2011-ci ilin ilk
yarımilində Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafı
Ümummilli
lider Heydər Əliyevin müəyyənləşdirdiyi
iqtisadi inkişaf strategiyasının
reallaşdırılması istiqamətində
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən
irimiqyaslı tədbirlər cari ilin ilk yarısında da
davamlı inkişafa, yeni iş yerlərinin
yaradılmasına, şəhər və rayonlarda kommunal xidmət
və sosial infrastruktur təminatının həcminin və
keyfiyyətinin yüksəlməsinə təkan vermiş,
sahibkarlıq mühitinin daha da yaxşılaşmasında,
iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin
məşğulluq səviyyəsinin yüksəlməsində
mühüm rol oynamışdır.
Cari
ilin ötən altı ayında müşahidə olunan
yüksək iqtisadi inkişaf aparılan məqsədyönlü
siyasət və muxtar respublika iqtisadiyyatının potensial
imkanlarından daha səmərəli istifadə nəticəsində
əldə edilmişdir. İlin əvvəlindən
makroiqtisadi göstəricilər üzrə müsbət
dinamika xarakterik hal almışdır. 2011-ci ilin yanvar - iyun
ayları ərzində muxtar respublikada ümumi daxili məhsulun
həcmi 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə
44 faiz artaraq 759 milyon manatdan çox olmuşdur. Ümumi Daxili
Məhsulun sahə strukturunda ilk yeri sənaye sahəsi, ikinci
yeri isə tikinti sektoru tutmaqdadır.
Bu
dövr ərzində hər bir nəfərə düşən
ümumi daxili məhsulun həcmi 45 faiz artaraq 1843 manata
çatmışdır. Ümumi daxili məhsulun 86,8 faizi
qeyri-dövlət bölməsində
yaradılmışdır ki, bu da muxtar respublikada
sahibkarlığın inkişafına yönəldilmiş
islahatların effektivliyini daha aydın göstərir. Ötən
ilin müvafiq dövrü ilə müqayisədə cari ilin
ilk yarısında sənaye məhsulunun həcmi 2 dəfə,
əsas kapitala yönəldilən investisiyalar 60,8 faiz, kənd
təsərrüfatının ümumi məhsulu 11,2 faiz, nəqliyyat
sektorunda yük daşınması 11,6 faiz, informasiya - rabitə
xidmətləri 18,2 faiz, pərakəndə əmtəə
dövriyyəsi 17,9 faiz, əhaliyə göstərilən
pullu xidmətlər 12,4 faiz, xarici ticarət dövriyyəsi
80,7 faiz, əhalinin gəlirləri 51 faiz, hər bir nəfərə
düşən gəlirlər 48 faiz, orta aylıq əməkhaqqı
isə 18,5 faiz artmışdır.
Sənaye
Sənaye sahəsində reallaşdırılan genişmiqyaslı islahatların nəticəsi olaraq 2011-ci ilin yanvar-iyun ayları ərzində 339 milyon 587 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2010-cu ilin müvafiq dövründəki göstəricini 2 dəfə üstələmişdir. Sənaye məhsulunun həcminin 96 faizini məhsul istehsalı, 4 faizini isə xidmətlərin göstərilməsi təşkil etmişdir. Sənayenin dövlət sektorunda 26 milyon 618 min manatlıq, qeyri-dövlət sektorunda isə 312 milyon 969 min manatlıq məhsul istehsal olunması sahibkarlığın yüksək inkişaf templərini səciyyələndirməkdədir.
2011-ci ilin yanvar-iyun ayları ərzində
muxtar respublikada iqtisadiyyatın bütün sahələrində
dövlət dəstəyi ilə 21 layihə üzrə
istehsal və xidmət obyektləri, o cümlədən sənaye
sahəsində taxıl emalı, çörək, vafli,
kartof cipsi, araq, tara, plastik tara üçün kapsul və
qapaq, məişət əşyaları istehsalı sahələri
istifadəyə verilmişdir. Hazırda iqtisadi
fəaliyyətin müxtəlif sahələrində 52 layihə
üzrə, o cümlədən su elektrik stansiyası, sement,
dam örtüyü, müxtəlif paltarların və
güzgülərin istehsalı sahələri, plastik lövhələr,
parçadan hazırlanmış uşaq oyuncaqları, alma
sirkəsi, qazsız mineral su, şirniyyat məhsulları
istehsalı sahələri, balın emalı və
qablaşdırılması, ət məhsulları və ətin
konservləşdirilməsi, süd emalı sahələri,
heyvandarlıq, quşçuluq və
balıqçılıq təsərrüfatları, xidmət
mərkəzləri, avtomobillərə texniki baxış sahəsi,
soyuducu anbar, istixana kompleksləri və digər bu kimi
istehsal və xidmət sahələri qurulmaqdadır.
