Azərbaycan iqtisadiyyatı dinamik inkişaf yolundadır

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə iyulun 12-də Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında səslənən fikirlər bunu bir daha təsdiq edir

 

"...Altı ayda Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Ölkədə bütün proseslər müsbət istiqamətdəinkişaf edir və bu, bir daha onu göstərir ki, həm bizim seçdiyimiz yol düzgün yoldur, həm də apardığımız siyasət uğurlu inkişafı təmin edir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Müstəqil Azərbaycan Respublikasının uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev özünün fenomenal siyasi keyfiyyətləri sayəsində nəinki müasir dövrün çağırışlarına adekvat olan yeni Azərbaycan dövlətçiliyi ideyasını ifadə etmiş, həm də Azərbaycan xalqının ən geniş, bu ideyanı həyata keçirən siyasi və intellektual qüvvələrini - səriştəli idarəçiləri və Azərbaycanı mütərəqqi inkişaf orbitinə çıxarmağa qabil olan savadlı, geniş dünya görüşünə malik insanları öz ətrafında birləşdirməyə və onları bu ideyanın həyata keçirilməsinə səfərbər etməyə nail olmuşdur. Ulu öndər bu məsələləri hələ ötən əsrin 70-80-cı illərindən görürdü və bir çox azərbaycanlı gəncləri SSRİ-nin aparıcı ali təhsil müəssisələrində təhsil almağa göndərirdi. Məhz bunun nəticəsidir ki, hələ Heydər Əliyevin hakimiyyəti illərində ümumi milli mənafeyi hər şeydən üstün tutmağı bacaran komanda formalaşmışdır. Bu gün isə ulu öndərin layiqli siyasi varisi Prezident İlham Əliyev bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçılik təməlinə əsaslanaraq Azərbaycanı uğurla siyasi və iqtisadi modernləşməyə doğru aparır. Ölkədə iqtisadiyyatın liberallaşdırılması, ölkənin beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi çəkisinin artırılması, sosial, iqtisadi və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət birliyinə nail olunması və digər mühüm amillərin yerinə yetirilməsi nəticəsində, müstəqil Azərbaycanın yüksələn xətlə inkişafı təmin edilmişdir.

 

Ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında səslənən fikirlərdən də aydın olduğu kimi, məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, son bir neçə il bütün dünyada daha çox maliyyə-iqtisadi böhran dövrü kimi yadda qaldığı halda, Azərbaycan bu illərin hər birini, o cümlədən 2011-ci ilin ilk yarısını yaddaqalan uğurlarla başa vurmuşdur. Bu illərin Azərbaycan Respublıkası, milli iqtisadiyyatımız üçün nəzərəçarpacaq uğurlarla başa çatması, iqtisadiyyatın böhran "küləyindən" məharətlə qorunması, bütün layihələrin ardıcıl şəkildə reallaşdırılması, hər bir istiqamətdə fasiləsiz fəaliyyətin təmin edilməsi və s. kimi məsələlər ölkəmizin iqtisadi inkişaf modelinin, bu modelin səciyyəvi xüsusiyyətlərinin, gələcək təkmilləşdirmə imkanlarının daha dərindən araşdırılmasını və elmi əsaslandırılmasını tələb edir. Təbii ki, bütün bunlar həm də iqtisadi inkişafın daha da sürətləndirilməsində, mövcud təbii-iqtisadi resursların tam və səmərəli şəkildə təsərrüfat dövriyyəsinə cəlb edilməsində elm adamlarının və alimlərin də üzərinə böyük vəzifələrin düşdüyünü göstərir.

