Müasir təhsilimizə dövlət qayğısı

 

Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşdirilməlidir.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Ümummilli liderimiz respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın çiçəklənməsi naminə böyük işlər görmüş, uzun illər aparılan mübarizəni uğurla başa çatdıraraq xalqımızın müstəqil dövlətin azad vətəndaşı olmaq, öz müqəddəratını təyin etmək arzusunu reallığa çevirmişdir. Müstəqil Azərbaycanı Heydər Əliyevin ən böyük şah əsəri adlandıranlar yanılmayıblar. Bu, ümummilli liderimizin tarixi xidmətlərinə verilmiş ən düzgün qiymətdir.

 

Hələ Sovet dövründə respublikamıza rəhbərlik edən Heydər Əliyev digər sahələrlə yanaşı, təhsilə xüsusi diqqət və qayğı göstərirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə dövrün tələblərinə uyğun olaraq bu sahədə ciddi islahatlar aparıldı, uğurlu addımlar atıldı. Ulu öndər 1999-cu il 15 iyun tarixli fərmanı ilə "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı"nı təsdiq etdi. Sonrakı illərdə də təhsil sistemimizin təkmilləşdirilməsi, daha da inkişaf etdirilməsi istiqamətində bir neçə fərman və sərəncamlar imzaladı.

Sevindirici haldır ki, müasir Azərbaycan dövlətinin banisi, ölkəmizi dünyanın ən inkişaf etmiş, sivil dövlətləri səviyyəsinə çatdırmağı həyatının əsas amalı, qayəsi sayan, özünün böyük dühası, zəngin idarəçilk təcrübəsi, dönməz iradəsi ilə bu məqsədin əldə edilməsinə çalışan ümummilli liderimiz Heydər Əliyevin ideyaları təməlini qoyduğu nəhəng quruculuq işləri böyük öndərin layiqli davamçısı, yeni təfəkkürlü siyasətçi, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir.

Ölkə başçısının genişmiqyaslı islahatçı fəaliyyəti, müstəsna təşkilatçılığı nəticəsində son illər iqtisadiyyatımızda baş verən sıçrayış, yüksək templi inkişaf digər sahələrin, o cümlədən təhsilimizin də yüksələn xətt üzrə inkişafı üçün mühüm təməl olmuşdur. Təhsili Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri sayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev prezident seçildiyi gündən bu sahəni özünün daxili siyasətində prioritet istiqamət kimi götürmüşonun inkişafına daim qayğı göstərməkdədir. Azərbaycan Prezidenti çox haqlı olaraq qeyd edir ki, "yüksək təhsil səviyyəsi olmasa, peşəkarlıq olmasa, gənclər ən mütərəqqi texnologiyalara yiyələnməsələr, həqiqətən inkişaf etmiş dövlət qurmaq mümkün deyildir".

Elə buna buna görə də təhsilin, elmin cəmiyyətdəki önəmli rolunun yüksək qiymətləndirilməsi və onlara göstərilən ardıcıl diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoymuşdur. Bu dövrün əsas xüsusiyyəti ondan ibarətdir ki, təhsilin ayrı-ayrı sahələri deyil, o, bütövlükdə kompleks şəkildə inkişaf etdirilir. Təkcə onu göstərmək kifayətdir ki, son 7 il ərzində təhsil tariximizdə ilk dəfə olaraq inkişafyönümlü 16 Dövlət Proqramı təsdiq olunubuğurla həyata keçirilməkdədir.

Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarla təminatı, istilik sisteminin bərpası nəticəsində ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin, yəni bütün şagirdlərin 80 faizinin təlim şəraiti yaxşılaşdırılmışdır. Məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində ikinövbəli məktəblərin sayı nəzərəçarpacaq dərəcədə azalmışdır.

Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Fondun təşəbbüsü ilə son illərdə 300-dən çox yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib. "Bugünkü gənclərin təhsilinə ölkədə çox böyük imkanlar açılır və bizim məqsədimiz ölkəmizdə dünyada ən yüksək standartlara cavab verən təhsili təmin etməkdir," - deyən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva təhsilimizə qayğını rəhbərlik etdiyi fondun fəaliyyətinin ən mühüm istiqamətinə çevirmişdir. Onun rəhbərliyi altında fondun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi, "Uşaq evləri və internat məktəblərinin İnkişaf Proqramı", "Təhsilə dəstək" layihəsi təhsil sahəsində mövcud problemlərin həllində çox böyük rol oynayır.

