Güclü ordu güclü dövlət deməkdir. Azərbaycan Prezidenti belə bir qüdrətli ordunu qısa müddətdə formalaşdırdı

 

Bu gün Azərbaycanda nizami ordu vardır. Mən hərbi hissələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Bütün bu məsələlər bizi çox sevindirir. Azərbaycanda ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcəkdir. Ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti,

Ali Baş Komandan

 

Müstəqilliyinin 20-ci ildönümünü böyük təntənə ilə qeyd etməyə hazırlaşan Azərbaycan Respublikası hazırda Cənubi Qafqazda lider dövlətdir. İqtisadiyyatın artım sürətinin tempinə görə dünyada lider dövlətlərdən olan ölkəmizin sürətli inkişaf yolunda inamla irəliləməsi, beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, həyata keçirdiyi regional və qlobal layihələr onun gələcək nailiyyətlərinin qarantıdır. Dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasət, iri infrastruktur layihələrin reallaşdırılması istiqamətindəki düşünülmüş iqtisadi strategiyası Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qaldırmaqdadır. Təsadüfi deyil ki, bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir.

 

Ümummilli lider Heydər Əliyevin müdrik kəlamlarının birində deyilir ki, "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Güclü iqtisadiyyatı olan ölkənin güclü orduya malik olması onun mövqelərini daha da möhkəmləndirir, gücləndirir, dünya birliyindəki nüfuzunu artırır, milli maraqlarının qorunmasında böyük rol oynayır. Güclü ordu güclü dövlət deməkdir. Məhz bu baxımdan Azərbaycan Prezidenti dövlət üçün xüsusi əhəmiyyət kəsb edən ordu quruculuğu sahəsinə önəmli diqqət yetirir, müdafiə və təhlükəsizlik məsələlərini daim ön plana çəkir.

Azərbaycanın Milli Ordusunun formalaşması, təşəkkül tapması və qüdrətlənməsi məhz ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra başlandı. AXC-Müsavat hakimiyyəti dövründə ölkədə baş alıb gedən özbaşınalıq, anarxiya, mənəm-mənəmlik, intizamsızlıq orduya da sirayət etmişdi. Ayrı-ayrı şəxslərin tabeçiliyində olan silahlı qruplaşmalar düşmənin hərbi təcavüzünün qarşısını almaq, sərhədlərimizi qorumaq əvəzinə, hakimiyyəti ələ keçirmək uğrunda mübarizə aparır, silahlı qarşıdurma yaradırdılar. AXC-Müsavat iqtidarının Milli Qəhrəman səviyyəsinə yüksəltdiyi, hətta, korpus komandiri təyin etdiyi Surət Hüseynov tabeçiliyində olan silahlı əsgər və zabitləri sərhəd bölgələrindən geri çağıraraq Bakıya istiqamətləndirmiş, hakimiyyəti ələ almaq üçün ciddi münaqişə yaratmışdı. Ölkədə vətəndaş müharibəsi yetişdiyi bir zamanda ulu öndər Heydər Əliyev xalqın köməyinə çatdı, Ümummilli liderin qətiyyəti, siyasi uzaqgörənliyi və dövlət idarəçiliyindəki zəngin təcrübəsi sayəsində nizami Milli Ordunun formalaşdırılması istiqamətində qətiyyətli addımlar atıldı. Qeyri-qanuni silahlı qruplaşmalar zərərsizləşdirildi, yerli özünümüdafiə batalyonları ləğv edilərək vahid komandanlıq ətrafında birləşdirildi. Böyük tarixi şəxsiyyətin 22 may 1998-ci il tarixli fərmanı ilə iyunun 26-sı Silahlı Qüvvələr Günü elan edildi.

Bu gün iqtisadi yüksəlişi ilə dünya birliyinin diqqətini özünə cəlb edən Azərbaycan qüdrətli orduya malikdir. Milli Ordumuz hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib. Azərbaycanın müstəqil dövlət kimi keçdiyi böyük və şərəfli yolda bütün istiqamətlərdə - iqtisadi, sosial, mədəni sahələrlə yanaşı, ordu quruculuğunda da böyük nailiyyətlər əldə edilib. Bütün dövrlərdə ordu dövlətin varlığının qorunmasında, ərazi bütövlüyünün təmin edilməsində, regionda və dünyada söz sahibi olmasında müstəsna rol oynayıb. Bu baxımdan ordu quruculuğu, Milli Ordunun gücləndirilməsi hər bir dövlətin qarşıya qoyduğu prioritetlərdəndir.