Dünya təcrübəsi də sübut edir ki, hər bir ölkənin davamlı inkişafını təmin etmək üçün, ilk növbədə, müvafiq inkişaf modeli seçilməli və onun reallaşdırılması istiqamətində addımlar atılmalıdır. Əksər hallarda ayrı-ayrı ölkələrin inkişaf yolu iqtisadi nəzəriyyədən məlum olan ənənəvi modellərə uyğun gəldiyi halda, bəzən fərqli təcrübəyə də rast gəlinir. Məsələn, müstəqil Azərbaycan Respublikasının tarixinə, iqtisadi inkişaf dinamikasına, ölkədə cərəyan edən sosial-iqtisadi və siyasi proseslərin xronologiyasına nəzər saldıqda hazırkı inkişaf modelini tərəddüdsüz olaraq - HEYDƏR ƏLİYEV MODELİ adlandırmaq olar. Ona görə ki, əldə edilən bütün uğurlarımızın başlıca səbəbi xalqımızın dahi oğlu, ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bir dövrə təsadüf edir və bütün uğurlar məhz bu unudulmaz insanın əvəzsiz zəhməti və təşəbbüsü ilə reallaşdırılan beynəlxalq müqavilələrin, sosial-iqtisadi və siyasi arenada yüksək iradə və qətiyyətlə həyata keçirilən islahatların nəticələridir. Bu gün böyük inamla reallaşdırılan Heydər Əliyev strategiyasının nəticəsi olaraq Azərbaycan Respublikası öz dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkədə tarazlı inkişafın təmin edilməsi istiqamətində atılan addımlar və analoqu olmayan iqtisadi uğurları ilə beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir. Azərbaycan Respublikası beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq Azərbaycan mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadirdir, zəngin iqtisadi potensiala, bu potensialdan milli və dövlətçilik maraqları naminə tam və şəriksiz istifadə hüququna malikdir. Bütün bunları ölkə başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında səslənən fikirlər də bir daha təsdiq edir.

İclasda da qeyd edildiyi kimi, bütövlükdə son altı ayda qarşıda duran bütün iqtisadi və sosial məsələlər uğurla həll olunmuş, ÜDM həcmində 0,9 faizlik artım təmin olunmuşdur. ÜDM artımı kiçik rəqəmlə ifadə olunsa da sevindirici hal ondan ibarətdir ki, bu artımın əsas hissəsi qeyri-neft sektorunun üzərinə düşür. Son illər ərzində aparılan islahatların nəticəsidir ki, axırıncı altı ay ərzində yalnız qeyri-neft sektorunda iqtisadi artım 7,2 faiz təşkil etmişdir. Bu isə onu göstərir ki, ölkə iqtisadiyyatı dinamik inkişaf edir və milli iqtisadiyyatın enerji amilindən asılılığı azalır. Eyni zamanda bu nəticə ümid verir ki, növbəti aylarda və illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün daha geniş imkanlar təmin ediləcəkdir.

Qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan, eləcə də ölkənin ərzaq təminatının əsasını təşkil edən kənd təsərrüfatı sahəsində də son altı ayda 6,2 faizlik artım əldə olunmuşdur. Statistik məlumatlar göstərir ki, 2011-ci ilin altı ayı ərzində əhalinin pul gəlirləri 17 faiz, inflyasiya isə cəmi 8,8 faiz artmışdır ki, bu da nəticədə insanların rifah halının yaxşılaşdırılması üçün əlverişlidir. Həyata keçirilən islahatların, uğurla reallaşdırılan dövlət proqramlarının nəticəsidir ki, ilk dəfə olaraq Azərbaycan büdcəsi - büdcə xərclərimiz 20 milyard dollara çatmışdır. Əlbəttə, bu, imkan verir ki, qarşıdakı aylarda da vacib olan infrastruktur və sosial məsələlərin həlli üçün lazımi maliyyə təminatları ödənilsin. Eyni zamanda, büdcə ilə yanaşı, ölkəmizin strateji valyuta ehtiyatlarının həcmində də müvafiq artıma nail olunmuşdur. Belə ki, bu ilin əvvəlindən valyuta ehtiyatlarımız 9 milyard dollar artmışdır ki, bu da kifayət qədər böyük göstəricidir. Ümumilikdə isə hazırda ölkəmizin strateji valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir ki, bu da ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etməyə, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resurslarını cəlb etməyə, bir sözlə, ölkə iqtisadiyyatının hərtərəfli inkişafına nail olmağa əlverişli şərait yaradır.