İstehsal potensialının davamlı olaraq güclənməsi
ixracın da həcminə öz müsbət təsirini
göstərməkdədir. Cari ilin ilk altı ayı ərzində
daxili tələbatdan artıq istehsal olunmuş 79 milyon 573 min
Amerika Birləşmiş Ştatları dolları dəyərində
sənaye məhsulu qonşu ölkələrə və
respublikamızın digər bölgələrinə ixrac
olunmuşdur.
Hərbi quruculuq
İlin əvvəlindən hərbi
quruculuq işi üstün istiqamət kimi
saxlanılmışdır. 2011-ci ilin yanvar-iyun aylarında
Naxçıvan şəhərində Qərargah
binasının, hərbi xəstəxananın, bir
yaşayış binasının, dörd anbarın inşası,
Mənzil İstismar Hissəsi və uşaq bağçası
binalarının isə əsaslı təmiri davam
etdirilmişdir. Kəngərli rayonundakı hərbi
şəhərcikdə yeməkxana kompleksinin, qərargah və
tibb məntəqəsi binalarının inşası, əsgər
yataqxanası kompleksinin isə əsaslı təmiri davam
etdirilmişdir. Şahbuz rayonundakı hərbi hissədə əsgər
yataqxanası kompleksinin inşası, Culfa rayonundakı hərbi
hissədə avtomobillərin təmiri sahəsinin və
qazanxana binasının yenidən qurulması işləri
davam etdirilmişdir.
Tikinti-quruculuq və
su təchizatı
2011-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 409 milyon 269 min manat həcmində investisiya yönəldilmişdir. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 61 faiz və ya 154 milyon 815 min manat artmışdır. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 60 faiz artaraq 369 milyon 808 min manat olmuşdur. Bu isə əsas kapitala yönəldilmiş investisiyanın 90,4 faizini təşkil edir.
2011-ci ilin ilk yarımili ərzində Naxçıvan Muxtar Respublikasında tikinti və ya əsaslı təmirdən sonra ümumilikdə 147 müxtəlif təyinatlı obyekt, o cümlədən 16 inzibati bina, 9 mədəniyyət və 1 idman obyekti, 21 istehsal və xidmət sahəsi, 7 subartezian quyusu, 34 kəhriz, 3 nasos stansiyası, 11 müxtəlif güclü transformator yarımstansiyası, 2 körpü və 43 halda digər infrastruktur obyektləri istifadəyə verilmişdir. 289 obyektin - 28 inzibati binanın, 12 səhiyyə, 26 təhsil ocağının, 52 istehsal və xidmət sahəsinin, 14 fərdi yaşayış evinin, 2 körpünün, 8 kəhrizin və 125 halda digər infrastruktur obyektlərinin inşası və ya əsaslı təmiri davam etdirilməkdədir.
2011-ci ilin yanvar-iyun ayları ərzində Culfa rayonunun Xanəgah kəndində və Şərur rayonunda, Mahmudkənddə kənd mərkəzlərinin inşası işləri başa çatdırılmışdır. Şərur rayonunun Yuxarı Daşarx, Düdəngə, Siyaqut, Çomaxtur, Babək rayonunun Nəzərnabad, Didivar, Ordubad rayonunun Gənzə, Culfa rayonunun Nəhəcir, Kəngərli rayonunun Qabıllı, Şahbuz rayonunun Aşağı Qışlaq, Yuxarı Qışlaq, Külüs və Keçili kəndlərində kənd mərkəzlərinin inşası davam etdirilmişdir.
Kommunal xidmətlərin təkmilləşdirilməsi və yaşayış fondunun abadlaşdırılması davamlı olaraq həyata keçirilməkdədir. 2011-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 1 yaşayış binasının yenidən qurulması, 4 yaşayış binasının əsaslı təmiri başa çatdırılmış, 3 yaşayış binasının, 14 fərdi yaşayış evinin inşası, 8 yaşayış binasının əsaslı təmiri davam etdirilmişdir.
