Zaqatala: inkişafın keyfiyyətcə yeni mərhələsi başlanır

 

Zaqatala haqqında çox yazmışam. Burada gedən böyük quruculuq işlərindən də söz açmışam, sadə, mehriban insanlarından da... Gələn qonaqları heyrətə gətirən füsünkar təbiətini vəsf etmişəm, səhərə qədər həyat qaynayan gecələrini də... Bir sözlə, gizlətmirəm, bu doğma diyar mənə o qədər əzizdir ki... onu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bu dəfə də yolum yenə Zaqatalayadır. Həvəslə gedirəm. Bu sözü dedim, yadıma dostum İlkin Rzayevin dediyi sözlər düşdü: "Bilirsiniz, son illər nə qədər zaqatalalı öz doğma ocağına qayıdıb. Bir də axı necə olmalıdır ki... Gedib hər yeri gəzirlər, görürlər ki, Zaqataladan gözəl şəhər yoxdur. Belə olan halda niyə qayıtmasınlar".

 

Sözün doğrusu, İlkinin sözləri mənə ləzzət etmişdi. Amma rayon icra hakimiyyəti başçısının müavini Zümrüd Ağakişiyeva ilə söhbət zamanı daha maraqlı bir fakt söylədi. Bildirdi ki, əsl qəzet materialı olacaq fakt zaqatalalıların öz doğma rayonlarına qayıtması deyil. Rayon inkişaf edirsə, gündən-günə gözəlləşirsə, onların tədricən geriyə qayıtması tamamilə təbii prosesdir. Ancaq qəzetə yazılmalı fakt ondan ibarətdir ki, bilavasitə Bakıda doğulub böyüyən, paytaxtda ali tibb təhsili alan və orada çalışmaq üçün faktiki iş yeri olan gənc bir xanım məhz Zaqatalada işləməyi üstün tutub, rayonumuza işləməyə gəlib. Muğanlı kənd həkim məntəqəsinin müdiri Tamara xanımı deyirəm. Yaxşısı budur özü ilə görüşüb söhbət edin.

Görüşdük və tanış olduq. Tamara Ağayeva 2006-cı ildə Azərbaycan Tibb Universitetinin müalicə işi və profilaktika fakültəsini bitirib. Dörd il müxtəlif şirkətlərdə çalışıb. Hətta, "A-Croup" və "Atəşgah" Sığorta Şirkəti kimi nüfuzlu qurumlarda da öz ixtisasına uyğun işə qəbul edilib. Amma bir gün Səhiyyə Nazirliyinə gedərək kənd rayonlarından birində işləmək arzusunu bildirib. Ona bir neçə rayonun, o cümlədən Zaqatalanı təklif ediblər. Tamara xanım isə tərəddüd etmədən Zaqatalanı seçib. İndi bir il 2 aydır ki, Zaqatalanın sakinidir.

- Qeyd etdiyim kimi, mənim iş yeri promlemim də, başqa heç bir çətinliyim də olmayıb. Macəra axtaran, romantik düşüncələrlə yaşayan insan da deyiləm. Sadəcə olaraq, Zaqatalanın adı çəkiləndə o qədər sevindim ki... Mənə bu yerləri o qədər tərif etmişdilər ki, başqa seçim də edə bilməzdim. Çünki Zaqatala Zaqataladır. Onu inanın ki, heç bir yerlə müqayisə etmək olmaz. Buranın təbiəti insanları kimi səmimi, insanları təbiəti kimi qəlbən, ruhən, mənən zəngindir. Onlar bir-birini tamamladığına görə Zaqatalada işləmək və yaşamaq olduqca xoşdur.

Gözləyirdim ki, Tamara xanım öz həmkarlarını və ya yaşıdlarını Zaqatalaya dəvət edəcək. Ancaq etmədi:

- Belə çağırış səsləndirsəm, bir növ təbliğat kimi qəbul edərlər. Fikrimcə, Zaqatalanın heç bir təbliğata ehtiyacı yoxdur. Bir də ki, məni buraya hansısa həmkarım və yaşıdım dəvət etmişdi ki...

