Sinqapur -
"böyük dünya şəhəri", iddialı
ölkə
Ümummilli
lider Heydər Əliyev dövlət quruculuğu prosesində
milli və bəşəri dəyərlərin vəhdətinə,
tarixi ənənələrə xüsusi önəm verir,
tarixin sınaqlarından çıxmış dünyəvi,
dini və mənəvi dəyərlərə sayğı
göstərməyi vacib hesab edirdi. Bu siyasətin davamı
olaraq, bəşəriyyət və insanlıq
üçün gərəkli olan yeniliklərin, elmi-texniki
nailiyyətlərin dərindən mənimsənilməsi və
tətbiqi, iqtisadi inkişafın mədəni quruculuq işləri
ilə tamamlanması dövlət başçımız cənab
İlham Əliyevin də qətiyyətlə həyata
keçirdiyi sosial-iqtisadi, mədəni inkişafın tərkib
hissəsinə çevrilmişdir.
Bu
baxımdan cəmiyyətin aparıcı təbəqəsinə
mənsub olan vəzifəcə müxtəlif səviyyəli
məmurlar - hər birimiz müasir, mütərəqqi,
qabaqcıl dünya təcrübəsini də öyrənib təhlil
etməli, yerli şəraitə uyğunlaşdırıb fəaliyyətimizə
tətbiq etməliyik. Mədəni quruculuq, sosial problemlərin
həlli, xüsusən abadlıq, yenidənqurma işlərində
qabaqcıl dünya təcrübəsini öyrənmək
üçün artıq neçə ildir ki, rayonların
icra hakimiyyətləri başçılarının qruplarla
müəyyən müddətə dünyanın inkişaf
etmiş ölkələrinə ezam olunması yaxşı
bir ənənəyə çevrilib. Bu da sirr deyil ki, mütərəqqi,
qəbul edilə biləcək ümumbəşəri dəyərləri
daha çox Qərbdə axtarırıq və indiyədək
belə səfərlər ancaq Qərb ölkələrinə
təşkil edilirdi.
Ancaq, unutmaq olmaz ki, "Şərqin müdriklik" fəlsəfəsi də neçə-neçə əsrlərdir ki, bəşəriyyət tərəfindən qəbul olunmuş bir dünyagörüşüdür və əsrarəngiz Şərq aləminə bələd olmadan dünyanın iqtisadi-siyasi, elmi-mədəni səviyyəsi ilə müfəssəl şəkildə tanış olmaq mümkün deyil. Elə bu səbəbdən, cənab Prezidentin tapşırığı ilə bu dəfə üzümüzü Şərqin inkişaf etmiş ölkələrinə tərəf çevirdik.
Bu il iyunun 3-dən 12-dək on gün müddətində respublikamızın paytaxtı Bakı şəhərinin Xətai, Nizami, Səbail, Suraxanı rayonlarının, Şəki şəhəri, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, eləcə də Kürdəmir, Qusar, Qəbələ və bu sətirlərin müəllifi olan Şabran Rayon İcra Hakimiyyəti başçılarından ibarət qrup Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümovun rəhbərliyi ilə sosial sahədə abadlıq və quruculuq işlərində əldə edilmiş qabaqcıl təcrübəni öyrənmək üçün Sinqapur və Malayziya respublikasında işgüzar səfərdə olduq.
Yola düşməzdən əvvəl Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə bizi qəbul etdi. Ölkəmizin rifahı, dinamik inkişafı naminə belə səfərlərə dövlət başçımızın böyük önəm verdiyini, bizim respublikadan Şərq ölkəsinə təcrübə mübadiləsinə gedən icra başçılarından ibarət ilk belə nümayəndə heyəti olduğumuzu vurğulayan cənab Ramiz Mehdiyev səfər müddəti qısa olsa da, bizə istər Sinqapurda, istərsə də Malayziyada daha çox öyrənməyi, görüb-götürməyi tövsiyə etdi, öz dəyərli məsləhət və tapşırıqlarını verdi. Bu görüş nümayəndə heyətimizin hər bir üzvünün belə bir qənaətini daha da möhkəmləndirdi ki, bəli, dünyanın Qərbi ilə yanaşı Şərqi də var və Şərqdən də öyrənmək olar... Bəri başdan qeyd edim ki, Sinqapur respublikamızda o qədər də geniş tanınmır.
Elə buna görə də Xəzərin sahilində, Ələtdə tikilən, təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi gəmi terminalının inşasının tenderində Sinqapur şirkətinin qalib gələrək, mühüm obyektdə inşaat işləri aparacağını eşidib-bilənlərin çoxuna bu, ilk əvvəl bəlkə də bir qədər qəribə gəlmişdi. Axı Sinqapur həm bizə uzaq idi, həm də bu ölkənin belə nəhəng obyektlərin inşasında tikinti təcrübəsi, şirkətlərinin iqtisadi gücü hələ bizə tanış deyildi.
