AzərTAc və müasir dünyanın informasiya şəbəkəsi

 

Əlahəzrət informasiya jurnalistika janrlarının sözsüz, mübahisəsiz tacıdır. Etiraf edim ki, tələbəlikdə və gənc mütəxəssis kimi fəaliyyətimin müəyyən dövrlərində qənaətim yaşıdlarımın əksəriyyətindən fərqlənməyib. Mövzu üçün janr seçimində həcm, fikir, ifadə sarıdan korluq çəkməyənlər daha cazibədar görünüblər. Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) işlədiyim illər təsəvvürlərimin üzərindən əməlli-başlı xətt çəkdi. İnformasiyanın məntiqə, psixologiyaya, fəlsəfəyə söykənən bir aləm olduğunu yəqin etdim. Praktik fəaliyyətdən gördüm ki, bunlara varmadan yazdıqlarının, istədiklərinin əsl mahiyyəti oxucuya, dinləyiciyə, tamaşaçıya çatmayacaq, quru, sxolastik təsir bağışlayacaq. Bu mənada indiki informasiya əsrində mediamızın qısa, dolğun, mənalı informasiyalardan korluq çəkməsi üzüntü ilə izlədiyimiz proseslərdəndir.

 

İstərdim, həmkarlarım sözlərimi səmimi qəbul etsinlər. Hər hansı kütləvi informasiya vasitəsində kamil informasiya ilə rastlaşanda qeyri-ixtiyari deyirəm: "Lap AzərTAc-ın materialına oxşayır". Ona görə yox ki, həmin agentlik taleyimin ayrılmaz parçasıdır, mənə bir köynək yaxındır. AzərTAc həm də mübaliğəsiz surətdə mediamızın informasiya akademiyasıdır.

Dəyərləndirməni sübuta yetirə biləcək dəlillər kifayət qədərdir. Gəlin informasiyanın qloballaşan dünyamızın atributları sırasında önəmli yer tutduğu indiki məqamda cəmiyyətimizin bu qurumla bağlı bilgilərinin yetərli olub-olmamasını, jurnalistlərimizin 91 yaşlı bu informasiya məktəbinin zəngin irsinə nə dərəcədə bələdlikləri barədə suallarımıza cavablar arayaq. Jurnalist dostum, AzərTAc-ın baş direktoru Aslan Aslanov nigarançılığımızı duyan həssas tədqiqatçı kimi "Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixiinkişaf mərhələləri" kitabını qələmə almaqla bütün maraqlananların köməyinə çatıb.

AzərTAc həyatı uzun illərdir ki, KİV-lərimizin fəaliyyəti ilə sıx bağlıdır. Hərçənd, cəmiyyətimizin onu informasiyalarla təmin edən qurum barədə bilgilərini kifayət qədər dolğun saymaq olmaz. Yazarlarımız öhdələrinə düşən missiyanı ayrı-ayrı məqalələrlə konpensasiya etməyə çalışsalar da sistemləşdirilmiş, fundamental işə baş vurmaqdan nədənsə çəkiniblər. Aslan Aslanov həmkarlarından fərqli olaraq daha gərgin zəhmət, axtarışlar tələb edən yolu seçib. 230 səhifəlik monoqrafiyanın ərsəyə gətirilməsi üçün istifadə olunan ədəbiyyat və mənbənin sayı 237-dir. Müəllifin Azərbaycan, rus, ingilis, fransız dillərindəki məxəzlərlə tanışlığı, bu qurumda böyük xidmətləri olan şəxslərlə söhbətləri, fikir və mülahizələri yetkin hala gətirməsi üçün neçə günü, ayı, ili arxivlərdə, yazı masası arxasında keçirməsi yalnız özünə bəllidir. Bizə isə bir həqiqət məlumdur: kitab zəhmətkeş jurnalistyorulmaz tədqiqatçı əməyinin bəhrəsidir.

