Prezident İlham ƏLİYEV:
Vaxt gələcək, Azərbaycan
Dağlıq Qarabağ üzərində
öz suverenliyini ya barış yolu ilə,
ya da hərb yolu ilə bərpa edəcəkdir
Azərbaycanın
xarici siyasətindəki uğurlar ölkəmizin beynəlxalq
aləmdəki mövqelərini getdikcə möhkəmləndirir.
Regional və qlobal səviyyədə fəaliyyət, o
cümlədən beynəlxalq arenada əməkdaşlığın
genişləndirilməsi Azərbaycanın dünyanın
tanınmış təşkilatları ilə əlaqələrini
daha da genişləndirib. Birləşmiş Millətlər Təşkilatı,
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı,
Avropa Şurası, İslam Konfransı Təşkilatı,
Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda
digər nüfuzlu beynəlxalq qurumlarla əlaqələr
sıx tellərlə bağlanmışdır. Qloballaşan
müasir dünyada Azərbaycan xalqının
maraqlarının daha səmərəli müdafiəsi naminə,
ölkə iqtisadiyyatının inkişafı
üçün müxtəlif layihələrə xarici sərmayələrin
cəlb edilməsi də Azərbaycanın xarici siyasəti
üçün müstəsna əhəmiyyət
daşımaqdadır.
Demokratik
tərəqqi yolu seçmiş ölkəmiz dünya
dövlətləri ilə müxtəlif sahələr
üzrə həm ikitərəfli, həm də çoxtərəfli
əsaslarla qarşılıqlı faydalı münasibətlərin
qurulub inkişaf etdirilməsini prioritet vəzifələrdən
hesab edir. Azərbaycanın xarici siyasətinin əsasını
respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi
bütövlüyünə və milli təhlükəsizliyinə
təhdidlərin və risklərin, ilk növbədə ona
qarşı Ermənistan silahlı qüvvələri tərəfindən
edilmiş təcavüzün aradan qaldırılması,
işğal altında olan ərazilərimizin azad edilməsi və
digər həyati əhəmiyyətli problemlərin aradan
qaldırılması təşkil edir. Dövlət
başçımızın bu istiqamətdəki fəaliyyəti
artıq öz bəhrəsini verməkdədir. Bu gün
dünyanın demək olar ki, əksər ölkələri,
habelə nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın
ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
Azərbaycan öz xarici siyasətini beynəlxalq hüququn
norma və prinsipləri, o cümlədən dövlətlərin
suverenliyi və ərazi bütövlüyünə hörmət,
digər ölkələrin daxili işlərinə müdaxilə
edilməməsi prinsipləri əsasında qurmuşdur.
Azərbaycanın
ərazi bütövlüyünün bərpası - Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
xarici siyasətimizin əsas prioriteti hesab olunur. Münaqişənin
həlli ilə bağlı Azərbaycanın mövqeyi
danışıqların ilk günlərindən dəyişməz
olaraq qalır. Dövlətimizin başçısı ən
yüksək tribunalardan da, xarici ölkələrə səfərləri
zamanı da , həmçinin mötəbər beynəlxalq
qurumların tədbirlərində də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında
Azərbaycan tərəfinin sülh variantına
üstünlük verdiyini bəyan edib. Problemin aradan
qaldırılmasında beynəlxalq hüququn norma və
prinsiplərinin yeganə yol olduğunu bildirən dövlət
başçımızın mövqeyi dünya birliyində
böyük dəstək qazanıb. Qeyd olunub ki, Dağlıq
Qarabağda Azərbaycan və erməni icmalarının dinc -
yanaşı yaşamasını və Azərbaycan
Respublikasının tərkibində Dağlıq
Qarabağın muxtariyyətini təmin edəcək statusun
müəyyənləşdirilməsindən başqa bir yol
yoxdur. Dövlətimizin başçısı qətiyyətlə
bildirib ki, Dağlıq Qarabağın öz müqəddəratını
təyin etməsi yalnız etnik təmizləməyə məruz
qalmış azərbaycanlıların öz doğma yurdlarına
qaytarılmasından sonra və yalnız Azərbaycanın tərkibində
mümkündür. Azərbaycan heç bir zaman öz ərazi
bütövlüyünü müzakirə obyektinə
çevirməyəcəkdir.
Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə aradan qaldırılmasına sadiqdir və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ədalətli şəkildə həllinin dəstəklənməsi üçün bütün səylərini səfərbər edərək beynəlxalq və regional təşkilatlarla aparılan işi davam etdirir. Məlum olduğu kimi, münaqişənin nizamlanmasının hüquqi və siyasi əsasları Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi A/RES/621643 saylı qətnaməsi, habelə ATƏT və Avropa Şurasının müvafiq sənədləri və qərarlarında əks olunan beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Bütün bu sənədlər Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı prinsipini təsdiqləyir. Bundan əlavə NATO da Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasına yönəlmiş səylərini dəstəklədiyini bəyan edib.
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, həmçinin beynəlxalq təşkilatlarda və ikitərəfli müstəvidə dəstəkləndiyini vurğulayaraq deyib: "Bütün dünya bilir ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bu mövqe həm beynəlxalq hüququn normalarına, həm də tarixə əsaslanır". Dövlət başçısı eyni zamanda beynəlxalq hüququn bəzi hallarda icra olunmamasına da öz kəskin etirazını bildirib: "Hətta BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi havada qalıb. Belə olan halda diplomatik səylərimizi daha da gücləndirməliyik və eyni zamanda, ölkəmizi gücləndirməliyik".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində regionda baş verən son proseslərin Azərbaycanın xeyrinə olduğu artıq açıq şəkildə özünü büruzə verir. Ermənistanın münaqişənin həllində qeyri-konstruktiv mövqe tutması, əsassız bəhanələrlə danışıqlar prosesini uzatması, sülh variantından yayınması bu ölkənin işğalçılıq missiyasından hələ də əl çəkməməsindən xəbər verir.
Ümumiyyətlə, Ermənistan prezidenti Serj Sarkisyanın qeyri-ciddiliyi, siyasi savadsızlığı, riyakarlığı və bəzi beynəlxalq təşkilatların münaqişənin nizamlanmasında ikili standart nümayiş etdirmələri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında süni əngəllər yaradır. Münaqişənin nizamlanması ilə əlaqədar təklif olunan variantlara masa arxasında "hə" deyən S.Sarkisyan otaqdan çıxan kimi mövqeyini dəyişir. Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edən beynəlxalq təşkilatlara xoş görünmək üçün irəli sürülən təkliflərlə razılaşdığını deyən S.Sarkisyan öz ölkəsinin əhalisi ilə görüşərkən tamamilə əks mövqe nümayiş etdirir. İkiüzlü, hərdəmxəyal bir şəxsin Ermənistana prezidentlik etməsi o qədər də təəccüblü deyil. Çünki belə bir qəddar, qatil, əzazil xalqın Sarkisyan kimi də hərdəmxəyal prezidenti olur . Təəccüblü odur ki, dünyada haqq-ədalət, demokratiya, insan haqlarının müdafiəçisi rolunda çıxış edən bir sıra beynəlxalq təşkilatlar Ermənistan prezidentinin riyakarlığına hələ də dözür və seyrçi mövqe nümayiş etdirirlər. 2008-ci ildə Moskvada üç dövlətin - Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları Birgə Bəyannaməni xatırlatmaq istərdik. Bəyannaməni imzalayan Serj Sarkisyan buna əməl etmədi. Bu yaxınlarda Kazanda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin keçirdiyi görüşdə də Serj Sarkisyanın riyakarlığı, dövlət başçısına yaraşmayan davranışı danışıqlar prosesində müsbət nəticə vermədi.