Bütün bunlarla yanaşı, təhsilimizin inkişafında xüsusi xidmətləri olmuş təhsil müəssisələrinin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, təhsilin inkişafında və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxsləorden, medal və fəxri adların verilməsi, "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" mükafatlarının təsis edilməsi, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər sahənin inkişafına təkan verir, tədris ocaqlarının və müəllimlərin fəaliyyətinə əlavə stimul yaradır.

Təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısı respublikanın bütün təhsil ocaqlarında olduğu kimi, bu gün məcburi köçkünlük həyatı yaşayan rayonlarımızın təhsil ocaqlarında da özünü büruzə verir.

Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik, Şuşa şəhər humanitar kollecin 85 illik, Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına orta məktəbin 135 illik, Qubadlı şəhər 1 nömrəli orta məktəbin 125 illik , Xocəvənd rayonu Tuğ kənd orta məktəbin 125 illik və Laçın rayonu Minkənd orta məktəbinin 120 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması və həmin məktəblərin qabaqcıl müəllimlərindən bir qrupuna möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı ilə "Əməkdar müəllim" fəxri adının və "Tərəqqi" medalının verilməsi dövlətimizin məcburi köçkün rayonlarının təhsilinə göstərdiyi diqqət və qayğının ən bariz nümunəsidir.

Hazırda respublikanın ictimai həyatında ələmətdar hadisələrdən biri möhtərəm Prezidentimizin xüsusi sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün təntənəli şəkildə qeyd edilməsidir. Məhz bu məqsədlə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin 25 iyul 2011-ci il tarixdə keçirilmiş iclasında Şuşa, Xocalı, Xocəvənd rayonlarının ümumi təhsil müəssisələrində VII-XI sinif şagirdləri arasında vətənpərvərlik ruhunun inkişaf etdirilməsi məqsədilə "Müstəqilliyimiz əbədidir" mövzusunda inşa yazı müsabiqəsinin keçirilməsi, müsabiqənin nəticəsinə görə hər məktəbdən ən yaxşı hesab olunan inşaların seçilməsi və icmanın dəstəyi ilə toplu şəklində çap olunması qərara alınmışdır. Keçiriləcək bu müsabiqəni müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yola məktəblilərin gözü ilə bir baxış kimi də qiymətləndirmək olar.

Həmin iclasda həmçinin qərara alınmışdır ki, İdarə Heyətinin tərkibində olan alimlərin müntəzəm olaraq icmaya daxil olan rayonların məktəblərində yuxarı sinif şagirdləri ilə görüşləri təşkil edilsin, onların "açıq dərs"ləri keçirilsin.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin xətti ilə aparılan bu işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər məktəblilər arasında istər təhsilə marağın artırılmasına, istərsə də mənəvi irsin qorunması işinə çox yüksək stimul olacaqdır.

Ulu öndərimiz tərəfindən əsası qoyulan, möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi xaricidaxili siyasəti dəstəkləyən bütün şuşalılar, həmçinin Şuşa rayon məktəblərin pedaqoji kollektivi də gələcəyə böyük inamla baxır. Onlar məcburi köçkün övladlarını fiziki və mənəvi cəhətdən sağlam, savadlı böyütmək, onları doğma Şuşaya qayıdacağımız günə hazırlamaq kimi şərəfli bir işlə məşğul olurlar.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2010-cu il iyulun 6-da "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin yeni qərargahının açılış mərasimində çıxış edərək demişdir: "Mən şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, biz Dağlıq Qarabağa qayıdacağıq və o bölgəni yenidən quracağıq, bütün dağıdılmış binaları, məscidləri, məktəbləri, evləri bərpa edəcəyik. Biz sadəcə istəyirik ki, buna tezliklə nail olaq, bu gün qaçqın həyatı yaşayanlar tezliklə öz ata-baba torpaqlarına qayıtsınlar".

Bəli, şuşalılar, bütün Dağlıq Qarabağın sakinləri, bütün ölkənin əhalisi inanır və belə bir sönməz ümidlə yaşayırlar ki, tezliklə ölkə Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində öz tarixi yurdlarına qayıdacaqlar.

 

 

Vaqif FƏRZƏLİYEV,

"Azərbaycan Respublikası Dağlıq

Qarabağ Bölgəsinin Azərbaycanlı

İcması" İctimai Birliyinin İdarə Heyətinin

üzvü, akademik.

 

Təvəkkül ƏLİYEV,

Şuşa Rayon Təhsil Şöbəsinin müdiri

 

Xalq qəzeti.- 2011.- 6 avqust.- S. 2.