Salyan: Yeni
quruculuq dövrünün uğurları artır
Genişmiqyaslı tədbirlər
nəticəsində rayonun siması sürətlə dəyişir
Son
illərdə Azərbaycan Respublikası sosial-iqtisadi
inkişaf sahəsində qazandığı uğurlarla təkcə
Cənubi Qafqaz respublikaları arasında deyil, bütün MDB
məkanında öncül mövqelərə sahib olub. Bu
gün ölkəmizin inkişaf tempi haqqında yaxın xarici
ölkələrdə ciddi söhbətlər gedir. Avropa
Birliyi enerji sahəsində Azərbaycanla əməkdaşlığı
özünün prioritet vəzifəsi elan edib. Və bu əməkdaşlıq
təkcə enerji sektoru ilə məhdudlaşmır, bir
sıra digər sahələri də əhatə edir.
Artıq bir neçə ildir ki, nüfuzlu beynəlxalq təşkilatların
maliyyə hesabatlarında Azərbaycanın sosial-iqtisadi
uğurları ardıcıl olaraq qeyd edilir. Dünya
İqtisadi Forumunun hesabatlarına görə, Azərbaycan bu
gün rəqabət qabiliyyətinə görə MDB məkanında
birinci yerdədir. İnsan inkişafı indeksi ilə əlaqədar
ən böyük irəliləyiş də Azərbaycanın
payına düşür.
Bu da
təsadüfi deyildir. Ölkə iqtisadiyyatının dinamik
inkişafının baza prinsipləri Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi
dövründə isə ölkənin təkcə siyasi
deyil, həm də iqtisadi tərəqqisi, demək olar ki, hər
gün nəzarətdə və diqqət mərkəzində
saxlanılmış, qarşıya qoyulan sosial-iqtisadi vəzifələrlə
bağlı konkret plan və proqramlar cəsarətlə icra
edilmişdir. Nəticədə Azərbaycan regionun ən
qüdrətli dövlətinə çevrilmiş, iqtisadi
uğurlar təkcə neft və qaz sahəsini deyil,
bütün sahələri əhatə etmişdir.
Sosial problemlərin həlli iqtisadi
inkişafdan keçir
Bütün ölkədə müşahidə edilən
sosial-iqtisadi inkişafı Salyan rayonunda da görmək
mümkündür. Prezident İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" çərçivəsində
rayonda davamlı olaraq mühüm əhəmiyyətli işlər
görülür. 2011-ci ilin birinci yarısında
sosial-iqtisadi göstəricilər artmış, nəticədə
məhsul buraxılışının həcmi 6,7 faiz artaraq
73 milyon 696 min manat olmuşdur. Sənaye məhsulunun ümumi həcmi
8,5 faiz, pərakəndə ticarət dövriyyəsi 12,1 faiz,
əhaliyə göstərilən pullu xidmət 17,6 faiz, kənd
təsərrüfatı məhsullarının həcmi 5,3
faiz, rabitə işlərinin həcmi 15,8 faiz artmış, əsas
kapitala yönəldilən investisiyanın həcmi 10,9 dəfə
artaraq 41 milyon 118 min manat olmuşdur. Bir nəfərə
düşən orta aylıq əmək haqqı 192 manata
çatmışdır.
Əhalinin sosial problemlərinin həlli daim rayon icra
hakimiyyətinin diqqət mərkəzindədir. Rayonda 2600 ailənin
11180 nəfər üzvü sosial yardım alır. Hazırda 5077 nəfərə sosial müavinət
ödənilir. İlin birinci yarısında rayon
büdcəsinin gəlirləri 2 milyon 694 min manata
qarşı 3 milyon 460 min manat, yəni 128,5 faiz yerinə
yetirilmişdir. Büdcə təşkilatlarında
çalışan işçilərin əmək
haqları, pensiya və müavinətlər plastik kartlarla
ödənilir. Bu məqsədlə "Kapital
Bank"ASC-nin rayon filialı tərəfindən 7, o cümlədən,
kəndlərdə 3 bankomat quraşdırılmış,
Yenikənd ərazisində 1 bankomatın yaxın günlərdə
quraşdırılması nəzərdə tutulmuşdur.