Ulu öndərin daxili və xarici siyasətini böyük müvəffəqiyyətlə davam etdirən, onun yarımçıq qalmış ideyalarını reallaşdıran möhtərəm Prezidentimiz İlham Əliyev də ordu quruculuğuna, Milli Ordumuzun daha da qüdrətlənməsinə xüsusi diqqət yetirdi. Milli Ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində qətiyyətli addımlar atılmış, orduda peşəkarlıq, döyüş qabiliyyəti artırılmışdır. Silahlı Qüvvələrdə ruh yüksəkliyi, döyüş əhval-ruhiyyəsi yaradılmışdır. Altı il əvvəl yaradılmış Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi müxtəlif hərbi təyinatlı məhsullar Milli Ordumuzun maddi-texniki bazasını daha da gücləndirmişdir. Qətiyyətlə deyə bilərik ki, bu gün Azərbaycanın Milli Ordusunun təchizatı, əsasən, daxildə istehsal olunan məhsullar hesabına formalaşır. Artıq Azərbaycanda müxtəlif növ silahlar, sursatlar və hərbi texnika istehsal olunur. Onu da qeyd edək ki, Azərbaycanda istehsal olunan hərbi texnika beynəlxalq sərgilərdə nümayiş olunmuş və yüksək qiymətə layiq görülmüşdür.

Azərbaycan hərbi sənayesinin istehsalı olan döyüş texnikası və müasir silah-sursatın Bakıda keçirilən hərbi parad zamanı nümayişi dünyanın diqqətini ölkəmizə yönəltdi. Artıq ənənə halını almış hərbi paradda Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin nizam-intizamı, döyüşə hər an hazır olmaları Milli Ordumuzun gücündən, qüdrətindən xəbər verirdi. Hərbi parad zamanı nümayiş etdirilən "Tütək" raket kompleksləri quraşdırılmış "Əqrəb" markalı xüsusi zirehli avtomobilləri, Daxili Qoşunların "SOFA", Dövlət Sərhəd Xidmətinin "Kobra" zirehli maşınlarını, xüsusi təyinatlı bölmələrin "Land Rover" və "Mersedes" maşınlarını, Daxili Qoşunların "Cardom" tipli minaatanlarını görən hər kəs sonsuz qürur hissi keçirirdi. Hərbi sənayeimizin istehsalı olan silah və texnika bununla bitmirdi. Müxtəlif çaplı, müasir tipli yedəkli artilleriya sistemləri, avtomatik minaatanlar, tank əleyhinə toplar, haubitsalar, qoşqular, zireh sistemləri böyük maraqla qarşılandı. Bu hərbi texnikalar sırasında olan "Dolu-1" 20,4 kilometr, "Leysan" 45, "Şimşək" 150, "Qasırğa" isə 70 və 90 kilometrlik məsafələrə reaktiv mərmi atmaqla hədəflərə dəqiq zərbə vurmaq imkanına malikdir.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məhsullar altı dəfə beynəlxalq sərgirdlərdə nümayiş etdirilmişdir. Bu ilin may ayında Türkiyədə keçirilmiş "İDEF-2011" sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsullarla qatıldığı altıncı sərgi idi. İlk dəfə olaraq "İDEF-2011" beynəlxalq sərgisinə 27 adda məmulatla qatılan Müdafiə Sənayesi Nazirliyi bu sərgidə 89 adda məhsul nümayiş etdirmişdir. Sərgidə Türkiyə ilə yanaşı, ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa və digər inkişaf etmiş ölkələrdən 534 şirkətin iştirak etdiyi bildirilir. Bu qədər şirkətlər və inkişaf etmiş dövlətlər arasında Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan hərbi texnikanın və silah-sursatın diqqəti cəlb etməsi hərbi sənayemizin inkişafından xəbər verir.

