Sinqapur - "böyük dünya şəhəri", iddialı ölkə

 

(əvvəli ötən sayımızda)

 

Sudan başlayan həyat və tərəqqi

 

Eşitsəniz təəccüblənməyin ki, Sinqapurda heç bir təbii su mənbəyi yoxdur. "Su həyatdır". Sinqapurlular isə bu həyatı çox böyük əziyyətlə, heyrətamiz işgüzarlıqları, ağıl və fərasətləri ilə qazanırlar. Ona görə də Sinqapurun su emal edən müəssisələrindən birinə - "Bedok Nevater"ə səfərimiz çox yaddaqalan oldu. Burada biz suyun təmizlənməsi, içməyə və istifadəyə yararlı hala salınması prosesi ilə tanış olduq. Bir neçə maraqlı məruzə dinlədik.

Ölkə su ilə təminatını ödəmək üçün hazırda 4 mənbədən istifadə edir. Birinci mənbə yağış sularıdır. Ölkənin ərazisində yağış sularının axdığı 7 min kilometr uzunluğunda kanallardan axan su 17 anbar- hövzəyə toplanır. Su anbarlarından həm də insanların istirahəti üçün istifadə olunur. Hövzələrin ətrafı çox abad və səliqəlidir.

Ölkəyə yağan illik yağışların miqdarı 2,4 milyard kubmetr həddindədir. Ancaq yer qıtlığından, anbar və hövzələrin azlığı ucbatından yağış sularının 1,73 milyon kubmetrini emal edə bilirlər. Hazırda su hövzələrini genişləndirmək üçün tədbirlər görülür. Son illərdə Sinqapur çayının (boğazının) dənizə çıxışında heyrətamiz bir bənd tikiblər. Bu bənd vasitəsilə həm də baş verə biləcək daşqınların qarşısını almaq nəzərdə tutulur. Bəndin arxasındakı hövzə "Marina Basin" ehtiyat su hovuzu adlanır. Ümumiyyətlə, hazırda ada ərazisinin üçdə ikisinin yağış suları toplanır. Görünür, yaşıllıqlar, parklar istisnadır.

Şəhərin küçə və meydanları da hər yeri kimi səliqə-sahmanlı, tər-təmiz saxlanılır. Bəzən bir gündə bir neçə dəfə yağan yağış suları yerə düşən kimi novlarla birbaşa kanallara axır. Söz yox ki, yağış suları yüksək standartlara uyğun müasir texnologiya ilə qurulmuş zavodlarda təmizlənir, tərkibi içmək üçün saflaşdırılır. Amma buna baxmayaraq, yağış damcısının düşdüyü, yuyub apardığı küçələr, yollar hər yer tər-təmizdir.

Bu ölkədə nəinki ictimai yerlərdə, hətta müəyyən edilmiş yerlərdən kənarda belə siqaret çəkmək qanunla qadağandır.Bu zərərli vərdişlə bu yolla mübarizə apan digər ölkələrdən fərqli olaraq Sinqapurda insanların daha bir neçə xoşagəlməz vərdişlərinə də qadağa qoyulub. Məsələn, ictimai yerdə saqqız çeynəmək, onu yerə tullamaq və ya yerə tüpürmək də qanunla qadağandır və belə hərəkətlər müşahidə olunduğu təqdirdə onu törədənlər ciddi cərimələrə, digər inzibati cəzalara məruz qalırlar. Odur ki, bu ölkəyə gələn turistlərə də əvvəlcədən, əlbəttə, nəzakətlə bu qaydaları xatırladırlar.

Ölkənin ikinci su mənbəyi dəniz suyunun təmizlənərək saflaşdırılmasıdır. Ölkədə dəniz suyunu təmizləyən bir zavod var. Bu zavodda saflaşdırılan su ilə əhalinin tələbatının 10 faizi ödənilir. Təmizlənmiş dəniz suyundan içməli su kimi istifadə edilir.

Burada kanalizasiya suları da təmizlənərək təkrar istifadəyə yararlı hala gətirilir. Bu isə ölkədə su təminatının üçüncü mənbəyidir. Kanalizasiyadan təmizlənən suyun 95 faizindən sənayedə istifadə edilir, 5 faizi isə əhaliyə pulsuz paylanır. Özəl zavodlar da istifadə etdikləri suyu təkrar dövlət müəssisələrinə qaytarırlar.

Elə buna görə də bir çox strateji sahələr kimi su və su zavodları da dövlət mülkiyyətindədir. Pi-yu-pi adlanan Dövlət Ətraf Mühit Komitəsi həm də su sisteminə rəhbərliyi təmin edir. Yeri gəlmişkən, bu komitənin məmuru bizimlə söhbət zamanı iftixarla Lee Hisien Lengi "Sinqapuru bağlar və su şəhərinə çevirən" baş nazir adlandırdı.

Komitə rəsmiləri xüsusi bir vurğu ilə qeyd etdilər ki, hökumət milli tədqiqatlar məqsədilə qarşıdakı beş ilə 330 milyon dollar vəsait ayırıb. Bu isə bizi o qədər də təəccübləndirmədi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi önəm verdiyi və inamla yerinə yetirilən regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində təkcə Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarının ilkin layihə dəyəri 327 milyon manatdır.

