Xatırlama. Onun yaratdığı obrazlar da şəxsiyyəti kimi səmimi idi

 

Xalq artisti Məmmədrza Şeyxzamanov Azərbaycan teatr və kino sənəti tariximizdə bənzərsiz rolları ilə iz qoymuş böyük sənətçilərdəndir. Onun qəhrəmanları bu gün də öz tərbiyəvi mahiyyəti ilə tamaşaçıları valeh edir.

 

Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 2 yaşında ikən atasını itirib. Və o andan etibarən ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olur. 1917-ci ilə qədər evdar qadın olan anası inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə başlayır.

1929-cu ildə ibtidai məktəbi bitirən Məmmədrza orta məktəbə daxil olur. O, şagirdlər arasında istedadı, tərbiyəsi, savadı və biliyi ilə fərqlənirdi. Aktyorluq sənətinə olan maraq və həvəs isə hələ məktəb illərində öz "toxumlarını səpməkdə" idi. Ona görə də orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olur. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilir. İlk dəfə Ə.Həmidin "Hind qızı" tamaşasında Brahma adlı kiçik rolda çıxış edir. Bu, gələcək aktyorun professional teatr səhnəsinə, sənət zirvəsinə doğru aparan yolda atdığı ilk müvəffəqiyyətli addımı olur.

Teatrda işləyərkən peşəkar yaradıcılıq tələbləri ilə tanış olur, Azərbaycanda aktyorluq sənətinin gözəl ənənələrini mənimsəyir. Çalışdığı dövrdə "Vaqif" (Eldar), "Fərhad və Şirin" (Fərhad), "Yaşar" (İmamyar), "İki qardaş" (Yuri) və digər tamaşalarda yaddaqalan obrazlar yaradır. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmrilə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayır. Və elə o vaxtdan etibarən də sənət yolundakı "yaşıl işığı" daha da gur yanmağa başlayır. Yaratdığı müxtəlif səpkili obrazlarla daha çox tanınır və sevilir.

Onun rollarında həmişə bir doğmalıq hiss olunub. Elə bil bu rolların hər biri bizim arzuladığımız xeyirxah, qayğıkeş, öz şəxsiyyətinə hörmət edən, millətinə, xalqına bağlı insanlardır. Onları sevməmək mükün deyil. Elə teatrda da, kino da belə idi.

Aydın diksiya, özgələşmək qabiliyyəti, obrazın daxilinə nüfuz etmək bacarığı onun yaradıcılığı üçün xarakterik əlamətlər idi. Ömrünün sonuna kimi bu teatrda çalışıb.

Deyirlər ki, Məmmədrza Şeyxzamanov rollarında olduğu kimi həyatda da sadə və təvazökar insan idi. Ən əsası isə, yüksək səmimiyyəti onu daha çox sevdirirdi. O, Azərbaycan teatrında bir məktəb yaratmışdı. Onun teatrdakı fəaliyyəti elmi axtarışların hələ də əsas mövzusu olmamışdır. Bu böyük sənətkarın yaradıcılığının tədqiqinə bu gün böyük ehtiyac var.

Kino sənətimizin tarixi ilə maraqlananlar yaxşı bilirlər ki, Məmmədrza Şeyxzamanov Azərbaycan milli kino sənətinin inkişafında böyük xidmətlər göstərmişdir. Onun kino rolları üçün xarakterik olan cəhət bundan ibarətdir ki, onlar sadə adam olsalar da, daxilən zəngindirlər.

Məmmədrza Şeyxzamanovla hər dəfə ekranda qarşılaşmaq adamda gözəl və səmimi hisslər doğurur. Hər dəfə "Tütək səsi" filmində sazda "Ruhani" ifa olunanda o gözəl insan yad olunur. Bu filmə tamaşa edənlər orada həmin yanğılı havanın sədaları altında evinə qaçan və sonra da evdə sazı sinəsinə basıb "Ruhani"ni dilləndirən köhnə çuxalı İsfəndiyar kişinin obrazını yəqin ki, yaxşı xatırlayırlar. Bu elə Məmmədrza Şeyxzamanovun özü idi. O bu dəhşətli müharibəni görmüşdü. Ağrılarını da dadmışdı. Günlərin birində rejissor ona İsfəndiyar kişinin rolunu tapşıranda içində bir rahatlıq tapmışdı. Talelər necə də bir-birinə yaxın olarmış.

İsfəndiyar kişi kəndin ağsaqqalıdır. Cəbhədən qara kağız alan neçə-neçə insana təskinlik verib arxa durmuşdu və indi oğlunun qara kağızını alanda özü ilə tənha qalır və yeganə söykənəcəyi "Ruhani" olur. O, təbiətən ağsaqqal idi. Deyirdilər, elə gəncliyindən ağır, sanballı adam olub. Teatrda işləyirdi və elə hər il də kinostudiyanın bir filmində çəkilirdi. Xeyirxah adamların rollarını oynayırdı. Demək olmazdı ki, Məmmədrza müəllim aktyorluq edirdi, o özünü yaşayırdı, içində, qəlbində olanları obrazlar vasitəsilə ifadə edirdi. Bəlkə də, aktyorluq doğrudan da, elə budur. Qılınc Qurban kimi "əjdaha"ların qabağına ancaq İsfəndiyar kimi daxilən güclü insanlar çıxa bilərdi. "Qurban, ürək, qəlb məsələsidir, sən qarışma" - deyəndə, Qılınc Qurbanı bu sözlər elə bil qılınc kimi kəsir.

O, yüksək duyğulu insan idi. Rejissorlar onun barəsində danışarkən deyirdilər ki, onunla işləyəndə adam yorulmaq bilmir. Tərəfdaşlarına yaxşı oyun üçün şans verirdi. "Liftçi qız" qısametrajlı bədii filmində ona bir rəssam rolu verilmişdi. Bu filmə baxanlar onun gözlərindəki həyat eşqini duymamış deyillər. O, doğrudan da, belə həssas adam idi. Oynadığı rolların öz ifası ilə portretini yaradırdı. Rənglərin, sözlərin çalarlarını duyan adam idi.

M.Şeyxzamanov təkcə müsbət qəhrəmanların əvəzsiz ifaçısı deyildi. O həm də mənfi tipləri yaratmaqda usta idi. "Nəsimi" filmində tamaşaçılar onu Şeyx Əzəm rolunda görəndə bir az təəccüb hissi keçirdilər. Nə idi bu təəccübə səbəb olan? Əvvəla, buna alışmamışdılar. İkincisi, axı aktyor müsbət ampluada əvəzsiz ifaçı idi. Öz yaradıcılığı ilə milli teatr və kino sənətinin inkişafına xidmət etmiş bu böyük aktyor Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı kimi yüksək adlara layiq görülmüşdür.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 10 avqust.- S. 6.