Qabilin 85 illik yubileyinə avtoportret

 

Çağdaş Azərbaycan şeirinin ən görkəmli nümayəndələrindən biri olan xalq şairi Qabilin özünə kənardan baxışının ən konkret, biçimli və obyektiv qiyməti kimi səslənən bu misralar böyük sənətkarımızın yaradıcılığının əsas qayəsini təşkil edir.

 

Qibləgahım-həqiqət,

Səcdəgahım-sədaqət.

Daş-tərəzim-ədalət,

Qətiyyətim-cəsarət.

Riyadan, xəyanətdən

Uzağam yeddi iqlim,

Əyilləm haqq önündə

Bilsəm ki, nahaqqam mən.

 

QABIL

 

 

60 ildən çox parlaq istedadı və qüdrətli sənətkar təxəyyülü ilə yazıb-yaratmış Qabil dövrümüzün sevilən, oxunan və sayılan şairlərindən biri kimi sadə, səmimi və nurlu bir şəxsiyyət idi. Xalq şairi Qabilin yaradıcılıq yolu şəxsiyyəti ilə həmahəngdir.

Akademik Vasim Məmmədəliyevin bununla bağlı fikirləri necə də yerinə düşür. "Qabil çağdaş Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biridir. Onun poeziyası özü kimi sadə və səmimidir. Qabil sözə tələbkar, qənaətçildir, vəzn, qafiyə xatirinə yersiz söz işlətmir. Qabil böyük mətləbləri qısa, yığcam şəkildə ifadə edə bilən bir sənətkardır. Onun bu gün xalq arasında aforizmə çevrilmiş "MÜSİBƏT OLURUQ BİZ, SƏHV DÜŞƏNDƏ YERİMİZ" beyti buna canlı sübutdur. Qabildə bu qəbildən olan aforizmlər az deyil.

Qabilin "Nəsimi" poeması dahi şairimiz haqqında yazılmış ən dolğun, ən gözəl bədii əsərlərdən biridir. Şairin özünün televiziya söhbətlərindən birində qeyd etdiyi kimi, bu, onun öz Nəsimisidir.

Qabilin vəfatı ədəbiyyatımız üçün böyük itkidir. Onun cismən yoxluğu günü-gündən daha çox bilinir. Lakin biz bir şeydən təsəlli tapırıq ki, Qabilin həmişə oxucusu olub, varolacaq."

Həyatda mehriban, səmimi və duzlu zarafatları ilə tanınan şair barəsində yaradılan maraqlı lətifələr xalq yazıçısı İsmayıl Şıxlı tərəfindən xalqa çoxdan çatdırılmışdır.

Hələ Qabilin sağlığında çoxsaylı sənət dostları bu böyük sənətkarın şəxsiyyətinə çox yüksək qiymət vermiş, onu çağdaş poeziyamızın "Qan təzyiqi" adlandırmışlar. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir.

Gücü çatmayan daşı heç vədə götürməyən Qabil öz mənini açıqlayarkən yalan satıb, sonradan özünü itirmədiyini, dost əhdi-peymanına bir xətər yetirmədiyini, bir köntöy sözü udub sonradan köks ötürmədiyini, söz yarasından çox uzaq olmağını bəyan edirdi. Bu həqiqəti onu yaxından tanıyanların hamısı bilirdi.

Qabil yeri gəldikcə xasiyyətinin yaşı ilə uyuşmadığını, bu zaman yazı ilə qarlı qışının barışmadığını, lakin bunu həyat ərməğanı sayır, qəzəbini yaz şimşəyi, kinini bahar leysanı ilə müqayisə edərək belə qənaətə gəlir:

 

Sadəyəm, sanma fəqət

Sadəlövh uşağam mən.

 

Qabil dostları barədə düşünür və onların qeydinə qalırdı. Kimin yadından çıxıb ki, ümummilli lider 1999-cü ilin noyabrında bir qrup yazıçı və şairi Prezident Sarayında çox vacib məsələ ilə bağlı qəbul edərkən, ciddi məsələlərin həll edildiyi bir vaxtda Qabilin qələm dostu barədə açıq müraciəti necə də heyrətamizdir:

-Heydər müəllim, bir sözümvardir. Anar müəllim bilir. Deyəsən, o siyahı Sizdə də vardır. Bizim Fikrət Sadıq adlı bir şairimiz var. Onun 70 yaşı tamam olacaqdır. Çox gözəl bir şairdir. Hərçənd bu sözü eşidib başqaları da deyəcək ki, mənim adımı niyə çəkmədin. İstərdim ki, fəxri təqaüdçülər siyahısına onu da daxil edəsiniz. Onun buna çox ehtiyacı var. Bizim çox gözəl, zərgər şairlərimizdən biridir.

Ulu öndər Heydər Əliyev bildirmişdi ki, yaxşı, fərman hazırlanacaq.

Həyatda heç nəyə tamarzı qalmadığını, heç vaxt harın yaşamadığını bədii boyalarla təsvir edən Qabil 70 illik yubileyinə həsr etdiyi "Avtoportret"ini belə yekunlaşdırır:

 

Yetmiş yaşa çatmışam.