Rayonda
yeni iş yerlərinin yaradılması, işsiz vətəndaşların,
xüsusilə gənclərin, sosial müdafiəyə daha
cox ehtiyacı olan insanların məşğulluğunun
gücləndirilməsi üçün rayonda hər il yeni emal müəssisələri və xidmət
sahələri yaradılır. İdarə, müəssisə,
təşkilat və özəl strukturlarda olan boş iş
yerləri vətəndaşlara təklif olunur. Bu ilin birinci
yarısında 751 iş yeri yaradılmışdır ki,
bunun da 303-ü daimidir. Bütün bunlarla yanaşı,
rayonun idarə, müəssisə və təşkilatlarında
133, dövlət qulluğu vəzifələri üzrə 10
boş (vakant) iş yerləri vardır.
2011-ci ilin birinci yarısınıda Salyanda
tikinti-quruculuq və abadlıq işləri geniş vüsət
almışdır. Qarabağ müharibəsi əlilləri və şəhid
ailələri üçün 16 mənzilli
yaşayış binası, 8 saylı Ərazi Dövlət Nəzarəti
İdarəsinin inzibati binası, Abadkənd və Parça Xələc
kəndlərində yeni poçt şöbəsi tikilib
istifadəyə verilmişdir. Yararsız vəziyyətə
düşmüş XIX əsrin tarixi abidəsi olan Cümə
məscidində təmir-bərpa işləri başa
çatdırılmışdır. Hazırda
Heydər Əliyev Fondunun dəstəyi ilə Uşaqların
Texniki Yaradıcılıq Mərkəzi və Uşaq
Kitabxanası üçün yeni binanın tikintisində son
tamamlama işləri aparılır. Fövqaladə
Hallar Nazirliyinin xətti ilə Kür çayının
daşqını zamanı ziyan çəkmiş ailələr
üçün əlavə olaraq şəhər ərazisində
59, Qaraçala qəsəbəsində, Çuxanlı, Kərimbəyli
və Qarabağlı kəndlərində 11 evin tikintisi davam
etdirilir. Şəhərin küçələrində
6100 metr uzunluğunda yağış sularının
axıdılması üçün küveytlər
qazılıb mişar daşı ilə
hörülmüşdür. "Kür"
mehmanxanasında, Salyan Olimpiya İdman Kompleksinin stadionunda təmir
və tikinti işləri görülür. Prezident
İlham Əliyevin bölgəyə səfəri zamanı
aparılan tikinti-quruculuq və abadlıq işləri ilə tanış olması və görülən
işləri yüksək qiymətləndirməsi rayon
ictimaiyyətini ruhlandırmış, qurub-yaratmaq əzmini
artırmışdır. Prezidentin 19 aprel 2011-ci il tarixli
"Astara, Masallı və Salyan rayonlarının
sosial-iqtisadi inkişafinin sürətləndirilməsi ilə
bağlı tədbirlər haqqında" sərəncamına
əsasən, 2011-ci ilin dövlət büdcəsində nəzərdə
tutulmuş Prezidentin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə
2 milyon manat, Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli sərəncamı
ilə icra hakimiyyətinin inzibati binasının tikintisi
üçün 2 milyon manat, Azərbaycan Müəllimlər
İnstitutu Salyan filialının inzibati və yataqxana
binalarının əsaslı təmiri üçün 500
min manat, şəhər ərazisində evlərin dam
örtüyünün dəyişdirilməsi
üçün 500 min manat vəsait ayrılmış və
bu işlərə başlanmışdır.