Zaqatala inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub - deyəndə məhz bu məqamları əsas götürürlər. Bir zamanlar başqa rayonlarımızdan olduğu kimi, buradan da paytaxta və başqa şəhərlərə işçi qüvvəsi axını var idi. İndi isə vəziyyət göz qabağındadır. Artıq tərəqqi və inkişafın miqyası ildən-ilə deyil, aydan-aya böyüyür, genişlənir. Təkcə bu ilin altı ayında rayonda həyata keçirilən tədbirlərin, əldə olunan nailiyyətlərin adını ardıcıllıqla çəksək, böyük bir siyahı alınar. Ona görə də ilin ilk yarısının yekunlarına həsr edilən ümumrayon toplantısında eşitdiyimiz faktların bir qismini yada salmaqla kifayətlənmək istəyirik. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə toplantıda qeyd etdi ki, ilk altı ayda rayonda 48 milyon 539 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 5.6 faiz çoxdur. Məhsul istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən sənayedə 52,6 kənd təsərrüfatında 3,5 ticarətdə 10,2 faiz artıb, 3,8 milyon manat həcmində tikinti quraşdırma işləri aparılıb, əsas kapitala 4,4 milyon manat dəyərində investisiya yönəldilibdir. Pullu xidmətlərin həcmi 8,8 faiz artaraq 11,3 milyon manata, pərakəndə əmtəə dövriyyəsi isə 21,3 faiz artaraq 47,5 milyon manata çatıb.

Sahibkarlar tərəfindən rayon iqtisadiyyatına sərmayə qoyuluşu davam edir. Belə ki, gündəlik gücü 5 ton olan fındıq məmulatları emal edən müəssisədə son tamamlama işləri aparılır.

Rayonda fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən əhaliyə və iş adamlarına 11,8 milyon manat məbləğində kredit verilib, əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 2,1 milyon manat təşkil edilib, bankomatların sayı artaraq 20-yə çatıb. Əhalinin rifah halının, onun maddi təminatının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, ünvanlı sosial yardımların, pensiyaların, əmək haqlarının vaxtında verilməsi, aztəminatlı ailələrə qayğının artırılması daim diqqət mərkəzində saxlanılıb. Bu ilin ilk altı ayında adambaşına düşən orta aylıq pensiyanın məbləği 102 manat, orta aylıq əmək haqqı 5,3 faiz artaraq 194,5 manat olub. Əhaliyə pensiya və müavinətlərinin ödənilməsinə 11,7 milyon manat vəsait yönəldilib, 1185 ailənin 5117 üzvünə, hər ailəyə orta hesabla 98 manat olmaqla cəmi 936,6 min manat ünvanlı sosial yardım ödənilib. Cari ilin altı ayı ərzində 170 nəfər vətəndaşa yeni pensiya təyin olunub və ümumilikdə, 17075 nəfər əmək pensiyaçısına xidmət göstərilib.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası Zaqatalada da uğurla davam etdirilib, sosial infrastruktur layihələr həyata keçirilib. Göründüyü kimi, proqramın icrası rayonda sahibkarlığın inkişafına, təzə istehsal müəssisələrinin fəaliyyətə başlamasına, yeni iş yerlərinin açılmasına və işsizliyin səviyyəsinin aşağı düşməsinə öz müsbət təsirini göstərir. Regional inkişaf proqramının icrası nəticəsində təkcə bu ilin 6 ayında rayonda 340-ı daimi olmaqla, 381 yeni iş yeri, 2003-cü ildən sonra isə 13217 yeni iş yeri açılıb ki, onlardan da 8763-ü daimi iş yerləridir.

