"Füyuzat" jurnalistika məktəbi
(əvvəli qəzetin 5 avqust 2011-ci il tarixli
sayında)
Ə.Hüseynzadə onu da xüsusi olaraq
vurğulayırdı ki, türk dili ərəb və
farsın istənilən sözünə deyil, ancaq öz təbiətinə
və qaydasına uyğun gələnləri qəbul edir. Qrammatikaya gəldikdə isə
o, ərəb və fars dillərinin
qrammatikasını (morfologiya və sintaksisini) qəbul etməz.
Çünki öz qrammatikası daha sadə və mükəmməldir:
"...Türkiyi-cədid ərəb və farsın
lüğətinə ehtiyac göstərir. Yoxsa sərf və
nəhvi, qəvaidi-lisaniyyəsini qəbul etməz.
Çünki, öz qəvaidi-lisaniyyəsi bu dillərin qəvaidi-lisaniyyəsindən
fitrətən daha bəsit, daha asan və binaənileyh daha
mükəmməldir" (yenə orada). Bu surətlə Əlibəy
avropalılar yunan və ölü latın dillərindən,
məsələn, "işıq", "səda",
"nəvişən" sözlərini götürdükləri
kimi, bizim də ərəb və fars dilindən
"portov", "səda", "nəvişən"
sözlərini götürərək fotoqrafa-pərtovnəvis,
fonoqrafa-sədanəvs, telefona-durşeno və s. deməyi təklif
edirdi. Çünki, Gəncə, Şirvan, Qarabağ,
Bakı, Osmanlı, İran və s. yerlərdə yaşayan
türk qövmünün hər birinin şivəsində bir
nöqsan (birində söz ehtiyatı kasadlığı,
birində qrammatik qaydaların unudulması, bir
başqasında ancaq iqtisadi, digərində isə mədəni
və ədəbi və s. sahədən başqa digər sahələrə
dair inkişafın son dərəcə zəifliyini) görən
Ə.Hüseynzadə çıxış yolunu "orta yerdə,
vəsətdə durmağa qeyrət etmədə"
görürdü. Bu "orta yeri" isə, yuxarıda
gördüyümüz kimi, ərəb və fars sözləri
ilə doldurulmuş osmanlı şivəsində (türkcəsində)
tapırdı.
M.Hadi,
H.Cavid və başqaları, o cümlədən
"Füyuzat"ın davamçıları olan "Şəlalə",
"Yeni Füyuzat" jurnalları Ə.Hüseynzadənin bu
mövqeyinə tərəfdar olsalar da, onun dil siyasəti əksəriyyət
tərəfindən ("Molla Nəsrəddin" jurnalı,
F.Köçərli və b.) kəskin tənqidlə
qarşılandığı kimi, özünü doğrultmadı.
Ancaq o, Azərbaycan xalqını, ümumən türk və
İslam qövmünün həm maddi, iqtisadi və maliyyə
cəhətdən, həm də mənəvi, dini və əxlaqi
baxımdan paklığını qoruyub daha da qüvvətləndirən,
nəticədə azad və xoşbəxt bir millət
görmək amalı ilə çalışırdı.
"Qəzetəmizin məsləki" məqaləsində
bu amalı belə ifadə edirdi: "Həyat" daima sərvəti-milliyyənin
təzaüdi vəsaitini göstərməyə
çalışacaq. Ticarət, ziraət və sənayeyə
dair müzakirata girişəcəkdir. Bunlardan başqa həyati-milliyyəmizin
ən birinci şərti əxlaq və adabın qəvaidi-həsənə
və məmduhə üzrə olmasıdır. Əxlaq
pozuqluğu, sirqət və qətl cinayətləri, kizb və
böhtan, bügz və nifaq, həsəd və ilaxir məzmun
sifətlərlə müttəsif olan taifa əsla fəlah
bulamaz. Bunun üçün "Həyat"ın vəzifələrindən
biri də təhzibi-əxlaqi-millətə səy edib Qurani-Məcid
və şəriəti-qərrayi-Məhəmmədi
iqtizasınca insan nə cür olub və özündən
qeyrilərlə nə tövr müaşirət və
müamilə etməsi nöqtələrinə diqqət edəcəkdir".
(yenə orada. səh. 105-106).