Abadlaşdırma ümumölkə
tədbiridir
Şəhərin
giriş hissəsindən başlayaraq Ələt-Astara yolunun
şəhər ərazisindən keçən hissəsində,
Dövlət Bayrağı meydanında, Y.Qasımov,
X.R.Ulutürk, T.Xəlilbəyli, Heydər Əliyev və
Nizami küçələrində genişmiqyaslı
quruculuq-abadlıq işləri aparılır. Eni 8 metr,
hündürlüyü 11 metr olan "Salyan şəhəri"
göstəricisi klassik memarlıq üslubunda tikilmiş və
hazırda burada son tamamlama işləri aparılır. 2034
metr uzunluqda istinad divarı tikilmiş və 3254 kvadratmetr sahə
"Gülbaxt" ağ lay daşı ilə
üzlənmişdir. Dövlət Bayrağı meydanında,
"Heydər bulağı", "20 Yanvar" abidə
kompleksində, "1941-45-ci il Böyük Vətən
müharibəsi" abidə komplekslərinin ətrafında
ümumilikdə 1811 kvadratmetr "Gülbaxt" ağ lay
daşı ilə üzlənmə işləri
görülmüşdür. Şəhərdəki
mağazaların və digər sosial obyektlərin fasadları
24076 kvadratmetr "Gülbaxt" ağ lay
daşı ilə üzlənmişdir. Y.Qasımov
küçəsindəki 4 saylı binanın fasadında
4021, 6 saylı binanın fasadında 3464, X.R.Ulutürk
küçəsindəki 28 saylı binanın fasadında
1682, 30 saylı binanın fasadında 3464, T.Xəlilbəyli
küçəsindəki 150 saylı binanın fasadında
3464 kvadratmetr sahə "Gülbaxt" ağ lay daşı
ilə üzlənərək istifadəyə verilmişdir.
Hazırda T.Xəlilbəyli küçəsi 109, 111, 113, 115,
164, 146 saylı iki mərtəbəli kommunal evlərin
fasadlarında yenidənqurma işləri aparılır, ağ lay daşı ilə üzlənmə
işləri davam etdirilir. X.R.Ulutürk və T.Xəlilbəyli
küçələrində 40-a qədər fərdi evin
fasadı və hasarı yenidən qurulmuşdur və milli
ornamentə uyğun ağ lay daşı
ilə üzlənmə işləri görülür. Rayon
mərkəzindəki küçələrə 5,8 kilometr uzunluğunda asfalt döşənmişdir.
Hazırda şəhərin bütün bina və
küçələrində işıqlandırma sistemi əsaslı
surətdə yenidən qurulur.
Aparılan belə irimiqyaslı abadlıq-quruculuq işləri
fonunda təəssüflə qeyd olunmalıdır ki, bəzi
məkrli insanlar tərəfindən şayiələr
yayılması, işlərə əngəl törədilməsi
halları da baş vermişdir. Elə insanlar
olmuşdur ki, işə dəstək vermək əvəzinə,
özlərinə məxsus ticarət-iaşə obyektlərini
təmir etməkdən yayınmış, eyni zamanda,
böhtan xarakterli şikayətlər edərək işə
mane olmağa çalışmışlar. Lakin rayon icra hakimiyyətinin başçısı
Tahir Kərimovun da haqlı olaraq bildirdiyi kimi, xeyirxah işlər
görənləri heç bir hədə-qorxu və şər-böhtan
yayındıra bilməz. Əsas odur ki,
dövlət başçısı Salyanda həyata
keçirilən işləri yüksək qiymətləndirir.
Bu da sözsüz ki, gecəsini
gündüzünə qatan insanları daha həvəslə
çalışmağa ruhlandırır.
Salyanın təhsil müəssisələrində də
müəyyən işlər aparılır. Düzənlik kəndində
180 şagird yerlik yeni məktəb binasının tikintisinə
başlanılmış, 480 şagird yerlik Qarabağlı kənd
tam orta məktəbi binasının tikintisi üçün
torpaq sahəsi ayrılmış, texniki sənədlər
hazırlanaraq Təhsil Nazirliyinə göndərilmişdir. Boranıkənd və Yolüstü kənd orta məktəbləri
üçün sənədlər
hazırlanmışdır.
