Özəl sektorun dinamik inkişafı ölkəmizin xarici bazarlara çıxışına əlverişli şərait yaradır

 

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi bu ilin ötən aylarında da inkişaf dinamikasının möhkəmlənməsinə səbəb olmuş, iqtisadiyyatın daha da güclənməsi üçün əlverişli imkanlar yaratmışdır. Bu məsələlər barəsində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ətraflı məlumat verilmiş, ilin qalan dövrü üçün qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilmişdir.

 

Sözügedən iclasda dövlət başçımız özəl sektorun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışmış, müvafiq sahəyə bundan sonra da diqqət və qayğı göstəriləcəyini bildirmişdir: "Həmişə olduğu kimi, bu ilin altı ayında da sahibkarlığın inkişafı üçün böyük tədbirlər görülmüşdür, kreditlər verilmişdir. Nəzərdə tutulan kreditlərin 60 faizə qədəri artıq verilmişdir. İlin sonunadək qalan hissə də veriləcəkdir. Beləliklə, bu il də özəl sektora güzəştli şərtlərlə kifayət qədər böyük həcmdə - 125 milyon manat kredit veriləcəkdir ki, bu da özlüyündə növbəti illərdə yeni istehsalların, iş yerlərinin açılmasına və qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir ".

Yeni iş yerlərinin yaradılması və əhalinin maddi rifah halının yüksəlməsində özəl sektor, sahibkarlıq xüsusi çəkiyə malikdir. Ölkəmizdə sahibkarlıq institutunun inkişafı daim diqqət mərkəzindədir və dövlət müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarına hər cür qayğı göstərir. Elə sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər də bunun real təzahürüdür. Cari ildə də bu istiqamətdə xeyli iş görülmüşdür. Belə ki, Sahibkarlığa Kömək Milli Fondu 2011-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə Azərbaycanda sahibkarlara ümumilikdə 61,9 milyon manat məbləğində güzəştli kredit verilmişdir. Bu müddət ərzində fondun vəsaitləri hesabına 743 investisiya layihəsi maliyyələşdirilmişdir. Fondun vəsaitlərindən 53,2 milyon manat 42 böyük və iri həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. Daha 8,7 milyon manat 701 kiçik həcmli investisiya layihələrinin maliyyələşdirilməsinə ayrılmışdır.

Xatırladaq ki, əvvəllər olduğu kimi, bu ilin ötən aylarında da güzəştli kreditlər daha çox regionlarda fəaliyyət göstərən sahibkarlara verilmişdir. Müxtəlif layihələrə ayrılan vəsaitlər yeni iş yerinin yaradılmasına gətirib çıxaran əsas amillərdən biridir. Onu da qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2011-ci ildə sahibkarlara 125 milyon manat məbləğində güzəştli kreditin verilməsi nəzərdə tutulur. Özəl bölmənin iinkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, cari ilin ilk yarısında ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayında ciddi artım müşahidə edilmişdir. Belə ki, bu ilin yanvar-iyun ayları ərzində hüquqi və fiziki şəxslərin sayı daha da çoxalmışdır. Hesabat dövrü ərzində ölkəmizdə 2841 hüquqi şəxs qeydiyyatdan keçmişdir. Onların 209-u dövlət mülkiyyətinə, 2354-ü xüsusi mülkiyyətə, 205-i tam xarici investisiyalı, 69-u isə birgə müəssisələrə aiddir.Yaradılan yeni müəssisələrin 50,7 faizi Bakıda, 10,6 faizi Aran, 7,8 faizi Abşeron və 7,1 faizi Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir. Bu da sahibkarlığın, eləcə də ümumi iqtisadi inkişafın bütün Azərbaycan üzrə proporsional qaydada paylanmasının daha bir bariz göstəricisi hesab edilə bilər.

Hüquqi şəxslərlə yanaşı, hesabat dövründə qeydiyyatdan keçən fiziki şəxslərin sayında da ciddi artım olmuşdur. Belə ki, 2011-ci ilin yanvar-iyun aylarında 26238 fiziki şəxs qeydiyyatdan keçmişdir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınmışdır.

