Oğuz: Yeni uğurlara imza atılır

 

Bəzən redaksiyada çalışan həmkarlarımız bizə - yəni bölgə müxbirlərinə belə zarafat edirdilər ki, sizin üçün Azərbaycan elə bölgənizdəki rayon və şəhərlərdən ibarətdir. Guya biz başqa rayonlarda nə baş verdiyi ilə, niyə baş verdiyi ilə maraqlanmırıq. Əvvəllər həmin fikirlərlə qətiyyən razılaşmırdım. Çünki ağlı başında olan adam bütövlükdə Vətəni ilə maraqlanmalı, onun təəssübünü çəkməlidir. Amma sonralar bəzi tendensiyalar sübut etdi ki, həmin zarafatda da bir həqiqət var imiş. Şəxsən mən bütövlükdə Azərbaycan sevgisi ilə yaşasam da, etiraf etməliyəm ki, bölgə müxbiri kimi fəaliyyət göstərdiyim rayonların həyatı ilə daha dərindən maraqlanıram. İstənilən kütləvi informasiya vasitəsində "bizim rayonlar" barədə nə isə xoşagəlməz informasiyalara rast gələndə "bölgə təəssübkeşliyi" hissi özünü göstərir. Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi barədə təklif irəli sürüləndən ta kəmərin istifadəyə verilməsinədək dəfələrlə eşitmişdim ki, plana düşən torpaq mülkiyyətçilərinin işi çətin olacaq. Niyəsini deməsələr də, bir çox adamlar bu fikirdə israrlı idilər. Amma...

 

Oğuza sonuncu səfərim zamanı əsas məqsədim 2011-ci ilin birinci yarısının sosial-iqtisadi yekunları barədə yazı hazırlamaq olsa da, ilk növbədə, həmin məsələnin - yəni, kəmərin çəkilməsi zamanı mülkiyyəti plana düşən kənd sakinlərinin hüquqlarının hansı şəkildə qorunduğunu öyrənmək istədim. Rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov dedi ki, o məsələdə heç bir problem olmayıb və olmayacaq da. Elə indi hesabatını hazırladığınız 2011-ci ilin birinci yarısında su altına düşmüş mülklərin dövlət aktları yığılmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim olunmuşdur. Bir çox mülkiyyətçilərin əvəzlənmiş torpaq sahələri artıq onlara tanıdılmışdır. Qalan işləri də qısa müddətdə başa çatdırmaq üçün bütün imkanlardan istifadə edilir.

Qeyd edək ki, Eyvaz müəllim Oğuzda böyüyüb boya-başa çatmış ziyalılardandır və ona görə də demək olar ki, rayonu yaxşı tanıyır. Üstəlik, dövri olaraq kəndlərə baş çəkir, insanlarla görüşür, səyyar qəbullar təşkil edir, sakinlərin problemləri ilə yerindəcə tanış olur. Bütün bunlar günün reallığını əks etdirən faktlar olsa da, ortada başqa bir fakt da var. Belə ki, Eyvaz Qurbanov özünün gördüyü işlər haqqında qətiyyən danışmaq istəmir və danışmır da. Amma bütün bunlar barədə 2011-ci ilin birinci yarısına həsr olunmuş yığıncaqda geniş söhbət getdi. Rayonda əldə edilmiş göstəricilər, qarşıda duran vəzifələr və problemlər haqqında ətraflı söhbət açıldı.

Bildirildi ki, 2011-ci ilin birinci yarısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi, respublika Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin vaxtında icra edilməsi üçün Oğuz rayonunda lazımi işlər görülmüşdür. Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə rayon icra hakimiyyəti tərəfindən ardıcıl olaraq nəzarət edilmişdir.

Hesabat dövründə rayonun sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 1 milyon 287,4 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmiş, keçən ilin müvafiq dövrünə nisbətən istehsalın həcmi 703 min manat və ya 2,2 dəfə artmışdır.

