Süvari generalı Yaqub Quliyev

 

Stalinqradın azərbaycanlı qəhrəmanlarından biri də bu günə qədər xalqımızın yaxşı tanımadığı süvari general-mayoru Yaqub Allahqulu oğlu Quliyevdir. Həmin döyüşlərin qəhrəmanı qvardiya mayoru Qaçay Aslanov general həmyerlimizlə eyni cəbhədə vuruşub. Xatirələrinin bir yerində Qaçay Aslanov onun adını və döyüş fəaliyyətini yada salır, ancaq əslən azərbaycanlı olduğunu qeyd etmir. Görünür, kifayət qədər yaxından tanımayıb.

 

Əlbəttə, general Yaqub Quliyevi o vaxtlarda tanıyan olsa-olsa ancaq general Həzi Aslanov olardı. Ona görə ki, Həzi Aslanov da, Yaqub Quliyev də ali zabit heyəti dəstəsinə məxsus idi. Onlar müşavirələrdə, həlledici döyüş planının müzakirəsində, ordu komandanının məsləhət və məşvərəsində, şübhəsiz ki, görüşüb tanış olmuşdular.

Müharibədən yazılan çoxsaylı memuarlarında, xüsusilə Stalinqrad döyüşləri barədə Sovet İttifaqı marşalı S.S.Biryuzovun "Toplar atəş açmağa başlayanda", Sovet İttifaqı Qəhrəmanı, ordu generalı, professor S.P.İvanovun "Ordu gərargahı, cəbhə qərargahı", Yakob Melkumovun "Türküstanlılar" kitablarında, S.Skoroboqatovun, B.Qudjalovun, general M.Y.Qryaznovun, A.S.Kibalnikovun məqalə və xatirələrində general həmyerlimiz Yaqub Quliyevin milliyyətcə türkmən olduğu bildirilir. Hətta, 1942-ci il dekabrın 22-də Stalinqrad yaxınlığındakı Liski çayı uğrundakı ağır döyüşlərdə qəhrəmanlıqla həlak olan 4-cü süvari korpusunun komandir müavini, general Yaqub Quliyevin cəbhədaşları dəfn mərasimindəki mitinqdə and içmişlər ki, "Türkmən ulduzu" heç vaxt sönməyəcəkdir. Əzizimiz Yaqub bizim qəlbimizdə həmişə nur saçacaq, əbədi şölə saçıb ürəklərdə yaşayacaqdır.

Müharibədən iyirmi beş il keçəndən sonra türkmən tarixçisi Roza Bazarova general haqqında yazdığı monoqrafiyasında ilk dəfə etiraf etmişdir ki, general Yaqub Quliyev azərbaycanlıdır. Tarixçi R.Bazarova 1970-ci il yanvarın 25-də "Ədəbiyyat və sunqat" qəzetində monoqrafiyadan bir parçanı dərc etdirmişdir. Tarixçi R.Bazarova yazır: "O, Azərbaycan torpağında - Şuşa şəhərində anadan olmuşdur. Milliyyətcə azərbaycanlıdır. Onun həyat yolu sıravi döyüşçüdən generaladək yüksəlmiş həqiqi insanın həyat yoludur".

Hələ 1982-ci ildə mən generalın Gəncədə toxuculuq kombinatında işləyən bacısı qızı Xədicə Abbasova ilə görüşüb, ondan dayısı haqqında müəyyən faktları öyrənib, foto şəkillərini almışdım. O vaxtlar "Hünər" televiziya proqramında veriliş də hazırlamışdım. Generalın türkmən xalqının oğlu kimi təqdim olunması və indiyədək xalqımızın onu tanımaması səbəbsiz deyil...

