam, türk hər tərəfdə tərəqqi etsə, qüvvət bulsa, məmaliki-Osmaniyyə də o aləmin içində bir vahə deyil, bir behişti-əndər behişt olur.
Binaənəleyh məsələ ittihad, yaxud tövhid məsələsi deyil, məsələ yek-digərini tanımaq, sevmək, təriqi-təməddündə yek-digərimizə müavinət etmək məsələsidir" (Əlibəy Hüseynzadə "Seçilmiş əsərləri". Bakı, Çaşıoğlu, 2007, səh 100-101).
Burada Ə.Hüseynzadə türkləri ittifaq və ittihada çağırarkən, mövqeyini əsaslandırmaq üçün bildirir ki, hər hansı orqanizmin və ya bağ-bağçanın sağlamlığı üçün onun ancaq hər hansı hüceyrəsinin və ya sahəsinin qayğısına qalmaq düzgün mövqe deyil. Çünki müəyyən hissə və ya parçanın ümumi orqanizmdən təcrid olunmuş halda yaşaması və sağlam qalması mümkün deyil. Bunun üçün bütöv orqanizmin sağlamlığı qayğısına qalınmalıdır. Belə olsa, bütün orqanlar və sahələr biri digərinə "arxa, dayaq durub" bütövlükdə Vətənin və ümumi coğrafi məkanın sağlığına və dirçəlib abad, sağlıqlı həyat sürməsinə səbəb ola bilər. Əks təqdirdə, ayrılıqda sağaldılmağa çalışılan, orqanizm və "abad" coğrafi vadi ümumi xəstə və getdikcə çökməkdə olan, tənəzzülə uğrayan orqanizmlə və coğrafi məkanla birgə məhv olacaq.
Burada gələcək "Füyuzat" ideoloqunun - Əlibəy Hüseynzadəninn mövqeyi ilə "Tərcüman" redaktoru İsmayıl bəy Qaspıralının türk xalqlarının mədəni, siyasi və maliyyə-iqtisadi inkişaflarının prinsipləri kimi irəli sürdüyü "dildə, fikirdə, işdə birlik" formulu arasında bir xələf-sələflik doğmalığı özünü göstərməkdədir. Füyuzatçılar da türk xalqlarının dünya miqyasında və ümumşərq kontekstində tərəqqi və inkişafını ümumtürk intibahı kimi qəbul və müdafiə edirdilər. Məhz bu səbəbdən də əsərlərini yaratmaq istədikləri "ümumtürk ədəbi dilində" yazmağa üstünlük verirdilər. Bu dilin əsasında isə, "Tərcüman"dakı kimi, bütövlükdə Türk dünyasında asanlıqla başa düşülən Anadolu türkcəsi və İstanbul ləhcəsi, dolayısı ilə Anadolu türkcəsi ilə, demək olar ki, son dərəcə yaxın və doğma olan Azərbaycan türkcəsi dururdu. Bununla yanaşı, Ə. Hüseynzadə müəyyən obyektiv və subyektiv səbəblər üzündən ümumtürk ədəbi dilinin özəyi kimi Osmanlı türkcəsini (şivəsini) təklif edərək, onun əyər-əksikliklərini digər türksoylu xalqların (özbək, qazax, türkmən və s.) dillərindən seçilmiş söz və ifadələr hesabına düzəltməyi ən doğru yol kimi əsaslandırmağa çalışırdı. Ancaq bu formula qüsurlu və qeyri-elmi olduğu üçün ciddi müqavimətlə qarşılandı. Ə. Hüseynzadə sanki ağacın gövdəsindən çıxıb haçalanaraq hərəsi bir istiqamətdə kifayət qədər böyüyüb formalaşan budaqları yenidən gövdə halına salmağa çalışırdı. O. fəaliyyətinin sonrakı mərhələlərində də öz mövqeyini daha sadə şəkildə əsaslandırmağa cəhdlər göstərdisə, bir şey çıxmadı. Ancaq bütövlükdə türk-islam dünyasının geriləmə, özünün maddi, iqtisadi və mənəvi-mədəni intellektual potensiya və imkanlarının dəfələrlə üstünlüyünə baxmayaraq, qərb-xristian dünyasından geri qalma səbəblərini axtarıb vəziyyətdən çıxmaq üçün yollar axtarması alqışa layiqdir.