2011-ci ilin birinci yarısında şəhərin küçə və yollarının təmiri üzrə Heydər Əliyev, Nəsimi və Xaqani küçələrində görüləcək işlərin layihələri hazırlanmışdır və yaxın vaxtlarda təmir işlərinə başlanılacaqdır. Bununla yanaşı, şəhərin Heydər Əliyev və Səməd Vurğun küçələrində müasir memarlıq üslubunda küçələrin genişləndirilməsi, binaların fasadlarının dəyişdirilməsi ilə əlaqədar işlər davam etdirilir. Şəhər və kənd ərazilərində vətəndaşlar tərəfindən 40-a qədər fərdi yaşayış evlərinin, sahibkarlıq və xidmət obyektlərinin tikinti işləri aparılmışdır və bunların bir hissəsi artıq başa çatmaq üzrədir.

Oğuz-Qəbələ magistral yolunun tikintisinə başlanılması bu gün rayonda aparılan ən mühüm quruculuq işlərindən biridir. Hazırda yolun tikintisi plana uyğun şəkildə davam etdirilir. Şəhərin cənub hissəsində hələ təməli 2007-ci ildə qoyulmuş yeni istirahət parkı kompleksinin tikintisi isə başa çatmaq üzrədir. Həmçinin həmin ərazidə DSMF-nin Oğuz rayon şöbəsi, Oğuz rayon məhkəməsi üçün inzibati bina tikilir.

1941-1945-ci illər Böyük Vətən müharibəsi qurbanlarına ucaldılmış abidə kompleksində əsaslı təmir işlərinə başlanılmışdır. Hesabat dövründə rayonun şəhər və kəndlərinin içməli su ilə təminatı sahəsində xeyli iş görülmüşdür. Belə ki, Oğuz şəhərinin su-kanalizasiya şəbəkəsi yenidən qurulur. Hazırda 29 kilometrlik Balaşım-Böyük Söyüdlü su kəmərində əsaslı işlər görülür ki, bunun da nəticəsində Böyük Söyüdlü, Qarabulaq, Astraxanovka və Vladimirovka kəndlərinin içməli su problemi tam həllini tapacaqdır. Rayonun Kərimli, Bayan, Bucaq, Muxas, Xaçmaz və Böyük Söyüdlü kəndlərinin əhalisini içməli su ilə təmin etmək üçün görüləcək işlər isə Nazirlər Kabinetinin 2011-ci ilin təxirəsalınmaz planına salınmışdır.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ndan irəli gələn vəzifələrə uyğun olaraq Bucaq kəndinin qazlaşdırılması işləri əsasən başa çatdırılmışdır. Hazırda evlərə qazın verilməsi işləri davam etdirilir. Oğuz şəhərinin qaz təminatının yaxşılaşdırılması üçün Karl Marks küçəsində yararsız hala düşmüş qaz xətti yenisi ilə əvəz olunmuşdur. Şəhərin Gənclik qəsəbəsinin qazlaşdırılması işləri başa çatdırılmışdır.

Rayon ərazisində elektrik verilişi xətləri ağaclardan təmizlənmiş, çürümüş dayaqlar dəmir-beton dayaqlarla əvəz olunmuş, elektrik xətləri təmir edilmişdir. 5 ədəd güc transformatoru təmir olunaraq yenidən şəbəkəyə qoşulmuşdur. Oğuz şəhərində abadlaşdırma işləri ilə əlaqədar dayaqların və hava xətlərinin qaydalara uyğun quraşdırılması işləri davam etdirilir. Hesabat dövründə Oğuz Paylayıcı Elektrik Şəbəkəsi tərəfindən əhalinin enerjiyə olan tələbatının ödənilməsi ilə əlaqədar Oğuz və Yaqublu yarımstansiyalarında avadanlıqlara baxış keçirilmişdir.

Suvarma sistemləri idarəsi tərəfindən suvarma suyunun maneəsiz və itkisiz çatdırılması məqsədilə təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda ekskavatorla 205 min kubmetr iş görülmüşdür. Daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarında ekskavatorla 65 min kubmetr iş görülmüş, həmçinin 611 kubmetr şax-daş bəndi, 80 kubmetr qabion bəndi, Ərmənət kəndinin sel sularından mühafizəsi üçün 460 kubmetr daş-beton bəndi quraşdırılmışdır.

2011-ci ilin birinci yarısında rayonda açılmış 136 iş yerindən 118-i daimi olmuş, onlardan 19-u yeni yaradılmış müəssisə və təşkilatlarda, 99-u fiziki şəxslərin fəaliyyəti nəticəsində yaradılmışdır. 18 iş yeri digər tədbirlər üzrə açılmışdır.

