Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

 

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra ölkəmizin enerji təhlükəsizliyini ön plana çəkdi. Belə ki, 1994-cü ildə dahi şəxsiyyətin qətiyyəti, güclü daxili və xarici siyasəti sayəsində "Əsrin müqaviləsi" imzalandı. Burada nəzərdə tutulan neft-qaz hasilatı və hazır məhsulun daxili və xarici bazarlara nəqli və satışı mühüm prioritet istiqamətlərdən biri idi. Bu problemin həlli üçün üç qlobal layihə - "Əsrin müqaviləsi", Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri reallaşdırıldı. Bu layihələrin gerçəkləşməsində ulu öndər Heydər Əliyev dünya ölkələrindəki nüfuzu hesabına bütün maliyyə, texniki, coğrafi və ekoloji çətinlikləri aradan qaldırdı.

 

Mütəxxəsislərin fikrincə, yaxın 100 ildə Azərbaycan strateji enerji təhlükəsizliyi sistemində öz liderliyini ən azı Cənubi Qafqazda qoruyub saxlayacaq. Bu baxımdan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri müstəsna rol oynayır. Onların vasitəsilə nəql olunan enerjidaşıyıcıları dünyanın bir çox ölkələrinə satılır.

Son bir neçə ildə Azərbaycan strateji enerji təhlükəsizliyi siyasəti baxımından Qərbin Cənubi Qafqazdakı əsas tərəfdaş ölkəsinə çevrilib. Zəngin enerji resurslarına malik dövlət kimi Azərbaycan müstəqil xarici siyasət kursu yürüdür, region dövlətləri ilə konstruktiv əməkdaşlıq edir. Bu il iyulun 25-də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovski ilə görüşü zamanı ölkəmizin enerji təhlükəsizliyi məsələsinin daim diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırmışdır. Dövlət başçısı demişdir: "...Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynamağa hazırdır. Bu barədə kifayət qədər danışıqlar aparılmış, bəyannamələr və digər sənədlər imzalanmışdır. Ümid edirəm ki, bu ilin sonuna qədər bütün lazım olan sənədlər, o cümlədən tranzit anlaşması imzalanacaq və beləliklə, Azərbaycanın qaz resursları üçün Avropa bazarı da öz imkanlarını təqdim edəcəkdir. Bu, qarşılıqlı surətdə faydalı təşəbbüsdür və onun reallaşmasından hər iki tərəf ancaq fayda görəcəkdir".

Xatırladaq ki, Polşa əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara dinamik inteqrasiyasına ciddi maraq göstərir. Rəsmi Varşava Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış edən Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, respublikamızla enerji sektorunda fəal əməkdaşlıq niyyətini izhar edir. Polşa gələcəkdə enerjiyə artan daxili tələbatlarını Azərbaycandan idxal edəcəyi neft və təbii qaz hesabına ödəmək, beləliklə, həm də alternativ enerji mənbəyi qazanmaq niyyətindədir. Respublikamızın Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi həm də mühüm geosiyasi əhəmiyyət kəsb edən proses olaraq Polşa üçün vacib önəm daşıyır.

Bu il iyulun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Azərbaycanın bir sıra ölkələrin, o cümlədən qardaş Türkiyənin enerji təhlükəsizliyində mühüm rol oynadığını xüsusi vurğulamışdır. Dövlət başçımız demişdir: "Bizim qarşımızda enerji məsələləri ilə bağlı strateji seçim etmək məsələsi duranda, şübhəsiz və heç bir tərəddüdsüz düzgün seçim edilmişdirbütün bizim əsas enerji yollarımız Türkiyə ərazisindən keçir. Bu yollar bir dəhlizə çevrilibdirbu dəhliz artıq nəqliyyat üçün də açılıbdır. Bu gün haqqında söhbət etdiyimiz həm Bakı-Tbilisi-Ceyhan, həm Bakı-Tbilisi-Ərzurum kəmərləri və həm də Bakı-Tbilisi-Qars layihəsi artıq regional müstəvidən çıxıb, beynəlxalq əhəmiyyətə malikdir. Necə ki, bizim dostluğumuz, qardaşlığımız və işbirliyimiz artıq regional müstəviyə sığmır. Bizim birliyimizin, birgə fəaliyyətimizin istənilən sahədə artıq qlobal mahiyyəti var. Əlbəttə ki, illər keçdikcə və ölkələrimiz gücləndikcə bizim təsir imkanlarımız daha da genişlənəcəkdir".