Söz yox ki, Ermənistan prezidentinin qeyri-ciddiliyi, işğalçılıq siyasətindən hələ də əl çəkməməsi, üstəlik, digər qonşu dövlətə - Türkiyəyə qarşı ərazi iddiası onun təcavüzkar müharibə tərəfdarı olmasından, insan qanı tökülməsindən sanki zövq almasından xəbər verir. Elə buna görə də Ermənistan bütün iri infrastruktur layihələrdən kənarda qalıb. Bu dövlət region üçün ciddi təhlükə mənbəyinə çevrilib. Ölkə rəhbərinin tutduğu qeyri-konstruktiv mövqe onun həm daxili, həm də xarici siyasətdə iflasına gətirib çıxarıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu vaxta qədər həll edilməmiş qalması, danışıqlar prosesinin süni yollarla uzadılması Ermənistanda onsuz da çətin olan vəziyyəti daha da ağırlaşdırıb. Ölkədə yaranmış ağır iqtisadi vəziyyət ictimai-siyasi durumu xeyli gərginləşdirib. Ermənistan prezidenti yaranmış son dərəcə ağır vəziyyətdən çıxış yolu tapmaq əvəzinə, üstəlik erməni gənclərini də özü kimi qatil, qəddar olmağa, günahsız insanların qanını axıtmağa çağırır. Sarkisyanın, gənclərə müraciət edərək "Qarabağı düşmənlərdən biz almışıq, Ağrı dağı da almaq sizin üzərinizə düşür" - deməsi onun işğalçılıq hərəkətlərindən əl çəkməməsindən xəbər verir. Təcavüzkar dövlətin başçısından bundan artıq heç nə gözləmək olmazdı. Əlləri günahsız insanların qanına batmış qatil prezident yetişən gənc nəslin də bu ruhda böyüməsinə çağırışlar etməlidir. Bu, onun daxili xislətinin göstəricisidir.
Ermənistan prezidentinin bu çağırışı nəinki beynəlxalq aləmdə, hətta öz ölkəsində də ikrahla qarşılanmışdır. Ermənistanda keçirilən etiraz aksiyaları da bunu təsdiqləyir. Ermənistan müxalifəti Serj Sarkisyana istefaya getmək üçün iki ay vaxt verib. Onlar iddia edirlər ki, S.Sarkisyan prezidentlik fəaliyyəti dövründə Ermənistanı beynəlxalq aləmdə rüsvay etmiş, ölkənin təcavüzkar olmasını rəsmiləşdirmiş, siyasi və iqtisadi böhranı daha da dərinləşdirmişdir.
Ermənistanın təcavüzkar olduğunu bu ölkənin prezidenti bir daha təsdiqlədi və Dağlıq Qarabağı işğal etdiklərini rəsmən bəyan etdi. Buna baxmayaraq, Azərbaycan xalqı torpağın bir qarışını da düşmənə verməyəcək. Prezident İlham Əliyev də qətiyyətlə bildirdi ki, "Vaxt gələcək , Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini ya barış yolu ilə, ya da hərb yolu ilə bərpa edəcəkdir".
Bizim torpaqlarımızı azad etmək iqtidarında olan qüdrətli Milli Ordumuz var. Bu ordunun düşmənlərimizə hər an layiqli cavab vermək üçün kifayət qədər gücü var. Lakin Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsinə üstünlük verir. Sülh danışıqları bir nəticə verməzsə, Ermənistan tərəfi üçün xoşagəlməz hadisələr baş verəcək. Dağlıq Qarabağ isə Azərbaycanın əzəli torpaqları, ayrılmaz tərkib hissəsi olduğundan danışıqlar mövzusu olmayacaq. Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələ ilə əlaqədar mövqeyində qətidir: "Hazırda danışıqlar masasında olan təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edəcəkdir. Eyni zamanda məsələ öz həllini Dağlıq Qarabağda yaşayan insanların və oraya mütləq qayıdacaq Azərbaycan vətəndaşlarının muxtariyyət, özünüidarəetmə statusunda yaşamasını təmin edə biləcək prinsiplər əsasında tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağa müstəqilliyin verilməsi, yaxud da nə vaxtsa müstəqilliyin verilməsi mümkünsüzdür. Bu, danışıqlar mövzusu deyildir və olmayacaqdır".
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 6 avqust.- S. 1.