Rayon üzrə iaşə dövriyyəsi də daxil olmaqla əmtəə dövriyyəsinin həcmi 21 milyon 728 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 3714 min manat olmuş və keçən ilin müvafiq dövrünə nisbətən əmtəə dövriyyəsinin həcmi 19 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 10,4 faiz artmışdır.

Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan aparıcı sahələrdən biri də rabitədir. Rayonun rabitə müəssisələrinin fəaliyyəti nəticəsində müəssisə və təşkilatlara, habelə əhaliyə faktiki qiymətlərlə 164 min manatlıq xidmət göstərilmişdir ki, bu da keçən ilə nisbətən müqayisəli qiymətlərlə 6,3 faiz çoxdur.

Oğuz ölkənin kənd təsərrüfatı rayonlarından biridir. Rayonun iqtisadiyyatında taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı, təsərrüfatlarda kartof və tərəvəz məhsulları istehsalı da artır. Kənd təsərrüfatına yararlı torpaq sahəsi rayonun ümumi sahəsinin 36,5 faizini təşkil edir. 2011-ci ilin birinci yarısında kənd təsərrüfatı məhsullarının istehsalının təşkili sahəsində xeyli iş görülmüşdür. 2011-ci ilin məhsulu üçün 13 min 567 hektar dən və yaşıl yem üçün payızlıq əkin səpilmişdir. Bu dövr ərzində həmin sahələrə qulluq edilməsi istiqamətində lazımi işlər aparılmışdır. Rayonda taxıl biçininə vaxtında başlanılmış və ortimal müddətdə başa çatdırılmışdır. Sahələrdən 11 min 16 ton arpa, 19 min 828 ton buğda yığılmışdır. Hər hektardan məhsuldarlıq arpa sahələri üzrə 24,7, buğda sahələri üzrə 22,6 sentner olmuşdur. Onu da bildirək ki, rayonda 868 hektar yazlıq bitkilər səpilmişdir. Hesabat dövründə 695 hektar dən üçün qarğıdalı səpilmişdir ki, bu, keçən ilin müvafiq dövrünə nisbətən 325 hektar çoxdur.

Yığıncaqda göstərilmişdir ki, rayonda iribuynuzlu mal-qaranın sayı 29 min 245 başa, qoyun və keçilərin sayı 621 min 84 başa çatdırılmışdır. Hesabat dövründə rayonda 1382 ton ət, 7838 ton süd, 1242 min ədəd yumurta istehsal edilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatının əsas sahələrində artım müşahidə olunmuşdur. "Aqroservis" tərəfindən 405 ton azot gübrəsi gətirilərək kənd təsərrüfatı istehsalçılarına güzəştli qiymətlərlə satılmışdır. Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasında rayonun sahibkarları da fəal iştirak etmişlər. Aqrar sektorun müasir texnika ilə təchizatı yaxşılaşdırılmışdır. Hesabat dövründə 19 ədəd yeni texnika vətəndaşlara lizinqlə verilmişdir.

Hesabat dövründə 991 nəfər üzvü olan 224 ailəyə ünvanlı Dövlət Sosial Yardımı verilmişdir. 5 nəfər əlil vətəndaş müalicə və istirahət üçün pansionatlara göndərilmiş, 31 nəfər əlilə əlillik vəsiqəsi verilmişdir.

Bütün ölkədə olduğu kimi, Oğuz rayonunda da sosial infrastrukturun inkişafı sahəsində mühüm irəliləyişlər əldə edilmiş, iqtisadi, mədəni, sosial, o cümlədən təhsil sahəsində nəzərə çarpan uğurlar qazanılmışdır. Rayonun təhsil müəssisələrinin maddi-texniki və didaktiv təlim vasitələri ilə təchizi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Hazırda Calut kəndində 220 yerlik yeni məktəb binasının inşası davam edir. Rayonun Sincan, Filfilli, Ərmənət, Dəymədərə kənd tam orta, Xaçmaz kənd ümumi orta, Daşüz ibtidai məktəblərinin, şəhər 2 saylı və Calut kənd körpələr evi - uşaq bağçaları üçün yeni binaların tikintisi ilə əlaqədar Təhsil Nazirliyi qarşısında məsələ qaldırılmışdır.

