Azərbaycanın dünyada reytinqi getdikcə yüksəlir

 

Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı, onun davamlı artımı, maliyyə ehtiyatlarımızın getdikcə çoxalması, konstruktiv borclanma siyasəti, habelə onun böhrana qarşı nümayiş etdirdiyi dayanıqlılıq beynəlxalq təşkilatlar, xarici kütləvi informasiya vasitələri tərəfindən yüksək qiymətləndirilməkdədir. Dünyanın nüfuzlu reytinq agentlikləri və maliyyə institutları ölkəmizin makroiqtisadi vəziyyəti barədə mütəmadi olaraq qənaətbəxş qiymət verir, nikbin proqnozlarını açıqlayırlar.

 

Xarici ölkələrin nüfuzlu nəşrləri elmi-nəzəri təhlillərində Azərbaycanı sistemli islahatlar həyata keçirən, əlverişli biznes mühitinin yaxşılaşdırılması sahəsində qətiyyətli addımlar atan və dünya iqtisadiyyatına inteqrasiya prosesində yüksək aktivlik nümayiş etdirən ölkə kimi səciyyələndirirlər. Məsələn, ABŞ-ın nüfuzlu "Foreign Policy" jurnalının növbəti sayında da Azərbaycanın iqtisadi yüksəlişi, dünya enerji bazarında xüsusi mövqeyi və yanacaq ehtiyatlarının nəqlində yürütdüyü siyasət təqdir olunur. Adıçəkilən nəşrdə ötən əsrin 90-cı illərindən bu günədək ölkəmizin həyata keçirdiyi enerji siyasəti barədə ətraflı məlumatlar verilir, Azərbaycanın regionun ən qüdrətli ölkəsinə çevrilməsi vurğulanır. Jurnalda göstərilir ki, Azərbaycanda reallaşdırılan sosial-iqtisadi islahatlar regionun və dünyanın enerji təhlükəsizliyini təmin etmiş, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaratmışdır. Azərbaycan hökuməti Avro-Asiya Neft Nəqli Dəhlizi sisteminin yaradılmasını reallaşdırmışdır.

"Foreign Policy" jurnalında həmçinin bildirilir ki, Azərbaycanda ilk ixrac neftinin nəqlinə başlanması enerji siyasətində tamamilə yeni səhifə açmışdır. Cənubi Qafqazın lider ölkəsi ötən əsrin sonlarından başlayaraq ixrac neftinin nəqlini ilbəil genişləndirmişdir. 1997-ci ildən etibarən yanacağın Qərb ölkələrinə nəqli ilə bağlı strateji qərarlar qəbul olunmuş və Bakı-Tbilisi-Ceyhanın işə düşməsindən sonra enerji siyasəti zənginləşməyə başlamışdır. Şərq-Qərb dəhlizinin istifadəyə verilməsi Azərbaycanın Avropa bazarlarına neft ixracını gücləndirməsinə tam zəmin yaratmışdır. Ümumiyyətlə, ilk ixrac neftinin nəqlinə başlanandan indiyədək respublikamızın neft hasilatı 5,6 dəfə qaz hasilatı 5,2 dəfə artmışdır. İndiyədək Azərbaycanın neft-qaz sahəsinə 40 milyard dollardan çox xarici sərmayə yatırılmışdır.

Hazırda Azərbaycan dünyanın 33 ölkəsinə neft və neft məhsulları ixrac edir. BTC işə düşəndən indiyədək Azərbaycan beynəlxalq bazarlara təxminən 255 milyon ton neft, 22 milyard kubmetrdən çox qaz ixrac etmişdir. Azərbaycanın təsdiq edilmiş neft ehtiyatlarının həcmi 2 milyard ton, qaz ehtiyatlarının həcmi isə 2,2 trilyon kubmetr təşkil edir. Nəşrin təhlilçilərinin qənaətinə görə, qarşıdakı illərdə dünyada neftlə yanaşı, qaza olan tələbat əhəmiyyətli dərəcədə artacaq və respublikamız bu dövrdə ən mühüm ixracatçılardan biri olacaq. "Şahdəniz-2" layihəsinin həyata keçirilməsi ilə Azərbaycan Avropa bazarına təbii qazın ixracında mühüm rol oynayacaq və bu bazarda mövqeyini daha da möhkəmləndirəcək. Avropa bazarı dünyanın ən sabit, gəlirli və hüquqi baxımdan yaxşı tənzimlənən bazarıdır. 2017-ci ildən, daha doğrusu, "Şahdəniz-2" həyata keçirildikdən sonra ölkənin qaz istehsalı 55 milyard kubmetrə çatacaq ki, bu da böyük həcmdir. Həmin rəqəmin 70 milyarda çatacağı ehtimalı da var. Bu qazın 35-40 milyard kubmetrinin ixracı nəzərdə tutulur. Bu da Avropa bazarında Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək. Bir neçə ildən sonra respublikamız dünyanın 50-ə yaxın ölkəsinə neft-qaz məhsulları nəql edəcək.