Nəhayət, sonuncu dördüncü mənbə: Ölkənin 1962-2061-ci illər üçün Malayziya ilə 100 illik su müqaviləsi vardır. Elə o vaxtdan Malayziyadan uzaq məsafədən kəmər vasitəsi ilə Sinqapura içməli su xətti çəkilib.

Şair Alxasovun :- Olubmu qarşı tərəf müqavilənin yerinə yetirilməsini əngəlləsin? - sualına komitənin rəsmisi:"Bu müqavilə heç bir əlavə çətinlik yaranmadan yerinə yetirilir", - deyə cavab verdi.

Razim Məmmədovun bütün su zavodlarının dövlətin nəzarətində olub olmaması sualına verilən cavabdan isə öyrəndik ki, ölkədəki çoxsaylı su zavodlarından yalnız ikisi özəldir.

Regionda suyun ən baha olduğu ölkə də Sinqapurdur. Bu ölkədə vətəndaşlar tərəfindən istifadə edilən 1 kubmetr suyun qiyməti, əgər vətəndaş 40 kubmetr su istifadə edirsə, I kateqoriya ilə hər kuba 1 dollar 80 sent ödəməlidir. Bizim ölkəmizdə isə eyni miqdarda istifadə edilən suyun dəyəri vur-tut 25 qəpikdir.

Biz şabranlılar da göz yaşı kimi təmiz Şollar suyu içirik, içdiyimiz dumduru suyun dəyərini isə vur-tut 50 faiz ödəyirik. Səsimi içimə çəkdim. Sinqapurlulara bunu deməkmi olardı?! Ancaq söhbət əsnasında səfər yoldaşlarımız Elxan Usubov, Ramiz Cəfərov, Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin uzun müddət yığılıb qalmış 294,2 milyon manatlıq su borclarının silinməsi ilə bağlı fərmanını məmnuniyyətlə sinqapurlu məmurların diqqətinə çatdırıb onları yaman heyrətləndirdilər.

Sinqapurda sudan qənaətlə istifadə etməyə çalışırlar. Bunu qaldığımız oteldə də hiss edirdim. Sudan istifadə edərkən ləyənin axın tıxacını açıb eləcə də saxlayırdım. Qayıdanda baxıb görürdüm ki, xidmətçi ləyəni yenə tıxayıb...

Bakı şəhəri rayonlarının icra hakimiyyəti başçıları sinqapurlu suçulardan: "yəqin ziyanla işləyirsiniz", - deyə canıyananlıqla soruşdular. Cavab isə həqiqətən heyrətləndirici oldu. Heç bir təbii su mənbəyi olmayan, öz ehtiyaclarını min bir əziyyətlə yerinə yetirən Sinqapurda dövlət hər il sudan bir milyard dollar gəlir əldə edir. Çünki bu ölkədə "Su həyat mənbəyidir" deyiminin təsadüfdən yaranmadığını yaxşı bilirlər.

Əkəndə yox, biçəndə yox...

Bizlərdə belə bir ibarəli ifadə var: "Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş..." Bu "ortaq qardaş"ın məzəmmət ünvanı məlumdur: tənbəllik! Sinqapurlular da yediklərinin heç birini özləri əkib becərmirlər. Ona görə yox ki, tənbəldirlər. Yox. Sadəcə bu ölkədə heç bir kənd təsərrüfatı məhsulu əkilib becərilmir. Gerçəkdən buna təbii şərait, imkan yoxdur. Ona görə də bütün ərzaq məhsulları ölkəyə kənardan idxal edilir. Bir vaxtlar induslar burada onlar üçün müqəddəs hesab edilən "inək" saxlamaq fikrinə düşmüş, maldarlıqla məşğul olmaq istəmişlər. Amma alınmayıb. Heç bir səmərə vermədiyindən bu fikirdən daşınıblar. Həmin ərazilərdə indi nəhəng göydələnlər tikilib. Ölkədə adi meyvə-tərəvəz, banan belə yetişmir. Elə ərazinin yığcam, əhalinin isə kifayət qədər sıx olması da əngəllərdən biridir. Əlbəttə, yerli iqlim şəraiti də buna imkan vermir.

Sinqapur Əməkdaşlıq Təşkilatının sədri cənab Çho bizimlə bir neçə saat davam edən görüş ərzində dəfələrlə: - Əməksevər insanlarımız və etibarlı dostlarımız var. Bu gün isə məmnuniyyətlə deyə bilərik ki, indi də sizin kimi yeni bir dost qazanmışıq, - deyə Azərbaycanımızın adını çəkdi.

İlqar Abbasov da öz növbəsində azərbaycanlıları özlərinin dostu adlandırdığı üçün cənab Çhoya təşəkkür etdi.

Söhbət əsnasında Hüseyn Mövsümov bildirdi ki, bu ildən respublikamızın ayrı-ayrı rayonlarına rəhbərlik edən icra hakimiyyəti başçıları Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında həm də Şərqin inkişaf etmiş ölkələrinə səfərlər etməyə başlayıblar. Bu sırada Koreya və Yaponiya da var idi. Ancaq bizim qrup Sinqapuru seçdi. Bu ölkədə indiyəcən də gördüklərimizdən məmnunuq, kifayət qədər də faydalanmışıq.