Ə.Hüseynzadə bu yolda "Əkinçi"nin maarif və tərəqqiyə çağırışılrdan da, Səid Ünsüzadənin Rusiya təbəəliyində olan müsəlmanların tərəqqisinə nail olmaq üçün əl atdığı çarizmi şirnikləndirmə metodlarına da (bax: A. Bayramoğlu. Azərbaycan ziyalılarının maarifi yaymaq cəhdləri və çarizmin "hiddət və şiddətlə" aşılanmış siyasəti. "Maarifçi" qəz., 2 noyabr 1995.), "Kəşkül"ün dünya elmi mədəni sərvətini Azərbaycana inteqrasiya metodunda güdülən məqsəddən də, "Kaspi" və "Kəşkül"də yer alan milli kimlik axtarışlarından da, "sərvəti-fünun"çüların müasirlik və avropalılıq axtarışlarından da böyük mütəffəkkir ideoloq və vətəndaş kimi səəmərəli şəkildə bəhrələnir, ancaq sələflərini təkrar etməyib, onların ideya, məqsəd və amallarını yeni tarixi-ictimai şəraitdə daha da inkişaf etdirib konsepsiya halına salmağa çalışırdı. Bütün bu fədakarlıq və mübarizə əzminin gücünü Ə. Hüseynzadəyə türk xalqının (qövmünün) inkişafa qadir və qabil olması inamı verirdi. O, "Həyat" qəzetinin birinci nömrəsində çap etdiyi proqram xarakterli "Qəzetəmizin məsləki" başlıqlı məqaləsində yazırdı ki, "...dünya və həyat bir meydani-cəngdir. Bütün zihəyat daima yek-digərləri ilə rəqabət və mühiti-təbiiyyələrilə mübarizədə bulunurlar". Digər millətlərlə və təbiətlə daimi canlı ünsiyyət şəraitində yaşayan bizlərə gəlincə, şübhə yoxdur ki, Tanrıdan nazil olan hikmətlə bir dənə - islama tapınmaqla şərəfli məqama yüksəlib dünyanın bir qismində qərar tutan ...millətimiz qəvi, zində, bilcümlə xəfi-həyat ilə müttəsif bir millətdir. Həm də tazə, cavan bir millətdir, hənu həyatın dövri-kəmala doğru gedən yolunun mənzili-əvvəlindədir. Sinni-kamal denilən bir dövrə vasil olmamışdır ki, qocalığa, zavala üz tutsun" (Əlibəy Hüseynzadə. Seçilmiş əsərləri. Tərtib, tranliterasiya, ön söz və şərhlər Ofeliya Bayramlınındır. Bakı.,2007, səh. 103. Qeyd: Bundan sonra mənbədən verilən sitatların sadəcə səhifəsi göstəriləcək) .
Bir halda ki, millətimiz qüvvətli, çalışqan və mövcud həyat tərzinə uyğun yaşamağa tez alışan, uyğunlaşandır, özü də hələ əqli-kamillik dövrünə çatmayıb ki, qocalığa girsin, zü tutsun, zavala gəlsin, o, cavanlıq və tərəqqi dövründədir. Əlibəy belə bir qürur dolu qənaətlə bildirirdi ki, "... qəzetəmizin əsl vəzifəsi..., borcu müllətimizi qələmlə müdafiə və bu yolda mücahidədir. Lakin sair əqvam ilə rəqabət edərək, varlığımızı təqviyə etmək üçün əvvəl və əvvəl geriliyimizin səbəblərini mütaliə eyləmək lazımdır" (orada).
