Azərbaycanda məktəb
tikintisi prioritet sahədir
Əsası ulu öndər
tərəfindən qoyulan müstəqil
Azərbaycanın təhsil siyasəti bu gün ölkə Prezidenti
cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilməkdədir.
Aparılan islahatların nəticəsində ölkəmizdə
təhsil sahəsi sürətlə inkişaf
etmiş, milli təhsilimizin
dünyaya inteqrasiyası sürətlənmişdir.
Bu
gün Azərbaycanda məktəb tikintisi prioritet sahələrdən
biridir və bu sahədə bir neçə Dövlət
Proqramı qəbul olunmuşdur. Əldə etdiyimiz məlumata
görə, son illər Azərbaycanda yeni tikilən, əlavə
korpuslar inşa edilən, əsaslı təmir olunan məktəblərin
sayı 2000-i keçmişdir. Məktəblərin
infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər
Əliyev Fondunun müstəsna xidmətləri olmuşdur.
Fondun təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb,
uşaq bağçası, uşaq evi, internat məktəbi
binası tikilib istifadəyə verilmiş, əsaslı təmir
və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz
edilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü
ilə 2010-cu ildə Gürcüstanda
soydaşlarımızın yaşadığı bölgələrdə
3 məktəb - Tbilisi şəhər 73, Qardabani şəhər
3 və Dmanisi şəhər 2 nömrəli məktəblər
əsaslı təmir və bərpa edilmiş, müasir
avadanlıqlarla təchiz olunmuşdur.
Son
illər məktəb tikintisi ilə bağlı bir neçə
fakta müraciət edək. 2009-cu ildə 68 yeni məktəb
və əlavə korpuslar tikilib, 28 məktəb əsaslı
təmir olunub, 87 məktəbin istilik sistemi bərpa edilib.
2010-cu ildə 17434 yerlik 49 yeni məktəb inşa edilib, 10 məktəb
üçün 1418 yerlik əlavə korpuslar tikilib, 7 məktəb
əsaslı təmir olunub, 356 məktəbdə təmir
işləri aparılıb, 6980 yerlik 25 yeni məktəb
binasının tikintisinə başlanılıb. Əlbəttə,
yeni məktəblər həm də yeni avadanlıqlarla təmin
olunub.
Dövlət
Proqramına əsasən 2005-2010-cu illərdə 1100 məktəb
4 adda zəruri avadanlıqla - şagird masası, yazı
löhvəsi, müəllim masası və stulu ilə təchtz
edilmişdir.
Məktəb
tikintisi digər Dövlət Proqramında da nəzərdə
tutulur. Məsələn, regionların sosial-iqtisadi
inkişafı, yoxsulluğun azaldılması, məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması ilə bağlı dövlət
proqramlarında məktəb tikintisinə də xüsusi
önəm verilir. Bakı və Abşeronun sosial-iqtisadi
inkişafı ilə bağlı qəbul olunan dövlət
proqramlarında yeni məktəblərin tikintisi, eyni zamanda,
mövcud məktəblərin əsaslı təmirinə
xüsusi diqqət yetirilir.
Hazırda
Bakının təhsil müəssisələri nəhəng
tikinti meydançasını xatırladır.
"2011-2013-cü illərdə Bakı şəhərinin və
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramına uyğun olaraq Bakı şəhərində
6320 şagird yerlik məktəb binalarının tikintisi həyata
keçirilir. Ümumiyyətlə, son illərdə Bakıda
30 yeni məktəb, 28 tədris korpusu istifadəyə verilib, əksər
tədris müəssisələrinin istilik problemi həll
edilib. Söz yox ki, bütün bunlar təhsil şəraitinin
yaxşılaşdırılmasına, təhsilin maddi-texniki
bazasının möhkəmləndirilməsinə əsaslı
təsir göstərir.
Yeni
təhsil müəssisələrinin tikintisi, mövcud məktblər
üçün əlavə korpusların inşası,
onların əsaslı təmiri, müasir avadanlıqlarla,
laboratoriyalarla təminatı, istilik sisteminin bərpası nəticəsində
ümumilikdə ölkə üzrə 1 milyondan çox
şagirdin, yəni bütün şagirdlərin 80 faizinin təlim
şəraiti yaxşılaşdırılmışdır.
Məktəb tikintisi sahəsində həyata keçirilən
proqramlar nəticəsində ikinövbəli məktəblər
73 faizdən 44-ə, ikinci növbədə təhsil alan şagirdlər
34,5 faizdən 21-ə enmişdir.
Bu
gün Azərbaycanın elə regionu yoxdur ki, orada yeni məktəb
binası tikilməsin, mövcud məktəblər təmir
edilməsin. Ümumiyyətlə, ötən il təhsil
müəssisələrinin tikintisi və təmiri
üçün büdcədən 80 milyon manat vəsait ayrılmışdır.
Həmin vəsaitin 50 milyon manatı ötən ildən
yarımçıq qalmış məktəblərin
tikintisinə və təmirinə sərf olunmuş, qalan vəsait
isə yeni məktəb binalarının tikintisinə və təmirinə
yönəldilib. Təhsil naziri Misir Mərdanovun hələ
mart ayında Lent.az saytına verdiyi müsabiqədə
bildirdiyinə görə bu vəsait yeni məktəblərin
tikintisinə kifayət etmir. Çünki görüləsi
işlər daha çoxdur.
Yeni
dərs ilində Azərbaycanda yeni məktəblərin də
açılışı olacaq. Ancaq ilin sonuna kimi daha bir
neçə yeni məktəb də istifadəyə veriləcək.
Ölkə
Prezidenti cənab İlham Əliyev bu yaxınlarda
Bakının Yasamal rayonunun 225 və Nəsimi rayonunun 35
nömrəli məktəblərində olmuş və
buradakı təmir işlərinin gedişi ilə
maraqlanmışdır. Ölkə başçısı
mütəmadi olaraq məktəb tikintisi ilə tanış
olmuş, dəfələrlə Prezidentin Ehtiyat Fondundan yeni məktəblərin
tikintisinə vəsait ayrılmasına sərəncam
vermişdir.
Yaxın
gələcəkdə Azərbaycanın bütün ümumtəhsil
məktəblərinin yeniləşəcəyi
üçün ölkədə davamlı iş
aparılır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 17 avqust.- S. 6.