Cənab Çhou da cavabında:

- Çox şad olduq ki, Yaponiyanı, Koreyanı yox, məhz bizim ölkəmizi seçmişsiniz, - deyə razılığını bildirdi.

Sinqapurlu sədrin əhvalı nə qədər "yüksək" olsa da, iqtisadiyyatla, yeni əlaqələr qurulması ilə bağlı təkliflər vermək heç də yadından çıxmırdı. Bildirirdi ki, Çində, Hindistanda yaxşı bazarlarımız var. Mərkəzi Asiya və Avropa da bizim sahibkarlarımız üçün faydalı və maraqlı olardı. Biznes, şirkət, yeni iş yerləri və s.

Vətənini sevən, onun daha da qüdrətlənməsi və əmin-amanlığı üçün hər cür fədakarlıq göstərməyə hazır olan bu vətənpərvərə sədrin telefonu zəng çaldı. O, dərhal telefonu açıb çox qısa danışıqdan sonra qapatdı. Sonra da bizə tərəf dönüb: - Öz nazirim idi, - deyə, məlumat verdi, - məşğulam, dedim... Əlbəttə, tabeçiliyində olduğu rəhbəri ilə onun heç bir əlavə izahat vermədən belə qısa, rəsmi, konkret danışığı Şərqdə, Asiya qitəsində çox diqqət çəkən və qəribə idi...

 

Yaradan əllərə alqış

 

Sinqapurda şəhərin genişləndirilməsi məsələləri ilə yerli planlaşdırma və yenidənqurma işləri idarəsi məşğul olur. Görüşlərimiz zamanı idarənin rəhbərliyinin, mütəxəssislərinin inşaat, tikinti işlərində qazandıqları təcrübə və gələcək planları ilə bağlı çox maraqlı məruzələrini dinlədik.

Təşkilatda olduğumuz bir neçə saat ərzində hiss etdim ki, bu idarə ölkəyə gələn qonaqların diqqətini xüsusi cəlb edir. Bizdən əvvəl və ardımızca bir neçə qrup nəhəng binanın aşağı mərtəbələrinin birində geniş salonda qoyulmuş Sinqapurun böyük maketi ilə maraqla tanış olurdular.

Şəhərin ərazisi yaşayış massivlərinə, parklara, ticarət şəbəkələrinə və yollara, nəqliyyatın hərəkəti üçün sahələrə bölünür. Ötən əsrin altmışıncı illərində şəhərin mərkəzi hissəsi, Sinqapur çayının ətrafı müxtəlif primitiv tikililərdən ibarət olub. Ölkə müstəqillik əldə edəndən sonra, ilk növbədə, iqtisadi təyinatlı obyektlər üçün torpaq ayrılıb. 1971-ci ildə ölkənin mənzil proqramı hazırlanıb. Şəhərin mərkəzi yöndəmsiz tikililərdən təmizlənib, bu tikililərin altındakı torpaqlar sahiblərindən alınıb və şəhərin baş planına əsasən paytaxt ərazisində dörd istiqamətdə torpaq sahəsi ayrılmış və burada yeni yaşayış evləri tikərək mərkəzdə yaşayan insanlar oraya köçürülmüşdür. Eyni zamanda şəhərin qədimliyini, tarixi abidələrini, qədim Çin, Hind, Malay məhəllələrinin əsas küçələrini, məbədləri, məscidləri, kilsələri - bir sözlə, dini etiqadlara xidmət edən ocaqları olduğu kimi qoruyub saxlayıblar. Şəhərin mərkəzində isə hotellər, müxtəlif təşkilatların ofisləri, nəhəng ticarət mərkəzləri yerləşir.

İndi həmin küçələrdə yaşayış olmasa da, oradakı obyektlərdən ticarət mərkəzləri kimi istifadə olunur, dini iqamətgahlarda isə ayinlər icra edilir. Şəhərin mərkəzində hətta müasir Avropa məhəlləsi də var.

Bu gün isə Sinqapurda torpaqla işləməyin perspektiv planı 50 il üçün nəzərdə tutulur. Hansı ərazidən nə məqsədlə istifadə ediləcəksə həmin planda konkret əksini tapır. İqtisadi, sosial, ətraf mühit problemləri perspektiv planın əsasını təşkil edir.

Azərbaycan da bu gün bütün sahələrdə, o cümlədən, tikinti, abadlıq, quruculuq sahəsində çox böyük iqtisadi sıçrayış dövrünü yaşayır. Çox keçməz, yaxın gələcəkdə arzu və amalı Azərbaycanımızı qüdrətli bir dövlət, onun paytaxtı Bakını müasir, nəhəng, öz tarixini qoruyub saxlamaqla yanaşı, həm də modern dünya şəhərlərindən birinə çevirmək olan cənab Prezidentimizin həyata keçirdiyi tədbirlər sayəsində Bakımız bu gün adı fəxarətlə çəkilən şəhərlər sırasında olacaq.

Bakı şəhər rayonlarının icra hakimiyyəti başçıları - İlqar Abbasov, Razim Məmmədov, Asif Əsgərov, Tahir Budaqov bəlkə də elə buna görə şəhərsalma və planlaşdırma idarəsində Sinqapurun abad, səliqə-sahmanlı, geniş, başdan-başa yenidən qurulmuş küçələri, göz oxşayan park və xiyabanları, göydələn binaları haqqında müxtəlif suallar verir, daha çox məlumat almağa çalışırdılar.

