Ucar tərəqqi yolunda
uğurla addımlayır
Prezident İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
iyulun 12-də keçirilmiş
iclasında 2011-ci ilin birinci
yarısının sosial-iqtisadi
inkişafının yekunları geniş
təhlil olunmuşdur. Ucar
rayonunda keçirilmş
hesabat yığıncağında da cari ilin
birinci yarısının sosial-iqtisadi
nəticələri barədə ətraflı fikir mübadiləsi
aparılmışdır. Geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin
başçısı Yaşar Məmmədov
bildirib ki, dövlət
proqramlarının uğurla həyata
keçirilməsi, iqtisadi islahatların daha da dərinləşməsi
üçün aparılan tədbirlər
2011-ci ilin birinci
yarısında da davam
etdirilmişdir.
Altı
ay ərzində rayonda ümumi daxili məhsul istehsalı 0,8
faiz, orta aylıq əmək haqqı 6,8 faiz, əhalinin pul gəlirləri
17 faiz, investisiya qoyuluşu 3,5 dəfə, sənaye
istehsalı 12 faiz, kənd təsərrüfatı məhsullarının
həcmi 5,5 faiz, nəqliyyat 2 faiz, tikinti quraşdırma
işlərinin həcmi 30,5 faiz, pərakəndə əmtəə
dövriyyəsi 26,2 faiz artmışdır. Büdcənin mədaxili
11 faiz, o cümlədən, yerli vergilər 19,3 faiz təşkil
etmişdir.
Abadlıq
və quruculuq işlərinin yüksək əhval-ruhiyyədə
və böyük vüsətlə davam etdirildiyini
vurğulayan məruzəçinin məlumatına əsasən,
rayon mərkəzində əsaslı yenidənqurma işlərinin
aparılması, örtülü kanalizasiya və qaz xətlərinin
çəkilişi, müasir işıqlanma sisteminin
qurulması, avtomobil və piyada yollarının kənarlarına
yeni səki daşlarının düzülməsi, milli
ornamentli daş hasarların tikilməsi və
divarlarının üzlənməsi, sahibkarlıq obyektlərinin,
fərdi və ictimai yaşayış evlərinin dam
örtüyünün dəyişdirilməsi,
yaşıllıqların artırılması şəhərin
simasını əhəmiyyətli dərəcədə dəyişdirmişdir.
Hazırda
Heydər Əliyev Mərkəzi üçün binanın
inşası və parkın salınması, şahmat məktəbinin
tikintisi və digər abadlıq işləri yüksək
templə davam etdirilir. "Azərbaycan Respublikası
regonlarının 2009-2013-cu illərdə sosial-iqtisadi
inkişafı Dövlət Poqramı"nın Ucar rayonu
üzrə nəzərdə tutulmuş tədbirlərinin
icrası da daimi diqqət mərkəzində
saxlanılmış, dövlət proqramına uyğun olaraq,
mərkəzi ATS yenidən qurulmuş və rabitə sistemi
elektronlaşdırılmışdır.
Keçən
dövr ərzində əhalinin ərzaq məhsulları ilə
təminatının yaxşılaşdırılması məqsədilə
kənd təsərrüfatının ayrı-ayrı sahələrinin
inkişaf etdirilməsinə səy göstərilmişdir.
Heyvanların cins tərkibinin
yaxşılaşdırılması istiqamətində 2011-ci
ilin 6 ayı ərzində 497 qara maldan 231 baş cins bala
alınmış, sayı 110532 başa
çatdırılmışdır. 2011-ci ildə 11850 hektar
taxıl sahəsindən 24000 tondan çox məhsul
toplanmış, hər hektardan məhsuldarlıq 20,6 sentner
olmuşdur. 338 hektar ərazidə pambıq əkilmiş, sahələrdən
normal çıxış alınmışdır. Hazırda
birinci vegetasiya suvarılması aparılır.Pambıq sahələrinə
aqrotexniki qulluq davam etdirilir. 409 hektar kartof sahəsinin 383
hektarından 4360 ton, 1766 hektar tərəvəz sahəsindən
4592 ton tərəvəz toplanılmışdır.