Əhalinin şəxsi vəsaiti hesabına ümumilikdə 211 min 668 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 2010-cu ilin müvafiq dövründəki göstəricidən 81 min 200 kvadratmetr və ya 62,2 faiz çoxdur.
Naxçıvan şəhərində 16,5
kilometr uzunluğunda kanalizasiya və 11,3 kilometr uzunluğunda içməli
su xətlərinin çəkilişi işləri
aparılmışdır. Hazırda bu sahə üzrə
müvafiq işlər davam etdirilir.
Kənd təsərrüfatı
və yaşıllaşdırma
"Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 81 ədədi 2011-ci ilin yanvar-iyun aylarında olmaqla cəmi 658 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. 2011-ci ilin yanvar - iyun aylarında əvvəlki illərdə gətirilən texnikalarla birlikdə 135 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Ötən dövr ərzində məhsul istehsalçılarına 3 min 720 ton mineral gübrə paylanmışdır.
Səhmdar cəmiyyətin Kəngərli və Sədərək bazalarının inzibati binaları, anbarları və texniki parkları yaradılmışdır. Ordubad bazasının inzibati binasının, anbarlarının və texniki parkının yaradılması işləri davam etdirilmişdir.
İqtisadi səmərəsinin səviyyəsindən asılı olmadan və ekoloji təmiz məhsulların yetişdirilməsi məqsədi əsas götürülməklə əkinçilik inkişaf etdirilməkdədir. 2011-ci ilin məhsulu üçün muxtar respublikada 60 min 19 hektar sahədə əkin aparılmışdır ki, bu da 2010-cu ilin məhsulu üçün əkilmiş sahədən 815 hektar çoxdur. Strateji əhəmiyyəti nəzərə alınaraq taxılçılıq əsas əkinçilik sahəsi olmaqla yenə də diqqət mərkəzində saxlanılmışdır. 2011-ci ilin məhsulu üçün 34 min 751 hektar sahədə taxıl əkilmişdir. Bunun 28 min 798 hektarı payızlıq, 5 min 953 hektarı isə yazlıq taxıldır. Bu il taxıl əkini sahələrinin həcmi 797 hektar artmışdır. Taxıl zəmilərinin 25 min 856 hektarında buğda, 8 min 895 hektarında isə arpa əkilmişdir.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafı da diqqət mərkəzində saxlanılır. 2011-ci ildə 2764 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2010-cu ildə əkilmiş sahədən 24 hektar çoxdur. Ötən illə müqayisədə 2011-ci ildə şəkər çuğunduru əkini sahələri 8 faiz artaraq 1852 hektar olmuşdur. Kənd təsərrüfatı sahəsinin inkişafında xüsusi rolu olan soyuducu anbarların yaradılması işi davam etdirilməkdədir. Ötən dövr ərzində ümumi tutumları 3000 ton olan 2 soyuducu anbar istifadəyə verilmiş, tutumu 500 ton olan 1 soyuducu anbarın yaradılması işi hazırda davam etdirilir.
Muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 107 min 844 baş, qoyun və keçilərin sayı isə 658 min 10 baş olmuşdur ki, bu da 1 il əvvəlki göstəriciləri 1,4 və 1,9 faiz üstələyir. Heyvandarlıqda baş sayının artımı öz növbəsində heyvandarlıq məhsullarının qənaətbəxş artımını şərtləndirmişdir. Belə ki, 2011-ci ilin ilk altı ayı ərzində muxtar respublikada diri çəkidə 9620 ton ət, 44167 ton süd istehsal olunmuşdur ki, bu da 2010-cu ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 3,4 və 1,9 faiz çoxdur.
Maldarlıqda qısırlığın ləğv olunması və damazlıq işinin daha da inkişaf etdirilməsi məqsədilə 01 iyul 2011-ci il tarixədək 3542 baş inək və düyə süni yolla mayalandırılmışdır. Əvvəlki ildə mayalandırılmış inək və düyələrdən 2437 baş sağlam buzov alınmışdır. Bu dövr ərzində 860 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir.
