Azərbaycandakı
dini dəyərlərə ehtiram və tolerantlıq dünya
üçün örnəkdir
Azərbaycanda
bütün dinlərin nümayəndələri özlərini
rahat hiss edirlər. Azərbaycanda islam mədəniyyətinə,
islam dininə olan hörmət eyni zamanda, bütün
başqa dinlərə olan hörmətlə tamamlanır.
Öz dininə hörmət edən şəxs başqa dinə
də hörmət etməlidir. Bu, artıq Azərbaycanda
oturuşmuş yanaşmadır. Bu gün din xadimləri Azərbaycanda
hökm sürən dözümlülük, tolerantlıq
haqqında danışmışlar. Bu, artıq
reallıqdır və dünya miqyasında bizim təcrübəmiz
bəzi hallarda öyrənilir. Mən çox şadam ki,
dözümlülük, dini tolerantlıq Azərbaycanda
artıq oturuşmuş bir anlayışdır. Bu, sadəcə
olaraq bir şüar deyil, bizim həyat tərzimizdir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Çoxmillətli
və çoxkonfessiyalı Azərbaycan Respublikasının
şərəfli bir tarixi vardır. Bu tarixin böyük mərhələsi
ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu öndər ictimai-siyasi həyatın
bütün sahələrində, o cümlədən dövlət-din
münasibətlərinin tənzimlənməsində, dini
etiqad azadlığının təminatında, milli mənəvi
dəyərlərin qorunmasında müstəsna xidmətlər
göstərmişdir. Qüdrətli şəxsiyyət bu sahədə
özündən sonra böyük siyasi və dövlətçilik
təcrübəsini miras qoymuşdur. Ümummilli liderin siyasi
xəttini uğurla davam etdirən möhtərəm
Prezidentimiz İlham Əliyev bu gün Azərbaycanın
iqtisadi qüdrətinin, mədəni intibahının və
beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsi
üçün böyük işlər görür. Eyni
zamanda, tarixi mədəniyyət abidələrinin, xristian, yəhudi
və digər dinlərə məxsus məbədlərin bərpası
və təmiri, dilindən və dinindən asılı
olmayaraq, ölkənin bütün vətəndaşlarının
etiqad azadlığının qorunması və dini
ehtiyaclarının təmin olunması - bütün bunlar Azərbaycanın
dini, mənəvi mühitini əks etdirən real göstəricilərdir.
Tolerantlıq Azərbaycan xalqının və dövlətinin
həqiqi milli-mənəvi dəyəridir.
Azərbaycan
müasirləşən, Avropa və dünya birliyinə
sürətlə inteqrasiya edən ölkədir. Təbii ki,
müasir dünyada sürətlə davam edən
qloballaşma prosesləri bizim ölkədən də yan
keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında
öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə
sadiq olmalıyıq. Hər bir ölkə və xalq
üçün onun milli dəyərləri hər şeydən
üstün tutulmalı və digər xalqların dəyərləri
ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan
biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı,
xoş münasibətləri, səmimi dostluğu nəzərdə
tuturuq. Biz hər zaman qloballaşma adı altında digər
xalqların adət-ənənələrinə zidd olan, milli
mentalitetə xas olmayan dəyərlərə qarşı
mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə
milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir.
Bu
gün öz tarixinin silinməz, möhtəşəm səhifələrindən
birini yazan müstəqil Azərbaycan hər zaman müxtəlif
xalqların, millətlərin və din xadimlərinin birgə
yaşadığı, mədəniyyətlərin
qovuşduğu müqəddəs məkan olmuşdur.