 

* * *

 

Yaqub Allahqulu oğlu Quliyev 1900-cu il yanvarın 25-də füsünkar Qarabağın Şuşa şəhərində dünyaya gəlib. Həmin vaxtlarda Şuşada erməni-müsəlman qırğını başlamışdı. Aclıq, səfalət və təhlükə tüğyan edirdi. İmperiya canilərinə arxalanan daşnaq erməniləri havadanlarından silah alıb azərbaycanlıları qırırdılar. İnsanların üz-gözündən bədbəxtlik, fəlakət yağırdı. Güzəran Şuşada ağır idi. Hamı ölümdən, aclıqdan qaçıb qurtarmaq istəyirdi.

Həmin illəri tərcümeyi-halında təsvir edən məşhur yazıçı Yusif Vəzir Çəmənzəminli (1887-1943) ürək ağrısı ilə yazırdı: Çar höküməti Şuşadakı erməni kilsəsinə məxsus əmlakı almışdı. Bizim vəqf əmlakı da alınmış və indiyə qədər geri verilməmişdi. Bizimlə hesablaşan kim idi ki?.. Rus-yapon müharibəsi və inqilab iğtişaşlarından istifadə edərək daşnaq firqəsi terrora başladı: günün günorta çağı hökumət məmurlarını küçələrdə öldürməyə başladılar. Şuşada da az adam qırmadılar.

Ermənilər bərk hazırlaşır, bol tüfəng, tapanca, patron alırdılar. Daşnak fədailərinin əlindən şəhərdə yer yoxdur. Şuşanın iqtisadi vəziyyəti fəna olduğu üçün sənət və işi olmayanlar çəkilib kəndlərə və başqa şəhərlərə gedirdilər. Əhalinin ziyalısını Bakı və bir qismini də Aşxabad cəlb edirdi.

Bu bəladan qurtarmaq üçün Allahqulu kişi köçüb Türkmənistanın Mərv şəhərinə gəldi. Onda oğlu Yaqub altıaylıq körpə idi. Az müddət burada yaşadılar. Onlardan əvvəl Türkmənistanın şəhər və kəndlərinə xeyli Qarabağlı ailəsi köçüb gəlmişdi. Şəhərdə dolanmaq çətin olduğu üçün Allahqulu kişi həmyerlilərinin məsləhəti ilə köçüb Yolötən qəsəbəsində əbədi məskan saldı.

O, ailəni saxlamaq üçün torpaq aldı, tərəvəz əkib-becərməklə gün-güzəranını xeyli yaxşılaşdırdı. Yolötəndə Yaqubun bacısı Badisəbə və qardaşı Qulam dünyaya gəldi. Ailənin böyük oğlu kimi Yaqub atasına bazarda göy-göyərti satmağa kömək edirdi. Burda nə azərbaycanca, nə də türkməncə məktəb vardı. Ona görə də həddibulluğa çatan Yaqubu atası rus məktəbinə qoydu. İlk vaxtlar oxumaq çətin olsa da, Yaqub gecə-gündüz çalışır, sinif yoldaşları ilə ayaqlaşırdı. Boş vaxtlarını Murqab çayının sahilində rus uşaqları ilə hərbi oyunlarda keçirirdi. Yolötən sərhəddə yerləşdiyinə görə burada çoxlu rus sərhədçiləri vardı. Yaqub da onlarla dostluq edirdi. Rus dilini az da olsa öyrənə bilmişdi.

1916-cı ilin yazında atası Allahqulu kişi bərk xəstələndi, sətəlcəm olmuşdu. Öləcəyini hiss edən kişi balalarını çağırıb vəsiyyət elədi: "Halal əməklə məşğul olun, ananızın qayğısına qalın".

Dolanacaq çətinləşdiyindən Züleyxa ana evdən bəzi şeyləri satmağa məcbur oldu. Bu ağır vəziyyəti görən Yaqubun ürəyi dözmədi. Məktəbi atıb əvvəlcə Yolötəndə, sonra Marıdakı pambıqtəmizləmə zavodunda işə düzəldi. Amma sərhədçi uşaqları ilə yenə dostluq edirdi. Tez-tez hərbi hissəyə gedir, rus sərhədçilərinin atlarını sulayır, onlara yem verirdi.

