Ağdam səhiyyəsinin xidmət imkanları artmışdır

 

Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində respublikamızın son illərdə əldə etdiyi inkişaf yeni keyfiyyət dəyişiklikləri yaratmışdır. Azərbaycanın adı indi nəinki keçmiş Sovetlər məkanında, hətta dünyanın inkişaf etmiş ölkələri sırasında fəxrlə çəkilir. Dövlət başçısı İlham Əliyevin xalqımızın daha firavan yaşaması naminə atdığı addımlar bütün sahələrdə olduğu kimi, səhiyyəmizdə də öz bəhrəsini verməkdədir.

 

Bunun nəticəsidir ki, tarixi baxımdan qısa bir dövr ərzində respublikamızda səhiyyə xidmətlərinin səviyyəsi xeyli yüksəlmişdir. Bakı şəhərində və regionlarda müasir tələblərə uyğun yeni tibbi müəssisələrin tikilməsi və mövcud olanların yenidən qurulması, yüksək ixtisaslı və təcrübəli kadrların hazırlanıb yerləşdirilməsi dediklərimizin bariz nümunəsidir.

Əsas əraziləri işğal olunsa da sabaha inamla addımlayan Ağdam rayonunda da səhiyyənin inkişafı və xidmətin daha da yaxşılaşması üçün xeyli işlər görülüb və görülməkdədir. Bu gün rayonun işğal olunmamış ərazisində 90 minə yaxın əhali məskunlaşıb. Onlara yüksək tibb xidmətinin təşkilində fədakar həkimlərimiz bilik və bacarıqlarını əsirgəmirlər. Ağdam Rayon Mərkəzi Xəstəxanası cərrahiyyə, terapiya, reanimasiya və anesteziologiya şöbələrindən, poliklinikadan, uşaq və göz xəstəxanalarından, ağciyər, dəri-zöhrəvi və ruhi-əsəb dispanserlərindən, 12 kənd xəstəxanasından, 27 kənd həkim və 87 tibbi məntəqəsindən ibarətdir.

Son il yarım müddətində mərkəzi xəstəxanada köklü dəyişiklik olmuşdur. Tibb ocağına yeni avadanlıq və texnika, 2 ambulans, 2 USM, İFA, biokimyəvi analizator, 3 EKO, 2 ensefeloqramma, hemolitik analizator, müalicəvi qazlar xətti, xəstələrin oksigenlə təmin olunması sistemi, göz üçün cərrahi mikroskop, yüksək səviyyəli cərrahiyyə bloku, doğum şöbəsi üçün ləvazimat, stomotoloji dəstlər və s. alınmışdır. Həyətyanı sahə abadlaşdırılmış, əraziyə ağac, gül kolları əkilmiş və fəvvarə tikilmişdir. Daimi elektrik cərəyanı ilə təminat üçün generator və tənzimləyici qurulmuşdur. 2010-cu ildə ağciyər xəstəlikləri dispanseri genişləndirilmiş, 6 otaqlı yeni binaya köçürülmüşdür.

Stasionara 2009-cu ildə 842 xəstə daxil olduğu halda, 2010-cu ildə 1230 xəstə qəbul edilmişdir. Cərrahi əməliyyatların sayı xeyli artmış, 2009-cu ildə 381 olduğu halda, 2010-cu ildə 683 olmuşdur. Ambulator qəbul 2009-cu ildə 548399-a, 2010-cu ildə isə 563049-a çatmışdır. 2 il əvvəl təcili tibbi yardım göstərilən xəstələrin sayı 6081 olduğu halda, 2010-cu ildə 6611 olmuşdur. Qeydiyyata götürülən hamilə qadınların sayı isə müvafiq olaraq 1010-dan 1262-ə çatmışdır. Ana uşaq ölümü olmamışdır.

Hazırda vərəm xəstələrinin sayı 336, böyrək çatışmazlığı xəstələri 63, hemofiliyalı xəstələr 5 nəfərdir. Əlillərin sayı bu ilin 6 ayına 4114 nəfərdir, 362 azalma olmuşdur. 485 nəfər Qarabağ müharibəsi 72 nəfər Böyük Vətən müharibəsi əlili dispanser qeydiyyatındadır. Əsas problemlərimizdən olan şəkərli diabet xəstələrinin sayı hazırda 1818-ə çatmışdır. Biz şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanaların vəziyyətlərinin yaxşılaşdırılması üçün əlimizdən gələni əsirgəmirik. Bu il bu sahədə xeyli işlər görülüb. Şəkərli Diabet Assosiasiyasının sədr müavini Akif Muxtarov rayonda olub, bizə dərman preparatları ilə kömək edib. Xəstələrin maarifləndirilməsi üçün 2 aylıq treninqlər təşkil edilib, tövsiyə bukletləri paylanıb. Heydər Əliyev Fondunun nümayəndəsi rayonda olub. Fondun xətti ilə şəkərli diabet xəstəsi olan 2 uşaq Gəncədə 15 gün istirahət edib.