Aslan müəllim gərgin axtarışlarının nəticəsini təqdim etməzdən əvvəl elm aləminin tanınmış nümayəndələrinin mövzuya münasibətini öyrənib. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Elmi Şurası yazdıqlarını monoqrafiya kimi qiymətləndirib, nəşri üçün qərar verib. AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru professor Yaqub Mahmudov əsərin elmi redaktoru olub. Kitaba ön sözdən sətirlər: "Aslan Aslanovun oxucuların diqqətinə təqdim olunan bu kitabında informasiyanın əldə olunması və yayılması problemləri, AzərTAc-ın vahid informasiya şəbəkəsində yeri, təşəkkül tarixiinkişaf mərhələləri elmi əsaslarla tədqiq edilmişdir. Müəllifin AzərTAc-ın tarixinin araşdırılmasına, onun bugünkü fəaliyyətinin müasir dövrün tələbləri prizmasından nəzərdən keçirilməsinə həsr edilmiş monoqrafiyası jurnalistika tariximizin tədqiqinə dəyərli töhfə kimi qiymətləndirilməlidir. Əsər jurnalistlər, tarixçi və politoloqlar üçün nəzərdə tutulsa da, hesab edirik ki, geniş oxucu auditoriyası üçün də faydalı və maraqlı olacaqdır". Bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənova məxsusdur.

Qəzet rəhbərliyi sözümü yerə salmayaraq yazımı avqustun 18-də mətbuata çıxarıb. Məhz bu günün seçim səbəbini sonda açıqlayacağam. Bəri başdan deyim ki, Aslan müəllim kitabı ilə tək özü üçün deyil, həyatının müəyyən məqamları AzərTAc-la bağlı bütün insanlar üçün sevinc yaşadıb. Əgər müəllifi xarakterizə edən cəhətlərdən söhbət açsam, gərək rəyi bir kənara qoyub ayrıca yazı təqdim edim. Konkret deyə bilərəm ki, kitabın 2-ci fəslinin ("Müasir informasiya agentlikləri sırasında AzərTAc-ın yeriinkişaf perspektivləri") hər iki bölməsində agentliyin mənim orada də işlədiyim illərdəki fəaliyyətindən də bəhs edilib.

Burada haşiyəyə çıxım ki, AzərTAc mətbu mühitə qədəm qoyduğu 91 il ərzində xəbərlərini uzun müddət rus dilində yayımlayıb. Acı da olsa uzun illər belə reallığı yaşamışıq - materiallar əvvəl rus dilində hazırlanaraq keçmiş SSRİ-nin baş informasiya agentliyinə - SİTA-ya ünvanlanıb. Yalnız bundan sonra ana dilimizə çevirib respublikada yaymışıq. Ona görə də 1991-ci ildə agentliyimizdə Azərbaycan dili redaksiyasının təşkilini böyük əks-səda doğuran hadisə kimi təmtəraqla qeyd etdik. Yeri gəlmişkən deyim ki, həmin redaksiyanın ilk baş redaktoru mən olmuşam.

Monoqrafiya AzərTAc-ın 91 ildə keçdiyi yola professional baxışdır. Lakin müəllif haqlı olaraq sistemləşdirilmiş məlumata keçməzdən əvvəl "Giriş"də oxucunu tarixin ənginliklərinə aparır, ilk xəbər agentliklərinin necə yaranması ilə bilgiləndirir. Tarix boyunca xəbərlərin ötürülməsinin üsullarını ardıcıllıqla sıralayır: tonqal işarələri, qasidlər, göyərçinlər, məktublar, qəzetlər, teleqraf, telefon, radio, informasiya agentlikləri, internet s. Hətta ilk xəbər agentliyinin tacir Samuel Gilbert tərəfindən təşkil olunduğu da qeyd olunur. Müəllif bu gün aktual olan "xəbəri tez al, tez çatdır" devizinin 1835-ci ildə fransalı Çarlz Luis Havasın yaratdığı "Havas Bürosu"na məxsusluğunu vurğulayır. Digər məşhur agentliklərin adını çəkir.

Müasir dünyada informasiya şəbəkələrinin genişləndirilməsinin, kommunikasiyalar texnologiyalarının sürətli inkişafının, internetin, süni peyk əlaqələrinin güclənməsinin, kabel televiziyasının, rəqəmli multimedia sistemlərinin vüsətli tərəqqisinin, bu sahənin cəmiyyətə, insanlara təsirinin getdikcə artmasının elmin müxtəlif sahələrində araşdırılmasına təkan verdiyi barədə kitabda yazılanlar xüsusi maraq doğurur.