Bir gün evə həyacanla gələn Yaqub qardaşı Qulama dedi:

- Eşitdin şəhərdəki nümayişi? Çar yıxıldı. Sən anamızdan muqayat ol, mən uşaqlarla iki-üç günlüyə Mərvə gedirəm...

Dediyi vaxtdan bir neçə gün keçdi, gəlib çıxmadı. Gəlib çıxanda anası Züleyxa onun başında qırmızı lentli papaq, əlində tüfəng görüb mat qaldı.

- Bıy, bu ki, qurban olduğum Yaqubdur, sənə nə yaman yaraşır, ay bala, bu paltar, - deyə anası sevincək onu qucaqladı. Bu nə deməkdi, ay oğul?

- Mən daha qızıl qvardiya əsgəriyəm, ana!

Qohum-qonşular da bu qaraşın, suyu şirin gənc əsgərə həsədlə baxırdılar.

Yaqub Quliyevin hərbi həyatı həmin gündən başladı.

 

* * *

 

1918-ci ilin yazında Mərv şəhərində orduya yeni gələnlər üçün iki aylıq hərbi kurs açılır. Hərbi işə güclü marağı olan Yaqub Quliyev əlaçı əsgər olduğuna görə həmin kursa göndərilir. O, burada hərbi təlimlər keçir, müxtəlif silahları həvəslə öyrənir.

Yenidən rotaya qayıdan Yaqub ağqvardiyaçılara qarşı döyüşlərdə iştirak edir. Həmin illərdə onunla birgə xidmət edən S.Skoroboqatov sonralar Yaqub haqqında yazırdı: "Ordu sıralarında sinfi düşmənlərə qarşı cəsarətlə döyüşən qravdiyaçı Yaqub son dərəcə cəsur və qorxmaz idi. Bir dəfə ağqvardiyaçılara əsir düşmüşdü. O, əsirlikdən qaçaraq Yolötənə, ordan da piyada Bayram-Əliyə gəldi və yenidən ordu sıralarında vzvod komandiri kimi düşmənlərlə mübarizəyə başladı. Yaqub əsirlikdən bir qrup yoldaşlarını da xilas eləyib gətirmişdi".

1924-cü ildə Yaqub Quliyev Daşkənddəki Orta Asiya milli hərbi məktəbinə təhsil almağa göndərilir. Məktəbi əla qiymətlərlə bitirən Y.Quliyev orada müəllim saxlanılır və eskadron komandiri vəzifəsinə təyin olunur. Beş ildən sonra - 1929-cu ildə gənc zabit Yaqub Quliyevə daha mühüm vəzifə tapşırılır. O, ikinci Türkmənistan süvari alayının nəzdindəki hərbi məktəbin rəisi təyin olunur.

General Yaqub Quliyevin haqqında yazılmış çoxsaylı xatirələrlə, istər Orta Asiya dövrü, istərsə də Böyük Vətən müharibəsi illərindəki fəaliyyəti ilə tanış olanda onun igidliyinə və peşəkar hərbiçiliyinə heyran qalmamaq mümkün deyil. Cəmi qırx iki il ömür sürmüş istedadlı sərkərdə əsgər və zabit heyəti arasında böyük nüfuza malik olub.

Otuzuncu illərdə Yaqub Quliyevin komandalıq etdiyi eskadron Qızıl-Arvatda, Qaraqum səhrasının ənginliklərində, Ağ-Zila çöllərində, Qırx quyu ərazisində basmaçılara və ağqvardiyaçılara qarşı müvəffəqiyyətli əməliyyatlar aparıb.

1932-ci ildə Yaqub ikinci Tükmənistan süvari alayının qərargah rəisi təyin olunub. Bir il sonra o, M.Frunze adına Hərbi Akademiyaya oxumağa göndərilib. Orta Asiya komandirləri arasında ilk ali hərbi təhsil alan həmyerlimiz Yaqub Quliyev olmuşdur.