2010-cu il bizim üçün daha uğurlu olmuşdur. Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva rayonumuza səfər zamanı xəstəxanamızda da olmuşlar görülən işləri yüksək qiymətləndirmişlər.

Prezidentimizin göstərişi ilə tikilmiş müasir binaya artıq köçmüşük. Xəstəxananın həyətyanı sahəsi lazımsız tikililərdən təmizlənmiş, yuxarı hissədə yerləşən zirzəmilər sökülmüşdür. Burada ağciyər xəstəlikləri dispanserinə yeni bina inşa olunmuşdur. Yeni ruhi-əsəb dispanseri tikilib istifadəyə verilmişdir.

Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, ötən il noyabr ayının 25-də Prezident İlham Əliyevin sərəncamı ilə rayona uşaq xəstəxanası doğum evinin tikilməsi üçün vəsait ayrılmışdır. Bu il həmin tikintilər başa çatdırılacaq. Bu da təbii ki, yeni doğulan nəslin anaların daha sağlam olması imkanları artıracaq. Düşmənlə üz-üzə yaşayan Ağdama Prezident İlham Əliyevin bu diqqət qayğısı rayonda minnətdarlıqla qarşılanmışdır.

Bu il rayonun bir sıra qəsəbələrində 400-dən çox uşağa sünnət mərasimi keçirmiş, imkansız ailələrə dərman köməkliyi etmişik. İflic xəstəliyindən əziyyət çəkən uşaqların ailəsində olmuşuq onlara dərman uşaq bezləri çatdırmışıq. Səfərli, Taxtakörpü ərazisində yerləşən əhalimizə tibbi yardım göstərilmiş, tez-tez həkim qrupları göndərilmişdir. Ehtiyacı olanlar stasionar müalicəyə cəlb olunmuşdur. Bronxial astma xəstəliyi olan 2 uşaq istirahətə göndərilmişdir. Ürək qüsuru olan 1 uşaqda Heydər Əliyev Fondunun köməkliyi ilə ürək əməliyyatı keçirilmişdir.

Vərəm xəstələrinə diqqət artmışdır. DOTS-2 proqramına daxil olmuş 3 nəfər xəstə pulsuz dərmanla, yeməklə, yol pulu ilə təchiz olunur onlara qulluq edən tibb işçisinə əlavə maaş verilir. 2011-ci ildə bu xəstələrin sayı 6 nəfərə çatıb. Həkimlərin orta tibb işçilərinin təkmilləşməsi uğurla davam edir. 2009-cu il 10 həkim kurs keçmişdirsə, 2010-cu ildə bu rəqəm 28-ə çatmışdır. 2011-ci ilin 6 ayında daha 14 həkim kurs keçmişdir. Orta tibb işçilərindən 2009-cu ildə 19 nəfər kurs keçmişdisə, 2010-cu ildə onların sayı 113 nəfərə çatmışdır. Rayonumuzda təşkil olunmuş səyyar kurs 35 nəfər orta tibb işçisi sertifikat almışdır. Bu il məşhur travmatoloq Ələkbər Həmidov, cərrah Zirəddin Abbasov, kardioloq Şahin Hüseynov rayonumuza gəlib əhalini müayinə müalicə etmişlər.

Keçən illərdə bizim üçün arzu olan müasir avadanlıqlar bu gün xəstəxanamızda xəstələrə xidmət göstərir. Təcili yardım fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə Prezident İlham Əliyevin göstərişi ilə rayona 2 "Mersedes" markalı təzə ambulans maşın verilmişdir.

Son illərdə rayonumuzda səhiyyənin inkişafı ilə bağlı həyata keçirilmiş əsaslı tədbirlər nəinki Ağdam ərazisində məskunlaşmış əhaliyə, eləcə qonşu bölgələrin sakinlərinə yüksək səviyyəli tibb xidməti göstərməyə imkan verir. Çalışacağıq ki, yaradılmış imkanlardan daha yaxşı istifadə etməklə, əhaliyə nümunəvi xidmət göstərək.

 

 

Gülnaz ABBASOVA,

Ağdam Rayon Mərkəzi

Xəstəxanasının baş həkimi

 

Xalq qəzeti.- 2011.- 9 avqust.- S. 4.