Ancaq, gedib Sinqapurla tanış olanda, bu ölkənin sakinlərinin əqli və fiziki gücləri ilə yaratdıqlarını öz gözlərinlə görəndən sonra zərrəcə şübhən qalmır ki, məhz belə nəhəng işi okeanın sularını kənardan daşıdıqları torpaqla doldurub öz ərazilərini genişləndirən, böyük tikintilər və inşaat-quruculuq işləri aparan ölkənin təcrübəli və imkanlı şirkətləri, əlbəttə, daha yaxşı icra edərlər.
Yeri gəlmişkən, respublikamızın Lerik rayonunun da bir neçə kəndində- Rvarud, Pirasora, Həzavi, Nisli kəndlərində zəhmətsevər insanların əl ilə, ev heyvanlarının köməyi ilə torpaq daşıyıb sal daşların üzərini örtərək bağ-bostan saldıqlarını, bol kartof yetişdirdiklərini gözlərimlə görmüşəm. Deməli, inkişaf etmiş yüksək texnologiya, bir də insan zəkası və fədakarlığı ilə dəryaları qurutmaq, sal daşlara can vermək olar...
Sinqapura səfərdən sonra, əlbəttə, bu qənaətim daha da möhkəmlənəcəkdi.
Sinqapura isə türkün dünyaya açılan böyük qapısı, yenilməzlik və əbədi birlik, dəyanət rəmzi olan qoca İstanbuldan yola düşdük. Təyyarə reysinin vaxtı bu dəfə ulu İstanbulu doyunca gəzib dolaşmağa imkan vermədi.
Sinqapura on bir saatdan artıq davam edən birbaşa uçuş sərnişinlərdən kimisi üçün yorucu, kimisi üçünsə istirahət oldu. Mən isə hərdən mürgü vura-vura bu ölkə haqqında yaddaşımı qurdalayır, nəyi isə xatırlayır, bildiklərimi yada salırdım. Sinqapur haqqında hələ III əsrdə Çin xronikalarında məlumat verilir. Adanın yava dilində adı Temasek olub. Qədim keçmişə malik bu ada da zaman-zaman tarixin sərt sınaqları ilə üzləşib. Əsrlərlə gah bu, gah da digər güclü dövlətlərin, imperiyaların müstəmləkəsi olmaqla acı bir tale yaşayıb.
Sinqapur Respublikası Cənub-Şərqi
Asiyada, Malakka yarımadasının cənub
qurtaracağında Malayziya ilə İndoneziyanın
arasında yerləşir. Sinqapur adası və bir-birinə
körpülərlə birləşən daha 58 kiçik
adadan ibarət ölkənin sahəsi şərqdən qərbə
41 kilometr, şimaldan cənuba 23 kilometrdir. Ərazisi isə 710 kvadrat kilometrdir
ki, bunun da 10 kvadrat kilometri sudur. Bütövlükdə
dünyanın iqtisadi cəhətdən çox inkişaf
etmiş bu ölkəsinin ərazisi bizim Şabran rayonunun ərazisinin
65,2 faizi qədərdir. Əhalisinin
sıxlığına görə ölkə dünyada ikinci
yerdədir. Sinqapurda beş milyon əhali
yaşayır. Bu əhalinin bir milyonu
işçi qüvvəsi kimi kənardan gələn əcnəbilərdir.
Adada ən aşağı temperatur müsbət 19,4, ən yüksək hədd isə müsbət
36 dərəcə olur.
Sinqapur parlament respublikasıdır. Dövlət
başçısı prezidentdir. İndiki prezident
Sellapan Rama Natan 1999-cu ildə ümumxalq səsverməsi ilə
6 il müddətinə seçilmiş,
2005-ci il seçkilərində yenidən qalib gəlmişdir.
Milliyətcə hindlidir.
Ölkədə
ali icra hakimiyyətini geniş səlahiyyətlərə
malik olan Sinqapur hökuməti həyata keçirir.
9 avqust
1965-ci ildə Malayziyadan ayrılan Sinqapur müstəqil
respublikaya çevrilir və bu tarixi gün hər il ölkənin müstəqillik günü
kimi bayram edilir.