Onun keçmiş kursant dostu, general-mayor Mixail Qryaznovun xatirəsindən:

"Otuz il əvvəl Hərbi Akademiyada Yaqub Quliyevlə birgə təhsil almışam. O, qrupumuzun starşinası idi. Yaqub yaxşı oxuyurdu. Bacarıqlı komandir idi. Ona görə də təlim qrupumuzun rəisi general Pavel Alekseyeviç Kuroçkin Yaqub Quliyevi həmişə bizə nümunə göstərirdi. Həssas, təvazökar gənc komandirə hamı hörmət edərdi. İlk baxışdan sakit görünən qaraşın zabit təlim qrupları arasında keçirilən yarışlarda od-alova dönərdi. Onun başçılıq etdiyi eskadron həmişə birinci yeri tuturdu. Yaqub geridə qalan kursantlara elə kömək göstərirdi ki, o özünü təhqir olunmuş hesab etməsin.

Elə dostluğumuzun təməli də akademiyada oxuyanda qoyuldu, çətinliyə düşəndə Yaqub həmişə köməyimə çatardı. 1936-cı ilin payızında təhsilimizi başa vurduq. Moskvada keçirilən paradda iştirak elədik. Yadımdadı, 1936-cı ilin noyabr ayında ayrıldıq. Yaqub özünün Qafqaz qılıncını mənə hədiyyə verdi: "Al, - dedi, - yadıgar qalsın ki, xatırlayasan. Amma unutma ki, dədə-baba Vətənimin əl işidir. Qafqazdandır. O qılıncı indi də evimdə saxlayıram. Ordu sıralarında xidmətdə olanda dostum az olmayıb. Yaqub Quliyevin onların arasında xüsusi yeri var. Belə dostun itkisi çox ağır olur. Heyf, çox heyf ki, nə qələbəni gördü, nə də qocaldı. Qırx iki yaşında istedadının çağlayan vaxtı həlak oldu..."

 

* * *

 

1941-ci ilin may ayında polkovnik Yaqub Quliyev Orta Asiyadakı şöhrətli iyirmi birinci süvari diviziyasının komandiri təyin olundu. İyulun 14-də Baş Qərargahdan əmr gəldi: diviziya eşalonlara dolub, cəbhəyə yola düşdü. Qatar Orta Asiya torpağını arxada qoyub Qərbə doğru irəliləyirdi. Faşistlər Bryanskini və Oryolu bombalayırdılar. Baş komandalığın sərəncamı ilə onun diviziyası cəbhə komandanlığının sərəncamına verilmişdi. Onlar Suraj şəhərinin iyirmi kilometrliyindəki meşədə yerləşdirildi. Kəşfiyyat xəbər gətirmişdi ki, diviziyanın irəliləyəcəyi istiqamətdə düşmənin güclü tank və mexanikləşdirilmiş qrupları yerləşir. Polkovnik Yaqub Quliyev düşmənlə üzbəüz döyüşə girməyi məsləhət görmədi: ancaq düşmənin kiçik bölmələrini mühasirəyə alıb qəfil zərbə ilə onları məhv etmək olardı.

Tez-tez faşist təyyərələri alçaqdan uçur, diviziyanın yerini öyrənməyə çalışırdı.

Y.Quliyevin döyüşçü dostu, podpolkovnik Aleksandr Kibalnikovun xatirəsindən:

"Meşədə gizlənməyimizə baxmayaraq, düşmənin qırıcı təyyərələri tez-tez diviziyamızı atəşə tuturdu. Ağır dəqiqələr idi. Düşmən qırıcısı növbəti dəfə hücum edəndə Yaqub özü yaxınlıqdakı əl pulemyotunun arxasına keçib faşist təyyərəsinə atəş açdı. Arxadan gələnlər atəşi görüb dərhal geri döndülər. Komandir Yaqub Quliyevin bu şücaəti bizim süvariləri cəsarətə gətirdi. Bir az aralanan düşmən təyyərəsi tüstülənə-tüstülənə meşəyə düşüb partladı. Bu, vurduğumuz ilk düşmən təyyarəsi idi.