Həmişə olduğu kimi, bu ilin birinci yarısında da sosial məsələlərin həlli Azərbaycan dövlətınin diqqət mərkəzində olmuşdur. Bəzi kateqoriya üzrə - büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əməkhaqlarının qaldırılması, pensiyaların artımı və s. qeyd edilənləri bir daha təsdiq edir. Xüsusilə, 2011-ci il iyulun 1-dən 2006-cı ilə qədər pensiyaya çıxmış şəxslərin orta pensiyası təxminən 40 faiz artmışdır. Bu da hökumətin sosial məsələlərin həllinə, insanların rifah halının yüksəldilməsinə diqqət və qayğısı kimi cəmiyyət tərəfindən də yüksək rəğbətlə qarşılanmışdır. Pensiyaların artımı ilə bağlı müvafiq sərəncamla təqribən 900 minə qədər pensiyaçının pensiyası artmışdır. Paralel olaraq ünvanlı sosial yardım proqramı çərçivəsində 125 min ailənin hər birinə orta hesabla ayda 104 manat kömək göstərilir. Bunun nəticəsidir ki, son 7 il ərzində yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə aşağı düşmüş, təkcə bu ilin altı ayında ölkədə 38 min yeni iş yeri açılmışdır.

Bütün bunlar Azərbaycan hökumətinin müvəffəqiyyətlə həyata keçirdiyi sosial-iqtisadi tədbirlər proqramının, düşünülmüş daxili və xarici siyasətin real nəticələrinin bir qismidir. Təbii ki, yuxarıda göstərilən uğurlu nəticələr sahibkarlıq, tikinti-quruculuq və s. kimi sahələrdə də müvafiq irəliləyişlərə, davamlı uğurlara şərait yaradır.

Nazirlər Kabinetinin 12 iyul 2011-ci il tarixli iclasında da qeyd edildiyi kimi, məhz həyata keçirilən çoxsaylı uğurlu islahatların nəticəsidir ki, son altı ay ərzində dövlət büdcəsinin mədaxili 5 milyard 610,8 milyon manat və ya 110,9 faiz təşkil etmişdir. Cəmi mədaxilin 2 milyard 564,9 milyon manatı Vergilər Nazirliyinin, 542,4 milyon manatı Dövlət Gömrük Komitəsinin, 2 milyard 461 milyon manatı isə Dövlət Neft Fondunun payına düşür. Statistik məlumatlar göstərir ki, 2011-ci ilin 6 ayı ərzində dövlət büdcəsinin xərcləri 4 milyard 882,1 milyon manat icra edilmişdir. Büdcə xərclərinin 30,9 faizi və ya 1 milyard 508,1 milyon manatı sosialyönümlü olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 152,6 milyon manat və ya 11,3 faiz çox təşkil etmişdir. O cümlədən, təhsil xərclərinə 50,9 milyon manat və ya 9,9 faiz, sosial müdafiə və sosial təminat xərclərinə isə 62,1 milyon manat və ya 10,2 faiz çox vəsait yönəldilmişdir.

Son altı ay ərzində iqtisadi inkişafın zəruri şərti olan investisiya qoyuluşlarında da müvafiq dinamika təmin edilmişdir. Belə ki, hesabat dövründə ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 4 milyard 476,6 milyon manat, o cümlədən daxili mənbələr hesabına 3 milyard 257,8 milyon manat investisiya qoyulmuşdur ki, bunun da 1 milyard 348 milyon manatı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmişdir. Göründüyü kimi, daxili investisiyalar 72,7 faiz paya malik olmaqla üstünlük təşkil edir. İnvestisiya qoyuluşları və kreditlərin verilməsində müsbət cəhətlərdən biri də ümumi həcmdə regionlara daha çox vəsaitin yönəldilməsidir. Yalnız 2011-ci ilin ilk yarısında Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 823 sahibkarlıq subyektinə ayrılan 72 milyon manat güzəştli kreditlərin 72 faizinin respublikanın ayrı-ayrı regionlarının payına düşməsi qeyd edilənləri bir daha sübut edir.

Araşdırmalar göstərir ki, vəsaitlərin 70 faizindən çoxu aqrar sektorun inkişafına yönəldilmişdir ki, bu kreditlər hesabına da 3500 yeni iş yeri yaradılmışdır. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə kredit alan sahibkarların sayı və kreditlərin məbləği üzrə 1,5 dəfə, yeni iş yerlərinin sayı üzrə isə 1,6 dəfə artım deməkdir.

Bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq, özəl sektorun inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində son altı ayın göstəricilərinə əsasən artıq qeyri-dövlət sektorunun vergi daxilolmalarında xüsusi çəkisi 72,9 faizə çatmışdır. Nəzərə alsaq ki, bazar iqtisadiyyatında dövlətin iqtisadi dayağını vergi daxilolmaları təşkil edir, onda özəl sektorun inkişafına yönəlik tədbirlərin miqyasının daha da genişləndirilməsi məqsədəuyğun olardı.