Rayon icra hakimiyyəti başçısının müavini İlkin Şəfizadə ilə söhbət edirəm. Cəmi bir ildir ki, bu sahəyə rəhbərlik edir. Rayonda həyata keçirilən torpaq islahatı, ölkə Prezidenti tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsinə yönəldilən fərman və sərəncamların nəticəsi olaraq xidmət sahələrinin genişləndirilməsi, kreditlərin və dövlət büdcəsi hesabına yardımların verilməsi torpaqlardan daha səmərəli istifadə edilməsinə ciddi təkan verilib, - deyir. - Dövlət başçısının "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamı ilə istehsalçılara dövlət büdcəsi hesabına yardımların verilməsi aqrar sahədə vəziyyəti köklü surətdə dəyişib. 24053,49 hektar əkin sahəsinin becərilməsinə görə 962 min 139 manat subsidiya (yardım) hesablanıb, buğda istehsalçılarına əlavə olaraq 305 min manat subsidiya verilib.

İ.Şəfizadə daha sonra əlavə etdi ki, ilk növbədə torpaqlardan istifadə edilməsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib, 2011-ci ilin məhsulu üçün 30839 hektar sahədə əkin aparılıb ki, bu da ötən ildəkindən 82 hektar çoxdur.

Nəticələr ürəkaçandır. Təkcə 6 ay ərzində aqrar sahə üzrə ümumi məhsulun həcmi 21,6 milyon manat, əvvəlki ilin müvafiq dövrünə nisbətən 731 min manat çox olub. Rayonun Əli Bayramlı, Muxax, Göyəm, Yengiyan, Aşağı Tala, Maqov kəndlərində yaradılan özəl toxumçuluq təsərrüfatları taxıl istehsalını artırmaq məqsədilə fermer təsərrüfatlarını keyfiyyətli toxumlarla təmin ediblər.

Tütünçülüyü inkişaf etdirmək məqsədilə bu il 638 hektar sahədə tütün şitili əkilib. Dünya bazarının təklifinə uyğun olaraq ətirli və qiymətli tütün sortları olan Berley və Virciniyanın yetişdirilməsinə üstünlük verilib. Əsas iqtisadi sahələrdən olan heyvandarlığın inkişaf etdirilməsi və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə rayonda yaradılan camışçılıq, maldarlıq və qoyunçuluq özəl damazlıq təsərrüfatları fəaliyyətlərini davam etdirib.

Əkin sahələrinin suvarılmasını yaxşılaşdırmaq məqsədilə 6 kəndin ərazisini əhatə edən və 2101 hektar əkin sahəsinin suvarılmasına xidmət edəcək iki pilləli "Alazan" nasos stansiyasının təmiri davam etdirilir.

568,5 min kubmetr həcmində çay yataqları təmizlənib, 2923 kubmetr həcmində daş beton bəndləri təmir edilib, 250 kubmetr həcmində qabion bəndlər quraşdırılıb. Təsərrüfatlar üzrə 150800 kubmetr həcmində suvarma kanalları təmizlənib.

Zaqatala bu gün böyük tikinti meydanını xatırladır. Bütün maliyyə mənbələri hesabına 5,4 milyon manat dəyərində tikinti, təmir və abadlıq işləri görülüb. Dövlət büdcəsi hesabına inşa edilən obyektlərdən Zaqatala şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi layihəsi çərçivəsində xarici su təchizatı obyektləri, qurğuları və boru kəmərlərində, rayon statistika idarəsinin yeni inzibati binasında, Aşağı Çardaxlar kəndində 220 şagird yerlik ümumorta məktəb binasında tikinti-quraşdırma işləri davam etdirilib, rayon baytarlıq idarəsinin yeni inzibati binasının tikintisinə başlanılıb. Zaqatala şəhərində 1 və 4 saylı uşaq bağçaları yenidənqurma və əsaslı təmir işləri aparılmaqla yeni inventar və avadanlıqlarla təmin edilib, "Xilaskar əsgər" abidəsində əsaslı təmir və yeidənqurma işləri başa çatdırılıb. Hazırda 7, 9 və 10 saylı uşaq bağçalarında əsaslı təmir işləri, Nazirlər Kabinetinin sərəncamı ilə rayon icra hakimiyyətinə ayrılan vəsait hesabına Tala çayının sağ sahilində uzunluğu 200 metr olan daş-beton bənd tikintisi davam etdirilir.