İnkişafın
böyük addımları
Sinqapur şəhərinin əsasının qoyulması
1299-cu ilə aid edilir. Sankrişcə "Şir şəhəri"
adlanan paytaxtlarını sinqapurlular fəxarətlə
"Böyük Dünya şəhəri"
adlandırırlar. "Biz dünyanın
inkişaf etmiş dövlətiyik" - deyirlər. Bu, həqiqətən də belədir. Müstəqilliyini əldə etdikdən sonrakı
ötən əlli ilə yaxın müddətdə Sinqapur
çox böyük iqtisadi inkişaf yolu keçib. XIV əsrdə kiçik bir balıqçı kəndi
olan Tevaysk indi dünyanın yüksək inkişaf etmiş
ölkəsi, öz regionunun nəhəng ticarət
imperiyasına - Sinqapura çevrilib.
Bir zamanlar kənardan köç edib gələrək
bu torpaqlarda məskən salıb binə-bölgə
bağlamalarına rəğmən, sakinləri öz ölkələrini
çox sevirlər. Onun hər qarışına diqqət və
qayğı göstərirlər. Sinqapurda
insan qayğısından və diqqətindən kənarda - nə
suda, nə quruda bir ovuc belə boş ərazi yoxdur.
Adambaşına düşən illik gəlirə
görə Sinqapur Avropanın ən inkişaf etmiş
dörd dövləti ilə müqayisə ediləcək səviyyədədir. Bu ölkədə
adambaşına düşən illik gəlir 62,2 min ABŞ
dolları civarında, illik ümumidaxili məhsul istehsalı
isə 292 milyard ABŞ dolları həcmindədir.
Adambaşına düşən illik gəlir bu ölkədə
son illər Dünya Maliyyə böhranı ilə
bağlı müəyyən qədər azalsa da, 2010-cu ildən
artaraq 14,6 faizə yüksəlmişdir. Bu, elə ölkənin iqtisadi real
artımıdır. Kənd təsərrüfatının
mövcud olmadığı ölkədə ÜDM-un sənayedə
payı 27,2 faizdir. Qalan 72,8
faiz isə müxtəlif xidmətlərdən əldə
edilən gəlirlərdir.
Ölkənin
illik büdcə xərcləri 32,78 milyard
ABŞ dollarıdır. 180,2 milyard ABŞ
dolları həcmində valyuta ehtiyatı olan ölkənin
vur-tut 21,66 milyard ABŞ dolları xarici borcu vardır.
Müstəqil dövlət kimi ötən müddət
ərzində inkişafımızın dinamikası ilə
müqayisə aparsaq, respublikamız öz iqtisadi artım səviyyəsinə
görə dünyanın bu inkişaf etmiş ölkəsindən
heç də geri qalmır. Ötən ilin nəticələrinə
görə, ölkəmizdə ÜDM istehsalı 5 faiz, əhalinin
pul gəlirləri 12,3 faiz artıb, inflyasiya son 7 ildə bir
neçə dəfə azalaraq 5,7 faizə enib. Yeddi il ərzində
yoxsulluq 45 faizdən 9,1 faizə
enmişdir. Ölkəmizin valyuta ehtiyatları
40 milyard dollar civarındadır. Büdcə
xərcləri isə 20 milyarda çatıb. Bu nöqteyi-nəzərdən, həqiqətən,
ölkəmizin inkişaf sürəti bu gün zamanı
qabaqlayır. Prezidentimiz cənab İlham Əliyevin
dediyi kimi, qısa bir zamanda ölkəmizin dünyanın ən
inkişaf etmiş dövlətlərindən biri
olacağı şəksizdir.
Sinqapurla Azərbaycan Respublikası arasında diplomatik
münasibətlər 1994-cü ilin avqust ayından
qurulmuşdur.
Salam,
qürbət ölkə...
İyunun 3-də İstanbulun Atatürk Hava Limanından
axşam havaya qalxan "Boinq" ertəsi gün günorta
vaxtı Sinqapur Hava Limanında yerə enir. Stüardessaların
ənənəvi "Kəmərlərinizi bağlayın!"
xəbərdarlığı hamını oyadır və
salonda bir canlanma yaranır. Təyyarə bələdçisi
Cakartaya uçan sərnişinlərə bir saatdan sonra geri,
təyyarəyə dönmələri barədə xəbərdarlıq
edir. Biz isə artıq Sinqapurdayıq..
Ölkə haqqında ilk xoş təəssüratım
elə Sinqapur torpağına ayaq basdığımız hava
limanından, buradakı səliqə-sahmandan yaranmağa
başladı.
Nəhəng hava limanının salonları
başdan-başa xalça ilə döşənib. Salonların kifayət qədər gur, gedişli-gəlişli
olmasına baxmayaraq, insanlar sakit və arxayın, rahat hərəkət
edirdilər. Hər yerdə
çilçıraqlar bərq vururdu. Bizi,
Azərbaycandan gələn nümayəndələri salonda
qarşılayıb, bizdə yük daşımaq
üçün istifadə edilən üç
çarxlı və hər biri dörd nəfərlik,
motosikllara bənzəyən maşınlara əyləşdirdilər.