Azərbaycan Silahlı Qüvvələri müasir zenit-raket komplekslərinə də malikdir. Ölkəmizdə yüksək dəqiqliklə aparılmış modernləşdirmə nəticəsində "Kaman" zenit-raket kompleksinin maksimal vurma qabiliyyəti 35 kilometrə çatdırılmışdır. Yüksək hündürlükdə uçan sürətli təyyarələri, qanadlı raketləri vurmaq üçün təyin edilmiş "Qalxan" zenit-raket kompleksinin hədəfi məhvetmə imkanları üfüqi və şaquli məsafələrdə müvafiq olaraq 255 və 40 kilometrə çatdırılmışdır. "Favorit" zenit-raket sistemi isə eyni anda saniyədə 27 min metrədək hündürlükdə hədəfləri məhv edir. Belə faktlar onlarcadır. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanın hərbi sənaye kompleksi sürətlə inkişaf etmiş, Silahlı Qüvvələrimizi silah-sursatla tam təmin edəcək səviyyəyə çatmışdır.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycanda ordu quruculuğu prosesinin bundan sonra da uğurla davam etdiriləcəyini bildirmişdir. Dövlətimizin başçısı bu məsələ ilə əlaqədar demişdir: "...Bir sözlə, ordumuzun hərbi imkanlarını, potensialını gücləndirmək üçün nə lazımdırsa, Azərbaycan dövləti onu edir. Bizim hərbi xərclərimiz ildən-ilə artır. 2003-cü ildə hərbi büdcəmiz 160 milyon dollar idisə, 2010-cu ildə bu rəqəm 2 milyard 150 milyon dollara, bu il isə 3 milyard 300 milyon dollara çatmışdır. Bir neçə il bundan əvvəl qarşıya qoyduğum vəzifə - yəni ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın büdcə xərclərinə bərabər olsun, - artıq reallaşıb. Bu gün Azərbaycanda hərbi xərclərə sərf olunan vəsait Ermənistanın bütün büdcəsindən 50 faiz artıqdır. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır və müharibə şəraitində yaşayan ölkə, ilk növbədə, ordu quruculuğuna diqqət göstərməlidir. Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi təyinatlı xərclər birinci yerdədir və torpaqlarımız işğaldan azad olunmayana qədər bu, belə olacaqdır".

Azərbaycanda hərbçilərin sosial-məişət problemlərinin aradan qaldırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. Dövlət başçımızın bu il iyun ayının 25-də "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında" imzaladığı sərəncam da hərbiçilərə göstərilən yüksək diqqət və qayğıdan xəbər verir. Sərəncamda bildirilir ki, Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşları orta hesabla 25 faiz, dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə (tarif) maaşları orta hesabla 10 faiz artırılsın. Göründüyü kimi, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir.

Azərbaycan ordusunda xidmət edənlərin böyük hissəsi gənclərdir. Gənclərin milli ruhda, hərbi-vətənpərvərlik ruhunda yetişmələri üçün hər cür şərait yaradılıb. Gənclik böyük qüvvədir. Bu qüvvənin düzgün istiqamətləndirilməsi dövlətçiliyimizin, müstəqilliyimizin qorunması, daha da möhkəmləndirilməsi deməkdir. Çünki ölkənin gələcək taleyi məhz gənclərdən asılıdır. Dövlətimizin gənclərlə bağlı həyata keçirdiyi tədbirlər, bu istiqamətdə qəbul olunan qərarlar öz bəhrəsini verir. Bu gün ərazi bütövlüyümüzü təmin edən, sərhədlərimizi qoruyan, düşmənə layiqli cavab verə biləcək qüdrətli gənclərimiz var.

Biz gündən-günə qüdrətlənən Milli Ordumuzla fəxr edir, qürur duyuruq. Düşmənlərə layiqli cavab verməyə və işğal altında olan ərazilərimizi hər an azad etməyə qadir ordumuz daha da mətinləşir. Azərbaycan sülh, əmin- amanlıq tərəfdarı olduğundan işğal altında olan ərazilərin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə üstünlük verir. Əgər Ermənistan tərəfi işğalçılıq missiyasından əl çəkmədiyini qətiləşdirərsə, o zaman qarşısında qüdrətli Azərbaycan ordusunu görəcəkdir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 14 avqust.- S. 4.