Bu il
avqust ayının 12-də Qafqaz Müsəlmanları İdarəsinin
sədri Şeyxülislam Allahşükür Paşazadənin
müqəddəs Ramazan ayı münasibətilə öz
iqamətgahında açdığı iftar süfrəsində
iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev
müxtəlif dinlərin təmsilçilərinə ölkəmizdə
bərabər səviyyədə fəaliyyət göstərmələri
üçün hər cür şərait
yaradıldığını və din-dövlət
münasibətlərinin yüksək səviyyədə
olmasını müsbət dəyərləndirərək
demişdir: "Bu gün Azərbaycanda din-dövlət
münasibətləri çox yüksək səviyyədədir
və hesab edirəm ki, bu əlaqələr dünya
miqyasında nümunə kimi təqdim oluna bilər. Azərbaycanda
bütün sahələr inkişaf etdiyi kimi, bu sahədə
də müsbət meyillər özünü göstərməkdədir.
Ölkənin gücünü təkcə təbii sərvətlər,
təbii ehtiyatlar, yaxud da ki, maliyyə imkanları müəyyən
etmir. Hər bir ölkənin gücü onun hərtərəfli
inkişafındadır. Azərbaycanın gücü ondan ibarətdir
ki, ölkəmizdə bütün xalqların, bütün
dinlərin nümayəndələri rahat yaşayırlar.
Dostluq, qardaşlıq şəraitində yaşayırlar.
Bizim gücümüz bundan ibarətdir. Ona görə ölkəmizin
uzunmüddətli, uğurlu və dayanıqlı
inkişafı artıq heç kəsdə şübhə
doğurmur. Biz yalnız və yalnız uğurla irəliyə
gedəcəyik, ölkə qarşısında duran
bütün vəzifələri icra edəcəyik və Azərbaycanın
hərtərəfli inkişafına nail olacağıq".
Məhz
bunun nəticəsidir ki, müxtəlif dinlərin rəhbərləri
və təmsilçiləri əldə etdiyimiz böyük
nailiyyətləri - tolerantlığımızı,
din-dövlət münasibətlərində
qazanılmış dəyərləri və qlobal problemlərin
həlli yollarında bizimlə birgə əməkdaşlıq
nümayiş etdirmək üçün Bakıda
keçirilən beynəlxalq miqyaslı mötəbər tədbirlərdə
yaxından iştirak edirlər. Belə nüfuzlu tədbirlər
bəşəriyyətin ümumi maraqları və qlobal
problemlərin - terrorizmin, dini fanatizmin, ekstremizmin və
separatizmin aradan qaldırılması naminə dinlərarası
və mədəniyyətlərarası münasibətlərin
inkişafına güclü təkan verən bir amildir.
Tolerantlıq
Azərbaycanda çox möhkəm təməllər üzərində
qurulmuşdur. Təkcə dövlət
başçımız deyil, Heydər Əliyev Fondu da bu sahədə
çox böyük fəaliyyət göstərir. Fondun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tarixi-dini,
mədəni abidələrin qorunmasını və bərpasını
daim diqqət mərkəzində saxlayır. Fondun maliyyə dəstəyi
ilə Bakıdakı Pravoslav və Müqəddəs Məryəm
kilsələrində təmir-bərpa işləri
aparılmış, yəhudi uşaqları üçün
təhsil və mədəniyyət mərkəzinin tikintisinə
dəstək verilmişdir. Göründüyü kimi, Heydər
Əliyev Fondu təkcə İslam dininə aid tarixi-dini abidələrin
bərpasına deyil, eləcə də digər dinlərə
məxsus abidələrin bərpasına da qayğı ilə
yanaşır. Bunun növbəti əyani sübutu Bakıda
Sivilizasiyalar arası Dialoqun keçirilməsi, eyni zamanda Azərbaycan
xalqının yüzilliklər boyu formalaşmış
tolerantlıq ənənəsinin yüksək səviyyədə
olmasıdır. Bununla yanaşı, fondun Fransanın Versal
sarayında nümayiş etdirilən iki abidənin də bərpasına
maliyyə yardımı göstərməsi beynəlxalq aləmdə
yüksək qiymətləndirilib.