Bizim diviziya Roslavla gedən yolla irələyirdi. Avqustun 2-də gecə saat üçdə kəşfiyyatçılardan məlumat gəldi: Kriçyov-Roslavl şosesi ilə general Quderianın qoşununun 24-cü tank korpusu irəliləyir.

Yarım saat keçməmiz diviziyamız düşmənlə üz-üzə gəldi. Möhkəm vuruşma oldu. Bu, bizim ilk əsl döyüşümüz idi. Diviziyamız böyük itki versə də, döyüş müvəffəqiyyətlə keçdi. Bizim diviziya düşmənin sürətlə irəliləyən 24-cü tank korpusunu bir sutkadan çox ləngitdi, bir neçə tankını məhv etdi.

Döyüş qabiliyyətini, təcrübəsini və xidmətlərini nəzərə alaraq, Bryansk cəbhəsinin Hərbi Şurası polkovnik Yaqub Quliyevi 21-ci, 52-ci və 55-ci süvari diviziyalarından təşkil olunmuş birləşmiş süvari qrupuna komandir təyin etdi. Bu birləşmiş süvari qrupu xüsusi hərbi əməliyyatları həyata keçirmək üçün yaradılmışdı və biz sonralar Yampol və Oryol şəhəri uğrunda döyüşlər apardıq".

 

* * *

 

Polkovnik Yaqub Quliyevin 21-ci Dağ-süvari diviziyası müharibənin ilk aylarından Belorusiyanın meşəli və bataqlıq ərazilərində vuruşaraq alman-faşist qoşunlarına sarsıdıcı zərbələr endirmişdir.

Bu müvəffəqiyyətli əməliyyatların şahidi olan Sovet İttifaqı marşalı Sergey Biryuzov sonralar "Toplar atəş açmağa başlayanda" hərbi memuarlarında general Yaqub Quliyevin döyüş fəaliyyətindən və insani keyfiyyətlərindən geniş söhbət açıb. Marşal yazır: "O zaman 21-ci Dağ-süvari diviziyası Orta Asiya Hərbi Dairəsindən cəbhəyə yenicə gəlmişdi. Diviziyaya qarabəniz, qaragöz, çox cəld və cəsur polkovnik Yaqub Quliyev komandanlıq edirdi. Quliyevin qarşısına tapşırıq qoyulan kimi o dərhal dedi:

- Bircə bu bataqlıqdan açıqlığa çıxsaydıq... Orada heç nədən qorxumuz olmazdı.

Bu döyüşlərdə biz süvarilərlə dostlaşdıq. Məlum oldu ki, onlar vətənpərvər və yaxşı yoldaşlardır. Bu dostluq döyüşlər arası fasilələrdə yox, döyüşün çətin anlarında özünü xüsusilə göstərirdi. Mən cəsur döyüşçüləri və onların komandiri polkovnik Yaqub Quliyevi indiyədək minnətdarlıqla xatırlayıram".

1942-ci il yanvarın axır günlərində polkovnik Yaqub Quliyevi Moskvaya çağırıb, onu 4-cü süvari korpusunun müavini təyin etdilər. Həmin il fevralın 11-də ona SSRİ Xalq Komissarları Sovetinin əmri ilə general-mayor rütbəsi verildi.

Onu da xatırladaq ki, Böyük Vətən müharibəsi illərində ilk dəfə general-mayor rütbəsi ilə təltif olunan azərbaycanlı hərbçi Yaqub Quliyev olmuşdur. Həmin il noyabrın 10-da Heybət Heybətov, 1944-cü il fevralın 9-da Tərlan bəy Əliyarbəyov və 1944-cü il martın 13-də isə Həzi Aslanov general-mayor rütbəsinə layiq görülmüşlər.

