Regionların inkişafı daim diqqət mərkəzində saxlanılır

 

Azərbaycanda hazırda ikinci regional Dövlət Proqramında nəzərdə tutulan bütün tədbirlər uğurla həyata keçirilir. Yolların, su xətlərinin çəkilməsi, qazlaşdırma, elektriklə təchizat və digər infrastruktur layihələrinin reallaşdırılması əhalinin rifah halını daha da yaxşılaşdırır. İqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft sektorunda dinamik artım müşahidə olunur.Son iki ildə ölkə iqtisadiyyatın 15 faiz artımı bunun bariz ifadəsidir. Tərəqqiyə, dirçəlişə regionların inkişafına yönəldilmiş proqramların icrası da təkan verib.

 

Yerlərdə sahibkarlara dövlət dəstəyi nəticəsində özəl sektor xeyli inkişaf edib. Bu gün iqtisadiyyatın 80 faizdən çoxu məhz özəl sektorda cəmləşib. Dövlət başçısı İlham Əliyevin ikinci regional proqramın icrasını daim diqqət mərkəzində saxlaması, mütəmadi şəkildə yerlərdə olması, görülən işlərlə ciddi şəkildə maraqlanması, qarşıya çıxan problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verməsi də, şübhəsiz ki, regionların inkişafının dinamik xarakter almasına öz müsbət təsirini göstərmişdir.

Regionların dinamik inkişafı Statistika Komitəsinin ölkənin sosial-iqtisadi inkişafını əks etdirən göstəricilərində də öz ifadəsini tapmışdır. Belə ki, bu ilin əvvəlindən inşaat kompleksində 4,5 milyard manat məbləğində vəsaitdən istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 57,2 faizi və ya 2,6 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2010-cu ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf olunmuş vəsait qoyuluşunu həcmi 17,8 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 2,2 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 72,8 faizini və ya 3,3 milyard manatını daxili investisiyalar təşkil etmiş və 9 faiz artmışdır. Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra infrastruktur layihələri reallaşdırılmışdır. Belə ki, Qazax-Gürcüstan dövlət sərhədi, Kürdəmir-Ucar, Tovuz-Böyük Qışlaq-Qaralar, Astara-Bala Şahağac, Ağcabədi-Qaradolaq-Kəbirli və İmişli-Qaravəlli-Mirili avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır. Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5959,9 milyon manat vəsaitin 1311,7 milyon manatından istifadə edilmişdir.

Bu gün inşa edilən soyuducu və taxıl anbarları komplekslərinin yaradılması, taxıl elevatorlarının istismara verilməsi ərzaq təhlükəsizliyinin təmin olunmasına, regionların sosial-iqtisadi inkişafına və investisiya cəlbediciliyinin artırılmasına, kənd təsərrüfatının intensiv inkişafına, məhsul itkisinin qarşısının alınmasına, daxili bazarın qorunmasına, istehlakçıların hüquqlarının müdafiə olunmasına, yeni texnologiyaların tətbiqinə və ixrac potensialının artırılmasına təkan verməklə, ölkə iqtisadiyyatının inkişafına da böyük töhfələr verəcəkdir. Belə ki, kənd təsərrüfatı məhsullarının ixrac potensialından səmərəli istifadə baxımından bir məhsulun istehsalı qədər, onun müvafiq saxlama şəraiti ilə təmin olunması mühümdür. İnşa edilən soyuducu və taxıl anbarları kənd təsərrüfatı məhsullarının bazara çıxış müddətinin artırılması və məhsulun istehsal mövsümündə ucuz qiymətlə ixrac edilməsi əvəzinə onun müəyyən müddət saxlayaraq daha münasib qiymətlə ixrac edilməsinə imkan yaradır.

Regionlara göstərilən diqqət sosial sahənin inkişafına da təsirsiz ötüşmür. Xatırladaq ki, son illər sosial sahəyə yönəldilən tədbirlərin miqyası genişləndirilib. Dövlət başçısı bunun əhəmiyyətini vurğulayaraq demişdir: "Bütün bu işlərlə bərabər, biz ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafını güclü sosial siyasət aparmadan təmin edə bilməzdik. Bu məqsədlə Azərbaycanda çox güclü sosial siyasət aparılır. Bu siyasət özünü müxtəlif istiqamətlərdə büruzə verir. Təkcə maaş və pensiyaların artımı ilə biz öz fəaliyyətimizi məhdudlaşdırmırıq, eyni zamanda, sosial infrastrukturun yaradılması işində böyük sərmayələr qoyuruq".

Bütün bunların nəticəsidir ki, son altı-yeddi ildə ölkədə 2 mindən çox məktəb, 400-ə yaxın tibb müəssisəsi, 29 Olimpiya idman mərkəzi tikilib. Bölgələrdə yaradılan sosial infrastruktur, xüsusilə müasir tələblər səviyyəsində fəaliyyət göstərən səhiyyə müəssisələri mühüm əhəmiyyət kəsb edir.

