Turizmin imkanlarından daha səmərəli istifadə olunması vacibdir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 20-də imzaladığı sərəncamla "Azərbaycan Respublikasında 2011-ci ilin "turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edildi. Bununla əlaqədar iyulun 21-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə geniş iclas keçirildi.

 

Nazir Əbülfəs Qarayev bildirdi ki, dövlət başçısının tapşırığına əsasən, "turizm ili" ilə bağlı tədbirlər planının ilkin variantı bir neçə ay əvvəl hazırlanıb. Qeyd olundu ki, tədbirlər planının icrası bu sahənin inkişafına əlavə təkan verəcək.

Hələ 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi təsis edilərkən turizmin inkişafı istiqamətləri müəyyənləşdirilib. Mədəniyyət və turizm bir-biri ilə əlaqəli sahələrdir. Turizm Azərbaycana çoxsaylı xarici qonaqlar, əlavə gəlirlər, imkanlar gətirir və mədəniyyətimiz də bundan faydalanır. Mədəniyyət və Turizm Nazirliyinin əsas fəaliyyət istiqaməti bu siyasətin üzərində qurulub.

"Turizm ili" ilə bağlı tədbirlər planında mədəniyyət və turizmin uzlaşması istiqaməti də öz əksini tapıb.

Son vaxtlar turizm sənayesində kadr hazırlığı ilə bağlı ciddi irəliləyişlər var. Tədbirlər planında turizm təhsilinin təkmilləşdirilməsinə dair verilən tapşırıqlar bu sahədə daha geniş işlər görməyə imkan verəcək.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd etdi ki, "məqsədimiz turizm sektorunu iqtisadiyyatın ən dayanıqlı, effektiv və rəqabətə davamlı sahəsinə çevirməkdir". Azərbaycanın turizm sahəsi böyük perspektivlərə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dinis.) inkişafı üçün geniş imkanlar mövcuddur. "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılıb, ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyasının əsası qoyulub. Son illər əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb.

Prezident İlham Əliyevin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nda bu imkanların realizə edilməsi, qarşıdakı illərdə turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi üçün əhatəli tədbirlər planı əks olunub. Bu baxımdan aprelin 28-30-da Bakıda keçirilən ənənəvi Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF) çərçivəsində ilk dəfə olaraq Azərbaycanın daxili turizm potensialına həsr olunmuş ayrıca pavilyonun təşkil olunması əlamətdar hadisə idi.

Hələ o vaxt mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında Azərbaycanın daxili turizm imkanları, dövlət proqramının başlıca müddəaları, ölkəmizdə turizmin inkişafı üçün həlli vacib məqamlar barədə ətrafdı məlumat vermişdi.

"AİTF-2010" sərgisində Azərbaycanın daxili turizm potensialının geniş şəkildə təqdim edilməsi mühüm əhəmiyyət daşıyırdı. İlk dəfə olaraq, beynəlxalq sərgidə bütöv bir pavilyon ölkəmizin istirahət zonaları, sanatoriyaları və mehmanxanalarının ekspozisiyasına həsr edildi. İndi Azərbaycana gələn turistlər hər bir regionun milli koloritini duya bilir, Azərbaycanın müxtəlif və zəngin folkloru, mətbəxi və ənənələri ilə yaxından tanış olmaq imkanı qazanır. Azərbaycanda turizm sektorunun inkişaf perspektivləri bu cür sərgilərin aktuallığını artırır. Dövlət proqramında qeyd olunduğu kimi, Azərbaycanın daxili turizm imkanlarının sistemləşdirilməsi baxımından da belə sərgilərin keçirilməsi vacibdir.

