Peşə təhsili
sahəsində beynəlxalq əlaqələrin genişlənməsinə
diqqət artırılır
Azərbaycan təhsil sistemində
xüsusi yeri olan texniki peşə təhsili son illər
ölkə Prezidenti cənab İlham Əliyevin
qayğısı nəticəsində əsaslı şəkildə
yenidən qurulmuş, bu sahədə Dövlət Proqramı
qəbul olunmuşdur.
Eyni
zamanda, bu sahədə beynəlxalq əlaqələr də
genişlənməkdədir. İndi texniki peşə təhsili
sahəsində beynəlxalq təcrübə öyrənilir,
peşə təhsili ilə bağlı qabaqcıl ölkələrlə
əlaqələr yaradılır. Hələ, 2008-ci ildə
Təhsil Nazirliyi ilə YUNESKO arasında "Azərbaycanda
peşə təhsilinin təkmilləşdirilməsi"
layihəsinin həyata keçirilməsi ilə bağlı
razılıq əldə olunmuşdur. Bu layihənin dəyəri
489.290 ABŞ dolları idi. Layihənin əsas məqsədi
turizm, informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə
bağlı müəyyən edilmiş ixtisaslar üzrə
kurikulumların hazırlanması, bu sahələr üzrə
xarici dil fənninin tədrisinə dair metodik vəsaitlərin
hazırlanması, texniki peşə təhsili üzrə
Resurs Mərkəzinin yaradılması idi. Artıq layihə
demək olar ki, reallaşmış, öz müsbət nəticəsini
vermişdir.
Böyük
Britaniyanın Britiş Konsel təşkilatı ilə Avropa
Komissiyasının "Peşə Təhsili və Təlimi
İslahat Strategiyası və Azərbaycanın
seçilmiş rayonunda sınaq tətbiqi" layihəsi də
uğurla həyata keçirilmişdir. İsmayıllı
rayonunda turizm məktəbinin tikilib istifadəyə verilməsi
də bu layihənin əsasında baş tutmuşdur.
Cənubi
Koreya və Türkiyə ilə bu sahədə əməkdaşlıq
daha genişdir. Belə ki, Cənubi Koreyanın "DEU
İnternational" şirkəti ilə birlikdə
hazırlanan "Qabaqcıl texnologiyalar üzrə Peşə
Tədris Mərkəzinin yaradılması, layihəsi
uğurla başa çatdırılmışdır.
Son
vaxtlar Türkiyə ilə bu sahədə əlaqələr
daha da genişlənir. Türkiyə Respublikası Baş
Bakanlığının Türk Əməkdaşlıq və
İnkişaf İdarəsinin (TİKA) maliyyə dəstəyilə
həyata keçirilən mühəndis-texniki işçilərin
ixtisaslarının artırılmasına dair layihəyə
uyğun olaraq, Azərbaycanın peşə təhsili müəssisələrində
çalışan mühəndis-pedaqoji işçilər hər
il 10 nəfər olmaqla 3 il ərzində Türkiyənin
İzmir Mazhar Zorlu Anadolu Texniki və Sənaye Peşə
Liseyindəki sənayenin avtomatlaşdırma texnologiyaları
üzrə Müəllimlərin Təlim Mərkəzində
bir aylıq təlim kursu keçmişlər. Məlumat
üçün qeyd edək ki, 2003-cü ildə
adıçəkilən liseydə pilot layihə kimi Yaponiya
dövlətinin dəstəyi ilə özündə
elektronika, elektrik, kompyuter və mexanika sahələrinə aid
ixtisasları birləşdirən sənayenin
avtomatlaşdırma texnologiyaları peşəsi üzrə
kadr hazırlığına başlanmışdı.
Layihənin
böyük uğurla həyata keçirilməsi nəticəsində,
hazırda, Türkiyədə 20 peşə liseyində bu
cür çoxşaxəli kadr hazırlığı təşkil
edilmişdir.Həmin ixtisasa uyğun müəllim
hazırlığını təmin etmək
üçün İzmir Mazhar Zorlu Anadolu Texniki və Sənaye
Peşə Liseyinin bazasında ilboyu fəaliyyət göstərən
Müəllimlərin Təlim Mərkəzi
yaradılmışdır. 2011-ci il mayın 2-də
başlayan sonuncu təlim kursunda 7 nömrəli Bakı
peşə liseyinin müəllimi Aynur Atakişiyeva, 12
nömrəli Bakı peşə liseyinin istehsalat təlimi
ustası Ülviyyə Nadirova, 13 nömrəli Bakı peşə
liseyinin istehsalat təlimi ustaları Elmira Namazova və Lamiyyə
Orucova, 18 nömrəli Bakı peşə liseyinin istehsalat təlimi
ustası Aygün Musayeva, Şamaxı peşə liseyinin
müəllimi Fuad Soltanov, Tovuz peşə liseyinin müəllimi
Rəxşan Sultanov, Lerik peşə məktəbinin müəllimi
Hicran İbrahimov və Qəbələ Turizm və Otelçilik
üzrə Peşə Tədris Mərkəzinin müəllimi
Rəşad Şahverdiyev iştirak etmişlər.