Nə irəli can atıb,

Nə qəflətdə yatmışam.

Şeir qılınclarının

Şimşək parıltısında

Mən də öz qılıncımı

Götürüb oynatmışam.

Parıltılar içində

Nuram mən, çırağam mən.

 

70 illik yubleyinə həsr etdiyi bu şeri bu gün də böyük sənətkarın 85 illik yubileyinə bir güzgü kimi tuta bilərik.

Qabil sağlığında klassikləşmiş şairlərimizdəndir. Onun qələmindən çıxan hər bir əsər yalnız özünün deyil, bütün ədəbiyyatımızın xəzinəsidir.

Onun 1969-cu ildə yazdığı və xalq tərəfindən rəğbətlə qarşılanmış "Səhv düşəndə yerimiz" şeri isə ictimai siqləti ilə o qədər məşhurlaşdı ki, mükalimə mövzusu kimi hər evə, müəssisə və təhsil ocağına ayaq açdı. Altı bənddən ibarət bu balaca sənət əsəri poetik kəşf sayıldı və Qabilin yaradıcılığında yeni üfüqlər açdı.

Qabili yaxşı tanıyan oxucular gözəl bilirlər ki, o, daim klassikləri, xüsusilə Allaha, Gözəlliyə, Həqiqətə qovuşmaq yolunda hər cür fədakarlığa can atan Nəsimini necə məhəbbətlə sevmiş, oxumuş, onu öyrənməkdən mənəvi zövq almışdır. Onun "Nəsimi"si məhz bu baxımdan daxili sevgiyə canlı bir misaldır. Söz sənəti və ya Nəsimi Qabil üçün ən müqəddəs səcdəgah, qibləgah olmuşdur.

On il ərzində işlədiyi poemada Qabil böyük mütəfəkkir və dahi şairimiz İmadəddin Nəsiminin daxili mənəvi aləminin açarını tapmışdır. Qabilin "Nəsimi"sində mərdlik, bahadırlıq pafosu, ölməzlik əzmi olduqca güclü və təbii verilmişdir. Onun tarixilirik qəhrəmanı Nəsimi özünə inamda və fəlsəfi idrakında qətiyyətlidir, mənəvi keyfiyyətləri ilə əbədiyaşardır.

Xalq şairi Qabilin 70 illik təntənəli yubiley gecəsində dünya şöhrətli dahi insan, Azərbaycan xalqının əbədi iftixarı, böyük rəhbər və ümummilli lideri Heydər Əliyev sevimli şairimizin mənəvi keyfiyyətləri və "Nəsimi" poemasının əbədi dəyəri haqqında demişdir:

"Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. Doğurdan da, o, çox böyük idiQabil bu işi gördü. Bu həqiqətən, dövlət mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzun roman yazmaq hər adamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi". Daha sonra Qabil şəxsiyyətinə də münasibət bildirən ölkə Prezidenti əlavə etmişdir:

"Mən bu gün bu yubiley gecəsinə böyük məmnuniyyət hissi ilə gəlmişəm. Qabilin xidmətləri çox böyükdür. Qabil öz çıxışında Mədinə Gülgünün vəfatı ilə əlaqədar Aktyor evində yas mərasimindəki görüşümüzü xatırlatdı. Doğurdan da, o vaxt mən Qabilə demişdim ki, sən əsl kişisən. Bu, elə - belə söz deyil. Bu, mənim əvvəlki dövrdə, qurultaylarda, müxtəlif tədbirlərdə müşahidələrimin nəticəsi idi."

Həmin yubileydə Prezident Heydər Əliyev xalq şairi Qabilin xarakterindəki özünəməxsus incə yumor hisslərindən də söhbət açmışdır.

Bəli, Qabil bu zirvəyə asan yolla gəlib çatmamışdır. O, parlaq istedadı və qüdrətli sənətkar təxəyyülü ilə dövrümüzün ən çox sevilən, oxunan və sayılan şairlərindəndir. Cəmiyyətimizin elə bir üzvü yoxdur ki, onu tanımasın, sevib qiymətləndirməsin, haqqında qürurla söhbət açmasın.

Heç bir vəzifə sahibi olmayan Qabil azad söz sahibi olmuş, xalqın istək və arzularını həmişə yuxarı dairələrə çatdırmışdır. Bu da ondan irəli gəlirdi ki, Qabil yuxarıda dediyimiz kimi həqiqəti, düzlüyü, təmizliyi, obyektivliyi əqidə, amal kimi qəbul etmiş, nadir vətəndaşlıq mövqeyi olan təəssübkeş şair idi.

Daim qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla yaşamış , zəngin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə yazıb yaratmış, vicdanla xalqına xidmət etmişdir.

