Azərbaycanda
görülən işlər xalqın yaşayış səviyyəsinin
yüksəldilməsinə xidmət edir
Azərbaycanda
azadlığı, müstəqilliyi, suverenliyi əbədi təmin
etmiş ümummilli liderimiz Heydər Əliyev 2003-cü ilin
prezident seçkiləri ərəfəsində xalqa
müraciətində demişdir: "İlham Əliyev
yüksək intellektual, praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını
gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən
ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm".
Müdrik
xalqımız ulu öndərinə sadiqliyini nümayiş
etdirərək İlham Əliyevi 2003-cü ilin oktyabr
ayında Azərbaycan Prezidenti seçməklə ölkənin
inkişaf tarixinə yeni bir səhifə yazdı. İlham Əliyev
hələ seçkiqabağı kampaniya dövründə
seçicilərlə görüşləri zamanı xalqa
verdiyi vədlərini hakimiyyətə başladığı
ilk günlərdən həyata keçirməyə
başladı. Xalqa, millətə xidmət etmək,
insanların həyat səviyyəsini yüksəltmək,
rifah halını yaxşılaşdırmaq Prezident İlham Əliyevin
ali məqsədi oldu. Onun bu istiqamətdə
gördüyü işlər, həyata keçirdiyi tədbirlər
ölkə vətəndaşları ilə yanaşı, beynəlxalq
təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.
Möhtərəm Prezidentimizin imzaladığı fərmanlar, qanunlar, sərəncamlar insan amilinə söykənir, respublikamızın ildən-ilə inkişaf edərək güclənməsinə xidmət edir. Dövlət başçısı verdiyi tapşırıqların, tövsiyələrin, çıxardığı qərarların necə yerinə yetirildiyini vaxtaşırı yoxlamaqla məsuliyyət hissini artırır, məmurların tapşırılan vəzifəyə son dərəcə ciddi yanaşmalarını təmin edir. Qarşılıqlı anlaşma şəraiti Azərbaycanın güclənməsinə, sosial-iqtisadi inkişafının getdikcə genişlənməsinə səbəb olur. Faktların dili ilə danışsaq son yeddi ildə Azərbaycanda əldə edilən nailiyyətlər qərinələrə bəs edər.
Ölkəmizdə möhtəşəm layihələr həyata keçirilir. Əhalinin enerjiyə, qaza, suya olan tələbatı ödənilir. Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi paytaxt sakinlərinin içməli suya olan tələbatının ödənilməsini xeyli yaxşılaşdırıb. Hazırda kəmər vasitəsilə Bakı şəhərinə verilən su paytaxtın Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının isə bir hissəsini təmin edir. Şəhərin şərq hissəsinə digər mənbələrdən verilən suyun artırılması hesabına Nizami. Xətai, Suraxanı rayonlarının 2-3 gündən bir su alan ərazilərinə indi hər gün səhər və axşam su verilir. Görülən tədbirlər nəticəsində 20-ci Sahə, Badamdar, Lökbatan, Yeni Yasamal, Hövsan, Əhmədli və 8-ci Kilometr yaşayış sahələrinin içməli su ilə təchizatı əsaslı şəkildə yaxşılaşmışdır ki, bu da əhalinin ilboyu rahat, qayğısız yaşamasına səbəb olur.
Müstəqilliyin ilk illərində Azərbaycanın iqtisadiyyatı əsasən neft-qaz amilindən asılı idisə, son vaxtlar qeyri-neft sektorunun sürətli inkişafı ölkəmizin gələcəyinin daha etibarlı təməl üzərində qurulmasından xəbər verir. Cari ilin altı ayında respublikada ümumi daxili məhsul 0,9 faiz artmışdısa, qeyri-neft sektorunda inkişaf 7,2 faiz təşkil etmişdir. Aqrar sahədə də fərəhli rəqəmlər alınır. Son altı ayda kənd təsərrüfatı sahəsində 6,2 faiz artım olmuşdur. İlin axırınadək bu rəqəmlər daha da artacaqdır. Ona görə ki, taxılçılar, kartof, meyvə-tərəvəz, bostan məhsulları istehsalçıları əvvəlki ilə nisbətən daha yüksək nəticələr əldə edirlər. Bu, əslində son illər ölkə rəhbərliyi tərəfindən düşünülmüş surətdə aparılan islahatların parlaq nəticəsidir.
İqtisadiyyatın möhkəmlənməsi əhalinin pul gəlirlərinin artmasına əlverişli şərait yaradır. İlin birinci yarısında əhalinin pul gəlirlərinin 17 faiz artması dediklərimizə əyani sübutdur. Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, ölkəmizin ümumi inkişafı çox uğurlu və dinamikdir. Bütün iqtisadi, infrastruktur və sosial məsələlər öz həllini tapır. Vaxtilə 1,5 milyard büdcəsi olan Azərbaycanda indi büdcə xərcləri 20 milyard dollara çatmışdır. Altı ay ərzində valyuta ehtiyatlarımızın 9 milyard artması göstərir ki, dövlətinin götürdüyü strateji xətt düzgündür . Ölkədə düzgün iqtisadi siyasət aparıldığı üçün bu gün Azərbaycanın strateji valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir. İlin sonuna qədər bu rəqəm xeyli artacaqdır. Bu, hökumətimizə imkan verir ki, iqtisadiyyatı daha da şaxələndirsin, insanların sosial problemlərinin həllini daha da sürətləndirsin.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son yeddi ildə pensiyalar, əmək haqları, təqaüdlər və digər başqa müavinətlər dəfələrlə artırılmışdır. 2006-cı ilədək pensiyaya çıxanların pensiyaları Prezidentin göstərişi əsasında yenidən hesablanaraq orta hesabla 40 faiz artırılmışdır. Bununla əlaqədar mətbuat konfransı keçirən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Azərbaycanda mövcud sığorta-pensiya sistemi və bu istiqamətdə aparılan islahatlarla bağlı məlumat verib. O, vurğulayıb ki, Azərbaycanda islahatlar digər keçid dövrü ölkələrində olduğu kimi, "şok" effekti ilə deyil, əvvəlki sistemlə əhatə olunmuş insanların davamlı sosial müdafiə tədbirləri vasitəsilə yeni şəraitə mərhələlərlə tam inteqrasiyası yolu ilə reallaşdırılıb.