 

* * *

 

Cəbhələrdə vəziyyət ağırlaşmışdı. Ölkənin içərilərinə soxulan faşist ordusu geniş Don çöllərini keçib Stalinqrada can atırdı. Yaqub Quliyev də həmin cəbhəyə göndərildi. 1942-ci il noyabrın 19-da general-leytenant Timofey Şapkinin və general-mayor Yaqub Quliyev düşmənin arxasına keçib qəflətən zərbə endirmək üçün neçə yuxusuz gecələr keçirərək həlledici hücuma hazırlaşdılar. İlk hücum çox uğurlu oldu. Süvari korpusu Abqanerovo stansiyasını, Aksay şəhərini və xeyli yaşayış məntəqəsini düşməndən azad etdi. Həmişə cəbhənin ön xəttində olan general Yaqub Quliyev cəsurluğu, misilsiz şücaəti ilə süvarilərinə şəxsi nümunə göstərirdi.

Beşinci zərbə ordusunun tərkibində həmin günlərdə iki mərd həmyerlimiz Kotelnikova rayonunda yanaşı vuruşurdu: podpolkovnik Həzi Aslanovun tank alayı və general Yaqub Quliyevin komandir müavini olduğu dördüncü süvari korpusu.

Dekabrın 16-da quduzlaşmış Manşteyn qoşunları Hitlerin göndərdiyi Pələng tanklarına arxalanıb inadkarlıqla vuruşurdular. Onların məqsədi feldmarşal Paülüsun qoşunlarını mühasirədən qurtarmaq idi. Nəyin bahasına olursa-olsun düşmənin bu niyyəti pozulmalı idi. Bu tapşırıq 4-cü süvari korpusun əsgər və zabitlərinə də verilmişdi. Onlar general R.Malinovskinin 61-ci Qafqaz diviziyası gələnədək zirvəni müdafiə edib əldə saxlamalı idilər. Bu döyüşlər zamanı general Yaqub Quliyev cəbhənin lap ön xəttində vuruşurdu. Stalinqrad cəbhəsində qəti qələbəyə az qalmış - 1942-ci il dekabrın 22-də faşistlərin atdığı top gülləsi general Yaqub Allahqulu oğlu Quliyevi ölümcül yaraladı. Mərd Azərbaycan oğlu və "Türkmən ulduzu" kimi şöhrət qazanmış Yaqub Quliyev Volqa sahilində əbədi yuxu tapdı. Onun rəşadəti ölümündən sonra da dövlət tərəfindən yüksək qiymətləndirildi. Təəssüf ki, Lenin ordenini sinəsində gəzdirmək generala qismət olmadı.

Xalqımızın mərd oğullarına sevgi və məhəbbət bəsləyən, Sovet İttifaqı marşalı Sergey Biryuzovun səmimi sözləri yada düşür. Stalinqrad döyüşlərinin iştirakçısı olan marşalın Həzi Aslanov haqqında da ürək açan sətirləri var. Marşal general Yaqub Quliyev və onun döyüşçülərinin qəhrəmanlığı haqqında yazır: "Bizdən ön cəbhədə olan 51-ci ordunun hissələri bir neçə gün idi ki, gecələr də arası kəsilməyən döyüşlərdə iştirak edirdilər. Sağ qonşumuzun - beşinci zərbə ordusunun vəziyyəti xüsusilə ağır idi. Həmin orduya daxil olan dördüncü süvari korpusu böyük itkilərə məruz qalmışdı. Onlar Şərqə tərəf çəkilmişdilər. Süvari korpusunun bir neçə komandiri həlak olmuşdu. Korpus komandirinin müavini general-mayor Yaqub Quliyev ölümcül yaralanmışdı. O, mənim Bryansk cəbhəsində döyüş yoldaşım idi. Mehriban insan, qayğıkeş komandir kimi şöhrət qazanmışdı. Yadımdadır, Belorusiyada olanda o, operativ sahəyə çıxmağa, süvarilərə məxsus tərzdə vuruşmağa can atırdı. Süvarilər general Yaqub Quliyev kimi komandirlərin sayəsində hitlerçi işğalçılara qarşı sovet xalqının mübarizəsində misilsiz hünərlər göstərmişlər. Stalinqradın Mamay təpəsində digər iştirakçılarla birlikdə mərd və heç vaxt unudulmayan general Yaqub Quliyevin də adı qranit lövhə üzərində həkk olunmuşdur".