 

Yollar: xeyrə qənşər!

 

Sinqapurun bir elə geniş olmasa da günaşırı yağış sularında yuyulan işıqlı, rahat avtomobil yolları göz oxşayır. Yolların bu rahatlığı təkcə şüşə kimi hamar olmasında, çoxmərtəbəliliyində deyil, ən əsası hərəkətin tıxacsız, maneəsiz olmasındadır. Bundan belə qəti bir qənaətə gəlmək olar ki, sinqapurlular şəhər nəqliyyatının normal hərəkətini yüksək səviyyədə tənzimləyiblər. Böyük şəhərin bütün avtomobil yollarında nəqliyyat bir an belə yubanmadan, sərnişini narahat edib təşvişə səbəb ola biləcək sürətlə deyil, həm də onun darıxmasına heç bir səbəb olmadan şütüyüb gedir.

Sinqapurda ölkə ərazisinin 12 faizi nəqliyyatın hərəkəti üçün istifadə olunur. Yollarda maşınlar seyrəkdir, çünki 5 milyon əhali yaşayan bu varlı Şərq ölkəsində 1 milyona yaxın minik avtomobili var.

Ərazinin darısqallığı nəzərə alınaraq, əksər yerlərdə o qədər geniş olmayan yollar da tikintilər kimi çoxmərtəbəlidir. Şəhərdə bir neçə mərtəbəli yol keçidləri, dairələr var. Bəzən gözünlə gördüyün, qarşında duran ünvana çatmaq üçün belə dairələri bir neçə dəfə fırlanıb bir neçə küçə keçib gedəsi olursan.

Bəs sinqapurlular bunun həllinə necə nail olublar? Bu ölkədə ictimai nəqliyyat əhaliyə yüksək səviyyədə fasiləsiz xidmət edir. Dayanacaqda avtomobil gözləyən sərnişin varsa, dərhal oraya avtobus yaxınlaşır. Avtobusa müəyyən edilmiş norma daxilində sərnişin minə bilir. Əgər avtobusda yerlər tutulubsa, elektron tablo bunu göstərir və siqnal çalır. Yer tapmayan sərnişin düşüb arxadan özünü yetirən növbəti avtobusa əyləşir. Avtobuslar üçün yolun ayrıca, boş hissəsi var. Ora nəqliyyatın başqa növləri girmir. Sinqapurda 450 min avtobus dayanacağı var. Sərnişinləri ictimai nəqliyyata cəlb etmək üçün hətta avtobuslara qatlanan velosipedləri də qoymağa icazə veriblər.

Taksilər ahəngdar işləyir, çünki yol xərci sinqapurluların "cibinə" uyğundur. 7 taksi şirkətində 25 min taksi var. Yalnız 400-dən artıq taksisi olan müəssisə şirkət yaradıb taksi xidməti göstərə bilər.

1971-ci ildə şəhərin mərkəzi kənara köçürüləndən sonra ölkədə metro tikintisinə başlanılıb. 1990-cı ildə metro tikintisi başa çatıb. Bu ölkədə metro da öz sərnişinlərinə yüksək səviyyəli xidmət göstərir. Ümumiyyətlə, Sinqapur şəhərində yerin altından da, üstündən, səmasından da imkan çatan qədər istifadə olunur. Yerin altında bir neçə mərtəbəli xidmət obyektləri, çoxmərtəbəli körpülər, piyada keçidlər və bu kimi tikililər adamda yalnız heyranlıq dogurur.

Ölkədə bütün nəqliyyat vasitələri - avtobus, taksi, metro dayanacaqlarda, yol keçidlərində quraşdırılmış sərinləşdirici texnologiya fasiləsiz və etibarlı işləyir. İctimai nəqliyyatda göstərilən yüksək konfortluğun və rahatlığın nəticəsidir ki, ölkə əhalisinin 20 faizi ictimai nəqliyyatdan istifadə edir. Buna baxmayaraq, sinqapurlular yaxın gələcəkdə ictimai nəqliyyatın inkişafına 60 milyard dollar vəsait sərf etməyi nəzərdə tutublar.

Ölkədə tıxacların olmamasının bir səbəbi də şəxsi minik avtomobillərindən istifadənin, daha doğrusu, onlara sahib olmağın dövlət səviyyəsində məhdudlaşdırılmasıdır. İndi bu ölkədə şəxsi avtomobillərin ildə 1,5 faizdən çox artmasına icazə verilmir.

Burada şəxsi avtomobilin məqsədli şəkildə çox baha olması bir yana, ona sahib olmaq üçün lisenziya - xüsusi razılıq almaq da asan başa gəlmir. Bu, nə az, nə çox - 50 min ABŞ dolları xərc tələb edir.

Bir minik maşınının neçəyə başa gəldiyini soruşduq. Məsələn, lisenziya almaq istisna olmaqla "Nissan" markalı yapon avtomobilinin 100 min dollara başa gəldiyini bildirdilər.

Şəhərin mərkəzi hissəsindəki yollara daxil olan xüsusi avtomobillər elektron kassaya pul ödəyirlər. Şəhər rəhbərliyi gələcəkdə ölkənin bütün yollarında istifadə haqqı kimi müəyyən rüsum tətbiq etmək fikrindədir.