Məruzəçi
bildirdi ki, keçən dövr ərzində kənd təsərrüfatı
istehsalçılarından dövlət dəstəyi davam
etdirilmiş, buğda və çəltik
istehsalçılarına 1525 nəfərə 5291,5 hektar
üçün 211,7 min manat kompensasiya ödənilmiş, həmçinin
7702 nəfərə 21835,38 hektar üçün 873,4 min
manat kompensasiya hesablanaraq təsdiq olunmaq üçün Kənd
Təsərrüfatı Nazirliyinə göndərilmiş,
aqrolizinq yolu ilə rayonun Pirkənd, Əlikənd və
Qaradağlı inzibati ərazi dairələri üzrə
sahibkarlar 4 ədəd MTZ-892 markalı
aqreqatlaşdırılmış traktorla təmin
olunmuşdur.
Hazırda Alpout kəndində "Aqrolizinq" ASC-nin rayon filialının və parkının tikintisinə başlanılmışdır ki, bu da kənd təsərrüfatı istehsalçılarına göstərilən xidmətin keyfiyyətinin artırılmasına təkan verəcəkdir.
Ötən dövr ərzində rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı istiqamətində də bir sıra işlərin görüldüyünü deyən natiqin sözlərinə görə, Heydər Əliyev Fondunun vəsaiti hesabına Alpı kənd orta məktəbi üçün 240 şagird yerlik məktəb binası tamamlanmaq üzrə olmaqla yanaşı Qazıqumlaq kəndində 380 şagird yerlik, şəhər 4 saylı orta məktəbi üçün 360 şagird yerlik, şəhər 3 saylı orta məktəbi üçün 240 şagird yerlik binaların inşası davam etdirilmiş, Qazyan kənd 3 saylı orta məktəbi üçün yeni binanın inşası nəzərdə tutulmuşdur.Bundan əlavə, 35 min manatlıq inventar və avadanlıq alınmış, 14 min manatlıq cari təmir içləri görülmüş, təhsil fondu üzrə 14,6 min manatlıq məktəbli formaları alınaraq paylanılmışdır.
Əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, səhiyyə islahatlarının aparılması və xəstəxanaların maddi-texniki bazasının yaxşılaşdırılması üçün rayonda müəyyən işlər görülmüş, Mərkəzi xəstəxana, təcili və təxirəsalınmaz tibbi yardım stansiyası Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Birliyinin rayon şöbəsi üçün yeni binaların tikintisi və uşaq xəstəxanası binasının əsaslı təmiri davam etdirilmişdir.
Bundan başqa, xəstəxananın ərazisində bir sıra yardımçı binaların tikintisinə başlanılmış və daxili imkanlar hesabına Yuxarı Şilyan kənd həkim məntəqəsinin dam örtüyü təmir edilmiş, Akademik Zərifə Əliyeva adına Qazıqumlaq kənd sahə xəstəxanasında cari təmir işləri aparılmış, tibb müəssisələrinə 56 min manatlıq bərk, 19 min manatlıq yumşaq inventar verilmişdir.
Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün rayon mədəniyyət evində 48,5 min manatlıq əsaslı və cari təmir işləri aparılmış, 40,2 min manatlıq bərk və yumşaq inventar,18,9 min manatlıq texniki avadanlıq alınmışdır.
Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 10 kilovoltluq elektrik verilişi xətlərinin 3,9 kilometrində əsaslı, 9 kilometrində cari təmir işləri, 0,4 kilovoltluq elektrik verilişi xətlərinin 5 kilometrində əsaslı, 8,7 kilometrində cari təmir işləri aparılmış, 147 ədəd 10/0,4 kilovoltluq transformator yarımstansiyalarında cari təmir işləri aparılmış, 85 ədəd yeni sayğac quraşdırılmış, bu məqsədlərə 42,2 min manat vəsait xərclənmişdir.
Şəhərin Heydər Əliyev, Oğuz, N.Nərimanov, Koroğlu və 20 Yanvar küçələrində 4000 metr polietilen boru ilə qaz xətti çəkilmiş, həmçının qaz istismar sahəsinin daxili imkanları hesabına Dədə Qorqud küçəsində 1 ədəd 80 millimetrlik siyirtmə quraşdırılmış, Qarabörk və Lək kəndlərində 314 metr qaz xətti çəkilmişdir. Gəraybəyli kəndində korroziyaya uğramış orta və aşağı təzyiqli 55 metr qaz xətti dəyişdirilmiş, 878 abonentin qaz sayğacı istismar müddəti başa çatdığı üçün yenisi ilə əvəz olunmuşdur.