 

* * *

 

1990-cı ildə Moskvada hərbi memuar seriyasından nəşr olunmuş bir kitab aldım. Dörd yüz səksən səhifəlik kitabın müəllifi, ordu generalı, Sovet İttifaqı Qəhrəmanı, professor S.P.İvanovdur. Kitabda general həmyerlimiz Yaqub Quliyevin foto-şəklini və döyüş qəhrəmanlığından səhifələri oxuyub sevindim. Stalinqrad döyüşlərindən altmış il keçməsinə baxmayaraq, ordu generalı iki həmyerlimizin - Yaqub Quliyevin və Həzi Aslanovun qəhrəmanlığını hələ də unutmayıb. Yeri gəlmişkən, general Yaqub Quliyev haqqında xatirə yazan rus generallarından yalnız Semyon İvanov onun türkmən yox, qafqazlı olduğunu bildirir.

"Şimal qrupuna nümayəndə təyin etməkdə komandanlığın fikirləri hacalandı, ordu komandanı general A.M.Qorodnyanski oraya 307-ci atıcı diviziyanın komandiri polkovnik Q.S.Lazkonu, amma qərargah rəisi general-leytenant A.V.Petruşevski general Y.Quliyevi təyin etməyi məsləhət gördü. Müzakirə zamanı general Yaqub Quliyevin daha bacarıqlı olmasını yüksək rütbəli zabitlər xüsusi qeyd etdilər.

Faktiki olaraq ordu komandanının müavini vəzifəsini icra edən Yaqub Quliyevin namizədliyində dayandılar. Ona görə ki, onun belə birləşmələrə rəhbərlik etmək təcrübəsi vardı. General Yaqub Quliyev əvvəllər 21-ci, 52-ci və 55-ci süvari diviziyalarının tərkibində olan qruplara rəhbərlik etmişdi. On üçüncü ordunun veteranı olan Yaqub Quliyev çox səciyyəvi xüsusiyyətlərə malik idi. Bu ehtiraslı qafqazlının qarabəniz sifətini kömür kimi qara və ağıllı gözləri daha da işıqlandırırdı. Onun kasıb kəndli ailəsindən olmasına baxmayaraq, qırx ildən bir qədər artıq ömründə çox əziyyətlər görmüşdü.

On səkkizinci ilin baharından öz həyatını Qızıl Ordu ilə həmişəlik bağlamışdır. O, Xəzəryanı cəbhədə ağqvardiyaçılara və ingilis müstəmləkəçilərinə qarşı cəsarətlə döyüşmüş, sonralar isə Qaraqum səhralarında basmaçılarla mübarizədə polad kimi bərkimişdi. Cəsarət və hünərinə görə ordenlə təltif olunmuşdur. Müharibədən əvvəl M.V.Frunze adına Hərbi Akademiyanı və Baş Qərargahın nəzdində olan Hərbi Akademiyanın təkmilləşdirmə kursunu da müvəffəqiyyətlə bitirmişdir.

Böyük Vətən müharibəsinin ilk günündən on üçüncü ordunun tərkibində olan Dağ süvari diviziyasına komandanlıq etmişdir. General Yaqub Quliyevin süvariləri düşmənə cəsarətli və sürətli zərbələr vurmuşdur.