Yeri gəlmişkən, Quru Nəqliyyat Akademiyasının nəzdində olan Quru Nəqliyyat İdarəsi avtomobil yolları, dəmir yolu və digər işlərlə bağlı nəqliyyata dair məsələləri həll edir və Sinqapurda ikinci ən böyük sosial xidmət idarəsidir.

Bütün bu tədbirlərə baxmayaraq, son 10 ildə ictimai nəqliyyatdan istifadə azalıb. Elə buna görə də çalışırlar ki, keyfiyyəti yüksəltmək yolu ilə 2020-ci ilədək ictimai nəqliyyatdan istifadənin həcmini 70 faizə çatdırsınlar.

 

"Ac qılınca çapar..."

 

Sinqapurda istehsalatda çalışanların iki təbəqəsi var. Onlar da "ağyaxalıqlılar" və "qarayaxalıqlılar" adlanır. Müəllimlər, həkimlər, mühəndislər, elm, mədəniyyət və sənət adamları "ağyaxalıqlılardır". Bu zümrədən olan adamların aylıq əmək haqqı on beş min Sinqapur dollarından başlayaraq getdikcə artır. Belə məbləğ əməyin dəyərinə görə otuz, qırx, əlli min dollar və daha çox da ola bilər.Yeri gəlmişkən bir Sinqapur dolları Amerika dollarına nisbətdə 83 sent təşkil edir.

"Qarayaxalıqlılara"a fəhlələr, xidmətçilər, qulluqçular və s. daxildir. Onların əmək haqqı isə üç min Sinqapur dollarından başlayıb, on beş min dollara qədər də ola bilər. İşə yeni qəbul olunan gənc mütəxəssislərin aylıq əmək haqları isə iki min beş yüz dollardan başlayır.

Sinqapurluların güzəranı yaxşı, qazancları təminatlarını gen-bol ödədiyindəndir ki, kafe və restoranlara ayaq açıblar.Çünki ayağı yer tutmayan qocaları, xəstə və çağaları deyə bilmərəm, yerdə qalanlar birmənalı olaraq öz evlərində yemək hazırlamır və oturub evdə yemək yemirlər. Bəlkə elə bu səbəbdəndir ki, gördüyümüz bütün ticarət mərkəzlərinin, hotellərin əsas hissəsini kafe və restoranlar təşkil edir. Bu kafe və restoranlarda isə boş yer tapmaq, demək olar ki, mümkün deyil.

Yeməklərinin tamı və çeşidinə gəlincə isə, Sinqapur mətbəxinin yeməkləri bizim xanımlarımızın, gəlinlərimizin, qızlarımızın neçə cür ədviyyat qatıb şövqlə hazırladıqları, az qala ölünü dirildən xörəklərimizlə müqayisəyə belə gələ bilməz. Burada yeməklər, xüsusən, dəniz məhsullarından hazırlanan təamlar çox bahadır. Bizim kimi "öz canının qədrini bilən" on-on iki nəfərin Sakit okean sularında babat bir yaxtada şam yeməyinin qiymətinə elə yenə bizim bədxərc bir ailəmiz bir ay rahatca dolana bilər. Sinqapur mətbəxindən səfər müddətində ən çox korluq çəkən, özümü nəzərə almasam, Səbuhi Abdullayev oldu. Bir dəfə hətta mal ətindən bizim langetə bənzər, avropalıların "Steyk" dedikləri qalın və qanlı ət parçasını boşqab qarışıq götürüb mətbəxə apardı.

Qayıdanda: - Başa saldım, indi qızardıb gətirəcəklər, - dedi.

Bir az keçdi, gətirdilər, ancaq yenə yeyə bilmədi... Dostum Şair çiy balıqdan düzəldilmiş salatdan bir tikə götürüb ağzına apardı və dərhal da çəngəli boşqabın kənarına qoydu.

- Necə idi? - soruşdum.

Dostum: - Bilmədim, - dedi.

Düz deyirdi, axı o ağzına qoyduğu tikəni çeynəmədən udmuşdu.

Üzə vurmasalar belə səfər yoldaşlarımız da bizim günümüzdəydilər. Bizim bu halımızı görən yoldaşlarımızın bəziləri, xüsusən xarici ölkələrdə daha çox olan Tahir Budaqov, Asif Əsgərov, Elxan Usubov, İlqar Abbasov bizi yeməyə həvəsləndirmək üçün, sevə-sevə yediklərini deyə bilmərəm, ancaq süfrədəki təamları tərifləyir, iştahla yediklərini göstərmək istəyirdilər. Ancaq genetik dad, tam və qoxu yaddaşı öz işini görürdü...

Yemək sarıdan bərk korluq çəkməyimizə, nəhayət ki, son qoyuldu və şəhərin mərkəzində qədim yaşayış məntəqələrindən birində bizim ənənələrə uyğun bir yeməkxana tapıldı.