İşıq, qaz və su təchizatı
yaxşılaşıb...
Elektrik təchizatında normal vəziyyəti təmin
etmək üçün müəyyən işlər
görülmüşdür. 20 ədəd 110/35 kv-luq və 215 ədəd
10/6/0,4 kv-luq transfarmatorlar əsaslı təmir
edilmiş, 387 ədəd 10/6/0,4 kv-luq yarımstansiyada cari təmir
işləri aparılmışdır. 7,1
kilometr uzunluğunda yararsız naqillər dəyişdirilmiş,
Arbatan, Parça Xələc, Yolüstü, Varlı, Kürsəngi
kəndlərində giriş sayğacları
quraşdırılmışdır. Ümumilikdə
1456 ədəd sayğac quraşdırılmışdır.
Şəhərin "SİP" kabelə keçməsi ilə
əlaqədar 431 ədəd ağac dirək, 290 ədəd
dəmir və beton, Arbatan kəndində 380 ədəd dayaq
basdırılmış, 15040 metr SİP kabel çəkilmiş,
466 ədəd smartkart tipli sayğac
quraşdırılmışdır. Hazırda şəhər
ərazisində beton dirəklərin daha müasir metal dirəklərlə
əvəz edilməsinə və smart tipli sayğacların
quraşdırılmasına başlanmışdır. Salyan şəhərinin və kəndlərin qaz təchizatının
yaxşılaşdırılması məqsədilə bir
sıra işlər görülmüşdür. 1512
metr uzunluğunda yeni qaz kəməri çəkilmiş,
şəhər ərazisində 800 metr uzunluğunda 200
millimetr diametrli polietilen yeraltı qaz kəməri çəkilərək
şəbəkəyə qoşulmuşdur. Həyətlərdəki
qaz xətləri və sayğaclar kənara
çıxarılmışdır. Sənaye
cihaz markalı qaz sayğacları yeni temperatura korrektə
olunmuş qaz sayğacları ilə əvəz olunmuşdur.
Pambıqkənd kəndində 170 ədəd və
Bəşirbəyli kəndində 112 ədəd sayğac
quraşdırılmışdır. Yolüstü kəndi
üzrə ümumi uzunluğu 29028 metr olan
daşıyıcı və kənddaxili qaz kəmərləri
birpilləli, polietilen borularla çəkilmiş, 383 ədəd
sayğac quraşdırılmış və hazırda
sayğaclaşma işləri davam etdirilir.
Rayonda içməli su təchizatı və kanalizasiya
xidmətinin yaxşılaşdırılması istiqamətində
mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur.
Prezident İlham Əliyevin 8 fevral 2011-ci il
tarixli fərmanı ilə əhalinin içməli su təchizatı
və kanalizasiya xidmətlərinə görə borclarının
silinməsini salyanlılar da yüksək minnətdarlıq və
razılıq hissi ilə qarşılamışdır.
Şəhərin sutəmizləyici stansiyasında
nasoslar, Kürüstü nasosxanasında elektrik mühərriki
və 350 metr daxili su xətti təmir edilmişdir. Plasmas yaşayış
massivində yeni tikilən yaşayış evləri
üçün 1100 metr mərkəzi, 1500 metr daxili su xətti
çəkilmişdir. Azərbaycan və Yaponiya hökumətləri
arasında "Kiçik şəhərlərin su təchizatının
və kanalizasiya sisteminin təkmilləşdirilməsi"
çərçivəsində Salyan şəhərinin su və
kanalizasiya sisteminin yenidən qurulması üçün 68
milyon manatlıq işlərin görülməsi, 2012-ci ildə
30-40 ildən bəri istismarda olan şəhərin su və
kanalizasiya sisteminin yenidən qurulması nəzərdə
tutulmuşdur.