Ə. Hüseynzadə bu yolda təbii və hüquqi qanun-qaydalara uyğun olaraq təkamüllə inkişaf prinsipini əsas tutmağı da doğru yol hesab edirdi. Eyni zamanda, anlayırdı ki, əsas məqsədə - tərəqqi və inkişafa, hürriyyət və xoşbəxtliyə çatmaq üçün iki böyük qüvvə ilə əməlli - başlı mübarizə aparmaq lazım gələcəkdir. Bunlar hər cür yeniliyə qarşı çıxan mühafizəkarlar-sağlar və qərbdən, Avropadan gələn hər cürə, hətta ən zəhərli və zərərli küləyi, mehi belə yenilik deyə gözlərinə təpən sollardır. O, hər iki qüvvənin -sağların və solların mövqelərinin milli inkişafa əngəl və zərərli olduğunu bildirərək yazırdı: "Biz...türk, müsəlman və rus rəiyyəti bulunduğumuz üçün türklük və islam dairəsində və rus dövlətinin şəraiti -iqtisadiyyə və siyasiyyəsi daxilində tərəqqi etmək istəriz" (yenə orada. səh. 104).
Burada Ə. Hüseynzadə, yuxarıda göstərdiyimiz kimi, sanki Səid Ünsizadə ("Ziyayi-Qafqaziyyə" qəz.) ilə eyni mövqedə dayanıb. Ancaq başqa bir tərzdə zözünə belə davam edirdi:
"Biz arzu edəriz ki, bizim tərəqqimizə baxıldıqda, rus rəiyyəti bulunan türk və müsəlmanlar nə gözəl tərəqqi ediyorlar deyilsin". (orada) Bununla yanaşı, Ə. Hüseynzadə ancaq Rusiya dövləti ərazisindəki türk və islam qövmünün deyil, bütün dünya türklərinin və islam ümmətinin hər hansı sahədə tərəqqi və irəliləyişini həm də ona görə arzu edib alqışlayır ki, birimizin irəliləyişi digərimizə də bu və ya başqa şəkildə səbəb olub təkan verər. Həmin mövqeyi o, belə ifadə edirdi: "Müsəlmanız, onun üçün dünyanın hər nərəsində xeyrixahi bulunduğumuz din qardaşlarımız tərəqqi etsə, biz o tərəqqiyi əz canü dil alqışlarız! Türküz, binaənileyh türkün hər yerdə tərəqqi və təkəmmül ilə məsud olmasını arzu eyləriz. Rus təbəəsiyiz, bianənileyh bütün rus vətəndaşlarımıza məsudiyyət və zifahiyyət diləriz. Və əlhasil sifati-səlasə ilə müttəsif olmamız bizi bütün islamın, ətrakın və rus camaatının xeyirxahı olmağa sövq edər" (yenə orada).
Əlibəy hər hansı milli və dini tərəqqini
alqışlayıb, digər xalqlara sevgi və məhəbət bəsləməklə
yanaşı, millətdaşlarının inkişaf
adına "irtidad etmələrinin"
yəni üzüdönüklüklərinin, necə deyərlər
dindən-dondan çıxarmalarının qəti əleyhinə
idi. Onun çox doğru qənaətinə
görə, "türkün irtidad edib firəngləşməsi,
firənglərin, ya mürtədlərin
tərəqqisi deməkdir, yoxsa türk, ya müsəlmanın
tərəqqisi demək deyildir!.." Onun bu vətəndaş narahatlıqları, milli təəssüb hissi
ilə vəziyyətdən çıxış yolu axtararkən tutduğu
mövqe dövrün
digər qələm əhli, fikir, milli mənəviyyat və əqidə sahibləri-
H.S.Ayvazov ("Nədən bu hala qaldıq" pyesi), M.Ə. Sabir
("Qeyrət!" məqaləsi), A. Səhhət ("Bizdə
millət uyqusu olur"
məqaləsi) və b. tərəfindən
də təqdir, müdafiə və inkişaf
etdirilirdi. Onların qəti
qənaətlərinə görə, özünü
tanıyıb, haqqını dərk edə bilməyən hər
hansı fərd və millət nəinki tərəqqi və inkişaf edə bilər, hətta digər
xalqların içində əriyib tədricən
simasızlaşar, yaxud da
ayaqlar altında
qalıb "mürur ilə tələf olar" (H. Zərdabi).
