Qahirədə "Azərbaycan günü" keçirilib

 

Misirlə Azərbaycan arasında mədəni əməkdaşlıq uzun illərdir ki, davam edir. Ölkəmizdə tez-tez Misir mədəniyyəti ilə bağlı tədbirlər keçirilir.

Bu günlərdə isə Misirdə müstəqilliyimizin bərpasının 20 illiyi ilə bağlı "Azərbaycan günü" təşkil olunub. Lent.az saytının Azərbaycanın Misirdəki səfirliyinə istinadən yaydığı məlumata görə, tədbirdə İSESCO-nun rabitə və ictimaiyyətlə əlaqələr üzrə eksperti Dr. Salah Əlcəfəravi ilə birgə Misirin ictimai-siyasi və mədəniyyət xadimləri, din adamları, işgüzar dairələri və gəncləri də iştirak edib. Həmçinin, Misirin "Nil" peyk televiziya kanalı avqustun 7-də Azərbaycanla bağlı bir saatlıq veriliş yayımlayıb.

"Azərbaycan günü"nə həsr olunmuş bir saatlıq verilişdə səfir Ş. AbdullayevDr. Salah Əlcəfəravi çıxış edib. Eyni zamanda, verilişdə "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinin qalibləri kimi Azərbaycana səfər etmiş misirli gənclər öz təəssüratlarını bölüşüblər.

Verilişdə çıxış edən səfir Ş. Abdullayev Azərbaycanın müstəqillik tarixi, Şərqin ilk demokratik respublikası olan ADR-in yaranması və tənəzzülü, 1991-ci ildə Azərbaycanın müstəqilliyini əldə etməsi və müstəqilliyinin ilk illərindən Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti haqqında televiziya tamaşaçılarına məlumat verib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barəsində ətraflı danışan səfir Ermənistanın Azərbaycana qarşı təcavüzü, etnik təmizləmə siyasəti və xüsusilə Xocalı faciəsi haqqında televiziya tamaşaçılarını məlumatlandırıb.

Dr. S. Əlcəfəravi Azərbaycanın tarixən İslam mədəniyyətinin inkişafında mühüm rol oynadığını qeyd edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı faciəsi və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində İslam mədəniyyət abidələrinin məhv edilməsi kimi məsələlərə toxunub.

"Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinin qalibləri kimi Azərbaycana səfər etmiş misirli tələbələr xalqımızın yüksək mədəniyyətə, qonaqpərvərliyə və zəngin mədəni irsə malik olduğunu qeyd ediblər.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 13 avqust.- S. 6.