Əlibəy
Hüseynzadə məhz bu mövqedən
çıxış edərək, "Füyuzat"
jurnalının birinci nömrəsində yazdığı
proqram xarakterli "Həyat və meyli-füyizat"
başlıqlı məqaləsində bildirirdi ki,
"Füyuzat" "feyz" sözünün cəmi
olub, rifah və bərəkətə, bolluğa, maddi və mənəvi
nemətlərin bolluğuna, tərəqqiyat və kəmalatın
şəşəəyi-təcəllisinə dəlalət
edərsə də, fəqət əsl məfhumu səadət
və ələlxüsus səadəti-mənəviyyədir,
həqiqi zövq və səfalərdən ibarət bir səadəti-mənəviyyədir.
Həyat
isə mənayi-batinəsilə daimi bir meyli-səadət, bir
meyli-füyuzatdır!..
Sözümüzə
diqqət buyurulsun: "Həyat Füyuzatdır" demiyoruz,
"Həyat meyli-füyuzatdır" diyoruz!..
("Füyuzat" (1906-1907) Transliterariya edəni, çapa
hazırlayanı və ön sözün müəllifi Ofelya
Bayramlı. Bakı, Çaşıoğlu, 2006, səh. 2).
Göründüyü
kimi, müəllif yaşamağın əsas mənasını
maddi firavanlıqdan çox mənəvi və ruhi zənginlikdə,
saflıqda və ucalıqda, bütün maddi bolluqdan
zövqalma qabiliyyətində görür. O, elə bir sehr və
əfsun arzulayır ki, millətimizi birdən-birə
bütün vicdani və ruhi feyz mərtəbəsinə
yüksəltsin. Ancaq bu arzunun reallaşma
mümkünsüzlüyünü dərk etməklə
yanaşı, inanırdı ki, insanlar tədricən belə
bir mərtəbəyə çatacaqlar. Bunun
üçün əldə kifayət qədər vəsait və
imkan vardır. Ona görə sözünə belə davam
edirdi:
"Bu vəsaitlərin
başlıcalarından biri söyləyib bildirməkdən,
kəlam və vüquf hasil etdirməkdən və bu surətlə
fikir və zehni tənvir, ruh və qəlbi təhyic eyləməkdən
ibarətdir. Zehn və əql məntiq qüvvətilə tənəvvür,
qəlb isə xəyal, ətsvir və ahəng ilə təhəyyüc
edər. Birinci təriqi tutan və zəka ilə hasil olan kəlamların
məcmuuna ülum və fünun, ikinci təriq ilə gedən
və zəkadən ziyadə ilhamat ilə vücudə gələn
bədayei-süxənə əşar və ədəbiyyat
denir...Bəşəriyyət başlıca tənəvvürati-zehniyyə
və təhəyyücati-qəlbiyyə ilə tərəqqi
və təkəmmül edib irəliləməkdə və
ancaq bu iki təriq ilə naili-füyzat olmadadır. (orada. səh.
2-3).
Bütün
bunlar romantizmin prinsipləri idi; insanların zehnini, əqlini,
fikir və düşüncəsini elmi biliklərlə,
ruhunu, hiss və duyğusunu, qəlb dünyasını ədəbiyyat
və sənətin, mədəniyyət və mənəviyyatın
gücü, onların ardıcıl təbliğ və təşviqi
ilə işıqlandırıb xəyal aləminin ənginliklərinə
qaldırmaq, zehnlərdəki bütün xurafat və kəsaləti,
cəhalət və süstlüyü, fəaliyyətsizlik və
geriliyi aradan qaldırmaq, bu yolla nicata çatmaq,
"Füyuzat" bütün bu vəzifələri göz
önünə almaqla millətin ruhunu, düşüncə
və fikir dünyasını yüksəltmək, onu xoşbəxtlik
amalı üstə kökləyib ənginliklərə
ucaltmaqdan ibarət idi. O, osmanlı ədəbiyyatından
başqa digər türksoylu xalqların ədəbiyyatlarında
bu yüksək vəzifələri icra edə bilmək
qüdrəti və səviyyəsini görə bilmədiyi
üçün yazırdı: "Osmanlı türklərinin
ədəbiyyati-cədidələri müstəsna olduğu
halda, İranla (Cənubi Azərbaycan nəzərdə tutulur.
- A.B.) bərabər şair türklərin əşar və ədəbiyyatları
tilsimə giriftar olmuş kibi bir nöqtədə donub qalmışdır."