Aclıq çəkən adam kimi yeməyə elə bərk girişmişdim ki, salonu başina almış səs-küy birdən qulaqlarıma çatdı. Deyəsən, orqanizm doyub aclıq hissini üstələmişdi. Başımı qaldırıb ətrafa göz gəzdirdim. Təqribən yüz, bəlkə bir az da çox yerlik salon ağzınacan dolu idi. Stollar sıx qoyulmuşdu. Hamı səsi bütün aləmi başına götürmüş ağlayan bir uşağa baxırdı. İndi bildim ki, bu səs bayaqdan da gəlirmiş. Mənsə ac olduğum üçün eşidib hiss etməmişəm. Deməli, ac olanda adam hətta ağlamaq səsini də eşitməzmiş. Lənət şeytana...

 

Ticarətin "səbr qanunu"

 

Ölkədə hər kəsin imkanına uyğun nəhəng, müasir ticarət mərkəzləri, alış-veriş yerləri var. Geniş salonları olan, hər cür xidmətlə əhatə olunan bu dəbdəbəli mağazalarda ucuzluqdu deyə bilmərəm. Ancaq şəhərin mərkəzində elitar mağazada aldığın ortabab bir əşyanın qiymətinə kiçik "Hindistan" adlandırılan "Mustafa" ticarət mərkəzində və ya qədim Çin məhəlləsində gecə-gündüz fasiləsiz işləyən, gəzib qurtarmağa bir gün belə yetməyən mağazada bir çamadan babat hədiyyə almaq olar.

Sinqapurda alış-veriş yerlərində satıcılar gülərüz və dözümlüdürlər. Həm də bəs qədər səbrləri var. Satdıqları şeyi usanmadan bağlamadan bir neçə dəfə çıxarıb göstərə bilərlər. Elə müştərinin də almaq istədiyi malı bir neçə dəfə yoxlamasına və ya aldıqdan sonra bağlanmış qutudan təzədən çıxarıb təkrar-təkrar baxmasına gülə-gülə imkan yaradır, eynlərini belə pozmurlar. Ərinmir, bizim qalstuklu, qalstuksuz, nizamlı-nizamsız satıcılarımızdan fərqli olaraq, bezikib çımxırmır, hirslərini müştərinin üstünə tökmürlər. Xüsusən, çinli satıcılar. Bəlkə elə ona görə burada başqa millətdən çox az sayda satıcı gördüm.Onlar üçün ticarətin öz qanunları var və onlardan biri də səbrdir. Bacarana alqış, necə deyərlər, çörəyi ver çörəkçiyə, birini də üstəlik...

 

Cazibənin sirri nədədir?

 

Sinqapur Cənub Şərqi Asiyada turizmin ən çox inkişaf etmiş ölkəsidir. Hazırda ölkədə istifadə edilən və genişləndirilməsi nəzərdə tutulan 10 turist - istirahət mərkəzi vardır. Marina bay, Marina bay Sands və s. onlardan ən məşhurlarıdır. 2004-cü ildə ölkəyə gələn turistlərin sayı 8 milyon, bu sahədən əldə edilən gəlir 10 milyard ABŞ dolları, ölkənin ÜDM - istehsalında turizmin payı 3 faiz olub. Ötən 2010-cu ildə isə Sinqapura 11,5 milyon turist səyahət edib. Bu sahədən əldə edilən gəlir isə 18,8 milyard dollar təşkil etmişdir.

Ölkənin Turizm İdarəsinin baş direktoru Kevin Leon bizi məlumatlandırarkən bildirdi ki, 2015-ci il üçün hədəfləri ölkələrinə 17 milyon turist cəlb etmək, bu sahədən əldə edilən gəlirləri 30 milyard dollara və ölkənin ümumi istehsalında bu sahənin payını 5-6 faizə çatdırmaqdır.

Tikintisinə 6 milyard ABŞ dolları vəsait sərf edilən Marina bay Sands turizm istirahət mərkəzi 2010-cu ildə tikilib istifadəyə verilib. 2011-ci ildə istifadəyə verilən "Kardens bu the Bay" turist istirahət mərkəzinin tikintisi 9 milyard ABŞ dollarına başa gəlib.

Tikintisi davam etdirilən və 2013-cü ildə istifadəyə veriləcək "National art qallery" turizm mərkəzinin dəyəri 320 milyon ABŞ dolları, 2014-cü ildə istifadəyə veriləcək "Sinqapur idman klubu"-nun layihə dəyəri isə 87 milyon ABŞ dollarıdır. Torpağı qarışla ölçülən ölkədə 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan "Manday təbiət krallığı" 5 hektar su ərazisi qurudularaq tikilir.

Çox uzaqda, necə deyərlər, bizim üçün dünyanın o başında olan Sinqapura ölkəmizdən də turist səfərlərinə çıxanlar var və onların sayı da hər il artır. 2004-cü ildə bu ölkəyə respublikamızdan 303 nəfər gəlibsə, 2010-cu ildə onların sayı üç dəfə artaraq 903 nəfərə çatıb. Bu rəqəmin özü həm də ölkəmizin iqtisadi inkişafının, insanların rifah halının göstəricisidir.

Respublikamızın rəhbərliyi ölkəmizin iqtisadi inkişaf tempinə və sosial sifarişlərə uyğun olaraq hər ilin öz prioritet vəzifələrini müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2010-cu il "Ekologiya ili", 2011-ci il isə "Turizm ili" elan edilmişdir.