Azərbaycanın enerji təhlükəsizliyindən danışarkən bir məqama da diqqət yetirək. Ölkəmizin təkcə "Azəri-Çıraq-Günəşli" yataqlarının ehtiyatları 5,4 milyard barrel həcmindədir ki, bunun da xeyli hissəsi hələ çıxarılmayıb. Son 10 ildə neftqaz hasilatının artırılması, dünya bazarında satışdan əldə olunan gəlir sənayenin və kənd təsərrüfatının dinamik inkişafına yönəldilmişdir. Bölgələrdə yeni xəstəxanaların, diaqnostika mərkəzlərinin, məktəblərin tikilməsi, əsaslı təmiri və avadanlıqlarla təchizi, sahibkarlığa dəstək neft sektorunun uğurları hesabına baş verir.

Bütün bu işlərdən əlavə, respublikanın ayrı-ayrı bölgələrində çoxlu sayda xəstəxanalar əsaslı təmir edilmişyeni avadanlıqlarla təchiz olunmuş, yollar salınmışdır. Strateji enerji təhlükəsizliyi sistemi ildən-ilə gücləndikcə respublikada magistral və şəhərdaxili yolların dünya standartlarına çatdırılması üçün çox böyük həcmli infrastruktur layihələri həyata keçirilir. Regionlarda qazlaşdırma işinin tam başa çatdırılması üçün hazırda ARDNŞ tərəfindən çoxlu sayda layihələr reallaşdırılır. Şübhə yoxdur ki, yaxın vaxtlarda respublikanın bütün rayonlarının qaz yanacağı ilə təchizatı müvəffəqiyyətlə başa çatacaq.

Bununla yanaşı, Azərbaycan dövləti strateji enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin əsas qollarından biri olan elektrik enerjisi sisteminin madditexniki vəziyyətinin daha da inkişafına çox böyük diqqət göstərməkdədir. Belə ki, son bir neçə ildə "Azərenerji" ASC tərəfindən müxtəlif bölgələrdə modul tipli istilik elektrik stansiyaları tikilmişdir. Nəticədə bu gün Azərbaycan nəinki elektrik enerjisinə tələbatını tam ödəyir, hətta qonşu ölkələrə elektrik enerjisi satır.

Hazırda Azərbaycan regional çərçivələrdən kənara çıxaraq daha böyük əməkdaşlıq məkanında öz maraqlarını təmin edir, rolunu gücləndirir. Qərb-Şərq enerji dəhlizi Xəzərin Azərbaycan sektorunda hasil olunan karbohidrogen ehtiyatlarının daşınması baxımından olduqca mühüm əhəmiyyət daşıyır. İndi Azərbaycan dünyada təkcə neft deyil, həm də qaz ixracatçısı kimi şöhrətini artırmaqdadır. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi bu gün Azərbaycan dünyadaAvropada daha çox qaz ölkəsi kimi tanınır. Bu da müasir reallıqdır. Qaz sahəsi heç vaxt Azərbaycanda ön planda deyildi. Amma bu gün qaza daha çox böyük tələbat vardır... Azərbaycanın qaz imkanları çox böyük səmərə ilə işə salınır. Transxəzər boru kəmərinin çəkilişi isə Azərbaycanı bölgədə eyni zamanda əsas tranzit ölkə kimi tanıdacaq. Xəzərin Azərbaycan sektorunda olan enerji ehtiyatları Qərb ilə əməkdaşlığı daha da möhkəmləndirir. Bir çox Avropa dövlətlərinin, o cümlədən Polşa, Rumıniya və Baltikyanı dövlətlərin Azərbaycanla əməkdaşlığı müsbət mənada yeni mərhələyə daxil olub. Azərbaycan Türkiyə, Gürcüstan, Moldova və Rumıniya kimi dövlətlərin neft-yanacaq komplekslərinin inşasına investisiya qoyur.

