Yeni kitablar.
Qədim
ədəbi ənənənin uğurlu davamı
Azərbaycan
ədəbiyyatında və ümumiyyətlə, türk
xalqlarının folklorunda ayrı-ayrı şəxslərin
adı ilə bağlı lətifələrin
yaradılması və yaşadılması tarixi ənənələrimizdən
biridir. Həm Molla Nəsrəddinin, həm də Bəhlul Danəndənin
adı ilə bağlı olan lətifələrin qəhrəmanı
gah ən ağıllı adamdır, gah da sadəlövh.
Folklorşünasların fikrincə, bunun əsas səbəbi
lətifələrin uzun əsrlərdən bəri
toplanması və nəhayət, ümumiləşdirilməsi
ilə bağlı ola bilər. Hər halda ağız əbədiyyatının
bir janrı kimi qəbul edilən lətifələr tarixin
bütün dönəmlərində yaranıb və həmin
proses indi də davam edir.
Maraqlıdır
ki, son 30-40 ildə, üstəlik konkret adamların adı ilə
bağlı olan lətifələrin qəhrəmanları da
eynilə yuxarıda qeyd etdiyimiz ədəbi qəhrəmanlar
kimi gah adi təfəkkürün fövqündə durur, gah
da çıxılmaz vəziyyətə düşürlər.
Bütün hallarda ənənəvi xalq yumorunun nümunəsi
yaranır və oxucunun (daha çox isə dinləyicinin)
yorğunluğunu aradan qaldıran bir amilə çevrilir. Bu
baxımdan xalq şairləri Hüseyn Arif və Qabil
İmamverdiyevlə bağlı lətifələr (onların
hamısı olmuş əhvalatlar əsasında
formalaşıb) daha böyük auditoriyada tanınır. Qeyd
edək ki, Naxçıvan, Gəncə, Şəki,
Şirvan və Muğanda da öz
hazırcavablılığı ilə seçilən,
bütün məsələlərə münasibət bildirərkən
nikbin əhval-ruhiyyə yaradan, istənilən vəziyyətdən
çıxış yolu tapan adamlar - yəni ədəbi qəhrəmanlar
onlarcadır. Sadəcə, həmin adamların söz-söhbətinin
toplanması məsələsi öz həllini tapmayıb. Bu
istiqamətdə xüsusi nümunələrin olması həmin
prosesə kömək etmiş olar.
Nümunələr
nədən ibarətdir? Ötən əsrin son onilliklərində
xalq yazıçısı İsmayıl Şıxlı həm
Hüseyn Arifin, həm də Qabilin məzəli əhvalatlarını
toplayıb müxtəlif vaxtlarda oxuculara təqdim etmişdi.
Bu yöndə xalq şairi Zəlimxan Yaqubun da xüsusi xidmətləri
var. Sonralar başqa şair və yazıçılar, bir
çox hallarda isə jurnalistlər həmin ənənəni
yaşatdılar. Bu gün hörmətli oxuculara təqdim edilən
"Atam Qabilin qəribə əhvalatları" kitabı da
məhz qeyd olunan ədəbi ənənənin uğurlu davamı
kimi qiymətləndirilir.
Şair
Qabilin oğlu Mahir Qabiloğlunun bu kitabına ona görə
uğurlu çap məhsulu deyirik ki, o, İsmayıl
Şıxlının ötən əsrdə qələmə
aldığı "Dostum Qabilin qəribə əhvalatları"
əsərindən sonra eyni işi davam etdirsə də,
öz kitabında böyük ədibin yazılarından
istifadə etməyib. Mahir kimdənsə eşitdiyi əhvalatları
deyil, sırf özünün şahidi olduğu hadisələri,
bilavasitə özünün iştirakı ilə yaranan vəziyyətləri
qələmə alır. Bunun üçün isə
yaranmış vəziyyəti lətifəyə çevirmək
məharəti - yəni, yazıçılıq keyfiyyəti
lazımdır. Mahir həmin işin öhdəsindən mahircəsinə,
məharətlə gəlir. Onun daha bir keyfiyyəti isə
Qabilin məsələlərə münasibətini və
yaranmış vəziyyətdəki ifadə tərzini
sırf ədəbi dilə gətirmək istəməməsi,
oxucuya olduğu kimi təqdim etməsidir. Məsələn,
"EO və KO", "Divara xalça vurmuşuq",
"Alə, şalvarını niyə
çıxarırsan?" adlı əhvalatlarda Qabil səmimiyyəti
və Qabil ifadə tərzi daha aydın, daha təbii verilir.
Bu məsələ
mənim üçün ona görə yaxından
tanışdır ki, Dövlət Radiosunda
çalışdığım illərdə mərhum Qabillə
dəfələrlə görüşüb söhbətini
yazmışam, onu canlı efirə dəvət etmişəm,
bərabər səfərlərdə olmuşuq və sairə.
Yadımdadır, bir lent yazısının hazırlanması
zamanı Qabil radionun rejissoru, mərhum Nazim Yüzbaşova
iki-üç dəfə Minbaşıyev dedi. Mən elə
bildim ki, o çaşır. Ona görə də imkan
tapıb Qabil müəllimə pıçıldadım ki,
Minbaşıyev yox, Yüzbaşov. Qabil də mənə
pıçıldadı: "Sən hələ onu
yaxşı tanımırsan, 900 başını birdən
itirdin, gör, yaxşı tanısan, neyləyərdin".
Bir dəfə də - 1995-ci ilin yanvarında Mikayıl
Müşfiqlə bağlı tədbirdə iştirak etmək
üçün Xızıya getmişdik. Tədbirin təşkilatçıları
rəsmi hissədən sonra dağlar qoynunda, açıq səma
altında çox zəngin bir süfrə açdılar.
Sponsor Fikrət Sadıqla Qabilə yaxınlaşdı:
"Bağışlayın ki, çöl şəraitidir".
Qabil gülümsündü: "Ördəyə göl
şəraiti, şairə çöl şəraiti".
Sponsor yenə üzrxahlıq elədi: "Qonaqların
hamısı şair deyil axı". Qabil yenə
gülümsədi: "Müşfiqin ruhu onları bir az
şair eləmişdi, indi sizin səxavətiniz
hamısını tam şair edəcək". Yəni Qabilin
danışığında, hazırcavablığında
xüsusi bir tərz, özünəməxsusluq var idi ki, Mahir
kitabda həmin amili ustalıqla nəzərə ala bilib.
Bu
günlərdə "Nurlan" nəşriyyatında min
tirajla işıq üzü görən "Atam Qabilin qəribə
əhvalatları" kitabı (redaktoru Həsən Həsənovdur)
qədim tarixi olan ədəbi ənənələrimizdən
birinin yaşadılması baxımından yüksək dəyərləndirilir.
Əminik ki, bu kitab qabilsevərlərin və
qabilşünasların yada saldığı çoxsaylı
əhvalatlarla gələcəkdə daha da zənginləşəcək
və xalq şairi barədə növbəti söz çələnginə
çevriləcək.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 12 fevral.- S. 4.