İstər "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na, istərsə də ölkənin davamlı inkişaf tələblərinə uyğun olaraq regional inkişaf həmişə olduğu kimi, son altı ayda da dövlətin iqtisadi siyasətinin prioritetini təşkil etmişdir. Nəticədə hesabat dövründə "bir pəncərə" sistemi ilə qeydiyyata düşən 32,5 mindən çox sahibkarın 57,2 faizi müxtəlif regionlarda qeydiyyata alınmışdır.

Ümumilikdə 2011-ci ilin altı ayı ərzində ölkədə makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının artımı və səmərəli istifadəsi, milli valyutanın sabitliyi təmin edilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunu üstələmişdir.

Bütün bunlar həm Nazirlər Kabinetinin iclasında səslənən fikirlərdə, həm də Dövlət Statistika Komitəsinin cari ilin ilk yarısının sosial-iqtisadi inkişafını əks etdirən göstəricilərində də öz ifadəsini tapmışdır. Belə ki, 2011-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalı 169,9 milyon manat artaraq 22,5 milyard manata çatmışdır. ÜDM-in 66,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 54,7 faizi sənayedə, 6,9 faizi inşaat kompleksində, 4,6 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 27,9 faiz, o cümlədən nəqliyyatda 6,2 faiz, ticarət və pullu xidmətdə 8,7 faiz, rabitədə 1,7 faiz, sosial və digər xidmətlərdə 11,4 faiz təşkil etmişdir. ÜDM-in 5,9 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Orta hesabla hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 2496,9 manat (3149,5 ABŞ dolları) olmuşdur. Əlavə dəyər istehsalı qeyri-neft sektorunda ötən illə müqayisədə 7,2 faiz artmış, neft sektorunda isə 5,1 faiz azalmışdır.

Statistik məlumatların təhlili göstərir ki, 2011-ci ilin birinci yarısında sənaye istehsalında da artım müşahidə edilmişdir. Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 15,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Məhsulun 76,4 faizi mədənçıxarma bölməsində, 17,7 faizi emal bölməsində, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. 2010-cu ilin birinci yarısı ilə müqayisədə məhsul istehsalı emal bölməsində 6,3 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 9,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 9,2 faiz artmışdır. O cümlədən, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,3 faiz artmışdır. Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 23,9 milyon ton, qaz hasilatı 12,9 milyard kubmetr təşkil etmişdir.

Sözügedən dövrdə emal sektorunda qida məhsulları istehsalı 5,6 faiz, içki istehsalı 20,3 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 21,7 faiz, geyim istehsalı 35,6 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalı 7,3 faiz, ağac emalı və ağacdan məmulatlar istehsalı 38,5 faiz, kağız və karton istehsalı 81 faiz, poliqrafiya fəaliyyəti 16,3 faiz, neft məhsulları istehsalı 3,3 faiz, kimya sənayesi məhsulları istehsalı 39 faiz, rezin və plastik məmulatlar istehsalı 3,9 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 70,6 faiz, elektrik avadanlıqları istehsalı 40,9 faiz, maşın və avadanlıqların istehsalı 10,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 24,9 faiz artmışdır.

İlin ilk yarısında aqrar sahədə də müsbət nəticələr əldə edilmiş, yaz tarla işləri uğurla başa çatdırılmışdır. Statistika Komitəsinin məlumatlarına əsasən iyun ayının 22-nə kimi 397,3 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq 29,7 min hektar sahədə dənli və dənli paxlalılar, 33,6 min hektar sahədə dən üçün qarğıdalı, 80,8 min hektar sahədə tərəvəz, 65,1 min hektar sahədə kartof, 42,8 min hektar sahədə pambıq, 33,2 min hektar sahədə bostan bitkiləri, 7,3 min hektar sahədə şəkər çuğunduru, 10,8 min hektarda dən üçün günəbaxan, 1435 hektar sahədə tütün və s. əkilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 21,6 min hektar, o cümlədən pambığın əkin sahəsi 12,4 hektar, dən üçün qarğıdalının əkin sahəsi 4,1 min hektar, bostan bitkilərinin əkin sahəsi 730 hektar, tütünün əkin sahəsi 84 hektar artmışdır.