İçməli su təminatının yaxşılaşdırılması üçün Göyçay rayonunun Üngütlü kəndində öz axını ilə gələn 219 millimetrlik su xəttinin 40 metri dəyişdiirilmiş, şəhərin Heydər Əliyev, Oğuz, Füzuli və S.Qarayev küçələrində cari təmir işləri aparılmış, 3 ədəd nasos alınmış, Heydər Əliyev Mərkəzinə 120 metrlik yeni su xətti çəkilmişdir.
Su kanal idarəsinin inzibati binasının və su anbarı binalarının dam örtüyü dəyişdirilmiş, hasarının yenidən qurulması işləri davam etdirilir.
Əhaliyə poçt və telefon rabitəsi xidmətinin keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün tədbirlər görülmüş, poçt xidməti üzrə tarif proqnozuna 106 faiz əməl edilmişdir.
Rayon poçtamtının və telekommunikasiya qovşağının inzibati binalarının əsaslı yenidən qurulması işlərinə başlanılmışdır.
Telefon rabitəsi xidmətini yaxşılaşdırmaq üçün şəhərin Azərbaycan, Vaqif, Nəsimi, 20 Yanvar, M.Ə.Rəsulzadə, M.F.Axundov, Oğuz, N.Nərimanov küçələrində hava rabitə xətlərində cari təmir işləri aparılmış, Heydər Əliyev küçəsində 970 metr hava rabitə xətti kabel kanalizasiya xəttinə keçirilmiş, N.Nərimanov küçəsində 80 metr, M.Ə.Rəsulzadə küçəsində 120 metr kabel xətti yenisi ilə əvəz olunmuş, 162 abunəçiyə yeni telefon xətti çəkilmiş, 196 abunəçiyə yüksək sürətli internet rabitəsi verilmişdir.
2011-ci ilin 6 ayı ərzində rayonun suvarma və kollektor- drenaj şəbəkələrinin istismarı sahəsində müəyyən işlər görülmüş, suvarma kanallarında 531 min kubmetr həcmində lildən təmizləmə və əsaslı təmir işləri görülmüş, 53 ədəd hidrotexniki qurğu cari təmir edilmişdir.
Kollektor-drenaj şəbəkələrində 269,4 min kubmetr həcmində 82 kilometr uzunluğunda 122,3 min manatlıq cari təmir işləri aparılmışdır.
Sel sularının qarşısının alınması məqsədilə rayon ərazisindən keçən Türyançay və Göyçay çaylarının sağ və sol sahilləri boyunca 143,8 min kubmetr həcmində 7,7 kilometr uzunluğunda bənd təmir edilmiş, 110 kubmetr həcmində betonla sahilbərkitmə işləri aparılmışdır.
Bütövlükdə, görülmüş tədbirlər nəticəsində rayonda 365 yeni iş yeri yaradılmışdır ki, bunun da 224-ü daimi iş yerləridir.
Sahibkarlığın inkişaf etdirilməsinə də önəm verildiyini xüsusi vurğulayan rayon icra hakimiyyətinin başçısı qeyd etdi ki, 6 ay ərzində 978 nəfərə 1815,6 min manat, o cümlədən, özəl banklar tərəfindən 920 nəfərə 1432,6 min manat kredit verilmişdir.
Rayon ictimaiyyətinin ölkə Prezidentinin bütün təşəbbüslərini, apardığı daxili və xarici siyasəti bəyəndiyini və müdafiə etdiyini bir daha bəyan edən icra başçısı bundan sonra da qarşıya qoyulan vəzifələrin layiqincə, yüksək əzmkarlıqla həyata keçirilməsinə səy göstərəcəklərini bildirərək əlavə etdi ki, bütün Azərbaycanın, o cümlədən, Ucarın tərəqqisi və inkişafı məhz bundan asılıdır.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.- 2011.- 9 avqust.- S. 5.