Azərbaycanda
müqəddəs ziyarətgahların və məscidlərin
əsaslı təmiri və yenidən qurulması möhtərəm
Prezidentimizin diqqət mərkəzində saxladığı
prioritet vəzifələrdən biridir. Məhz dövlət
başçımızın göstərişi və maliyyə
dəstəyi ilə Bibiheybət məscidi, Gəncə şəhərindəki
İmamzadə, Mir Möhsüm ağa ziyarətgahları,
Şamaxı məscidi, Əshabi-Kəhf ziyarətgahı və
digər dini etiqad mərkəzləri əsaslı təmir
olunaraq yenidən qurulmuşdur. Azərbaycanın din xadimləri
və ibadət əhli Prezident İlham Əliyevin bu nəcib
və xeyirxah əməlini yüksək dəyərləndirərək
Allah-taladan ona cansağlığı diləyirlər.
Sovet
hakimiyyəti dövründə Azərbaycanda cəmi 18 məscid
var idi. Müstəqilliyimizin 20 ili ərzində isə məscidlərimizin
sayı 850-ni ötüb. Hazırda daha 250-dən çox məscid
qeydiyyata hazırdır. Bu fakt Azərbaycanın mənəvi
həyatında sürətli irəliləyişdən xəbər
verir. Azərbaycanda keçirilən dini mərasimlərdə
digər dinlərin nümayəndələrinin də
iştirak etmələri, onlara eyni səviyyədə diqqət
və qayğı göstərilməsi
dini-tolerantlığın yüksək səviyyədə
olmasının nəticəsidir. Azərbaycan Prezidenti
İlham Əliyevin də iştirak etdiyi müqəddəs
Ramazan ayı münasibətilə təşkil olunmuş
iftar mərasimində katolik və pravoslav kilsələrinin,
xristian və yəhudi icmalarının da nümayəndələrinin
iştirakı Azərbaycanda müxtəlif dinlərə bərabər
şərait yaradılmasının təcəssümüdür.
Bu
gün ölkəmizdə yaranmış davamlı
ictimai-siyasi sabitlik, dinlərarası xoş münasibət
müstəqil dövlətimizin həyata keçirdiyi məqsədyönlü
siyasətin və Azərbaycanda fəaliyyət göstərən
dini qurumların qarşılıqlı faydalı işinin nəticəsidir.
Bu, təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə
də yüksək qiymətləndirilir. Görünür,
buna görə də müstəqil dövlətimizin
qazandığı uğurlar Azərbaycanın gündən-günə
inkişafını gözü götürməyən müəyyən
daxili və xarici şər qüvvələrin ciddi
narahatlığına səbəb olub. Təəssüf ki,
din pərdəsi altında Azərbaycanda hələ də bəzi
qüvvələr xaosun, anarxiyanın yenidən meydana gəlməsi
üçün səy göstərirlər. Belə qüvvələr
xarici havadarlarının çirkli pulları hesabına bəd
niyyətlərini həyata keçirməyə
çalışırlar. Dini tolerantlığın yüksək
səviyyədə olduğu ölkəmizdə müxtəlif
dini baxışları olan insanların vahid bir ailə kimi
sülh və əmin-amanlıq şəraitində
yaşamaları nədənsə bəzi qüvvələrin
qısqanclığına səbəb olub. Belələri
unutmamalıdırlar ki, heç bir din terror, zor və təcavüzə
haqq qazandırmır. Dini şüarlardan günahsız dinc əhalinin
qətlə yetirilməsi, terror, vandalizm və
iğtişaşlar törədilməsi üçün
istifadə edən bəzi "din xadimləri" vahid
Yaradanımız qarşısında məgər ağır
günah işlətmiş olduqlarını bilmirlərmi?