Böyük çağdaş şairimizi xalqa sevdirən bu cəhətlər içərisində ən başlıcası, eyni zamanda, Qabil poeziyasına uğur gətirən cəhət onun yüksək vətəndaşlıq mövqeyinin poeziyasında poetik doğruluqla ifadə edilməsidir. Qabilin dillər əzbəri olan atalar sözü, zərb məsəllər kimi əks-səda verən misraları, rübailəri, beytləri, ayrı-ayrı şeirləri bunu deməyə əsas verir. Xalqının, millətinin problemlərini bir an da olsun nəzərindən qaçırmayan, zamanın nigaran suallarına cavab verməyə çalışan Qabil şeiri 60 illik bir dövrdə Azərbaycan xalqının ictimai-siyasi həyatının bədii salnaməsini təşkil etmişdir. Bu müddətdə xalqımızın tarixində elə bir mühim ictimai-siyasi hadisə olmamışdır ki, Qabil ona öz vətəndaş mövqeyini bildirməsin. 60-cı illərdə yazdığı "Tramvay parka gedir"dən tutmuş 1990-cı ilin 20 Yanvar gecəsinin məhsulu olan, Qabilin əbədi ağrısı sayılan "Mərsiyə" şeirinə kimi bu mövqe cəsarətlə qorunub saxlanmışdır.

Lakin sən demə, işin ağırlığı bundan sonra imiş. Onun müstəqilliyimizin ilk illərində, ağır sınaq günlərində ürək yanğısı ilə yazdığı "Əslində", "Şəhid anası", "Qeyrət və vətəndaşlar", "Oldu", "Çalma qaboy", "Nisbi sakitlik nədir", "Lazım gəlsə-lazımsan da", "Özgədən çək gözünü", "Bu meydanı tərk elə", "Aclıq", "Çıxma qabağıma", "Xəcalət", "Hava necə olacaq", "Bu gün vaxtı deyil", "Zarafat eyləmə", "Satqın", "Birini elə, birini belə", "Çadırlara alışmayın" və bir çox digər şeirləri əsl vətəndaş qayəsini, Vətən təəssübkeşliyini əks etdirən misilsiz poetik münunələr idi. Bu siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəldi.

Bu eşq, bu ehtirasla da "Ümud sənədir ancaq" şeirini yazdı.

1996-cı ildə qələmə alınmış 90 misralıq bu şeir başdan-başa sonuncu ümidgüman olan qəhrəman Vətən övladına - Azərbaycan əsgərinə hədsiz inam və məhəbbətdən yoğrulmuşdur.

Təsadüfü deyildir ki, İctimai Televiziya həssas qəlbli xalq şairi Qabilin "Ümid sənədir ancaq" şerinə qısametrajlı film çəkərək tez-tez nümayiş etdirməklə hərbi vətənpərvərlik tərbiyəsini daha da geniş təbliğ edir.

Məhz yüksək vətəndaşlıq mövqeyinin nəticəsi idi ki, Qabil Şamaxıda, Balaxanıda və Bakıda keçirilən Sabir poeziya günlərinin komissiya sədri kimi üzün illər əvəzsiz xidmət göstərmiş, həmişə arzu etdiyi Sabir məqbərəsinin ucaldılması üçün səy göstərmiş, bu təşəbbüslə çoxlarına müraciət etmişdir. Nəhayət, bu müraciətləri biri nəticə vermiş, böyük ürək sahibi, xeyriyyəçi, şair Gülağa Tənhanın vəsaiti hesabına möhtəşəm və əzəmətli məqbərə ərsəyə gəlmişdir.

Ürək ağrısı ilə deyək ki, dünənə qədər yaşayıb-yaradan şair dünyadan köç edəndə də, hamının qəlbində canlı klassik kimi, deyib-gülən, sevən-sevilən bir sənətkar kimi qaldı. Ömür karvanının yır-yığış günündə, ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə dəfn mərasimində sənət dostları Elçinin, Anarın, Bəkir Nəbiyevin, Sabir Rüstəmxanlının, Zəlimxan Yaqubun, habelə oğlu Mahirin həzin sözlərində, coşqun fikir və mülahizələrində bu həqiqətə bir daha inandıq ki, sənətkar ölmür, sözü, sənəti, düzlu zarafatları, maraqlı lətifələri, müdrik kəlamları, fəlsəfi fikirləri əbədi olaraq xalqına yadigar qalır.

Qabil şəxsiyyəti, Qabil bütövlüyü, Qabil dostluğu, Qabil yaradıcılığı barədə bir yubley məqaləsində hər şeyi demək imkan xaricindədir. Qabil haqqında əsl sözü bizim görə bilməyəcəyimiz zamanlar daha yaxşı deyəcək. Çünki Qabil bizim və yaşadığımız dövrün yox, bizim üçün əlçatmaz olan GƏLƏCƏK ZAMANIN şairidir.

Azərbaycan xalqının ürəyində fəxri portret kimi cizgilənən Fəxri Xiyabanda üç dost yanaşı uyumaqdadır. Bu üç dost öz poeziyaları, öz əqidələri ilə biri-birini tamamladığı kimi, əbədiyyətdə də arxa-dayaq dururlar. Bunlar xalq şairləri B.Vahabzadə, N.Xəzri və Qabildir.

Böyük şair! 85-in də beləcə gəlib çatdı. Sən əbədiyyət yolçususan !

 

 

Ədalət MƏMMƏDOV,

Azərbaycan Universitetinin dissertantı

 

Xalq qəzeti.- 2011.- 11 avqust.- S. 5.