Ə.Hüseynzadə Qurani-Şərifin "Özünü
tanıyan Allahını tanıyar" (Mən ərəfə
nəfsəhu, fəqət ərəfə rəbbəhu) hədisinə
istinadən bildirirdi ki,
"...ancaq o taifə,
o millət təriqi-fəlah və nicatda olur ki,
özünü tanıya. Yəni hər qövm və millət öz
qövmiyyətinə, lisanına, dininə, tarixinə, adət
və əxlaqına və əlhasil özünün
bütün əhvali-maziyyət və
hazirəsinə, hətta əhvali-atiyyəsinə kəsbi-vüquf
eyləməlidir" (yenə orada. səh.105).
Türkün özünü tanıması,
öz tarixi
keçmişinə, mədəni və mənəvi
dünyasına, adət və ədəbiyyatına, keçmiş və gələcəyinə,
həmçinin ictimai, iqtisadi,
ticari və digər bilik
və bacarıq sahələrinə bələd
olmasının ən səmərəli vasitəsini
onların türk (osmanlı) dilinə
tapınıb vaqif olmalarında görən
Ə.Hüseynzadə bildirirdi ki, vaxtilə islam şərqində
elm və maarif ərəb
və fars dilləri ilə ifadə olunduğu üçün
həmin dillər inkişaf etmişdi. Hazırda isə həmin
funksiyanı türk dili
(osmanlı türkcəsi) daşıyır. Ona
görə də bu dil
inkişaf edərək ərəb və fars dillərinin lüğət tərkibindən
də xeyli sözü
mənimsəmişdir. "Qəzetəmizin dili haqında bir neçə
söz" məqaləsində Əlibəy
həmin fikri bir qədər
də ətraflı şərh edərək göstərirdi ki, qədim türkcədən fərqli olaraq, yeni türkcə
(türkiyi-qədim və türkiyi-cədid) elm,
ədəbiyyat və sənət sahəsində işlədildikcə ərəb və fars dillərindən o qədər
söz alıb zənginlədi ki, bu gün
hər cəhətdən istənilən Avropa
dilləri ilə rəqabətə girə bilər. Çünki Avropa dilləri
yeni elmi-texniki terminləri
latın və yunan dillərindən əxz
etdiyi kimi, osmanlı
türkcəsi də bu ehtiyacı ərəb
və fars dillərinin hesabına ödəmişdir.
Ərəb və fars dillər də türk və islam qövmünə
doğma olduğundan
hər kəs tərəfindən anlaşılır. Belə
olan halda biz nəyə görə özümüzə
doğma olandili qoyub Avropa dillərinə
və ya bir başqa mənbəyə müraciət edib oradan söz
axtarmalıyıq? Belə bir qənaətlə
Ə. Hüseynzadə yazırdı: "...Türk şivələrindən biri olan osmanlı
lisanı o dərəcədə tövsi və təkamül etdi
ki, ən ali, ən dərin
fikirləri. Ən nazik, ən rəqiq
hissləri ifadəyə bugünkü ərəbi
və farsi dillərindən belə
müstəid və müqtədir olub
bilpərva hər hansı Avropa dilləri
ilə rəqabət edə bilər" (yenə orada, səh. 108).
(ardı
növbəti sayımızda)
Alxan BAYRAMOĞLU,
filologiya elmləri doktoru,
professor
Xalq qəzeti.- 2011.- 5 avqust.- S. 7.