Onu da xatırladaq ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda regionların inkişafı ilə yanaşı, sahibkarlığın dinamik yüksəlişinə də xüsusi önəm verilir. Həmin Proqrama əsasən, sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün bölmələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə də yönəldilir. Dövlət Proqramında həmçinin davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin 2010-cu il 13 aprel tarixli "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" fərmanı da özəl sektorun inkişafı istiqamətində reallaşdırılan dövlət siyasətinin uğurlu davamıdır. Fərmanın imzalanması istehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun tənzimlənməsi, yoxlamalar zamanı səlahiyyətlərdən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, həmin yoxlamalar zamanı alınan nəticələrin uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsini təmin etmək məqsədi daşıyır.

Bu gün ölkədə yürüdülən siyasətin əsas istiqamətlərindən biri əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyalar cəlb etmək, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisini durmadan artırmaqdır. Azərbaycana investisiya qoyuluşları sahəsində dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyini daha da artırmaq baxımından hələ 2006-cı ildə Dövlət İnvestisiya Şirkətinin yaradılmasının da mühüm əhəmiyyəti olmuşdur. Adı çəkilən şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Şirkət eyni zamanda xarici sərmayədarlarla birgə layihələr reallaşdıraraq onlarda inam və etimadın güclənməsini təmin edir. Qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycan investisiya cəlbediciliyinə görə dünyanın öndə olan dövlətləri sırasındadır.

Yeri gəlmişkən, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsinin nəticəsi olaraq bu ilin ilk yarısında "bir pəncərə" sistemi ilə qeydiyyata alınan sahibkarların 52,7 faizi regionların payına düşür. Ölkə başçısının "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli fərmanının icrası ilə əlaqədar biznes mühitinin yaxşılaşdırılması məqsədilə cari il iyul ayının 1-dən etibarən yeni elektron xidmətin göstərilməsinə başlanılmışdır. Belə ki, artıq sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirmək istəyən fiziki şəxslər vergi orqanlarına getmədən internet Vergi İdarəsi vasitəsilə birbaşa on-line rejimində qeydiyyata alınırlar ki, bu, qeydiyyat sahəsində mühüm bir mərhələ sayıla bilər.

Sahibkarlığın inkişafına diqqət və qayğının göstərilməsi, iş adamlarının beynəlxalq bazarlara çıxması üçün əlverişli imkanların yaradılması həyata keçirilən siyasətin məqsədyönlülüyündən xəbər verir. Hazırki şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiə edilməsi deməyə əsas verir ki, qarşıya qoyulan bütün vəzifələr uğurla yerinə yetiriləcəkdir.

Ölkə Prezidenti İlham Əliyev Azərbaycan - Polşa biznes forumunda respublikamızda özəl sektorun tərəqqisi ilə bağlı maraqlı bir məqama toxunmuşdur: "Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılmışdır. İqtisadi sahədə liberallaşma siyasəti aparılır, Azərbaycanda biznes strukturları güclənir. Həm böyük şirkətlər, həm də kiçik və ortahəcmli şirkətlər öz fəaliyyətlərini gücləndirir. Özəl sektorun Azərbaycanın ümumi daxili məhsulundakı payı 80 faizə çatıbdır. Nəzərə alsaq ki, cəmi iyirmi il bundan əvvəl Azərbaycanda özəl sektor faktiki olaraq mövcud deyildi, hesab edirəm, bu, çox gözəl göstəricidir. Yəni, qısa müddət ərzində həm siyasi və eyni zamanda, iqtisadi islahatlar nəticəsində Azərbaycanda liberal iqtisadiyyat tam formalaşıb, bazar iqtisadiyyatı prinsipləri tam qüvvəyə minibdir. Bu, bizə öz iqtisadi imkanlarımızı əhəmiyyətli dərəcədə artırmağa imkan verdi".

Göründüyü kimi, ötən illərdə olduğu kimi, bu ilin ilk yarısında da dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, onların tətbiqi nəticəsində müdaxilə halları azalmışdır. Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsində isə sözügedən sahədə mühüm nailiyyətlər əldə edilmişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 9 avqust.- S. 2.