Ordu komandanı, general A.M.Qorodnyanski əmr etdi ki, nəyin bahasına olur-olsun gələcək əks zərbələr naminə əlverişli mövqeləri itirməmək üçün düşmən qoşununun şimal istiqamətində irəliləməsinə yol verilməsin. Məhz bu zaman general Yaqub Quliyevin əla döyüş keyfiyyətləri üzə çıxdı. Hitlerçilərin şimal həmlələrinin qarşısını almaq üçün ordu komandanı Yaqub Quliyevə Trosno istiqamətində düşmənə zərbə vurmağı əmr etmişdir. General Y.Quliyev qısa vaxtda bu hücumu təşkil edib, müvəffəqiyyətlə başa çatdırdı. Bundan əlavə, Quliyevçilər düşmənin atəş məntəqələrini, tankların çoxluq təşkil etdiyi yerləri aşkar etdi və onlara sarsıdıcı zərbələr vurdu. Bu da yalnız Quliyevçilərə deyil, bütöv cəbhə üçün əlverişli şərait yaratdı.

İyirmi birinci süvari diviziyasının qəhrəmanlıqla həlak olmuş döyüşçülərinin şərəfinə Ponyatovka stansiyasında əzəmətli abidə qoyulmuşdur. Quliyevçilər general Yaqub Quliyevin qeyri-adi sərkərdəlik bacarığı ilə hər yerdə, hər cəbhədə qəhrəmanlıqla vuruşmuşlar. Onlar bu şərəfə layiqdilər.

Şəxsən mən general Yaqub Quliyevin bir çox döyüşlərdə fərqləndiyinin şahidi olmuşam. Heç təsadüfi deyil ki, o, Qırmızı Bayraq ordeninə, general-mayor rütbəsinə layiq görülmüşdür. Dördüncü süvari korpusunun komandir müavini kimi yüksək vəzifə tutmuşdur. Əsasən onun Orta Asiya respublikalarının əhalisindən təşkil olunmuş döyüşçüləri hitlerçilərə qarşı böyük cəsarətlə vuruşurdular. 1942-ci ilin dekabr ayında altmış birinci süvari diviziyasının ön döyüş xəttində qəhrəmanlıqla vuruşan general-mayor Yaqub Quliyev Stalinqrad ətrafı döyüşlərin birində ölümcül yaralandı. Həlak olandan sonra Lenin ordeni ilə təltif olundu.

 

* * *

 

Süvari general-mayoru Yaqub Quliyev haqqında oçerki yazıb qurtaranda vaxtilə özüm üçün tərtib etdiyim "Çox bilmək istəyənin dəftəri" adlı qeydlər kitabçamı vərəqlədim. Dəftərdə xalqımızın görkəmli ziyalıları, sərkərdələri haqqında nadir faktları, müdrik fikirləri toplamışam. Üç eloğlumuz haqqında nə vaxtsa yazdığım belə bir qeydə rast gəldim.

- Taciklərin ilk qəzetlərinin naşiri və redaktoru Mirzə Cəlal Yusifzadədir (1862-1931);

- Özbəklərin ilk xalq şairi, professor Maqsud Məsum oğlu Şeyxzadədir (1908-1967);

- Türkmənlərin ilk generalı Yaqub Allahqulu oğlu Quliyevdir (1900-1942).

Türkmənistanda general Yaqub Quliyevin xatirəsi əbədiləşdirilib. 1960-cı ilin aprel ayında Marı şəhər bağında ona bürünc heykəl qoyulub, muzey açılıb. Onun adına küçə var. Türkmən xalqı onu öz oğlu kimi qəlbən sevir, ona bizim ulduzumuz və Türkmən ulduzu fəxri adı veriblər. Orduya gedən çağırışçılar generalın heykəli önündə andiçmə mərasimi keçirirlər. Türkmənistanda onun adı cəsarət rəmzinə dönüb.

İnanırıq ki, süvari generalı Yaqub Quliyevin adı təkcə türkmən xalqının yox, bundan sonra həm də doğma Azərbaycan xalqının cəsarət simvoluna çevriləcək. Xalqımızın hərb tarixində adı iftixarla çəkiləcəkdir.

 

 

Şəmistan NƏZİRLİ

 

Xalq qəzeti.- 2011.- 7 avqust.- S. 6.