Muxtar respublikada ilin əvvəlindən quşçuluq sahəsində 3 təsərrüfat subyekti fəaliyyətə başlamış, 11 quşçuluq təsərrüfatının yaradılması istiqamətində işlər hazırda davam etdirilir. Balıqyetişdirmə işi təbii su hövzələrində, xüsusi layihələr əsasında yaradılmış göllərdə və nohurlarda müasir texnologiyalardan istifadə etməklə daha da genişləndirilir. 2011-ci ilin yanvar-iyun ayları ərzində 1 balıqyetişdirmə təsərrüfatının yaradılması işi davam etdirilmişdir.
Ümumilikdə cari ilin ilk yarısında kənd təsərrüfatı üzrə ümumi inkişaf templəri yüksələn xətlə davam etmişdir. 2011-ci ilin yanvar-iyun aylarında 80 milyon 95 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, 2010-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 11,2 faizlik artıma nail olunmuşdur. Cari ilin yaz əkini dövründə yeni yaşıllıq zolaqlarının yaradılması, yaşıllaşdırma tədbirlərinin görülməsi təsdiq olunmuş plan əsasında aparılmışdır. Muxtar respublika üzrə 263,7 hektar sahədə meşəsalma və meşəbərpa işləri həyata keçirilmiş, 232 mindən çox ağac və bəzək kolları əkilmişdir. Nəqliyyat, informasiya, rabitə və energetika
Nəqliyyat infrastrukturu quruculuğu üzrə 2011-ci ilin yanvar-iyun ayları ərzində bir yeni körpünün inşası, bir körpünün təmiri başa çatdırılmış, iki körpünün isə inşası hazırda davam etdirilir. Bu dövr ərzində Naxçıvan - Culfa, Naxçıvan şəhərində dairəvi avtomobil yollarının, "Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Ordubad yol sahəsi və dəmir yolu sərnişin vağzalı binalarının inşası işləri davam etdirilmişdir. İlin əvvəlindən avtomobil yollarının inşasına və əsaslı təmirinə, dəmir yolu nəqliyyatının inkişaf perspektivləri nəzərə alınaraq, bu sahədə mövcud infrastrukturun yeniləşdirilməsinə və hava nəqliyyatı işinin təkmilləşdirilməsinə ümumilikdə 25 milyon manatdan artıq investisiya yönəldilmişdir. 6 ayda yük daşınması 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz, sərnişin daşınması isə 20 faiz artmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 18 milyon 141 min manat gəlir əldə edilmişdir ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çoxdur. 2011-ci ilin ilk yarımili ərzində muxtar respublikada 1073 ədəd yeni stasionar telefon sabit şəbəkəyə qoşulmuş, hər yüz ailəyə düşən stasionar telefon aparatlarının sayı 65-ə çatmışdır. Aktiv istifadə olunan mobil telefonların sayı 418480 ədəd, əhalinin hər 100 nəfərinə düşən mobil telefonların sayı isə 101 ədəd olmuşdur.
Muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2010-cu ilin müvafiq dövründəki göstəricini 18 faiz üstələyərək 20 milyon manatdan artıq olmuşdur. Ümumi xidmətlərin 86,4 faizi mobil rabitənin payına düşmüşdür ki, bu da 2010-cu ilin müvafiq dövründəki göstəricidən 20 faiz çoxdur.
Şərur rayonunda Arpaçay üzərində Arpaçay Su Elektrik Stansiyasının inşası davam etdirilmiş, 110/35/10 kilovoltluq "Şərur" və Naxçıvan şəhərində 35/10 kilovoltluq "Sənaye qovşağı" elektrik yarımstansiyalarının qurulması başa çatdırılmışdır. Ordubad rayonunda Ordubad Su Elektrik Stansiyası layihəsinin texniki-iqtisadi cəhətdən əsaslandırılması işləri başa çatdırılmış, inşa işləri üçün hazırlıq görülmüşdür. Muxtar respublikada 11 ədəd müxtəlif güclü transformator yarımstansiyasının quraşdırılması və 17 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətlərinin çəkilişi işləri başa çatdırılmışdır.
Enerji təhlükəsizliyimizin mühüm mərhələsi kimi muxtar respublikanın təbii qazla tam təmin olunması prosesi iqtisadi inkişafı xeyli sürətləndirməkdədir. Muxtar respublika üzrə əhali təsərrüfatlarına qaz çəkilişi prosesi başa çatdırılmış, 78 min 373 abonent təbii qazla təmin olunmuşdur.