Əhaliyə
və idarə-təşkilatlara rabitə xidmətinin həcminin
və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə
rayon mərkəzində 5000 nömrəlik ATSKU tipli stansiya
4500 nömrəlik NGN tipli EATS-lə əvəz edilmişdir.
Rayonda istifadəyə verilmiş 6068 NN tutumlu NGN tipli EATS
üzərindən 968 abunəçiyə geniş zolaqlı
internet və diğər multimediya xidmətlərinin göstərilməsinə
başlanılmışdır. Dəmiryol qəsəbəsində,
Arbatan, Aşağı Kürkənd, Kürqaraqaşlı kəndlərində
internet klublar yaradılmışdır.
Etibarlı ərzaq təminatı
yaradılır
"Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı" (2009-2013-ci illər) və
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı"nın
icrası ilə əlaqədar aqrar sahədə bir sıra tədbirlər
həyata keçirilmişdir. 2010-cu ilin payızında 2011-ci
ilin məhsulu üçün 16531 hektar sahədə
taxıl əkini aparılmışdır ki, bunun da 6335
hektarını buğda, 10196 hektarını isə arpa əkin
sahələri təşkil edir. Rayonda hər hektardan məhsuldarlıq
30,5 sentner olmaqla 43398 ton taxıl istehsal olunmuşdur ki, bu da
ötən ilin müvafiq dövrü ilə müqayisədə
6706 ton çoxdur. Bu il Salyanda 50 min tona
yaxın taxıl istehsalı gözlənilir. Təsərrüfatlarda
9525 hektar sahədə yazlıq əkinlər
aparılmışdır ki, bunun da 284 hektarını
qarğıdalı, 308 hektarını yazlıq arpa, 1269
hektarını pambıq, 182 hektarını günəbaxan,
4222 hektarını təzə yonca, 200 hektarını silosluq
qarğıdalı, 449 hektarını kartof, 1420
hektarını tərəvəz, 1267 hektarını bostan sahələri
təşkil edir. Ümumilikdə rayonda cəmi əkinlər
43065,0 hektar təşkil edir ki, bu da ötən
ilin müvafiq dövrü ilə müqaisədə 2 min
hektar çoxdur.
İlin
birinci yarısında iribuynuzlu heyvanların baş sayı
ötən ilin müvafiq dövrü ilə müqayisədə
1,7 faiz artaraq 61104 olmuş, ana inəklərin baş sayı
32636, qoyun və keçilərin baş sayı 180625
olmuşdur. 1 iyula rayonda ət istehsalı 4075,3 ton, ötən
ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz
çox, süd istehsalı 20883 ton, ötən ilin müvafiq
dövrü ilə müqayisədə 6,1 faiz çox, yumurta
istehsalı 13300 min ədəd, ötən ilin müvafiq
dövrü ilə müqayisədə 8 faiz çox, yun
istehsalı 325,3 ton, ötən ilin müvafiq dörü ilə
müqayisədə 4 faiz çox olmuşdur. 15
süni mayalama məntəqəsi tərəfindən 1072 inək
və düyədə süni mayalama işləri aparmaqla,
481 sağlam buzov alınmışdır.
Ümumilikdə
rayonda 39 milyon 344 min manatlıq kənd təsərrüfatı
məhsulları istehsal olunmuşdur ki, bu da 2010-cu ilin
müvafiq dövrü ilə müqayisədə 1 milyon 997
min manat və ya 5,3 faiz çoxdur. Bu ilin
altı ayında rayonda kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət tərəfindən
maliyyə dəstəyi davam etdirilmişdir. 17 kənd ərazi
komissiyası üzrə 1594 istehsalçıya becərdikləri
5184,34 hektar buğda sahəsinə görə 207373 manat
yardım ayrılması barədə qərar qəbul
edilmişdir. 2011-ci ilin ikinci rübündə 11232 nəfər
kənd təsərrüfatı məhsulları
istehsalçısına əkib becərdikləri 32947,51
hektar əkin sahələsinə görə 1milyon 317 min 900
manat subsidiya verilməsi üçün sənədlər ərazi
komissiyaları və rayon komissiyası tərəfindən
hesablanaraq Respublika Komissiyasına təqdim edilmişdir. Kənd təsərrüfatı məhsulları
istehsalçılarına güzəştli şərtlərlə
"Aqrolizinq" ASC-nin Salyan filialı və
"Aqrokimya" MMC tərəfindən 1100 ton mineral gübrə
(azot və fosfor) satılmışdır.