Rayon ərazisində qəzalı və şəraitsiz hesab edilən Əliabad qəsəbə 3 saylı, Danaçı kənd 2 saylı, Yeni Suvagil kənd 2 saylı, Zəyəm kənd tam orta, Muxax kənd 3 saylı, Sabunçu kənd ümumorta məktəblərinin yenidən tikintisi üçün təkliflər hazırlanaraq Nazirlər Kabinetinə göndərilib. Sahibkarlar tərəfindən rayonda yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi davam etdirilib. Rayonda ümumi sahəsi 7,4 min kvadratmetr olan 66 fərdi yaşayış evləri tikilərək istifadəyə verilib, Tala çayı üzərində uzunluğu 183 metr olan "Meşleş" körpüsünün tikintisi başa çatdırılıb, Yuxarı Tala ərazisindən Asma körpüyə gedən avtomobil yolunda əsaslı təmir və abadlıq işlərinə başlanıb. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə rayonun Aşağı Tala kəndində məişət tullantılarının idarə edilməsi poliqonunun tikintisinin başa çatmasına çox qalmayıb. Görürsünüzmü nə qədər işlər görülüb. Rayon icra hakimiyyətinin başçısı M.Əhmədzadə görülən işlərə bilavasitə özü nəzarət edir. Demək olar ki, iş gedən yerlərə hər gün baş çəkir.Bu işlər isə bir deyil, beş deyil.

Bu gün Zaqatalada daha böyük önəm verilən məsələlərdən biri də abadlıq və təmir işlərinin genişləndirilməsidir. Yaxşısı budur, sayım siz də bilin. Rayonda 1 milyon manatlıq, o cümlədən daxili imkanlar hesabına 148 min manat həcmində abadlıq və təmir işləri görülüb. Büdcə vəsaiti hesabına 20 saylı SMD-nin yaşayış massivində 2 mərtəbəli yaşayış evinin, M.Rəsulzadə küçəsində 63 saylı binanın 1606 kvadratmetrlik dam örtüyü, 28 May küçəsində 56 saylı və Sülh küçəsində 5 və 7 saylı binaların girişləri əsaslı təmir edilib. Şəhərin Nizami küçəsinin 1-ci döngəsində, Qala düzü pilləkənlərinin ətrafında və Car küçəsində abadlıq və işıqlandırma, Ü.Hacıbəyov küçəsində şəhər pilləkənləri, avtovağzal ərazisində mühafizə divarları, H.Əliyev prospektində yaşıllıq qazonu, Sabir küçəsində su arxı və H.Əliyev adına Parkda gediş-gəliş yolları təmir edilib. İmam Şamil, M.Ə.Rəsulzadə və H.Aslanov küçələrində işıqlandırma, Lahıc bələdiyyəsi ərazisindəki rayonun giriş monumentində abadlıq işləri aparılıb. Uzunluğu 2 kilometr olan yerli əhəmiyyətli Zaqatala-Kebeloba avtomobil yolu və Zaqatala-Sumaylı-Dardoqqaz avtomobil yolunun 4.3 kilometrliyində əsaslı təmir işləri aparılaraq asfaltlaşdırılıb. Dardoqqaz kəndində yeni körpünün tikintisi aparılır. Yuxarı Tala və Aşağı Tala kəndlərində kənddaxili yollara asfalt örtüyü döşənib. Yuxarı Tala-Meşleş avtomobil yolunda 2.3 kilometr uzunluğunda torpaq yatağı və çınqıl örtük tikilib.