Rəngbərəng
işıqları ilə diqqət çəkən bu
maşınlar fasiləsiz fit verə-verə salon boyu
xalçanın üstü ilə bir-birinin ardınca nəzərdə
tutulmuş yerə istiqamət götürdülər. Beləcə, salondan-salona bir xeyli yol qət edib nəzərdə
tutulmuş yerə - rahat, xalı döşənmiş,
yumşaq oturacaqlar yerləşdirilmiş geniş otaq - daha
doğrusu hava limanına açılan böyük girişin
başında xüsusi qonaqlar üçün olan VİP
salona çatdıq.
Səfər yoldaşlarımın bir neçəsi
salonun qarşısındakı kiçik bağçaya
çıxmışdılar. Bağçadakı dəyirmi
stolun ətrafında oturanlar da var idi, ayaq üstə dayananlar
da. Papiros çəkənlərimiz ictimai
yerlərdə bu adətin qadağan olduğu ölkədə
ilk siqaretlərini yandırıb tüstülədir, ləzzətlə
siqaretə dərindən qullab vurur və bir sutkadan artıq
çəkmədikləri tütünün sanki
yanğısını çıxarırdılar. Siqaret çəkən olmasam da
yoldaşlarımın yanına, açıq havaya
çıxmaq üçün ayağa qalxdım. Elə qapıdan çıxmışdım ki,
qarşıdan qaynar qazanın qapağını qaldıranda
qalxan yüngül, buxar qoxulu isti, bəlkə də ilıq
havaya bənzər, nəm hava dərhal sifətimi yaladı.
Bu mənə hələ də yaddaşımda
yaşayan, nənəmin isti təndiri soyutmaq
üçün su çiləyəndən sonra altdan
yuxarı adamın üzünə dəyən havanı
xatırlatdı.
Bu məqamda anladım ki, nə bayaqdan üç
çarxlı maşınla ötə-ötə gəlib
keçdiyim sərin salonlar
yaşayıb-çalışdığım Şabrandakı
Çıraqqalanın ətəyidir, nə də
oturduğum kiçik VİP salon doğulub boya-başa
çatdığım Zövnə kəndidir. Bura Sinqapurdur və burada
olacağımız on gün müddətində elə bu
buxar qoxulu isti havada nəfəs almalı olacağıq...
İlk qədəm basdığımız bu
"Çanqi" Beynəlxalq Hava Limanı regionun ən nəhəng
aerovağzallarından biridir. 13 kvadrat kilometr sahəni əhatə
edən hava limanı paytaxtın şimal-qərbindəki
biznes mərkəzindən 17,2 kilometr məsafədədir.
Bizim üçün ayrılmış rahat avtobusa əyləşirik. Sinqapur İqtisadi Əməkdaşlıq
Təşkilatının üç vəzifəli şəxsi
və Azərbaycan Dövlət Neft Şirkətinin -
SOCAR-ın ölkədəki nümayəndəliyinin iki
işçisi - Mehman Ramazanov və Nəcməddin Həsənov,
bir də ötən il bu ölkədə ali məktəb
bitirmiş Altay Bədirov da bizimlə birgə avtobusa əyləşirlər.
Avtobus hər tərəfi yam-yaşıl
ağaclar, ətrafı gül-çiçək olan əsas
yola çıxır. Sinqapurlular
danışır, şəhərləri haqqında ingilis
dilində ən lazımlı məlumatları verir, Nəcməddinlə
Altay isə onların dediklərini tərcümə edirlər.
Məlumatları dinləyə-dinləyə pəncərədən
ətrafı seyr edirəm: Palmalar elə cərgələnib
ki, elə bil ipə düzülüblər. Baxdıqca
düşünürsən ki, azacıq külək vursa
yarpaqları yelpik çalar, bir dünya sərinlik yaradar.
Ancaq hələ ki, hərəkətsiz,
qaşqabaqla dayanıblar.
Günəş isə göydən yorğun-yorğun
boylanır. Uzanıb gedən yolları iki hissəyə bölən
qoruyucu xətlərin arası, yolun kənarları ilə
sıx-sıx, sanki bir dəstə kimi bağlanaraq yerə
sancılmış eyni rəngli çəhrayı
çiçəklər göz oxşayır, yorğun
yolçuya bir könül rahatlığı gətirir.