İyul ayının 1-nə kimi qarğıdalı istisna olmaqla 486,9 min hektarın taxılı biçilmiş və həmin sahələrdən 1191,9 min ton məhsul toplanmışdır. Qeyd etmək lazımdır ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 57 min hektar az sahənin taxılının biçilməsinə baxmayaraq 73,2 min ton çox məhsul toplanmış, məhsuldarlıq 3,9 sentner yüksələrək 24,5 sentnerə bərabər olmuşdur. Bu da dövlət tərəfindən aqrar sektora göstərilən diqqətin nəticəsidir. Belə ki, artıq təkcə istifadədən kənarda qalmış torpaq sahələrinin münbitləşdirilməsi, istifadə edilməsi ilə yanaşı, məhsuldarlığın yüksəldilməsi də diqqət mərkəzindədir. Təbii ki, bu da ərzaq təhlükəsizliyinin təminatında əsas amildir. Yığım başlanandan tarlalardan 266,5 min ton kartof, 306,9 min ton tərəvəz, 62,8 min ton meyvə və giləmeyvə, 28,9 min ton bostan məhsulları, 37,3 ton tütün, 286 ton yaşıl çay yarpağı toplanmışdır. 2010-cu ilin anoloji dövrü ilə müqayisədə kartof istehsalı 31,5 min ton və ya 8,8 faiz, tərəvəz istehsalı 27,5 min ton (9,1 faiz), bostan məhsulları istehsalı 12,9 min ton (80,3 faiz), tütün istehsalı 8,6 ton (30 faiz), meyvə və giləmeyvə istehsalı 1,3 min ton (2,2 faiz), yaşıl çay yarpağı istehsalı 29,1 ton (11,3 faiz) artmışdır.

Statistik məlumatların müqayisəsindən aydın olur ki, ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 8,3 faiz, heyvandarlıq məhsulları istehsalı 4,8 faiz, bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalı isə 6,2 faiz artmışdır. İlin əvvəlindən inşaat kompleksində 4,5 milyard manat məbləğində vəsaitdən istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 57,2 faizi və ya 2,6 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2010-cu ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf olunmuş vəsait qoyuluşunun həcmi 17,8 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 2,2 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 72,8 faizini və ya 3,3 milyard manatını daxili investisiyalar təşkil etmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artmışdır.

Yuxarıda qeyd edildiyi kimi, ölkəmizin maliyyə imkanları artdıqca, insanların rifah halı yüksəldikcə sürətlə inkişaf edən sahələrdən biri də tikinti kompleksidir. Bircə faktı qeyd etmək yerinə düşərdi ki, son dövrlər həyata keçirilən genişmiqyaslı tikinti layihələri nəticəsində artıq Bakı şəhəri dünyanın ən gözəl şəhərləri sırasındadır və bu işlər davam etdirilir. 2011-ci ilin altı ayı ərzində də aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilmiş, ümumi sahəsi 838,8 min kvadratmetr yaşayış evləri, 1956 şagird yerlik ümumtəhsil məktəbləri, 50 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində "Dərnəgül" metro stansiyası və s. tikilib istifadəyə verilmişdir.