Qeyri-neft sektorunun, o cümlədən, kənd təsərrüfatının
inkişaf etdirilməsi, yeni istehsal sahələrinin
yaradılması istiqamətində bir sıra tədbirlər
həyata keçirilmişdir. İqtisadi
İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli
Fondunun kreditləri və sahibkarların vəsaiti hesabına
yeni istehsal və emal sənayesi sahələrinin
yaradılması istiqamətində işlər
aparılır. Hazırda Çuxanlı kəndi ərazisində
"Şəfa" Quşçuluq ASC-nin istehsal gücü
450 min ədəd yumurta olan inkubator sexinin tikitisi davam etdirilir.
Qaraçala qəsəbəsi ərazisində fəaliyyət
göstərən "Hacı Camalxan" kəndli fermer təsərrüfatı
tərəfindən 10 min tonluq taxıl anbarının
tikintisi başa çatdırılıb, 2400 başlıq
beynəlxalq standartlara uyğun süd-əmtəə
kompleksinin tikintisi isə davam etdirilir. "Ələddin
Fermer" MMC tərəfindən illik istehsal gücü 580
ton olan meyvəqurutma sexinin tikintisinə
başlanılmışdır. "Dövlət vəsaiti
hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə
lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı
məhsulları istehsalçılarına satılması
qaydaları"na əsasən, "Nurgün" aqroşirkətinin
Salyan filialına Avstriyadan lizinq yolu ilə gətirilmiş 62
cins düyənin 58-dən sağlam bala
alınmışdır.
Salyanda kənd təsərrüfatının inkişaf
etdirilməsi üçün torpaqların meliorativ cəhətdən
yaxşılaşdırılması, kənd təsərrüfatı
bitkilərinin suvarma suyu ilə vaxtında təmin edilməsi
mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə
torpaq sahələrinin su təminatının və meliorativ vəziyyətinin
yaxşılaşdırılması məqsədilə 233
kilometr kollektor dren şəbəkəsi, 346 kilometr suvarma
kanalı lildən təmizlənmişdir.
Dövlət başçısı İlham Əliyevin
təsdiq etdiyi bioloji müxtəlifliyin qorunması və
davamlı istifadəsinə dair Milli Strategiya Fəaliyyət
Proqramının icrası ilə əlaqədar Salyanda bir
sıra tədbirlər həyata keçirilmişdir. Rayon ərazisində
olan biomüxtəliflikləri qoruyub saxlamaq üçün
yaşayış yerlərinin ətrafında, park və
xiyabanlarda yaşıllıqların salınmasına
xüsusi diqqət yetirilmişdir. İlin
birinci yarısında rayon ərazisində 15 min 800 ədəd
ağac və gül kolları əkilmiş, onlara aqrotexniki
qaydalara uyğun qulluq göstərilmişdir. Əkilən
ağacların əksər hissəsini həmişəyaşıl
ağaclar (Eldar şamı, sərv,
küknar) təşkil etmişdir.
Yeniliklər salyanlıların da
ürəyincədir
Rayonun sosial-iqtisadi inkişafı ilə bağlı
söhbət etdiyimiz salyanlılar da son vaxtlar burada
aparılmış abadlıq - quruculuq işlərindən həvəslə
danışdılar. Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Salyan Rayon Komitəsinin sədri Yaqut Ələsgərova
bildirdi ki, Tahir Kərimovun rayona rəhbərliyə
başladığı cəmi bir neçə ay ərzində,
sözün əsil mənasında, genişmiqyaslı tədbirlər
görülür. Bu işlər, əlbəttə,
bütün salyanlıların, o cümlədən, təhsil
işçilərinin də ürəyincədir.
