XIV TÜRKSOY rəssamlar görüşü keçirilir
Türkdilli
ölkələrin müstəqilliklərinin bərpa
olunmasının 20 illiyi münasibətilə
Türkiyənin Bitlis vilayətində
"XIV TÜRKSOY rəssamlar görüşü"
keçirilir. Görüşdə iştirak edən rəssamların əsərləri
tədbirin sonunda TÜRKSOY-a
hədiyyə olunaraq, təşkilatda
saxlanılacaqdır.
Çəkilmiş rəsmlər
TÜRKSOY mədəniyyət nazirləri tərəfindən
qiymətləndiriləcək və birinci yerə layiq
görülən əsərin sahibinə TÜRKSOY tərəfindən
3000 ABŞ dolları məbləğində pul
mükafatı veriləcəkdir. Bu il 14-cü dəfə
keçirilən rəssamlar görüşündə Azərbaycandan
istedadlı rəssam Əlyar Alımirzəyev iştirak edir.
Xatırladaq ki, TÜRKSOY rəssamlar
görüşləri 1997-ci il türkdilli ölkələrin
Mədəniyyət Nazirləri Daimi Şurasının
toplantısında qəbul olunmuş qərarla keçirilir.
Hər il keçirilən görüşlərdə türk
dünyasının dörd bir yanından tanınmış və
istedadlı rəssamlar iştirak etmişlər. Bu sənət
elçilərinin ərsəyə gətirdikləri və bu
günə kimi TÜRKSOY-a təqdim etdikləri rəsm əsərlərinin
sayı 700-ü keçmişdir. Sayı ildən ilə artan
bu kolleksiyanın gələcəkdə TÜRKSOY Rəsm
Muzeyinə çevrilməsi nəzərdə tutulub.
Türk dünyası rəsm sənətini və bu sənət vasitəsi ilə ölkələrin,
xalqların mədəniyyət və incəsənətinin zənginliyini
əks etdirən əsərlər dünyanın önəmli
mədəniyyət və incəsənət mərkəzlərində
sərgilənir, hər
dəfə də sənətsevərlər tərəfindən
böyük maraqla
qarşılanır. Görüşlər zamanı çəkilən
əsərlərin kataloqları hazırlanaraq mühüm
sənət mərkəzlərinə göndərilir.
Avqustun 5-dən başlanan
sərgi ayın 25-nə qədər davam
etdiriləcək.
M.MUKƏRRƏMOĞLU
Xalq qəzeti.-
2011.- 7 avqust.- S. 6.