Bu müddət ərzində nəqliyyat sektorunda da müvafiq dinamika təmin edilmişdir. Belə ki, son altı ay ərzində nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 99,6 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 5,7 faiz çox yük, 699,4 milyon nəfər və ya 6,5 faiz çox sərnişin daşınmışdır. Yüklərin 10,6 faizi dəmir yolu, 52,2 faizi avtomobil, 6,2 faizi dəniz nəqliyyatı, 31 faizi boru kəmərləri ilə, sərnişinlərin 86,6 faizi avtomobil, 13,1 faizi metropolitenlə daşınmışdır. Göründüyü kimi, dünya ölkələrinin hələ də böhrandan əziyyət çəkdiyi bir vaxtda Azərbaycan Respublikası dünya miqyasında ən sürətlə və ən əsası, sabit, davamlı şəkildə inkişaf edən ölkələrdən biridir. Bu dinamika isə 2003-cü ildən bünövrəsi qoyulmuş uğurlu islahatların yekun nəticəsidir. Aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində istər 2009-cu ildə, istərsə də 2010-cu ildə ölkə iqtisadiyyatının inkişafı təmin edilmiş və ümumi daxili məhsul müvafiq olaraq 9,3 faiz və 5 faiz artmış, bütün sosial proqramlar öz həllini tapmışdır. Eyni zamanda, 2009-cu ildə dünyada neftin qiymətinin, təqribən 4 dəfə düşməsinə baxmayaraq, ölkəmizdə 2010-cu ildə də pensiya, əmək haqqı, və s. ödənişlərdə müvafiq artımlar təmin edilmişdir. Əlbəttə, bütün bunlar 2011-ci ilin daha uğurlu olacağını deməyə əsas verir. Ümumilikdə istər son illər, istərsə də axırıncı altı ayda əldə edilmiş iqtisadi uğurların əsas səbəbi bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi startegiyanın uğurla davam etdirilməsidir. Eyni zamanda, bu nailiyyətlər ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış daxili və xarici siyasətin bəhrəsidir. Təsadüfi deyildir ki, artıq Azərbaycan nəinki regionda, hətta dünyada söz sahibi olan, özünəməxsus mövqeyə malik islahatçı bir ölkə kimi qəbul edilir. Təbii ki, güclü iqtisadi dayağı olmayan siyasət lazımi səmərə verə bilməz. Bunu çox düzgün qiymətləndirən Azərbaycan hökuməti iqtisadi və siyasi sahədə atdığı addımları uzlaşdırmış və nəticədə məqsədə nail olmuşdur. Belə ki, yalnız 2003-2008-ci illərdə Azərbaycanın ümumi daxili məhsulu 2,7 dəfə artmış, onun adambaşına düşən həcmi 5800 dollara çatmışdır ki, bu da ölkənin inkişafını sübut edən makroiqtisadi reallıqdır. Digər tərəfdən, 2003- 2008-ci illər ərzində sənaye istehsalı 2,7 dəfə artmış, dövlət büdcəsinin xərcləri 2003-cü ildəki 1 milyard 200 milyon dollardan 2008-ci ildə 15 milyard dollara qədər artmışdır.

Son illərin iqtisadi uğurlarından biri də Azərbaycan Respublikasının investisiya cəlbediciliyinin qorunub saxlanması və artırılmasıdır. Statistik araşdırmalardan aydın olur ki, məhz investisiya cəlbediciliyinin nəticəsidir ki, yalnız 2003-2008-ci illərdə ölkə iqtisadiyyatına təxminən 44 milyard dollar investisiya qoyulmuşdur, bu da müstəqillik illərində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun 77 faizi deməkdir. 2003-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1 milyard 600 milyon dollar təşkil etməsinə baxmayaraq, 2008-ci ilin oktyabr ayında bu rəqəm, təxminən 17 milyard dollara çatdırılmışdır. Hazırda isə 40 milyarda yaxındır. 2003-2008-ci illərdə təmin edilmiş iqtisadi artım dinamikası 2009-cu və sonrakı illərdə də qorunub saxlandı. 2009-cu ildə müxtəlif dövlət proqramlarının işlənib hazırlanması və təsdiqi isə mövcud dinamikanı daha da möhkəmləndirdi. Xüsusilə, "Azərbaycan Respublikası regionlarının 2009- 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın qəbul edilməsi 2003-2008-ci illərdə formalaşdırılmış potensialdan tam və səmərəli istifadəyə, eləcə də daha sürətli inkişaf üçün yeni-yeni potensialların üzə çıxarılmasına şərait yaratdı. Nəticədə 2004-2008-ci illəri əhatə edən proqrama nisbətən, yeni proqramda problemlər daha konkret qoyuldu, onların konkret həlli yolları göstərildi. Beləliklə, proqram nəinki iqtisadi sahələrin, o cümlədən bir sıra texniki sahələrin də inkişafına zəmin yaratdı. Təbii ki, bu da Azərbaycan hökumətinin uzaqgörənliyindən irəli gələn bir reallıq idi. Ona görə ki, XXI əsr dünyada qloballaşma, inteqrasiya və davamlı inkişaf əsri kimi qəbul edilir, onda bütün bunlar da nəqliyyat, rabitə, ticarət, İKT və s. kimi inteqrasiya istiqamətlərınin inkişaf etdirilməsini zərurətə çevirir. Bütün bunlar da iqtisadi sahələrlə yanaşı, inteqrativ əlaqələrin mühüm vasitəsi olan nəqliyyat sektoru, rabitə və informasiya texnologıyaları sektorunun da inkişafını tələb edir. Eyni zamanda, istənilən sahənin inkişafı əldə edilən informasiyaların tamlığı və dəqiqliyindən çox asılıdır. Bu baxımdan, dünya təcrübəsinə uyğun olaraq informasiya ötürülməsinin və qəbul edilməsinin çevikliyinin təmin olunması da bu sahənin inkişafını zəruri edir.