Sonra öyrənəcəkdik ki, bu ölkədə
hər addımda, hər yerdə
rastlaşdığımız bu çəhrayı Səhləb
gülləri də Sinqapurun simvollarından biridir. "Vanda" adı verilən bu çiçəyi
sinqapurlular əhali arasında milli mənsubluqlarını
formalaşdırmaq və möhkəmləndirmək cəhdinin
bir hissəsi hesab edirlər. İl boyu
solmayan və həmişə təravətli olan bu
çiçəyi onlar qırx çiçəyin
arasından simvol kimi seçiblər. Onun
bu əbədiyaşarlıq xüsusiyyətini isə
Sinqapurun daim inkişafa meylliliyinin və həyatın
bütün sahələrində üstün nəticələr
əldə etməyin rəmzi hesab edirlər.
Yol boyu irəlilədikcə nəhəng şir sanki
suların qoynundan dikəlib sahilə hücum çəkir. Baş tərəfi şir,
ayaq tərəfi balıq olan ölkənin bu əsas rəmzi
də Sinqapur boğazından şahə qalxaraq
ağzından okeana su püskürür...
Mehmanxanaya çatırıq. "Marina Oriental"
da ilıq hava selini keçib 26 qatlı, səliqəli,
beşulduz mehmanxananın havası yaylaq bərabəri sərin
salonuna daxil oluruq. Burada da xidmətçilər
bizi bütün dünya mehmanxanalarında çalışan
personala xas olan gülümsər çöhrələri ilə
salamlayıb qarşılayır, sonra müvəqqəti
sakini olcağımız otaqlara yola salırlar. Beləcə mən "Marina Oriental" hotelinin on
ikinci qatının 18-ci otağına sakin oluram.
Səfərimizin ertəsi günü - iyunun 5-i bazar
gününə təsadüf etdi. Sübh tezdən
göy gurultusuna oyanıb yerimdən qalxdım. Hələ ki, günəşin gözü
görünmür. Okean sanki əllərini
yuyub sonra da silkələyərək damcılarını
adadakı yaşıllıqların və bu
yaşıllıqların içindən boy verən şəhərin
üzünə çiləyir ki, yuxudan oyatsın. Otaqdan şəhərə açılan geniş pəncərənin
şüşələrinin üstünə düşən
yağış damcıları puçur-puçur
üzü aşağı süzülür. Pəncərəni açıb bir azacıq
yağış havası udmaq həvəsi ilə əlimi cəftəyə
atıb bacanı araladım. Buxar qoxulu
ilıq nəm hava içəri vurdu. Dərhal
pəncərəni bağladım.
İlk müşahidələrimdən biri bu oldu ki, bu
ölkədə bitkilərə su vermirlər. Təbiət
yaratdıqlarının qayğısına elə özü
qalır. İnsanlar sadəcə
ağacları, gülləri, çəmənlikləri
vaxtı-vaxtında biçib səliqəyə salırlar.
Hündür, alçaqlığından
asılı olmayaraq (hərçənd ki, alçaq mərtəbəli
binalar bu ölkədə demək olar ki, yoxdur) binaların
balkonlarında gül kolları, uyğun, münasib ağaclar
əkilib. Memarlar hər şeyi elə
ciddi nəzərə alıblar ki, həmin bitkiləri
yağış sulayır. Ona görə
də alt mərtəbələrdən enli olan binalar
yuxarı qalxdıqca daralır. Balkonlarda
salınmış yaşıllıqlar, ağaclar isə həmişə
eyni qaydada gözəl və təravətlidir.
Şıdırğı yağan yağış, daha
doğrusu, leysan necə başlamışdısa eləcə
də bir anda dayandı. Hava açılar-açılmaz Günəş adalar
şəhərinə boylandı...
Proqram üzrə bu gün bu ölkə-şəhərlə
tanışlığımız başlayır. Hər biri 5 sərnişinlik
üç avtomobil hoteldən kənarda dayanıb
yaxınlaşmağımızı gözləyir.
Tanışlığa
qədər isə piyada və ya maşınla paytaxtın
biznes mərkəzinin tərtəmiz, səliqəli, ətrafı
yaşıllıqlara və "Vanda" çiçəklərinə
qərq olmuş küçələrini müəyyən qədər
dolanıb, göylərlə qucaqlaşan çoxmərtəbəli
binalarını seyr edə-edə "Xoşbəxtlik
fontanının" önündəki meydana toplaşıb gəzintiyə
oradan yola düşürsən.
Biz də
Malakka boğazına suda ilk gəzintiyə "Xoşbəxtlik
fontanı"nın yanından iri zirehli
maşınla yola düşdük. Qoy oxucu
"zirehli maşın" sözünə təəccüblənməsin,
mindiyimiz iri təkərli "Vezdixod" həqiqətən
gurultusu qulaq batıran hərbi maşın idi.