Sahibkarlıq, əhalinin gəlirləri və məşğulluq
2011-ci ilin yanvar-iyun aylarında muxtar respublika üzrə 13 hüquqi və 865 fiziki şəxs qeydiyyata alınıb ki, bu da iqtisadi aktivliyi səciyyələndirən mühüm göstəricilərdəndir. Sahibkarlara 26 milyon 341 min manatdan çox həcmdə kreditlər verilmişdir ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 46 faiz və ya 8 milyon 264 min manat çoxdur. Bu gün muxtar respublikada 302 növdə məhsul istehsal olunur, onun da 112 növü ərzaq, 190 növü qeyri-ərzaq məhsullarıdır. 92 növdə ərzaq, 164 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə muxtar respublikada 256 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
Əhalinin gəlirləri 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz artaraq 659 milyon 754 min manat, onun hər bir nəfərə düşən həcmi isə 48 faiz yüksələrək 1601 manat təşkil etmişdir. 6 ayda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 329,2 manat olmuş və 2010-cu ilin müvafiq göstəricisini 18,5 faiz üstələmişdir. 2003-cü il oktyabr ayının 1-dən 2011-ci il iyul ayının 1-dək muxtar respublikada 47075 yeni iş yeri yaradılmışdır ki, onun da 31354-ü və ya 66,6 faizi daimi iş yerləridir. 2011-ci ilin yanvar-iyun ayları ərzində açılan 1704 iş yerinin isə 1384-ü və ya 81,2 faizi daimi iş yerlərinin payına düşür.
6 ayda istehlak bazarında əhaliyə
349 milyon 242 min manatlıq istehlak malları satılmış
və pullu xidmətlər göstərilmişdir. Əmtəə
satışının və pullu xidmətlərin real həcmi
2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 16
faiz artmış, pərakəndə əmtəə
dövriyyəsinin həcmi isə 18 faiz yüksəlmişdir.
Xarici ticarət
2011-ci ilin yanvar-iyun ayları ərzində
muxtar respublikada fəaliyyət göstərən müəssisə
və təşkilatlar, fiziki şəxslər tərəfindən
xarici dövlətlərlə aparılan ticarət əməliyyatları
nəticəsində 174 milyon 619 min Amerika Birləşmiş
Ştatları dolları həcmində xarici ticarət
dövriyyəsi yaranmışdır ki, bu da 2010-cu ilin
müvafiq dövründəki səviyyəni 81 faiz üstələyir.
Xarici ticarət dövriyyəsinin 35 milyon 150 min
Amerika Birləşmiş Ştatları dollarını və
ya 20 faizini idxal, 139 milyon 469 min Amerika Birləşmiş
Ştatları dollarını və ya 80 faizini isə ixrac təşkil
etmişdir. İxracın həcmi son bir il ərzində 75
faiz artmışdır.
Sosial sahə
Təhsil sahəsində infrastruktur quruculuğu tədbirləri ilin əvvəlindən davam etdirilmiş, 2011-ci ilin yanvar-iyun ayları ərzində Naxçıvan Dövlət Universitetinin Pedaqoji, Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültələrinin binasının yenidən qurulması, Naxçıvan Dövlət Universitetinin magistratura üzrə dekanlığının inzibati və tədris binasının əsaslı təmiri davam etdirilmişdir.
Culfa rayonunun Xanəgah kəndində məktəb binasının təmiri başa çatdırılmış, Naxçıvan Türk Liseyində yeni tədris korpusunun, Şərur rayonunun Siyaqut, Çomaxtur, Babək rayonunun Didivar, Ordubad rayonunun Gənzə, Culfa rayonunun Nəhəcir, Şahbuz rayonunun Aşağı Qışlaq kəndlərində məktəb binalarının inşası, Naxçıvan şəhərində Naxçıvan Qızlar Liseyinin, 12 və 17 saylı məktəblərin, Şərur rayonunun Yuxarı Daşarx, Kəngərli rayonunun Qabıllı kəndlərində məktəb binalarının yenidən qurulması, Şərur rayonunun Düdəngə, Babək rayonunun Hacıvar, Ordubad rayonunun Kotam, Culfa rayonunun Milax, Şahbuz rayonunun Yuxarı Qışlaq və Külüs kəndlərində isə məktəb binalarının təmiri davam etdirilmişdir.