Ağsaqqal Hacı Xeyrulla Əliyev də icra
başçısının Salyanın
abadlaşdırılması, sosial-iqtisadi inkişafı
üçün əlindən gələn hər şeyi
etdiyini məmnunluqla vurğuladı. Görülmüş
işlər nəticəsində rayonun simasının əsaslı
dərəcədə dəyişdiyini deyən
ağsaqqalın sözlərinə görə, əhalinin
sosial vəziyyətində də nəzərəçarpan
irəliləyişlər baş verib. İndi
ən başlıcası odur ki, hər bir sakin
özünü sosial cəhətdən tamamilə müdafiə
olunmuş hiss edir.
Prezident
İlham Əliyevin xalqa yüksək qayğısından
razılıqla söz açan ağsaqqal Piralı Musayev isə
qeyd etdi ki, ölkə başçısının Salyana yeni
və uğurlu təyinatı salyanlıların, demək olar
ki, hamısında illərlə yığılıb
qalmış problemlərin tezliklə həllinə ümid
yaradır. Artıq qısa müddət ərzində hiss
edilir ki, insanlara qayğı, doğrudan da artıb, sosial ədalət
prinsiplərinə ciddi əməl edilir.
Çernobıl Əlilləri Cəmiyyəti rayon təşkilatının
sədri Rasim İbrahimovun sözlərinə görə,
rayonda digər imtiyazlı qruplar kimi, Çernobıl əlilləri
də dövlətin qayğı və diqqəti ilə əhatə
olunub. Onların arzu və istəkləri indi daha
yaxşı dinlənilir və onların gerçəkləşməsi
üçün imkan daxilində hər şey edilir. Həmsöhbət olduğumuz salyanlıların
hamısı son aylar ərzində rayonda formalaşmış
sağlam ab-havadan, işgüzar mühitdən razılıq
edərək məmnunluq hissi ilə vurğuladılar ki,
ölkə başçısı İlham Əliyevin Salyana
diqqət və qayğısı ulu öndər Heydər Əliyevin
Salyana məxsusi münasibətini xatırladır. Təsadüfi deyil ki, salyanlılar ümummilli
liderin 1969-cu ildə ölkə başçısı kimi ilk
səfərini Salyana etdiyini, ikinci dəfə hakimiyyətə
qayıtdıqdan sonra da bu ənənəni davam etdirərək
seçkilər zamanı və digər əlamətdar
vaxtlarda da ilk olaraq məhz bu rayona gəldiyini həmişə
xoş xatirələrlə yad edirlər. Salyanın
yaxın şanlı keçmişində ulu öndərin
misilsiz rolu olduğunu və onun layiqli davamçısı
Prezident İlham Əliyev tərəfindən bu gün rayonun
tarixində və taleyində yeni bir mərhələnin
başlandığını dilə gətirən həmsöhbətlərim
fərəhlə bildirdilər ki, yaxın bir neçə il ərzində
səliqə-sahmanı, yaraşığı göz
oxşayan, tamamilə müasir bir Salyanın sakinləri
olacaqları üçün indidən özlərini xoşbəxt
sayırlar.
... Azərbaycanın cənub bölgəsinin girişi
Salyandan başlayır. Belə bir nöqtədə
yerləşən strateyi əhəmiyyətli rayonun tərəqqisi
və dirçəlişi təkcə salyanlılar tərəfindən
deyil, eyni zamanda, bu bölgənin bütün əhalisi tərəfindən
müşahidə olunur və sözün əsil mənasında
razılıqla, rəğbətlə qarşılanır.
Rayonu başdan-başa ağuşuna
almış yeniləşmə və inkişaf ruhu həm də
Salyanın daha çıraqban günlərinin qarşıda
olduğunun müjdəsini verir.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.- 2011.- 11 avqust.- S. 4.