Maşına əyləşməmiş bələdçi məlumat
verdi ki, "bu maşınlar ötən əsrin
60-cı illərində, 40 il əvvəl Amerika-Vyetnam
müharibəsində iştirak etmiş hərbi
texnikadır. İndi biz quruda və suda hərəkət
edən bu maşınlardan ekskursiya zamanı turistləri gəzdirmək
üçün istifadə edirik."
Təmiz, səliqəli, ancaq ağır-ağır hərəkət
edən, eyni zamanda bərk oturacaqlı maşında xeyli məsafə
qət edib Sakit okeanın kənarına çatdıq. Maşın nərə
çəkib suya endi və indi də üzməyə
başladı. Belə başa
düşdüm ki, bu ölkəyə gələn turistləri
ilk növbədə şəhərlə adaları ondan
ayıran boğaza gəzintiyə dəvət edirlər.
Buradan şəhərin nəhəng, çoxmərtəbəli
binaları bir qədər də aydın görünür.
Körfəzə şəhəri əsas
adalarla birləşdirən nəhəng körpülərin
altından üzüb keçirsən. Sular
sakit, səssiz dayanıb durub.
Rus millətindən
olan bələdçi üç il bundan
əvvəl köçüb yaşadığı bu ölkə-şəhər
haqqında şövqlə danışır, məlumat verir.
Danışığından çox məlumatlı
adama oxşayır. İxtisasca baytar həkimidir.
Sankt-Peterburqdan gəlib. Arvadı
onkoloq həkimdir. Dediyinə görə,
Sinqapur ekvatora yaxın, onun vur-tut 130 kilometrliyində
olduğundan burada şiş xəstəlikləri geniş
yayılıb. Arvadı bu sahə üzrə
yaxşı mütəxəssis olduğu üçün
işləri də yaxşı gedir.
Varlı
çinlinin imicini müəyyənləşdirən beş keyfiyyətin olduğunu və bu təbəqəyə
mənsubluğunu isbatlamaq üçün mütləq onlara
əməl edilməsi zərurətini haradasa oxumuşdum. Rus
bələdçimiz də sinqapurlu varlı çinlilərin
onların imicini müəyyənləşdirən bu beş tələbə mütləq əməl
etdiklərini qeyd etdi. Sonradan öyrəndik ki, həqiqətən
bu ölkənin kommunal yaşayış evlərinin 18 faizini
təşkil edən fərdi mənzillərin- villaların
demək olar ki, əksəriyyətində çinlilər
yaşayır...
Son illərin
terror təhlükəsi və müxtəlif ölkələrdə
baş verən qırğınlar, şübhəsiz,
Britaniya kolonializmindən xilas olandan sonra mükəmməl bir
iqtisadi quruculuq prosesi keçən ölkədə ciddi bir
"qorxu" da yaratmışdır. Elə yəqin bu səbəbdəndir
ki, ölkənin gəmi terminalından sonra ikinci ən gəlirli
sahəsi, dövlətə ildə 80 milyard ABŞ dolları
gəlir gətirən neft-kimya sənayesinin cəmləşdiyi
Cüron adasına getmək üçün ən azı 14
gün əvvəl müraciət edib icazə almaq
lazımdır.
Müstəqillik əldə etdikdən sonra sinqapurlular
öz ərazilərini 15 faiz genişləndiriblər. Əlbəttə,
özgə torpaqlarına göz dikib müdaxilə etməkdən,
işğaldan söhbət belə gedə bilməz. Sadəcə, ağıl və zəhmət
hesabına Okean sularını qurudub sahil torpaqlarının
hesabına ölkənin ərazisini artırıblar. Sonra isə qonşu İndoneziyadan istifadə etmədikləri
adaları satın alıb torpağını öz ölkələrinə
daşımaqla ərazilərini böyüdüblər.
Hazırda yenə də İndoneziyadan torpaq
alıb daşımaq üçün danışıqlar
aparırlar.
Min bir əziyyətlə əldə etdikləri, ərsəyə
gətirdikləri ərazilərinə də sinqapurlular elə
min bir qayğı ilə yanaşır, qurub-yaradır, millətlərinin
və xalqlarının firavan həyatlarını, rifah və
rahatlıqlarını təmin edirlər.
Gündəlikdən sətirlər
"Böyük Dünya şəhəri"
iddialı ölkə ilə tanışlığımız
hava limanından başlasa da, ilk rəsmi görüş
ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatında
oldu. Təşkilatın nümayəndələri Erik
Lee və Tan Lip Honq Azərbaycandan gələn belə
geniş tərkibli nümayəndə heyəti ilə ilk dəfə
görüşdüklərini qeyd etdilər.