Rayon icra hakimiyyətinin başçısı M.Əhmədzadə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin hamısının xüsusi əhəmiyyət kəsb etməsini söyləsə də, bir məsələni xüsusilə vurğuladı. Başçı qeyd etdi ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkə gəncliyinin hərtərəfli biliyə və savada malik, yüksək intellektual səviyyədə yetişməsini əsas vəzifələrdən biri kimi qarşıya qoyub. Həmin tapşırıq Zaqatalada da uğurla icra olunur. Rayon şagirdlərindən üçünün Fövqəladə Hallar Nazirliyinin xətti ilə keçirilən yaradıcılıq müsabiqəsində birinci yerə layiq görülməsi Zaqatala müəllimlərinin gərgin əməyinin nəticəsidir. Son illər rayonda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, təlim-tərbiyə və tədrisin keyfiyyətinin yüksəldilməsinə diqqət artırılıb, 23 yeni məktəb binası, 1 bağça tikilib, 22 məktəbdə və 8 bağçada əsaslı təmir işləri aparılıb. Aşağı Çardaxlar və Muxax kənd 1 saylı tam orta məktəblərində əsaslı təmir işləri başa çatmaq üzrədir.Təbii fəlakətlə əlaqədar humanitar fənlər gimnaziyasının və şəhər 5 saylı ümumi orta məktəbinin yararsız vəziyyətə düşən dam örtükləri təmir edilib, uyğunlaşdırılan binalarda yerləşən Zəyəm kənd tam orta məktəbinin tikintisinə başlanıb, şəhərdə yeni bağçanın tikintisi üçün smeta-layihə sənədləri hazırlanıbdır.

Tədrisin keyfiyyətini yüksəltmək üçün müvafiq tədbirlər görülüb, fənn olimpiadalarının Bakı şəhərində keçirilən respublika turunda 6 nəfər II və IV yerləri tutub. Fövqəladə Hallar Nazirliyinin xətti ilə keçirilən "Fövqəladə hallar uşaqların gözü ilə" Birinci Ümumrespublika yaradıcılıq müsabiqəsində rayonun şagirdləri uğurlara imza atıblar. Təhsil müəssisələrində hərbi vətənpərvərlik, dövlətçiliyə sədaqət, azərbaycançılıq tərbiyəsinin gücləndirilməsi sahəsində "Cəsurlar" və "Şahin" hərbi idman oyunları keçirilib, "Şahin" hərbi-idman oyunlarının rayon komandası respublika final mərhələsində birinci onluğa daxil olub. Bakı şəhərində keçirilən yarışlarda rayonun qızlardan ibarət futbol komandası üçüncü yerə layiq görülüb.

Zaqatala bu gün bir sıra respublika miqyaslı tədbirlərə də ev sahibliyi edir. Məsələn, bu il rayonda Avropa Şurasının Mədəniyyət və Turizm Nazirliyi və 10 rayonun nümayəndələrinin iştirakı ilə "Tarixi şəhərlərdə mədəni irsin bərpası" layihəsinin təqdimatı, Turizm institutunun təşəbbüsü ilə rayonun turizm potensialı və problemlər mövzusunda seminar keçirilib.

İlham Əliyevin "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nı imzalaması bir daha göstərir ki, dövlətimiz Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirir. 2011-ci ilin birinci yarimili ərzində Gənclər və idman sahəsində bir sıra işlər görülüb, minlərlə gəncin iştirakı ilə yüksək səviyyəli tədbirlər, Zaqatala gənclərinin VI toplantısı keçirilib. Gözəl Zutova ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Qızıl Qran-pri" Beynəlxalq güləş turnirində ikinci, Orxan Hacıağalı Kiyev şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa kubokunda birinci, Ramin Qurbanov Estoniyada keçirilən cüdo üzrə kişilər arasında Dünya kubokunda ikinci yeri, Hacı Əlixanov Bolqarıstanda keçirilən sərbəst güləş üzrə kişilər arasında beynəlxalq turnirdə ikinci yerləri tutublar.

...Bir sözlə, Zaqatala bu gün sözün həqiqi mənasında inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Elə bir sahə yoxdur ki, orada respublikanın ümumi inkişaf səviyyəsinə layiq göstəricilər əldə edilməsin. Ən böyük göstəricinin hansı olduğunu demək çətindir. Belə sualların cavabını işləmək və yaşamaq üçün Zaqatalanı seçən Tamara Ağayeva kimi mütəxəssislərdən soruşmaq olar. Bunun üçün isə məhz Zaqatalaya getmək lazımdır...

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2011.- 9 avqust.- S. 3.