Bu dövr ərzində Naxçıvan şəhərində 3 saylı uşaq bağçası, Şərur şəhərində incəsənət məktəbi və Culfa şəhərində musiqi məktəbi binalarının inşası, Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi binasının yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, Naxçıvan şəhərindəki hərbi şəhərcikdə uşaq bağçası binasının əsaslı təmiri işləri davam etdirilmişdir.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının və Yoluxucu Xəstəliklər Şöbəsinin, Şərur rayonunun Yuxarı Daşarx, Siyaqut, Çomaxtur, Babək rayonunun Didivar, Şahbuz rayonunun Keçili kəndlərində həkim ambulatoriyası binalarının inşası, Naxçıvan şəhərində Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının və Naxçıvan Muxtar Respublikası Kardioloji Dispanserinin binalarının yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, Naxçıvan şəhərində hərbi xəstəxananın və Kəngərli rayonundakı hərbi hissədə tibb məntəqəsi binalarının inşası davam etdirilmişdir.
Muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 8 min 970 nəfər artaraq 414 min 278 nəfər təşkil etmişdir.
2011-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikada 5 min 194 körpə doğulmuşdur ki, bu da 2010-cu ilin müvafiq dövründəki göstəricini 1001 nəfər üstələyir.
İlin əvvəlindən Ordubad şəhərində Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi "Qeysəriyyə" tarixi abidəsinin, qədim məbəd və digər iki abidənin bərpası başa çatdırılmış, Naxçıvan şəhərində qədim Qala tarixi abidəsinin bərpası davam etdirilmişdir. Kəngərli rayonunun Qıvraq qəsəbəsində Heydər Əliyev Mərkəzinin, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanının inşası, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin binasının yenidən qurulması davam etdirilmişdir. Şahbuz rayonunun Ağbulaq kəndində Uşaq İstirahət Mərkəzinin, Ordubad rayonunda Sabirkənddə məscidin inşası, Naxçıvan şəhərində "Ana və Uşaq" abidəsinin yaradılması, "Dədə Qorqud" abidəsinin isə bərpası davam etdirilmişdir. Naxçıvan Şəhər Nikah Evinin yenidən qurulması başa çatdırılmış, Naxçıvan Dövlət Musiqili Dram Teatrı binasının yenidən qurulması isə davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət
Televiziya və Radio Verilişləri Komitəsinin inzibati
binası yenidən qurulmuş, daha müasir iş və efir
şəraiti yaradılmışdır. Yeni televiziya
avadanlıqları HD formatlı, yüksək keyfiyyətli son
texnologiyaya əsaslanır. HD formatlı texnologiya televiziyada ən
yüksək kadr tezliyinə və müasir tələblərə
cavab verən səs sisteminə malikdir. Bundan
başqa, Naxçıvan Dövlət Universitetində
Universitet televiziyası, "Nuhçıxan" radiosu
üçün yeni studiyalar yaradılmış,
avadanlıqlar quraşdırılmışdır. 2011-ci ilin
ilk altı ayı ərzində muxtar respublikamıza ölkəmizin
digər bölgələrindən və xarici ölkələrdən
ümumilikdə 153 min 419 nəfər turist gəlmişdir
ki, bu da 2010-cu ilin müvafiq dövründəki göstəricini
21,5 faiz və ya 27 min 105 nəfər üstələyir.
Hüquq-mühafizə
sahəsi
İlin əvvəlindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Naxçıvan Şəhər Şöbəsinin inzibati binalarının yenidən qurulması və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasının əsaslı təmiri başa çatdırılmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Naxçıvan Şəhər Məhkəməsinin, Culfa Rayon Polis Şöbəsinin inzibati binalarının inşası başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı və Miqrasiya Şöbəsinin, Naxçıvan Şəhər Prokurorluğunun inzibati binalarının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında yeni avtomobil parkının, Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binasının və köməkçi infrastrukturlarının inşası, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan filialının inzibati binasının yenidən qurulması və Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin inzibati binasının təmiri davam etdirilmişdir.
İlin əvvəlindən muxtar respublikanın iqtisadiyyatında və ictimai həyatında əldə olunmuş nailiyyətlər bir daha sübut edir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının icrası istiqamətində atılan addımlar firavan sabahımızın sarsılmaz əsaslarıdır.
Material
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin
məlumatı əsasında hazırlanmışdır
Xalq qəzeti.- 2011.- 6 avqust.- S. 4.