Rayonun ümumtəhsil məktəblərinin və məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri rayon və respublika miqyaslı inşa yazı, futbol, güləş və s. tədbirlərdə yüksək nəticələr əldə etmişlər. Rayon təhsil sistemində ən böyük nailiyyət Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli sərəncamı ilə Oğuz şəhər 1 nömrəli tam orta məktəbin 2010-2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsinin qalibi elan edilməsidir.

Oğuz rayonunun müasir xəstəxana kompleksinin istifadəyə verilməsi rayon əhalisinə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsinə, əhalinin müalicə üçün başqa yerlərə getməsinin aradan qaldırılmasına böyük imkanlar yaratmışdır. Xəstəxana kompleksində bütün şöbələr yerləşdirilmiş və yeni tibbi avadanlıqlarla, istilik sistemi ilə təmin olunmuşdur. On minə yaxın əhaliyə tibbi xidmət göstərən Xaçmaz kənd sahə xəstəxanasının yarımçıq binasının əsaslı təmirinə başlanılmışdır.

Rayon ərazisində iməciliklər keçirilmiş, bir çox yerlərdə ağac əkilmiş, yaşıllıqlar salınmışdır. Lakin rayonda o da qeyd olunmuşdur ki, meşələrin mühafizəsi sahəsində vəziyyət o qədər də qənaətbəxş deyildir. Son vaxtlar bu sahələrdə də müsbət nəticələr əldə edilməklə yanaşı, müəyyən qanun pozuntularına da yol verilmişdir. Rayon rəhbərliyinin fikrincə, meşələrin mühafizəsi ilə əlaqədar ciddi tədbirlər görülməli və bu istiqamətdə də işlər davam etdirilməlidir.

Respublikamızda ordu quruculuğunun sürətlənməsi, gənclərin hərbi xidmətə çağırışının həyata keçirilməsi, hərbi vətənpərvərlik tərbiyəsi ölkə rəhbərliyinin daim diqqət və nəzarətindədir. Oğuz Rayon İcra Hakimiyyəti rayon ərazisində yerləşən hərbi sərhəd hissələri ilə daim əlaqə saxlayır, onların yerli əhəmiyyətli problemlərini öyrənir, həlli istiqamətində lazımi tədbirlər həyata keçirir. 2011-ci ilin 6 ayında çağırış yaşlı gənclərin ordu sıralarına göndərilməsi tapşırıqları vaxtında yerinə yetirilmişdir. 6 ay ərzində rayonda gənclərlə işin təşkili sahəsində xeyli iş görülmüşdür.

2011-ci ilin birinci yarısında 339 nəfər vətəndaş Oğuz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir. Həftədə 1 dəfə ayrı-ayrı kəndlərdə vətəndaşlarla görüşlər keçirilmiş, onların müraciətləri dinlənilmiş, tələb və təklifləri öyrənilmişdir. 6 ay ərzində 24 səyyar qəbul keçirilmişdir. Qaldırılan məsələlərin bir hissəsi yerində həll edilmiş, bəzi məsələlərlə bağlı xüsusi göstərişlər verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkəmizin regionlarının, rayonlarının, o cümlədən Oğuzun inkişafında yeni perspektivlər açmışdır. Bu barədə çox demişik, çox yazmışıq, qarşıda hələ görüləcək işlər çoxdur, özü də lap çox.

...Bu gün dastanlarda deyildiyi kimi, Oğuz yurdunun işıqları daha gur yanır, bulaqları daha gur çağlayır və o çağlamanın səsini Bakıda, Abşeronda da eşidirik. Eynilə dastanlarda olduğu kimi. Ancaq Oğuzun bugünkü çal-çağırını, qonaq-qaralı günlərini, təmtərağını dastanlarda olduğu kimi gözəgörünməz, sehrli qüvvələr deyil, insan əməyi, insan idrakı reallığa çevirib. Elə Şəki-Zaqatala bölgəsinin bütün rayonlarında olduğu kimi. Qoy indi redaksiyada olan həmkarlarım məni yenə də bölgə təəssübkeşliyində suçlasınlar. Bir də axı bunun nəyi pisdir ki...

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2011.- 7 avqust.- S. 4.