(orada. səh. 3-4). O, şair və ədiblərin güldən,
bülbüldən, məktəb və maarifdən
yazmalarını qəbul edə bilməyib qarşıya belə
bir vəzifə qoyurdu ki: "Ədiblərin, şairlərin
borcu bir tərəfdən türkcəmizi fəsahət və
bəlağətlə, ahəngi-üslub ilə islah və təzyin,
digər tərəfdən ruhumuzu təsvirati-nəfisə və
xəyalati-mühəyyicə ilə müaliyyatə sövq
etməkdir..." (yenə orada. səh. 4)
Təsadüfi
deyil ki, "Füyuzat" əsasən Türkiyə romantik
və Avropa maarifçi romantik ədəbiyyatına
üstünlük verir, Müdhət Paşa, Ziya Paşa,
Çete, Bayron, Şiller və başqaları haqda elmi məqalələr,
onların əsərlərindən tərcümələr dərc
edirdi. Bu da onun publisistikasına bir elmilik və bəlağət
gətirirdi. O, xalqa xidmət amalı ilə fəaliyyət
göstərdiyi halda işdə xalqla yaxınlaşa bilməyib,
daha uca mərtəbədən, elmi məntiq və ruhi
ucalıqla səslənməklə milləti azadlığa və
hürriyyətə yüksəldəcəyini zənn edirdi.
1926-cı ildə "Əli bəy Hüseynzadə Azərbaycan
ədəbiyyat cəmiyyətinin 5 martda olan təntənəli
iclasında söylədiyi və sonra lütfən yazıb cəmiyyətə
verdiyi nitqində ("Ədəbi parçalar" jurn.,1926,
N.1) ədəbiyyat və sənət məsələlərində
özünün qərbə hədsiz aludəçiliyində
və yüksək elmi üslubda yazmasında xoş niyyətdə
olsa da, səhvən ifrata vardığını etirafla
bildirmişdi:
"Ağac
əyri idi, əks cəhətinə ikmal lazım idi ki,
düzəlsin. Vaqiən ağac düzəldi. Fəqət
bir də yüksəlməsi icab edərdi. Xəta edərək,
zənn etmiş idim ki, doğrudan doğru yüksək
şeylərə müraciət etmək kafidir.
Xeyr! Əvvəla
aşağılara enmək lazım idi. Bunu bəndən
sonrakılar yapdılar." (Ə.Hüseynzadə.
Seçilmiş əsərləri. Bakı, 2006. səh.299).
Sonra o,
sözünə davam edərək bildirirdi ki, hər bir maddi
və mənəvi güc kimi ədəbiyyat da torpağa,
aşağılara - xalqa tərəf endikcə onun
gücü və ucalmaq imkanları, enerjisi artır:
"Ədəbiyyat
da böylədir. Xalqa enmədikcə yüksələməz.
Əvvəla xalqa, köylüyə, əmələyə vəlhasil
böyük kütləyə qədər enməli, sonra
bunlarla bərabər yüksəlməyə
çalışmalıdır. Böyük ədiblər,
böyük alimlər, həkimlər çoxun içindən
çıxa bilir, yoxsa tək-tük yüksəlmə
burjuanın, aristokrasinin içindən yüksəlməz.
Bütün millət ən aşağı təbəqatına
qədər heyəti-ümumiyyəsi ilə yüksəlməli
ki, içindən ədiblər, şairlər, sənətkarlar,
böyük-böyük millət xadimləri
çıxsın!.." (orada. səh.299-300)
Ə.Hüseynzadə
yenə 1926-cı ildə Bakıda nəşrə başlayan
"Şərq qadını" jurnalında dərc etdirdiyi
"Şərq qadınlığı və "Şərq
qadını" məcmuəsi" məqaləsində
jurnalın dilinin sadəliyini, anlaşıqlı
olmasını belə təqdir edirdi:
"Dil cəhətinə
gəlincə, məcmuə Azərbaycan türklərinin sadə
köylü və zəhmətkeş lisanıyla
yazıldığı üçün Şərq ölkələrində
yaşayan milyonlarca proletar qadınları bu dili anlamaqda
müşkülat çəkməzlər. Çünki
geniş Türküstan və Türkmənistan şəhərlərində
yaşayan kəndlilərin dilinə yaxın olduğu kibi,
İran Azərbaycanında öz dili, Krım və Türkiyə
- Anadolu dilinə də bir doğma qardaş kibi
yaxındır." (yenə orada. səh.,298)
Bütün
bu etiraf və qənaətlər uzun illərin axtarış,
düşüncə və tarixi gedişatın soyuq məntiqindən
irəli gəlirdi. Həmin etiraflara qədər Ə.Hüseynzadə
insanların, ümumən bəşəriyyətin
nicatını, azadlıq və istiqlaliyyətini cəmiyyət
üzvlərinin hər birinin, sinif və silklərin, millət
və məzhəblərin bir-birlərinə məhəbbət
bəsləmələrində görür və belə bir
zamanın gələcəyinə inanırdı. O, "Nicat
məhəbbətdədir!.." (orada. səh. 81-84) məqaləsində
yazırdı ki, "Məhəbbət insanların haqq
yolunda bir-birlərini və hər biri cümləyi sevmələridir.