Bütün sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsində də Azərbaycan Respublikası nəzərəçarpacaq irəliləyişlərə nail olmuşdur. Ümumilikdə son illər bu sahə yüksək sürətlə inkişaf etməkdədir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ndan da göründüyü kimi, ölkə üzrə rabitə və informasiya texnologiyalarını inkişaf etdirməklə ölkənin hərtərəfli tərəqqisinə nail olmaq, xüsusilə informasiya və kommunikasiya texnologiyalarının (İKT-nin) inkişafı üzrə Milli Strategiyanı həyata keçirmək, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün müvafiq layihə və tədbirlərin icra edilməsi qarşıdakı illərdə də prioritet inkişaf istiqamətləri kimi nəzərdə tutulur. Mövcud potensialdan səmərəli istifadə etməklə rabitə və informasiya texnologiyaları sahəsinin təşkilati, texniki və kadr təminatı baxımından modernləşdirilməsi, İKT sənayesinin formalaşdırılması və beləliklə də ölkədə informasiya cəmiyyətinə keçidin təmin edilməsi məqsədilə inkişaf etmiş informasiya və kommunikasıya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, elektron hökumətin yaradılması, regionlarda müasir universal rabitə (telekommunikasiya, İT və poçt) xidmətinin təmin edilməsi, bütün bölgələrdə internet şəbəkəsindən istifadə imkanlarının genişləndirilməsi və s. konkret vəzifə kimi qarşıya qoyulur. Şübhəsiz, bu da davamlı iqtisadi inkişafın mühüm amillərindən biridir.

Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, əgər regionların sosial-iqtisadi inkişafı və davamlı iqtisadi inkişafın təmin olunması dövlətin iqtisadi siyasətinin prioritetinə çevrilmişdirsə, onda ekoloji problemlərin operativ həll edilməsi də labüddür. Çünki "Davamlı inkişaf konsepsiyası"nın da əsas mahiyyəti "Gələcək nəsillərin normal yaşayışı üçün heç bir təhlükə yaratmadan indiki nəslin sosial, iqtisadi və ekoloji tələblərinin normal ödənilməsi"ndən ibarətdir. Göründüyü kimi, konsepsiyanın müddəaları, yəni davamlı inkişaf tələbləri üç istiqaməti - sosial, iqtisadi və ekoloji istiqamətləri əhatə edir. Məhz bu səbəbdən də ekoloji problemlərə diqqət yetirilməsi mühüm əhəmiyyət kəsb edir. Amma, mövcud vəziyyətin təhlilindən aydın olur ki, Azərbaycan Respublikasında ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün bir sıra vacib tədbirlər görülməlidir. Bu tədbirlər Xəzər dənizinin sahilboyu zolağında, o cümlədən ölkənin digər regionlarında su hövzələrinin, havanın, torpağın təbii keyfiyyətinin bərpa olunması üçün tullantı suların təmizlənməsi, əhalinin içməli suya olan tələbatının tam və keyfiyyətli ödənilməsi, çirklənmiş torpaqların rekultivasıya edilməsi, meşə və yaşıllıqların genişləndirilməsi və s. ola bilər. Başqa sözlə desək, milli iqtisadiyyatın davamlı inkişafının ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadənin səmərəliliyindən yüksək dərəcədə asılı olduğunu nəzərə alaraq şəhər və qəsəbələrin küçə və prospektlərinin yaşıllaşdırma işlərinin genişləndirilməsi, regionlarda meşəbərpa və meşəsalma işlərinin sürətləndirilməsi, rekreasiya əhəmiyyətli meşələrin (ərazilərin) müəyyən edilməsi və ekoturizmin inkişafı üçün müasir səviyyəli infrastruktur təminatının yaradılması, su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsinin, o cümlədən transsərhəd çirklənməsinin qarşısının alınması, sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsinə qarşı tədbirlərin görülməsi, ekoloji təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, torpaqların erroziyasına və şoranlaşmasına qarşı tədbirlərin həyata keçirilməsi və s. məqsədəuyğundur.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda qeyd olunduğu kimi, qarşıdakı illərdə də dövlətin sosial siyasətinin başlıca məqsədi əhalinin, o cümlədən regionlarda yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasını təmin etməkdən ibarət olacaqdır ki, burada da əsas istiqamətləri aztəminatlı əhali qrupları üzrə sosial müavinətlərin artırılması, sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılması, pensiya təminatı sisteminin təkmilləşdirilməsi və ümumilikdə ölkədə yoxsulluq səviyyəsinin azaldılması təşkil edəcəkdir. O cümlədən, milli musiqimizin və adət-ənənələrimizin, mədəni-tarixi irsimizin qorunub saxlanması, Azərbaycanın qədim və zəngin mədəni irsə malik olduğunu bütün dünyaya tanıtmaq və s. istiqamətlərdə çox böyük işlər görən Azərbaycan hökumətinin qarşıdakı illərdə də mədəniyyət sahəsində strateji məqsədləri ölkənin mədəni potensialının, sərvətlərinin və ənənələrinin qorunub saxlanmasından ibarət olacaqdır. Bu məqsədlə də regionlararası mədəni əlaqələrin möhkəmləndirilməsi, milli mədəniyyətin ümumdünya mədəni proseslərinə inteqrasiyası, daşınar mədəni sərvətlərin, muzey fondlarının sayının artırılması, ölkənin tarixi-mədəni irsinin və mədəni potensialının qorunması və s. tədbirlərin həyata keçırilməsi nəzərdə tutulur. Ölkə başçısının "Bakı şəhərində İstiqlal muzeyinin tikintisi ilə bağlı tədbirlər haqqında" 2 avqust 2011-ci il tarixli müvafiq sərəncamı yuxarıda qeyd edilənləri təsdiq edən bir nümunədir. Digər tərəfdən, bu günlərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələ şəhərində təşkil edilən beynəlxalq musiqi festivalı da istər mədəni dəyərlərimizin təbliği, istərsə də Azərbaycanın dünyada tanıdılması, turizmin inkişafı və s. baxımdan olduqca mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, mədəni, sosial, iqtisadi sahələrin sürətli inkişafı istiqamətində həyata keçirilən belə tədbirləri çox sadalamaq olar.

Beləliklə, Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında səslənən fikirlər bir daha təsdiq edir ki, 2003-cü il seçkilərində xalqın böyük etimadını qazanaraq hakimiyyətə gələn İlham Əliyev "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam!" - deməklə fəaliyyətə başladığı gündən ölkəmizdə dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai-siyasi sabitliyin qorunub saxlanması, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində mütərəqqi islahatların aparılması istiqamətində mümkün olan hər bir addımı atmış və atmaqdadır. Bu gün isə tam əminliklə qeyd etmək olar ki, min bir zəhmətlə başa gələn və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf yolu Azərbaycanın ümumi iqtisadi strategiyasının formalaşmasına və bu strategiyanın uğurla həyata keçirilməsinə zəmin yaratmışdır. Eyni zamanda, ölkəmizin valyuta ehtiyatları, maliyyə imkanları ilbəil artır ki, bu da gələcəkdə bütün sahələrdə mövcud potensialdan daha səmərəli istifadəyə, ehtiyatların tam və səmərəli şəkildə dövriyyəyə cəlb edilməsinə, sosial tədbirlərin, investisiya qoyuluşlarının, kreditləşdirmə əməliyyatlarının və s. maliyyələşdirməsinə imkan verəcəkdir. Bu da heç şübhəsiz, əldə edilmiş dinamizmi davam etdirməyə, tezliklə keçid dövrünü uğurla başa vurmuş milli iqtisadiyyatımızın davamlı inkişafını təmin etməyə şərait yaradacaqdır.

 

 

İsa ALIYEV,

AMEA İqtisadiyyat İnstitutunun

direktoru, iqtisad elmləri doktoru,

professor,

 

 Aqil ƏSƏDOV,

institutun şöbə müdiri,

iqtisad elmləri üzrə fəlsəfə doktoru,

dosent

 

Xalq qəzeti.- 2011.- 7 avqust.- S. 3.