Qeyd edək ki, dövlət proqramı "turizm ili"ndə bu sektorun inkişafı üçün yeni imkanlar açır. Həmçinin dövlət proqramı ölkəmizdə turizmin inkişafı üçün ciddi tələblər qoyur, turizm sektorunun idarə olunması üçün məsuliyyət yükünü daha da artırır. Dövlət proqramında bu məqsədə nail olmaq üçün zəruri qanunvericilik bazasının hazırlanması, yeni turizm zonalarının yaradılması, turizm sektoruna investisiyaların cəlb olunması kimi bir sıra addımlar nəzərdə tutulub. Eyni zamanda, ölkəmizin zəngin tarixi-mədəni irsindən turizm məqsədləri üçün effektiv istifadə olunması, bunun üçün müvafiq infrastrukturun yaradılması, peşəkar kadr potensialının hazırlanmasına dair tapşırıqlar sənəddə öz əksini tapıb. Mütəxəssislərin fikrinə görə, dövlət proqramının icrası Azərbaycan turizm sənayesini tamamilə yeni mərhələyə çıxaracaq.

Dövlət proqramında Azərbaycanda turizm zonalarının yaradılmasına xüsusi önəm verilir. Bu gün Azərbaycanda iri turizm komplekslərinin inşası diqqət mərkəzindədir. Qusarda "Şahdağ" istirahət kompleksinin tikintisi kimi...

Bu gün Azərbaycanda təxminən 300 hotel və 123 turizm şirkəti lisenziya alıb.

Belə bir fakta diqqət yetirək: 2002-ci ildə ölkə iqtisadiyyatı turizmdən 432 milyon manat gəlir götürdüyü halda, 2009-cu ildə bu rəqəm 1 milyard 122 milyon manata yüksəlib. Burada söhbət yalnız Azərbaycana gələn turistlərin xərclədiyi vəsaitdən gedir. Mehmanxanaların, turist şirkətlərinin qazancını da nəzərə aldıqda, bu sahənin mal və xidmət dövriyyəsinin milyardlarla manatla ölçüldüyünü, turizmin geniş maddi-texniki bazasının yarandığını qeyd edə bilərik.

Təsadüfi deyil ki, Azərbaycanda hər il 25-50 yeni qonaq evi, hotel, motel və digər turist yerləşdirmə obyektinin təməli qoyulur. Hazırda 50-yə qədər mehmanxana kompleksinin inşası davam edir. 2002-ci illə müqayisədə yerləşdirmə yerlərinin sayı 3 dəfə artıb. Xüsusilə 2002-2003-cü illərdə adamlarında turizm sahəsinə böyük maraq yarandı. Həmin vaxt cəmi 32 turizm şirkəti vardı, bu gün isə onların sayı 123-dür. Bu, Azərbaycanda yeni rəqabət imkanları açır.

Ölkənin turizm sənayesinin üzləşdiyi başlıca problemlərdən biriturizm xidmətlərinin səviyyəsinin artırılmasıdır. Bu məsələ dövlət proqramında da əksini tapıb. Azərbaycana gələn turistlərin sayı 1,5 faiz artıb. Bu ilin sonuna kimi bu rəqəm daha da çox olacaq.

Dünyada turizm sahəsində böhran çətinliklərin olmasına rəğmən, Azərbaycan turist sayının yüksək artımına nail olub. Bu, ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin nəticəsi olmaqla yanaşı, həm dövlət tərəfindən turizm sahəsinə göstərilən diqqətin təzahürüdür.

Azərbaycanda turizm sənayesində heç bir inhisarçılıq yoxdur. Bu gün hər bir adamı bu sahəyə sərmayə qoya qanun çərçivəsində sərbəst fəaliyyət göstərə bilər. Eyni zamanda, nazirlik bu sərmayələrin yerləşdirilməsinə, beynəlxalq standartlara uyğun müəssisələrin yaradılmasına xüsusi önəm verir, turist yerləşdirmə obyektlərinin sayının artırılmasına çalışır. Bu obyektlər qədər çox olsa, xidmətin səviyyəsi qədər yüksək olsa, ölkəmizə turist axını da bir o qədər artar.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 9 avqust.- S. 4.