"... Ədl olursa, hürriyyət də olur, hürriyyət
olursa məhəbbət və məvəddət də
olur." Demək, ölkədə qanunlar ədalətlə
icra olunsa, əmin-amanlıq və səadət hökm sürər.
Səadət olan yerdə məhəbbət olar. Belə bir cəmiyyətin
qurulması isə cəmiyyətdə və ölkədə
"zəka səltənətinin" hökm fərma
olması ilə, yəni ağıl və vicdanın, elm və
ürfanın təntənəsi ilə mümkün ola bilər.
Ə.Hüseynzadə bəşəriyyətin əsrlərdən
bəri keçdiyi təbii təkamül yoluna nəzər
salarkən belə bir dövranın gələcəyinə qəlbən
inanırdı. O, "İntiqad ediyoruz, intiqad olunyoruz"
("Füyuzat" (1906-1907) Bakı, 2006, səh.353-359)
başlıqlı məqaləsində bildirirdi ki, belə bir
cəmiyyətin yaranması üçün bütün həyatı
və ətraf aləmi basan mənəvi, əxlaqi, dini, elmi,
ictimai, siyasi və s. üfunəti, bu cür üfunət mənbələrini
ortadan götürə bilən əsl fədailər
lazımdır: "Fədai lazımdır,fədai! Yuxarı
sıçrayan murdarlıqlardan qorxmayan fədai! Türk
qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli
fədai!" (orada. səh 354-355).
Əlibəy
Hüseynzadə türkləşmək dedikdə türksoylu
xalqların özünün zəkalı,
çalışqan, cəsur və ədalətli, məğrur
və igid, adil və hökmran, mədəni, mənən saf
ruhuna tapınmaq, varlığındakı bu keyfiyyətləri
oyatmaq və hərəkətə keçmək,
islamlaşmaq dedikdə əsrlərdən bəri cürbəcür
təhrif və aşınmalara uğradılmış
islamın bakirliyini, saflıq və gözəlliyini, elm, tərəqqi
və həqiqətə olan təşnə sevgisini bərpa
edib bu keyfiyyətlərin cəmiyyət və insan mənəviyyatında
hakim olmasını, avropalaşmaq dedikdə isə Avropa
xalqlarının fikir, elm, düşüncə və əməl
tərzinə vaqif olmağı nəzərdə tuturdu.
Bildirirdi ki, biz bu keyfiyyətlərə çatmayıb
avropalının fikir və düşüncəsinə yiyələnə
bilməsək, onun mədəsində həzm olunmağa məhkumuq.
Bütövlükdə,
"Füyuzat" jurnalistika və ədəbi, elmi məktəbi
Azərbaycan xalqının ruhunun yüksəldilməsinə,
onun yüksək arzu və əməllər dalınca
qaçaraq xəyal qanadlarında mübarizə və tərəqqiyə,
hürriyyət və ədalətə can atmağına rəvac
verə bildi, xalqın əzəmət və
vüqarını, dövlətçilik yaddaşını
özünə qaytardı. Hazırkı dövlət
bayrağımızın rəng rəmzlərinin milli-tarixi rəng
yaddaşını bərpa etdi. Sonra estafeti "Dirilik",
"Açıq söz", "Azərbaycan" aldı.
Onlar "Doğru söz", "Yeni Füyuzat",
"Şəlalə" və digər qəzet və
jurnalların iştirak etdiyi məktəbin səmərəli
cəhətlərini inkişaf etdirib həyata
hazırladılar. Bütün bunlar "Həyat"dan
başlayıb elə həyatın özündən feyz almaq
sənətini öyrədən "Füyuzat" jurnalistika
və ədəbi-elmi məktəbinin Azərbaycan ictimai-fikri
və dövlətçiliyi tarixində mühüm mövqe
tutduğuna əsasdır.
Alxan BAYRAMOĞLU,
filologiya elmləri doktoru,
professor
Xalq qəzeti.- 2011.- 14 avqust.- S. 6.