Azərbaycanın enerji təhlükəsizliyinin prioritetliyi bu il iyulun 15-də keçirilmiş "Xəzər Enerji Dialoqu-2011" beynəlxalq qaz konfransında bir daha vurğulanmışdır. Konfransda çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev demişdir ki, enerji təhlükəsizliyi və beynəlxalq bazara inteqrasiya məqsədi ilə enerji resurslarının nəqlində şaxələndirmə məsələləri qurumun əsas prioritetlərindəndir. Ölkəmizdə həyata keçirilən layihələrdən danışan R.Abdullayev bildirmişdir ki, 1999-cu ildə kəşf olunmuş "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir, hazırda burada gündəlik hasilat təxminən 23 milyon kubmetr qaz və 5 min ton kondensatdır. Artıq yatağın ikinci mərhələsinin işlənilməsinə hazırlıq gedir. Bu mərhələ üzrə inkişaf konsepsiyasına əsasən əlavə hasilat ildə minimum 16 milyard kubmetr səviyyəsinə çatdırılmalı, 30 hasilat quyusu istismara verilməli, yeni platformakommunikasiya sistemləri tikilməlidir. İkinci mərhələ üzrə ilk qazın hasil olunması 2017-ci ilə planlaşdırılır. Layihənin müvəffəqiyyətlə həyata keçirilməsi respublikanın daxili tələbatının ödənilməsinə və Azərbaycanın qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilməsinə imkan vermişdir.

Həyata keçirilən tədbirlər nəticəsində qaz hasilatı 2004-2010-cu illərdə 5,2 dəfə artaraq 5 milyard kubmetrdən 26 milyard kubmetrə çatdırılmışdır. Aparılan hesablamalara əsasən, Azərbaycanın təsdiq olunmuş çıxarıla bilən karbohidrogen ehtiyatları şərti yanacaqla 4,2 milyard ton, proqnoz karbohidrogen resursları isə 10 milyard ton həcmindədir. Araşdırmalar göstərir ki, bu gün respublikanın quru və dəniz əraziləri üzrə qazmaya hazırlanmış fondda 40-a yaxın struktur vardır.

ARDNŞ-in daxili resurslar hesabına "Ümid" perspektiv strukturunda uğurlu nəticə əldə etdiyini vurğulayan şirkətin prezidenti yatağın çıxarıla bilən ehtiyatlarının 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmində qiymətləndirildiyini də diqqətə çatdırmışdır.

Ölkəmizdə digər böyük perspektiv qaz yataqları da mövcuddur. Ümumiyyətlə, perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir. Artıq 2015-ci ildə ölkə üzrə qaz hasilatının 30 milyard kubmetrə çatdırılacağı nəzərdə tutulur. Bu isə regionunAvropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolunu qarşıdakı illərdə daha da artıracaqdır.

Hazırda Azərbaycan iqtisadiyyatı öz inkişafının çox mühüm mərhələsinə qədəm qoyub. Ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən irimiqyaslı islahatlar, imzalanan fərman və sərəncamlar, qəbul edilən qərarlar, reallaşan dövlət proqramları sayəsində Azərbaycan iqtisadi artım göstəricisi ilə dünyanın lider dövlətləri sırasındadır. Bu gün ölkəmiz nəinki Qafqazda, həm də bütün bölgədə söz sahibidir. Azərbaycanın iştirakı olmadan bölgədə qlobal layihələrin həyata keçirilməsi qeyri-mümkündür.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 13 avqust.- S. 1.