Dünyada bu sahənin inkişaf etdiyi ölkələrin təcrübəsi ilə tanış olub öyrəndikcə Azərbaycan Prezidentinin bu qərarlarının nə qədər önəmli olduğunu, onların inkişaf etmiş ölkələrin bugünkü reallıqları ilə necə səsləşdiyinin şahidi olursan.

 

Sinqapurun cazibədar "möcüzələri"

 

Bəs, turistləri Sinqapura çəkib aparan hansı cazibə qüvvəsidir? Təbii ki, onun müasir möcüzələri. Məsələn, Sinqapurun Sentoza rayonunda yerləşən "Flayer kurort dünyası" hər il on bir milyon nəfər turist ziyarət edir. Dünyada ən hündür müşahidə çarxı məhz bu şəhərdədir. İnşasına 2,40 milyard investisiya qoyulan "Flayer kurort dünyası" ölkəyə ildə 50 milyon dollar gəlir gətirir. Müşahidə çarxı çox heyrətamiz və yaddaqalandır. Çarxın hündürlüyü 165 metrdir ki, bu da 42 mərtəbəli binanın hündürlüyünə bərabərdir. Müşahidə çarxında hər biri orta həcmli avtobus qədər sərnişin tutumu olan 34 kapsul (kəcavə) yerləşib. Çarx 30 dəqiqəyə bir dövrə vurur. Kapsullar həm də müxtəlif dərəcəlidir. Bəzənmiş xüsusi komfortu olanlarda dostlara təntənəli ziyafət vermək, nigahı da qeydə aldırmaq olar. Ötən il yüz nəfər gənc evlənmələrinin rəsmi qeydiyyatını çarxda keçirib.

Yeri gəlmişkən, bizim Mingəçevir şəhərində də nigahlarını Kür boyu üzərək bəzənmiş qayıqda qeyd edənlər olur. Həm də, necə deyərlər, tar-kaman, gözəl musiqi ilə. Sinqapurlu çinlilər isə toylarını çalğısız edirlər. Geyinib-kecinib geniş saraylara, restoranlara və ya başqa bir uyğun yerə toplaşırlar. Oturub təntənəli şəkildə şam edir, yeni evlənənlərə ən xoş arzularını bildirirlər. Bəylə gəlinə qırmızı zərfdə pul bağışlayırlar. Nigah qeyd olunur və elə bəzəkli maşınlarda bəylə gəlini seçdikləri ünvana yola salırlar .

Qaldığımız hotelin birinci mərtəbəsindəki geniş ziyafət salonunda hər gün belə şənliklər olurdu. Bir gün fürsət tapıb toyun gedişini bir xeyli izlədim. İki yüz nəfərə qədər qonağın qatıldığı ziyafətdə yüngül çəngəl-bıçaq səsindən bir də dostlarının, yaxınlarının salonun ən görkəmli yerində, adamların arasında əyləşən bəylə-gəlinə yaxınlaşaraq gülümsəyə-gülümsəyə qısa təbriklərindən başqa heç bir çal-çağır, hay-küy eşidilmirdi. Demə belə də olurmuş...

Qərəz, çarxdakı dəbdəbəli kapsulda yarım saata şam da yemək olar, hələ bir "Brendi", məşhur Sinqapur kokteli də içmək mümkündür. Bizə də qismət oldu. Çarxda yarım saatlıq səyahətimizdə şəhərə, okeana, daha doğrusu Malakka boğazından okeana açılan mənzərələrə, əl uzatsan çatası yaxın adalara, hətta Malayziyanın uzaqdan görünən adalarına belə tamaşa etdik, kokteyl içdik. Necə deyərlər, buna dəyərdi.

Elə belə, yarım saat adi qaydada çarxda fırlanmaq üçün ödəniş haqqı 29,5 Sinqapur dollarıdır. Bizim pulla 24 manat. Ancaq yuxarıda sadaladığım xidmətlərin qiyməti bahadır. Məsələn, toy edənlərə bu yarım saatlıq kefi yaşamaq üçün beş min dollardan keçmək lazım gəlir.

 

Marina Bay Sands (Şirkətlər qrupu)

 

Marina Bay istirahət kompleksi 3 ilə tikilib və 2010-cu ildə istifadəyə verilib. Tikinti 5, 6 milyard dollara başa gəlib. Burada 8600 nəfər çalışır. Tikinti düz 10 aya öz xərcini çıxarıb. Memarı Bostondan olan bu ən böyük kompleksi şirkət 2007-ci ildə suda yer alıb torpaqla doldurub tökmə torpaq üzərində tikib. Hər biri 55 mərtəbə olan 3 qüllədən və 2561 otaqdan ibarətdir.

Sinqapurdakı dairəvi kazinonun ərazisi 120 min kvadratmetrdir. 45 min nəfərlik salonu və 11 min nəfərlik banket zalı var. Salonda 140 metr hündürlükdən asılan Svarovski çilçırağının 7 ton çəkisi var.

Skay-park yerdən 200 metr hündürlükdədir. Hotelin qarşısında yer olmadığı üçün parkı binaların üstündə tikiblər. 315 metr uzunluğunda parkın bir-birindən ayrı 67 metrlik hovuz çıxıntısı var. Dünyanin bu ən böyük çıxıntısı üstündə eyni vaxtda 900 adam saxlaya bilir. Bir nəfər belə artıq minsə uça bilər. Ona görə çıxıntıya keçənləri avtomatik sayan aparat qurulub.