Qrupumuzun
rəhbəri Hüseyn Mövsümov sinqapurlu rəsmilərə
respublikamız haqqında ətraflı məlumat verdi, nümayəndə heyətinin üzvlərini
bir-bir təqdim etdi. Sinqapurlular
başçılıq etdiyimiz rayonların hər birinin ərazisinin
onların ölkəsinin ümumi ərazisindən bir
neçə dəfə böyük olduğunu eşidəndə
heyrətlərini gizlədə bilmir, biz isə bundan məmnunluq
və qürur duyurduq.
Rəsmi tədbirlərin yekununu Sinqapur İqtisadi Əməkdaşlıq
Təşkilatında keçirdik. Bu görüş həqiqətən
yaddaqalan və çox maraqlı oldu.
Sinqapur Əməkdaşlıq
Təşkilatının sədri Alphonsus Chia sən demə,
çox maraqlı adam imiş. Söhbət əsnasında Azərbaycan haqqında
heç nə bilmədiklərini açıq etiraf etsə də,
amma, çox şey bilmək arzusunu da gizlətmədi. Rəsmi dövlət dilimizi soruşdu. Azərbaycan
dili olduğunu söyləyən Hüseyn müəllim
cavabının milliyyətcə çinli olan Sinqapur rəsmisinə
çatmadığını görüb: - Dilimizin çox
qədim tarixi var, türk dilləri qrupuna daxildir, - deyə əlavə
izahat verəsi oldu. Bu dəfə sədrə
fikir çatmışdı. "Türk"
kəlməsini eşidəndə razılıq əlaməti
olaraq başını yırğaladı.
Dövlət
başçımızın düşünülmüş
xarici siyasəti sayəsində ölkəmizin Qərbə
uğurla inteqrasiyası bu gün bizi Avropada yetərincə
tanıtsa da, təəssüf ki, respublikamızı Şərqin
inkişaf etmiş bu ölkəsində çox az tanıyırlar...
Ölkənin
adi vətəndaşları bir yana, bəzən
dövlət məmurlarının elə özlərinin bizdən
- "Sizin respublikanız haradadır" soruşması, əlbəttə,
o qədər də ürəkaçan olmurdu. Belə
suallardan sonra qrupumuzun rəhbəri Hüseyn Mövsümov
respublikamız haqqında ətraflı məlumat verir, ölkəmizin
yerləşdiyi coğrafi ərazini, məkanı tanıtmaq
üçün yaxşı - pis, dost-düşmən az qala əhatəmizdə olan bütün
qonşu dövlətlərin xəritəsini cızıb
izahat verməli olurdu.
Belə məqamların birində sonsuz bir qürur hissi
də keçirdim. Hüseyn müəllim qonşu ölkələr
arasında ərazicə bizə yaxın qardaş Türkiyənin
adını çəkəndə Sinqapurlu məmur az qala başını dizlərinə qədər
əyərək: "Türkiyə, bəli, bəli, bilirik,
tanıyırıq!" deyə hörmətlə dilləndi.
Ölkəmizin
ərazisinin 86,6 min kvadratkilometr olduğunu, dünyada sənaye
üsulu ilə ilk neft quyusunun Azərbaycanda
qazıldığını, ilk neft akademiyasının
Bakıda yerləşdiyini, Sinqapura hər ay 2 milyon ton neft
ixrac etdiyimizi, "Eurovision"da qalib olduğumuzu və
respublikamızın paytaxtında keçiriləcək
növbəti yarışmaya qədər şəhərdə
6 beşulduz mehmanxana tikilib istifadəyə veriləcəyini
eşidəndə heyrətlərini gizlətmədilər.
Bakıdakı atəşgah, rəhbərlik etdiyim 2300
yaşı olan qədim Şabran şəhəri
haqqındakı məlumatlar da sinqapurlular üçün
çox maraqlı oldu. Bütün bunlar göstərdi ki, həqiqətən,
ölkəmizi tanıtmağa çox ciddi zərurət var.
Belə səfərlər, belə görüşlər
çox lazımdır.
"Qüvvət
elmdədir, başqa cür heç kəs..."
Qoca Şərqin
dahi şairi, ulu Nizaminin misralarıdır:
"Qüvvət
elmdədir, başqa cür heç kəs,
Heç
kəsə üstünlük eyləyə bilməz..."
Müstəqillik əldə etdikdən sonra Şərqin
bu möcüzələr ölkəsində - Sinqapurda elmə,
təhsilə, onun inkişafına böyük diqqət və
qayğı göstərilmişdir. Bu ölkənin
dövlət büdcəsində birinci yeri hərbi, ikinci yeri
isə təhsil xərcləri tutur. Bu diqqət və
qayğının, ciddi münasibətin nəticəsidir ki,
ölkənin 3 ali məktəbi - əsası hələ
ötən əsrin əvvəllərində, 1905-ci ildə
qoyulmuş Sinqapur Dövlət Milli Universiteti, 1956-cı ildə
yaradılan Nayanq Dövlət Texnologiya Universiteti və 2000-ci
ildən fəaliyyətə başlamış Sinqapur Özəl
İdarəetmə Universitetləri indi dünyanın ən
adlı-sanlı 12 ali təhsil ocağı
sırasındadır.