Azərbaycanda
din-dövlət münasibətlərinin yüksək səviyyədə
olması, islam mədəniyyətinə, islam dininə olan
hörmət, eyni zamanda başqa dinlərə göstərilən
diqqət və qayğı təbii ki, belə şər
qüvvələrə öz çirkin niyyətlərini həyata
keçirməyə imkan verməz. Artıq dünyanın din
xadimləri də Azərbaycanda dini tolerantlığı yüksək
qiymətləndirir, mötəbər dini tədbirlərin
ölkəmizdə keçirilməsini səmimi qəbul edir
və böyük məmnuniyyətlə bu tədbirlərə
qatılırlar. Dünya Dini Liderlərinin Sammitinin Azərbaycanda
keçirilməsi zamanı müxtəlif dinlərə mənsub
görkəmli xadimlərin, patriarxların bu sammitdə bir
araya gəlmələri böyük hadisə idi. Mədəniyyətlərarası
Dialoq Forumunun və digər humanitar konfransların ölkəmizdə
keçirilməsi bir daha göstərir ki, Azərbaycan öz
mənəvi dəyərlərinə çox böyük
qiymət verir. Həmçinin, xarici ölkələrdə keçirilən
konfranslarda, görüşlərdə, habelə nüfuzlu tədbirlərdə
Azərbaycanın tolerantlığı, din-vicdan
azadlığının təmin edilməsi sahəsində
görülən işlər yüksək qiymətləndirilir.
Bütün bunlar, əlbəttə, Azərbaycan Prezidenti
İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dini
dəyərlərə səmimi münasibətinin, diqqət
və qayğısının bariz nümunəsidir.
Azərbaycan
Prezidenti İlham Əliyevin islam dəyərlərinə
yüksək qiymət verməsi bu günlərdə həyata
keçirdiyi daha bir tədbirdə özünü göstərmişdir.
Dövlətimizin başçısı müqəddəs
Ramazan ayı münasibətilə müsəlman ölkələrinin
Azərbaycandakı səfirlərini və diplomatik nümayəndələrinin
rəhbərlərini qəbul etmiş, qarşıdan gələn
bayram münasibətilə səmimi təbriklərini və
xoş arzularını təmsil olunduqları ölkələrin
dövlət və hökumət başçılarına
çatdırmağı xahiş etmişdir. Dövlət
başçımız indiki şəraitdə islam həmrəyliyinin
gücləndirilməsinin çox vacib olduğunu
bildirmişdir. Prezident qeyd etmişdir ki, bizim aramızda birlik
daha da sıx olmalıdır. Azərbaycan bu məqsədə
çatmaq üçün öz tərəfindən vacib
addımları atır. Dövlətimizin
başçısı daha sonra demişdir: "Biz milli dəyərlərimizi,
dini dəyərlərimizi təbliğ etməliyik. İslam
dini qardaşlıq, dostluq dinidir. İslam dini dünyada
sülhsevər meyilləri gücləndirir. Ona görə də
biz dinimizin həqiqi mahiyyətini dünyada daha da geniş
şəkildə təbliğ etməliyik".
Milli
mənəvi dəyərlərimizin qorunub saxlanılması
istiqamətində dövlət başçımızın
həyata keçirdiyi əhəmiyyətli tədbirlər
sırasına daha biri əlavə olunmuşdur. Bu
yaxınlarda möhtərəm Prezidentimiz "Dini etiqad
azadlığı haqqında" Qanunu təsdiqləmişdir.
Həmin dəyişikliklərdən biri xaricdə yaşayan
azərbaycanlıların mənəvi dəyərlərini
qoruyub saxlamaları üçün əcnəbi ölkələrdə
Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliklərinin
açılması barədə müddəadır. Bu,
bütün dünya azərbaycanlılarının milli mənəvi
dəyərlərinin inkişafına çox böyük təkan
verəcək.
Azərbaycanda
yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin
birgə fəaliyyəti, əlaqələrin daha da möhkəmləndirilməsi,
qarşılıqlı əməkdaşlığı
üçün hər cür şərait
yaradılmış və bu yolda daha əhəmiyyətli tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ölkəmizdəki dini ənənə və tolerantlıq
artıq dünyada bir örnəkdir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 17 avqust.- S. 3.