Sinqapurda 1680 tamaşaçı qəbul edə bilən Seans teatrı, hotelin qarşısında insan əli formasında tikilmiş elm və incəsənət muzeyi, suyun içində tikilən Kristal pavilyonu, Buz meydanı, şəhərin mərkəzində 80 min kvadratmetrlik 260 fərqli mağazası olan və ərazisi qayıqla gəzilən I Elit ticarət mərkəzi turistlərin daha çox gəzdiyi yerlər sayılır.

 

***

 

Dünyanın bütün böyük şəhərlərinin əzəmətini göstərən, tanınma nişanına, şöhrətli simvoluna çevrilən abidələri, binaları olur. Sinqapurun "Marina bay"ı da bunlardan hesab olunur. Cəmi 2 il öncə fəaliyyətə başlayan "Marina bay" turizm istirahət kompleksinin 56 mərtəbəli üç yanaşı binası və səmada sanki bu binalara bitişik, onların üstündən üzüb keçən qayıq formalı nəhəng tikili bu şəhər ölkənin hər yerindən- qurudan da, sudan da görünür. Bu kompleksin hotelində nömrələrin qiyməti müxtəlifdir. 400 dollardan başlamış 17 min dollar və bir az da artığına.

Fəxrəddin müəllim maraqla tikinti materiallarının haradan gətiririldiyini soruşdu.

-Dünyanın harasinda yaxşısı varsa, oradan, - deyə direktor cavab verdi.

İlqar müəllim isə tikilən binaların zəlzələyə davamlılığı ilə maraqlandı. Direktor bu ecazkar memarlıq abidələrinin müasir tikinti texnologiyasının imkan verdiyi ən yüksək hədlərin nəzərə alması ilə inşa edildiyini bildirdi və əlavə etdi ki, Sinqapur seysmik ərazi deyil. Beləliklə, İlqar müəllimin sualına cavabdan bu ölkədə zəlzələ ehtimalının az olduğunu öyrəndik.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov kompleksin direktorundan xahiş etdi ki, bizə ən yaxşı nömrələrindən birini göstərsinlər. Məmnuniyyətlə göstərdilər. Baxdığımız nömrənin otaqlarının sayını yadımda saxlaya bilməsəm də qiymətini unutmadım- bir sutkası 17 min dollara... Gecələyənlərə xoş olsun.

 

Vətənə doğru...

 

İyunun 12-də yerli vaxtla saat 9-da "Mandarin Oriental" mehmanxanasından ayrılıb Sinqapurdan - bu kölgəli şəhərdən Vətənə yola düşdük.

Türk Hava Yollarına məxsus Aerobusla on bir saatlıq uçuşdan sonra on iki min kilometrlik yolu qət edib İstanbula enirdik. Elə bu məqamda aerobusun salonunda yanaşı oturduğumuz Səbuhi Abdullayev dərindən köks ötürüb məmnunluqla dedi: - Gedən başa nisbətən qayıdanda asan oldu, yol bizi çox yormadı. Mən də: - Axı, bu dəfə Vətənə, doğma ocağa dönürük, - deyə cavab verirəm.

Sinqapurun İqtisadi Əməkdaşlıq Təşkilatının sədri orada məndən soruşmuşdu ki, şəhərimiz sizi ən çox nə ilə heyrətləndirdi? Mən də cavab vermişdim ki, dənizi doldurub ərazinizi genişləndirməklə, bəzi bədnam və bədbəxt millətlər kimi başqalarının torpaqlarını zəbt edib, insanlarını əzab-əziyyətə düçar etməklə yox!..

İndi özüm-özümdən xəbər alırdım ki, görəsən, bu şəhər -ölkə yaddaşımda necə qaldı, bir iz saldımı? Bir daha Sinqapuru gözüm önünə gətirirəm: Dənizə tərəf sürünən kölgəli şəhər, günəşin həmişə yorğun göründüyü məhzun görkəmli ölkə.

Ancaq bu, indi, bəlkə də, bu anda belədir. Ola bilər ki, gördüklərimdən xatirəmdə nəsə göyərsin və xatirələr yenə dilə gəlsin. İndi isə uçuruq, səmadayıq. Bir azdan uzaq səfərlərə yollanan türk övladlarının arxasınca su səpən, qayıdanda isti qucaq açan türkün böyük şəhərinə, İstanbula enəcəyik.Oradan da saatbasaat, günbəgün gözəlləşən doğma Bakıya...

 

***

 

Budur, bu da Şərqlə Qərbi birləşdirən cazibədar Bakı, Vətənimizin tacı. Mavi Xəzərin qoynuna aldığı, ona lay-lay çaldığı doğma şəhər. Xəfif səmum küləyi ilə sifətimizi yalayıb, saçlarımıza sığal çəkərək sanki bizə xoşgəldin deyir.

Səfər yoldaşları ilə sağollaşıb ayrılır ,vəzifə başına tələsirik. Çünki o qədər görüləsi, yerinə yetiriləsi işlər var ki!..

 

 

Şabran-Bakı-Sinqapur-Bakı

 

Novruz NOVRUZOV,

Şabran Rayon İcra

Hakimiyyətinin başçısı

 

Xalq qəzeti.- 2011.- 13 avqust.- S. 5.