Hazırda
ölkədə ali təhsil müəssisələri
yüksək səviyyədə inkişaf etsə də,
dövlət öz gənclərinin dünyanın ən
güclü, məşhur ali məktəblərində
oxumasına xeyli vəsait sərf edir.
Sinqapurluların
4 faizə qədərinin ideyalarını həyat fəlsəfəsi
hesab etdikləri, təlimini inanc kimi qəbul etdikləri dahi
filosof Konfutsi məşhur bir kəlamında deyirdi:
"Xalqını bir il üçün yedirmək istəyirsənsə
taxıl əkdir, on il üçün bağ sal, əbədiyyətə
qədər yaşatmaq istəyirsənsə - elm öyrət!"
Sinqapurluların bugünkü inkişafında,
tərəqqisində heç şübhəsiz ki, elə bu
təlimin, bu kəlamın da mühüm rolu olub və var.
Ulu Şərqin digər böyük filosofu şeyx Nizami də
nahaq demirdi ki, "Elmə raqib ol, dünyanı qazan".
Sinqapurlular yaxşı təhsil alıblar, biliklidirlər. Hazırda
sürətlə inkişaf edən elektronika texnologiyasına
mükəmməl yiyələniblər. İndi
öz etiraflarına görə, Çinlə rəqabət
apara bilməyəcəklərinə görə imtina etmək
istədikləri bu sahənin, "Elektronikanın"
istehsalçıları olublar.
Sinqapurun ali məktəblərinə başqa ölkələrdən
də təhsil almağa gəlirlər. Sinqapur qanunlarına
görə bu ölkənin ali məktəblərini
bitirən əcnəbi tələbələr təhsillərini
başa vurduqdan sonra 3 il qalıb orada işləməlidirlər.
Ali məktəbi bitirən məzun bir il ərzində
müvafiq işlə təmin olunmasa, ölkədən sərbəst
çıxıb gedə bilər. Yəni o, üzürlü
səbəbdən iş tapmayan mütəxəssis kimi sərbəst
hesab olunur.
Son illər
bizim də 12 məzunumuz bu ölkənin ali
məktəblərinə qəbul olunub. Səfər müddətində
gecə-gündüz bizim əziyyətimizi çəkən,
biz on bir nəfərin arasında qalan, necə deyələr,
bizi "bölüşdürə" bilməyən,
SOCAR-ın Sinqapurdakı nümayəndəliyinin olduqca diqqətli,
həm də bacarıqlı uşaqları bazar günündə
şəhərdə bizə bələdçilik etmək
üçün bu ölkədə təhsil alan azərbaycanlı
tələbələrdən də bir neçə nəfərini
dəvət edəcəklərini vəd etmişdilər.
Əslində,
səfərimizin ilk günündən elə
özümüz də Sinqapurda təhsil alan
tələbələrlə maraqlanmışdıq və
onlarla tanış olub görüşmək istəyirdik. Ertəsi gün səhər tezdən yanımıza
Mehman, Nəcməddin və Altaydan savayı kimsə gəlmədi.
Tələbə uşaqlar gözə dəymirdi.
Mən: -
Bəs dostlarınızı, tələbələri də gətirəcəkdiniz,
nə oldu, gəlmədilər? - deyə
soruşdum.
Nəcməddin
üzrxahlıq edib cavab verdi ki,
uşaqların sabah imtahanları var,
hazırlaşmalıdırlar deyə gələ bilmədilər.
İçimdən qəribə bir duyğu
keçdi. Bunu məmnunluq da adlandırmaq
olardı. Qürur duydum. Deməli, azərbaycanlı tələblər bu
ölkədə həqiqətən oxuyub öyrənir, bilik
qazanır, yaxşı mütəxəssis olmağa
çalışırlar. Ümummilli liderimizin: "Millətimizin
gələcəyi bilikli adamların çiyinləri üzərindədir"
tarixi müddəası bugünkü gənclər tərəfindən
dərk olunub, bilikli, dünya dəyərlərinə yiyələnən
yeni nəsl yetişir, formalaşır...
(ardı növbəti sayımızda)
Şabran-Bakı-Sinqapur-Bakı
Novruz NOVRUZOV,
Şabran Rayon İcra Hakimiyyətinin
başçısı
Xalq qəzeti.- 2011.- 12 avqust.- S. 5.