Aslan Aslanov müasir informasiya nəzəriyyəçiləri jurnalistika sahəsində ardıcıl təhqiqatlar aparan şəxslər barədə ətraflı məlumatlar verir. Tədqiqatçı ictimai inkişaf proseslərini araşdırmaqla yanaşı, informasiyanın müasir həyata təsirini, insanların mədəni-intellektual səviyyəsinin yüksəldilməsindəki faydasını, siyasi sistemlərdə mövcud olan ziddiyyətləri, konfliktoloji problemləri digər önəmli cəhətləri öyrənməyə kömək etdiyini göstərir. Biz Aslan Aslanovun belə bir fikrinə şərikik ki, bugünkü cəmiyyət, haqlı olaraq birmənalı şəkildə, informasiya cəmiyyəti adlandırılır tarixin yeni, həm xüsusi mərhələsi kimi qəbul edilir.

Müəllif 1 əsrə yaxın müddətdə Azərbaycanda xəbər istehsalı tarixinin səhifələrini AzərTAc-ın simasında vərəqləyir. Monoqrafiya o zaman diqqəti çəkir ki, müəllif araşdırmaları elmiliyə əsaslansın, yeni fikir məqamları ilə yadda qalsın. Aslan müəllim buna nail olub. O, AzərTAc-ın yaranmasını dövrün, zamanın tələbi sayır. Coğrafi məkanda baş verən proseslərin təhlili, rəsmi sənədlər bunu bir daha sübut edir. Agentliyin ilkin mərhələdəki cəmi iki aylıq müstəqil fəaliyyəti dövründə sivil agentliyin jurnalistika prinsiplərinin daşıyıcısı olduğunu təsdiqləyir. 1920-ci ilin aprel işğalından 1992-ci il dekabrın 18-də tarixi adının yenidən bərpasınadək olan dövrün ayrı-ayrı mərhələləri xarakterizə edilir. AzərTAc-ın möhkəmləndirilməsi fəaliyyətinin təkmilləşdirilməsi sahəsində ulu öndərimiz Heydər Əliyev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər kitabda geniş yer almışdır.

Kitabın üçüncü fəsli AzərTAc-ın xarici əlaqələrinin formalaşmasına inkişafına həsr olunub. Ölkəmizin dünya informasiya məkanında tanınmasına agentliyin töhfələri konkret misallarla açıqlanıb. Hazırda 17 ölkədə nümayəndəliyi fəaliyyət göstərən qurumun 25 dövlətin aparıcı agentlikləri ilə rəsmi əlaqələr qurması bir vaxtlar yalnız arzulana bilərdi. Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı, Avropa Xəbər Agentlikləri kimi nüfuzlu media qurumlarında təmsilçilik bu baxımdan önəmli və sevindiricidir.

Gələk yekuna. Bu gün həmkarlarımızın - Aslan Əhməd oğlu Aslanovun ad günüdür, 60 yaşı tamam olur. 1992-ci ildə AzərTAc-da işə götürüləndə artıq püxtələşmiş jurnalist idi. On il sərasər ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti kimi xarici səfərlərinin işıqlandırılması kimi məsul bir işin ağırlığını daşımış həmkarımız, 2002-ci ildən bu informasiya agentliyinin baş direktorudur. Təcrübəli jurnalist bir sıra kitabların müəllifidir, zəngin mükafatlar kolleksiyasına malikdir. O, bir sıra nüfuzlu beynəlxalq agentliklərin rəhbər heyətində təmsil olunur. Ötən ay jurnalist kimi çoxillik səmərəli xidmətləri Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatına layiq görülüb.

Aslan müəllimin bu sətirlərimizi yubileyinə həmkar təbriki və hədiyyəsi kimi qəbul etməsini istərdik.

 

 

Əflatun AMAŞOV,

Azərbaycan Mətbuat Şurasının sədri

 

Xalq qəzeti.- 2011.- 18 avqust.- S. 4.