İlin sonunadək Azərbaycanda infrastruktur layihələrinin icrası sürətlənəcək

 

Tarixi müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan Respublikası əvvəlki dövrlərdə olduğu kimi, 2011-ci ilin ilk yarısında da yüksək nailiyyətlərə imza atmış, sosial-iqtisadi inkişaf sahəsində uğurlu göstəricilər əldə etmişdir. Bu da təsadüfi deyil. Çünki özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan Azərbaycan artıq 18 ildir ki, müstəqil iqtisadi siyasət yürüdür, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış edir. Bu da ölkəmizi regionda və dünyada mühüm tərəfdaşa və nüfuz sahibinə çevirir.

 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü iqtisadi strategiyanın uğurla davam etdirilməsi, qlobal enerji layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkəsinə çevrildi. Ölkəmizin maliyyə imkanlarının ilbəil genişlənməsi bir sıra ümummilli proqramların, mühüm investisiya layihələrinin uğurla həyata keçirilməsinə əlverişli imkanlar yaratdı. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bu məqama xüsusi diqqət yetirərək demişdir: "Uzun illər ərzində Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada birinci yerdə idi. Bu, bizə imkan verdi ki, maliyyə resursları toplayaq, iqtisadiyyatın qeyri-neft sektoruna investisiyalar qoyulsun. Dünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan bu gün rəqabət qabiliyyətinə görə - hesab edirəm ki, bu, hər bir ölkənin iqtisadiyyatı üçün vacib olan göstəricilərdən biridir, - MDB məkanında birinci yerdədir. İnsan inkişafı indeksi ilə əlaqədar verilən bəyanatlar və aparılan hesablamalar onu göstərir ki, ən böyük irəliləyişi Azərbaycan etmişdir".

Ötən illər ərzində Azərbaycanın karbohidrogen ehtiyatlarından əldə etdiyi gəlirlər ölkə iqtisadiyyatının şaxələndirilməsinə geniş imkanlar yaratmışdır. Elə bunun nəticəsidir ki, son illər ölkəmizin qeyri-neft sektorunda yüksək inkişaf və tərəqqi meyilləri müşahidə olunur. Təkcə onu demək kifayətdir ki, cari ilin birinci yarısında Azərbaycanda qeyri-neft sektoru 7,2 faiz artmışdır ki, bu da son illər ölkə iqtisadiyyatının şaxələndirilməsi məqsədilə həyata keçirilən məqsədyönlü islahatların bəhrəsidir. Bu həm də o deməkdir ki, Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı getdikcə azalır.

Artıq keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri ölkədə son dərəcə mühümiri infrastruktur layihələrinin reallaşdırılmasından ibarətdir. Buna isə külli məbləğdə maliyyə vəsaiti tələb olunur. Sevindirici haldır ki, ölkəmizin maliyyə imkanlarının ilbəil artması istənilən sosialinfrastruktur layihələrinin uğurla həyata keçirilməsinə imkan verir. Cari ilin birinci yarısında Azərbaycanın strateji valyuta ehtiyatlarının daha 9 milyard dollar artaraq 38 milyard dollara çatması bir daha sübut edir ki, ölkəmizin iqtisadi qüdrəti getdikcə artır və bu amil qarşıdakı illərdə yeni-yeni sosialinfrastrurtur layihələrinin reallaşdırılmasına imkan yaradacaq. Yeri gəlmişkən, 2011-ci ilin birinci yarısında dövlət büdcəsinə edilmiş düzəlişlər nəticəsində ilk dəfə olaraq, Azərbaycanın büdcə xərcləri 20 milyard dollara çatmışdır ki, bu da 20 illik müstəqillik tariximizin ən yüksək rekord göstəricisidir. Heç şübhəsiz ki, bu amil cari ilin sonunadək nəzərdə tutulmuş bütün vacib sosialinfrastruktur layihələrinin uğurla reallaşdırılmasına imkan yaradacaq. Həmin layihələrin siyahısının kifayət qədər geniş olmasına baxmayaraq, onların öhdəsindən gəlmək üçün Azərbaycanda zəngin təcrübə, güclü maliyyə dayaqları, ən başlıcası isə siyasi iradə mövcuddur.

Qeyd etdiyimiz kimi, artıq özünün iqtisadi inkişafını təmin etmiş Azərbaycan Respublikası bütün diqqəti vacib infrastruktur layihələrinin reallaşdırılmasına yönəltmişdir. Hazırda istər paytaxt Bakıda, istərsə də regionlarda bu sahədə mühüm işlər görülür. 2011-ci ilin ilk yarısında ölkəmizdə bir sıra vacib sosialinfrastruktur layihələririn icrası sahəsində yüksək nailiyyətlər əldə edilmişdir. Bu ilin sonunadək daha intensiv şəkildə davam etdiriləcək və həm sosial sferada mövcud olan problemlər aradan qaldırılacaq, həm də ölkənin iqtisadi inkişafına təkan verən yeni-yeni infrastruktur obyektləri yaradılacaq.

2011-ci il mayın 4-də dövlət başçısı tərəfindən qəbul olunmuş "Bakı şəhərinin və onun qəsəbələrinin 2011-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" artıq dörd aya yaxındır ki, icraya yönəldilmişdir və ötən müddətdə paytaxtın ayrı-ayrı qəsəbələrində sosialinfrastruktur məsələlərinin həlli istiqamətində mühüm işlər görülmüşdür. İlin sonunadək isə Bakı şəhərində və ətraf qəsəbələrdə 40-dan artıq məktəb təmir ediləcək, yeni korpuslar inşa olunacaq. Bundan əlavə, qarşıdakı aylarda yeni xəstəxana və poliklinikalar tikiləcək, mövcud səhiyyə obyektləri əsaslı şəkildə təmir olunacaq. İlin sonunadək, həmçinin şəhərətrafı qəsəbələrin yol infrastrukturunun əsaslı təmirinə və yeni yolların tikintisinə də diqqət xeyli artırılacaq. Bakıətrafı qəsəbələrdə içməli su təminatı əsaslı şəkildə yaxşılaşdırılacaq, uzun illərdən bəri davam edən kanalizasiya problemi aradan qaldırılacaq. Ətraf qəsəbələrdə yaşayan sakinlərin elektrik enerjisi və "mavi yanacaq"la təminatının daha da yaxşılaşdırılması üçün mühüm işlər görüləcəkdir.

Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı proqram xarakterli yekun nitqində Prezident İlham Əliyev cari ilin sonunadək əsas prioritetləri müəyyənləşdirərkən infrastruktur layihələrinin icrasına xüsusi diqqət yetiriləcəyini bildirmişdir. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulması, yeni zolaqların tikintisi, həmçinin aerovağzal kompleksinin inşası uğurla davam etdirilir. Bundan əlavə, son illər Azərbaycanın ən böyük mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilmiş Qəbələ şəhərində ən müasir, beynəlxalq aeroport inşa olunur. İlin sonunadək obyektin istifadəyə verilməsi nəzərdə tutulur.

Hazırda Bakı yaxınlığında yerləşən Ələt qəsəbəsində tikilən dəniz ticarət limanı da Azərbaycanda reallaşdırılan ən mühüm infrastruktur layihələrindən biridir. Xatırladaq ki, Xəzər hövzəsində ən böyük, ən müasir və möhtəşəm dəniz ticarət limanı olacaq bu obyekt Şərqdən Qərb istiqamətinə, həm də əks istiqamətə istənilən həcmdə yükləri qəbul edib ötürməyə imkan yaradacaq. Gələn ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulan bu nəhəng infrastruktur obyektində işlər getdikcə sürətlənir. Dövlət başçısı İlham Əliyev obyektin Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə eyni vaxtda istifadəyə verilməsini mühüm bir vəzifə kimi qarşıya qoymuşdur. Bununla yanaşı, ölkə Prezidentinin xüsusi diqqət mərkəzində saxladığı müasir, dünya səviyyəli gəmiqayırma zavodunun tikintisi də getdikcə intensivləşir.

Son illər Azərbaycanda metro tikintisi xeyli sürətlənmişdir. Təkcə onu demək kifayətdir ki, son üç il ərzində Bakıda 3 yeni metro stansiyası istifadəyə verilmişdir. Bakı Metropolitetinin 2015-ci ilə qədərki inkişaf planında daha 6 stansiyanın istifadəyə verilməsi nəzərdə tutulur. Artıq Azərbaycanda metro tikintisi üçün kifayət qədər imkanlar mövcuddur. Ölkəyə tunellərin inşası məqsədilə dünya standartlarına cavab verən ən müasir avadanlıqlar alınıb gətirilmişdir.

Azərbaycan iqtisadiyyatının mühüm sahələrindən sayılan kənd təsərrüfatında da dinamik inkişaf meylləri nəzərə alınır. Təkcə onu demək kifayətdir ki, cari ilin ilk yarısında kənd təsərrüfatında 6,2 faizlik artım əldə olunmuşdur. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda üç il əvvəl qəbul olunmuş ərzaq proqramı uğurla icra olunur. Bu yaxınlarda ölkədə böyük gübrə zavodunun tikintisinə başlanılacaqdır. Yeni zavodun istifadəyə verilməsi həm Azərbaycanı gübrə ilə təmin etməyə imkan verəcək, həm ölkənin bu sahədə ixrac potensialını artıracaq.

Yeri gəlmişkən, Azərbaycanda icra edilən infrastruktur layihələri nəinki ölkəmiz üçün, bölgə üçün böyük əhəmiyyət daşıyır. Bu baxımdan hazırda reallaşdırılmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini xüsusi qeyd etmək lazım gəlir. Belə ki, bu layihənin uğurla həyata keçirilməsi həm Azərbaycanın ixrac potensialını artıracaq, həm ölkəmizin tranzit imkanlarının genişlənməsinə imkan yaradacaq.

Göründüyü kimi, Azərbaycanda infrastruktur layihələrinin reallaşdırılması getdikcə intensivləşir ki, bu da mal materiallara tələbatı xeyli dərəcədə artırır. Nazirlər Kabinetinin 2011-ci ilin ilk yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bu vacib məqama diqqət yetirərək demişdir: "Əvvəlki dövrdə bəlkə daha çox infrastruktur layihələrinə lazım olan ləvazimat, avadanlıq, materiallar xaricdən gətirilirdisə, indi lazım olan inşaat materialları digər ləvazimat, avadanlıq yerli sənayenin sürətli inkişafı hesabına Azərbaycanda istehsal olunur. Bu, çox müsbət haldır... Bəzi hallarda Azərbaycanda istehsal edilən ən yüksək keyfiyyətə malik olan hansısa avadanlıq, yaxud digər məhsul kənarda qalır, dövlət şirkətləri gedib xaricdən onun analoqunu alırlar".

Bunun yolverilməz hal olduğunu diqqətə çatdıran dövlət başçısı daxili bazarı qorumaq naminə bu məsələyə birdəfəlik son qoyulmasına dair qəti göstəriş vermişdir. Heç şübhəsiz, bu məsələnin müsbət həlli bir tərəfdən ölkədə reallaşdırılan infrastruktur layihələrinin icrasının sürətlənməsinə imkan yaradacaq, digər tərəfdən isə əlavə xərclərin qarşısının alınmasına səbəb olacaq.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.- 10 avqust.- S. 4.