Respublikamızın maliyyə ehtiyatlarının həcminin artaraq 38 milyard dollara çatması, eləcə də, büdcə vəsaitlərinin 20 milyard dollar təşkil etməsi sosial infrastruktur sahələrində daha yeni layihələrə başlamağa əlverişli zəmin yaradır. Məlum olduğu kimi, hökumət büdcənin böyük bir hissəsini sosial proqramlarla yanaşı, investisiya və infrastruktur proqramlarına yönəldir. Ötən dövr ərzində sosial obyektlərin tikintisi, məktəb və xəstəxanaların inşası, təmiri, yeni müasir tibb müəssisələrinin yaradılması və ən son texnika ilə təminatı, qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin salınması, körpü, yol tikintisi, elektrik stansiyalarının yenidən qurulması və digər layihələr infrastruktur proqramlarının çox əhatəli olduğunu təsdiqləyir.

İnfrastruktur layihələri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.

İnfrastruktur layihələrinin icrasının sürətləndirilməsi onu göstərir ki, qarşıdakı növbəti yarımillikdə bu layihələrin maliyyə tutumu və miqyası bir qədər də genişləndiriləcəkdir. Ən nəhəng infrastruktur layihələrinin başa çatdırılması, yenilərinin icrasına başlanması nəzərdə tutulur. Dövlətimizin başçısı respublikanın bütün bölgələrində sosial və infrastruktur layihələrinin, inkişaf proqramlarının davamlı olaraq həyata keçiriləcəyini və mövcud olan problemlərin tamamilə öz həllini tapacağını qeyd etmişdir:

"Bu ilin sonuna qədər kənd yollarının tikintisinə böyük vəsait ayrılacaqdır. Dövlət büdcəsində bu vəsait nəzərdə tutulub və elə etməliyik ki, kənd yollarının tikintisi ilə daha da ciddi məşğul olaq. Əvvəlki dövrdə Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitin hesabına bəzi rayonlarda kənd yolları tikilmişdir. Onların əksəriyyəti torpaq yolları idi, çox yararsız vəziyyətdə idi. İndi isə ilin sonuna qədər böyük kənd yolları layihəsi icra ediləcəkdir. Əlbəttə ki, gələn il də bu layihə icra ediləcək və biz çalışmalıyıq ki, bütün kəndlərdə yollar yaxşı səviyyədə olsun. Yəni, məqsəd bundan ibarətdir. Bu ilin sonuna qədər bir neçə rayonda bu layihələr icra olunacaqdır".

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda regionların inkişafı ilə yanaşı, sahibkarlığın dinamik yüksəlişinə də xüsusi önəm verilir. Proqrama əsasən, sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə də yönəldilir. Dövlət Proqramında həmçinin davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.

Dövlətimizin başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilmişdir. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulması dövlətin özəl sektora dəstəyinin real təzahürüdür. Sahibkarlara dövlət tərəfindən ayrılan güzəştli kreditlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin qarşısının alınması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan qanunun qəbulu iş adamları tərəfindən razılıqla qarşılanır.

Regional inkişaf proqramının icrası nəticəsində təkcə bu ilin altı ayında 38 min yeni iş yeri açılmışdır və bu proses davam edir. Cari ilin altı ayında Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 823 sahibkarlıq subyektinə ayrılan 72 milyon manat güzəştli kreditlərin 72 faizi respublikanın regionlarının, 24 faizi isə Bakı qəsəbələrinin payına düşür. Bu vəsaitlərin 70 faizindən çoxu aqrar sektorun inkişafına yönəldilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə güzəştli kredit alan sahibkarların sayı 1,5 dəfə, yeni iş yerlərinin sayı isə 1,6 dəfə artmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev regionlarla yanaşı, Bakı şəhərinin də inkişafına xüsusi diqqət və qayğı göstərir.Bununla əlaqədar son illər bir sıra tədbirlər həyata keçirilmişdir.Xatırlatmaq yerinə düşər ki, bir müddət bundan əvvəl Prezident İlham Əliyev ayrı-ayrı dövlət məmurlarını, qəsəbə ağsaqqallarını dinlədikdən sonra paytaxt və ətraf qəsəbələrin problemlərinin kompleks həllinə xidmət edən xüsusi dövlət proqramının hazırlanması təşəbbüsünü irəli sürmüşdür. Bu təşəbbüs əsasında hazırlanaraq imzalanmış "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın həyata keçirilməsi paytaxt və ətraf qəsəbələrin də sürətli inkişafına böyük təkan vermişdir.

Proqram çərçivəsində paytaxt rayonlarında tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi üçün çox iş görülmüşdür. Nəticədə, Bakının, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür. Həmçinin son illər ərzində Bakı qəsəbələrində yol infrastrukturu yeniləşdirilmiş, yeni məktəb və tibb müəssisələri tikilmiş, bir çoxları əsaslı şəkildə təmir edilmişdir. Paytaxtı içməli su ilə təmin etmək üçün Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmişdir.

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev paytaxtda müxtəlif obyektlərin, yolların, körpülərin təməlqoyma və açılış mərasimlərində daim iştirak etmiş, eyni zamanda, qarşıya çıxan problemlərin ən qısa zamanda həlli üçün müvafiq göstərişlər vermişdir. Bütün bunların nəticəsidir ki, son bir neçə ildə şəhərimizdə 23 yol ötürücüsü, körpülər, tunellər istifadəyə verilmiş, yolların genişləndirilməsi layihələri icra olunmuş, 32 piyada keçidi tikilmişdir. Ölkə başçısının diqqət və qayğısı paytaxt və paytaxtətrafı qəsəbələrin dinamik inkişafına, yığılıb qalan bir çox problemlərin həllinə də əsaslı təkan vermişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 11 avqust.- S. 3.