DSMF sədrinin sözlərinə görə, ölkəmizdə 2006-cı ildən tətbiq olunan sığorta-pensiya modeli müasir sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Sığorta-pensiya modeli sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərməkdədir. Ötən beş ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 5 sərəncam verilib. Nəticədə yeni sistem fəaliyyətə başladığı dövrdən bugünədək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artmışdır.
Fond sədri mətbuat konfransında qeyd edib ki, hazırda ölkə üzrə pensiyanın orta aylıq məbləği 115 manat təşkil edir. O cümlədən, 2006-cı ilədək pensiyaya çıxanlar üzrə bu göstərici 102 manat, 2006-cı ildən 2010-cu ilədək pensiyaya çıxanlar üzrə 122 manat, 2010-cu ildən sonra pensiyaya çıxanlar üzrə 150 manatdır. "Azərbaycanda yeni sığorta-pensiya sisteminə keçidin xarakterik xüsusiyyətlərindən biri əvvəlki sistemlə əhatə olunmuş insanların da bu sistemə eyni şərtlərlə transfert olunmasıdır" deyən fond sədri nəzərə çatdırıb ki, bu məsələ Dövlət Proqramında öz əksini tapıb.
Həyata keçirilən islahatlara uyğun olaraq yeni pensiya təyinatında tətbiq olunan qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqları yenidən nəzərdən keçirilib. Təxminən 900 minə yaxın pensiyaçının pensiyası 40 faiz artıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan iqtidarının siyasəti sosialyönümlüdür. Dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün iqtisadi uğurlar imkan verir ki, dövlət sosial sahədə daha ciddi addımlar atsın. Pensiyaçıların sosial təminatının artırılması nəticəsində bir milyona qədər Azərbaycan vətəndaşının maddi vəziyyəti xeyli yaxşılaşmışdır.
Artıq neçə ildir ki, ölkədə ünvanlı sosial yardım proqramı fəaliyyət göstərir. Bu proqram hazırda 125 min ailəni əhatə edir. Hər ay orta hesabla bir ailəyə 104 manat kömək göstərilir. Bu da yoxsul təbəqəyə Azərbaycan dövləti tərəfindən göstərilən qayğıdır. Hələ yeddi il bundan əvvəl qarşıya belə məqsəd qoyulmuşdu ki, ölkədə yoxsulluq kimi sosial bəla aradan qaldırılsın. Ötən illər ərzində bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə azalmışdır.
Yeddi ildir ki, ölkədə kompleks tədbirlər görülür. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla həyata keçirilir. Həm iqtisadi siyasət, siyasi sabitlik, sahibkarlığın, kənd təsərrüfatının inkişafı, kreditlərin, subsidiyaların verilməsi, yeni texnikaların alınaraq fermerlərə güzəştli qiymətlərlə satılması, gübrə və yanacağın da eyni şərtlərlə fərdi torpaq sahibkarlarına çatdırılması - bütün bu kompleks tədbirlər, üstəgəl respublikamızda aparılan böyük infrastruktur layihələrinin icrası, elektrik xətlərinin, yolların, o cümlədən rayon, kənd və qəsəbə yollarının yenidən qurulması, yaşayış məntəqələrinin qazlaşdırılması əhalinin rahat, qayğısız yaşamasına hesablanmışdır.
Təkcə cari ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 823 sahibkarlıq subyektinə ayrılan 72 milyon güzəştli kreditlərin 72 faizi respublikanın regionlarının, qalanı isə Bakı şəhəri qəsəbələrinin payına düşür. Vəsaitlərin 70 faizindən çoxu aqrar sektorun inkişafına yönəldilmişdir ki, bu da indi öz bəhrəsini verir. Sahibkarlara verilən kreditlər hesabına yaradılan yeni iş yerlərinin sayı artıq 3500-ü keçmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə güzəştli kredit alan sahibkarların sayı və kreditlərin məbləği 1,5 dəfə, yeni iş yerlərinin sayı isə 1,6 faiz artmışdır.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası paytaxtımızın və onun ətraf qəsəbələrinin sürətli inkişafına yeni təkan vermiş və bu istiqamətdə əməli, konkret addımlar atılmış, çevik, həssas sosial mexanizmlərin və sistemlərin səmərəli tətbiqi nəticəsində nəzərəçarpan nailiyyətlər və uğurlar əldə edilmişdir. İndi nəinki doğma Bakımızda, Azərbaycanın bütün regionlarında geniş quruculuq, abadlıq işləri görülür. Ölkəmiz ildən-ilə inkişaf edərək daha da cazibədar olur. Bunu yüksək səviyyəli xarici dövlət rəhbərləri də, sayı ilbəil artan sadə turistlər də etiraf edirlər.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2011.- 7 avqust.- S. 1.