Azərbaycandan
olan nümayəndə heyətinin gəlişi ilə
bağlı təşkil edilmiş rəsmi mərasimdə
İzmir Şəhər Təhsil İdarəsinin müdiri
Nuru Çakıral və digər rəsmi şəxslər
iştirak etmişdir. Rəsmi görüşdən sonra həmyerlilərimiz
liseylə yaxından tanış olmuşlar. Lisey tədris,
idarə, emalatxana və müəllim hazırlığı
binası olmaqla 4 müstəqil korpus, eləcə də yeməkxana
və bufet korpusuna malikdir. Bütün kabinetlər, laboratoriya
və emalatxanalar kompyuter və proyektorlarla təchiz
edilmiş, müəllimlərin iş otaqları kompyuter dəsti
və istirahət üçün lazımi məişət
avadanlıqları ilə təmin edilmişdir.
Liseyin
büdcəsi əsasən üç mənbədən gələn
vəsait hesabına maliyyələşir: dövlət tərəfindən
hər şagird üçün ayrılan vəsait, valideynlər
tərəfindən liseyə könüllü edilən
yardımlar və büdcədənkənar gəlir. Sənayedə
tənzimlənən texnoloji proseslərin idarə
olunmasında, xüsusilə robot texnikasında geniş istifadə
olunan xüsusi mikroidarəedici vasitələr və PLC
elementləri ilə tanışlıqla başlayan təlim
prosesi onların təsnifatı və
proqramlaşdırılması üçün lazım olan
alqoritmik dillər haqqında məlumatların verilməsi,
praktik olaraq onlardan istifadə etməklə müəyyən
sadə proseslərin idarə olunması ilə davam
etdirilmişdir. Xüsusi kompyuter proqramlarının köməyilə
virtual olaraq kompyuterdə müxtəlif elektrik dövriyyəsinin,
elektro-pnevmatik sistemlərin və elektromexaniki və ya sırf
mexaniki intiqalların qurulması prosesi xüsusi maraq kəsb
etmişdir. Bu proqramların əsas üstün cəhəti
ondan ibarətdir ki, avadanlıqlar olmadan belə
cızılmış elektrik dövriyyəsinin və
intiqalların düzgün
yığılıb-yığılmadığını,
habelə dövriyyənin və işçi alətlərin
işləməsini vizual olaraq monitorda görmək olur.
Virtual olaraq qurulmuş sxem və intiqalları
laboratoriyadakı stendlərdə və ya verilən
avadanlıqların köməyilə mexaniki olaraq
yığmaqla real həyatda onların iş prinsipini izləmək
mümkün olmuşdur.
Həftəsonu
azərbaycanlı müdavimlər üçün
Kuşadasına, Məryəmana ziyarətgahına, Səlcuq
şəhərciyinin yaxınlığındakı qoruq olan
Şirincə kəndinə, eramızdan 4000 il əvvəl
salınmış qədim Efes şəhərinə, Egey
bölgəsinin Çeşmə və İlica şəhərləri
kimi tarixi və görməli yerlərinə gəzintilər
təşkil olunmuşdur. Kursun və eyni zamanda 3 il davam edən
layihənin müvəffəqiyyətlə başa
çatması ilə bağlı Türkiyə
Respublikasının Milli Təhsil Nazirliyinin Texniki və
Peşə Təhsilinin dairə müdiri Yüsel Yüksel,
İzmir Şəhər Təhsil İdarəsinin müdiri
Nuru Çakıral, Mazhar Zorlu Anadolu Texniki və Sənaye
Peşə Liseyinin direktoru Hamit Doğan, İzmir şəhərinin
peşə təhsili şöbəsinin müdiri və
İzmirin bir çox peşə liseylərinin rəhbərlərinin
iştirakı ilə təntənəli mərasim təşkil
edilmiş və tədbir sertifikatların verilməsilə
başa çatmışdır.
Görüşdə
qardaşlaşmış peşə təhsili müəssisələri,
qarşılıqlı müəllim və şagird
mübadiləsi və s. haqqında maraqlı fikirlər səslənmişdir.
Qeyd olunmuşdur ki, belə layihələrin həyata
keçirilməsi ölkəmizdə peşə-ixtisas təhsili
sahəsini yeni inkişaf səviyyəsinə qaldırmağa
əlverişli şərait yaradacaq, eyni zamanda dost və
qardaş Türkiyə Respublikası ilə əlaqələrin
daha da möhkəmlənməsinə səbəb
olacaqdır.
Əlaqələr
bununla yekunlaşmır. Təhsil Nazirliyi peşə təhsilinin
xarici ölkələrin təcrübəsinə əsaslanaraq
təkmilləşməsinə xüsusi önəm verir.
Nazirliyin Texniki peşə təhsili şöbəsinin
müdiri Namiq Məmmədovun son vaxtlar beynəlxalq təcrübəni
öyrənmək məqsədi ilə xarici ölkələrə
mütəmadi səfərləri öz müsbət nəticəsini
verməkdədir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
texniki peşə təhsilinin inkişafına göstərdiyi
qayğı və diqqət yaxın gələcəkdə təhsilin
bu sahəsinin daha sürətlə inkişaf edəcəyinə
etibarlı zəmanətdir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 14 avqust.- S. 3.