"Foreign Policy" nəşri eyni zamanda bildirir ki, "Cənub qaz dəhlizi", AGRİ layihələrinin reallaşması Qərb bazarlarında Azərbaycanın rolunun artmasına səbəb olacaqdır. 2025-ci ilədək dünyada yanacaq məhsullarına olan tələbatı kəskin şəkildə artacaqdır. Xəzər regionunda neft hasilatı 2015 və 2025-ci illərədək müvafiq olaraq 100 və 150 min ton təşkil edəcəkdir. Buna görə də bu həcmlərin təmini üçün yeni boru kəmərlərinin çəkilməsi, Qazaxıstan, Azərbaycan və Gürcüstanın liman imkanlarının genişləndirilməsi, Azərbaycan və Gürcüstan arasında dəmiryol nəqliyyatının yaxşılaşdırılması, terminallarda anbar qurğularının genişləndirilməsi vacibdir. Yeni enerji dəhlizlərinin yaradılması isə Azərbaycanın həm ixrac coğrafiyasını genişləndirəcək, həm də 50-yə yaxın ölkəyə neft-qaz məhsulları nəql etməsinə imkan verəcəkdir.

Bəli, ölkəmizin sosial-iqtisadi sahələrində dinamik inkişafın, Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə güclənməsinin nəticəsidir ki, Dünya Bankı (DB) Azərbaycan hökuməti ilə birlikdə oktyabrın 17-18-də Azərbaycanın uzunmüddətli iqtisadi inkişafı üzrə ikinci forumu keçirməyi planlaşdırır. Forumda müzakirə ediləcək əsas məsələlər Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, biznes fəaliyyəti üçün vahid qaydaların yaradılması, eləcə də bazar iqtisadiyyatı üçün uyğun institutların təsisi olacaqdır.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən DB ilə əməkdaşlıq edir və əməkdaşlıq çərçivəsində bank hazırda 43 layihənin maliyyələşdirilməsinə 2,9 milyard dollar ayırmışdır. Bu, Türkiyə və Qazaxıstandan sonra ölkəmizi portfelin həcminə görə üçüncü yerə çıxarmışdır.

Ölkəmizin nüfuzu beynəlxalq maliyyə təşkilatlarının ayırdığı kredit tranşlarında da özünü göstərir. Məsələn, Asiya İnkişaf Bankı Azərbaycana müxtəlif layihələrin maliyyələşdirilməsi məqsədi ilə yeni kredit tranşı ayırmağa hazırlaşır. Tranş təxminən 950 milyon ABŞ dolları məbləğindədir. Bankın Bakı ofisindən verilən məlumata görə, biznes-plana əsasən, ehtiyat kreditlər də daxil olmaqla, ölkəmizə 2011-ci ildə 340 milyon dollar məbləğində vəsait ayrılacaqdır. Ümumilikdə isə 2012-ci ildə 355, 2013-cü ildə 250 milyon dollar məbləğində kreditin ayrılması planlaşdırılır. Biznes-planın icrası üçün bank 2 milyon dollar dəyərində texniki yardım (qrant) vəsaiti də ayıracaqdır. Asiya İnkişaf Bankı nəqliyyat, enerji, su təminatı, kanalizasiya, şəhərdaxili xidmət sektorlarını dəstəkləməkdə davam edəcəkdir. Nəqliyyat sektorunda Masallı-Astara yolunun maliyyələşdirilməsi üçün yeni kreditlər ayrılacaqdır.

Bank həmçinin Bakı ilə Gürcüstan sərhədi arasındakı əsas magistral yollarının yenidən qurulması layihələrinin maliyyələşdirilməsini də nəzərdən keçirir. Bu magistral yollar Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının əsas dəhlizi hesab edilir. Bank 2012-ci ildə Azərbaycan üzrə yeni tərəfdaşlıq strategiyasının hazırlanmasını da planlaşdırır.

Yeri gəlmişkən, Azərbaycanın perspektiv uğurlarının yaxın onillikdə müşahidə olunacağını beynəlxalq maliyyə institutları və nüfuzlu təşkilatlar da açıq şəkildə bəyan edirlər. Məsələn, BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsində qeyd olunur ki, "orta gəlirli ölkələr" qrupuna daxil olmaq qısa müddətdə mümkün olmur. 1950-ci ildən sonra belə bir inkişafa 13 ölkə nail olmuşdur. Azərbaycanın tam imkanı vardır ki, bu statusu qazanan 14-cü dövlət olsun. XXI əsrin ikinci onilliyini Azərbaycan üçün siyasi, iqtisadi, sosial sahədə tamamilə yeni bir inkişaf mərhələsi kimi qiymətləndirmək olar. Postneft erasından sonrakı dövrdə - yeni onillikdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlərin davam etdirilməsi, iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılığın minimuma endirilməsi, aqrar sektorun inkişafında intensiv üsullara üstünlüyün verilməsi, biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, yaradılması, məsləhət, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi Azərbaycanın iqtisadi modelinin növbəti strateji hədəflərini təşkil edəcəkdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 10 avqust.- S. 2.