Azərbaycan Prezidenti İlham ƏLİYEV: Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır

 

Müstəqilliyinin 20-ci ilini yaşayan Azərbaycan Respublikasının beynəlxalq aləmdəki mövqeləri getdikcə möhkəmlənir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düzgün daxilixarici siyasət sayəsində Cənubi Qafqazın lider dövlətinə çevrilən ölkəmizin sürətli iqtisadi inkişafı, təbii sərvətlərlə zəngin olması və regionda gerçəkləşdirdiyi dünya əhəmiyyətli layihələr, onun beynəlxalq aləmdəki siyasi-diplomatik manevr imkanlarını artırır, milli mənafeyimizin daha da inamla və qətiyyətlə təmin olunmasına şərait yaradır. Bütün bunların fonunda, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, sülh yolu ilə ədalətli həllində siyasi iradə nümayiş etdirirbu istiqamətdə səylərini artırır. Sevindirici haldır ki, Azərbaycanın yürütdüyü çevik xarici siyasət nəticəsində dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları münaqişənin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bəyan etmiş, bu, qəbul olunan qərarlarda və verilən bəyanatlarda da öz əksini tapmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 9-da Soçi şəhərinə işgüzar səfəri zamanı Rusiya Prezidenti Dmitri Medvedev ilə keçirdiyi görüşdə də bu məsələ ətraflı müzakirə olunmuşdur. Həmin görüşdə Azərbaycan Prezidenti bildirmişdir ki, rəsmi Bakı Rusiya Prezidentinin şəxsən bu prosesə qoşulmasını yüksək qiymətləndirir. Dövlət başçısı qeyd etmişdir ki, münaqişənin həlli istiqamətində irəli sürülən təkliflər, nizamlanmanın nəzərdə tutulan prinsipləri beynəlxalq hüquq normalarını, sağlam düşüncəni əks etdirir. Odur ki, münaqişənin tezliklə həll olunması bütün ölkələrin mənafeyinə uyğundur. Azərbaycan ilə ikitərəfli münasibətlərin sürətli inkişafından məmnun olduğunu deyən Rusiya Prezidenti Dmitri Medvedev üçtərəfli formatda keçirilən danışıqların, Kazanda üçlükdə keçirilmiş son görüşübu formatda əvvəlki görüşləri nəzərə almaqla hadisələrin gələcək inkişafı barədə rəsmi Bakı ilə məsləhətləşmək istədiyini vurğulamışdır.

Rusiya regional təhlükəsizliyin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu müxtəlif səviyyələrdə dəfələrlə bəyan etmişdir. Prezident Dmitri Medvedevin bu məsələ ilə bağlı məhz Azərbaycan Prezidenti ilə məsləhətləşməsi bir tərəfdən Rusiya - Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində davam etdiyini göstərir, digər tərəfdən isə Moskvanın münaqişənin həllində rəsmi Bakının mövqeyinə xüsusi əhəmiyyət verməsindən irəli gəlir. Bəlkə də cənab Medvedevin üçtərəfli formatda görüş "ənənəsinin" əksinə olaraq, Ermənistan prezidenti Serj Sarkisyanı Soçiyə dəvət etməməsinin səbəblərindən biri İrəvanın əsassız yerə tez-tez mövqeyini dəyişərək problemin həllinə mane olmasıdır.

Həqiqətən də, artıq dünyanın bir sıra nüfuzlu siyasətçiləri, diplomatları və ekspertləri də təsdiq edirlər ki, münaqişənin həllinin dalana dirənməsi birbaşa Ermənistanın bu məsələdə daim qeyri-konstruktiv mövqedən çıxış etməsi ilə bağlıdır. Bunun üçün problemin həlli istiqamətində aparılan danışıqların xronologiyasına nəzər yetirmək kifayətdir. Belə ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar yenilənmiş Madrid prinsipləri əsasında aparılır. 2007-ci ildə ATƏT-in Minsk qrupu həmsədrlərinin Madrid prinsipləri adlandırılan təklifləri nəticəsində 2009-cu ildə ortaya çıxan yenilənmiş Madrid prinsiplərində münaqişənin mərhələli həlli nəzərdə tutulur. Həmin sənədə əsasən, əvvəl Azərbaycanın işğal olunmuş beş rayonu azad olunmalı, məcburi köçkünlər oraya qayıtmalı, iki rayon - Laçın və Kəlbəcər 5 il müddətində azad edilməli, Laçın dəhlizinin parametrləri müəyyən olunmalı və müşahidəçilər oraya gətirilərək, onların nizam-intizamın yaradılması prosesində iştirakı təmin edilməli və nəhayət, son mərhələdə - məcburi köçkünlərin hamısının oraya dönməsindən sonra Dağlıq Qarabağın statusu ilə bağlı razılıq əldə olunmalıdır. Bu arada isə Dağlıq Qarabağa keçid (aralıq) statusunun verilməsi məsələsindən də söhbət gedir. Təcavüzə məruz qalan və 20 faiz torpaqları işğal olunan Azərbaycan üçün bu şərtlər o qədər də məqbul olmasa da, ölkəmiz regionda sülhün yaradılması naminə yenilənmiş Madrid prinsiplərini qəbul edir. Ancaq Ermənistan heç bir əsas olmadan hər dəfə əvvəllər müzakirə edilmiş məsələlərə yenidən qayıdır və beləliklə, münaqişənin danışıqlar yolu ilə həllinin uzanmasına çalışır. Hər halda, onların arzusu Dağlıq Qarabağın "müstəqil dövlət" kimi tanınmasıdır. Azərbaycan tərəfi danışıqlar masası arxasında hər dəfə bəyan etmişdir ki, nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağ müstəqil olmayacaq. Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır və sonadək öz mövqeyimizi müdafiə edəcəyik.

Onu da deyək ki, yenilənmiş Madrid prinsipləri beynəlxalq ictimaiyyətin dəstəyi ilə meydana çıxan sənəddir. Belə ki, 2009-cu il iyulun 10-da "Böyük səkkizlər"in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri - ABŞ, RusiyaFransa prezidentləri Dağlıq Qarabağ münaqişəsini də müzakirə etmişlər. Sonda hər üç prezidentin münaqişə ilə bağlı qəbul etdikləri birgə bəyanat açıqlanmışdır. Bəyanatda həmsədrlərə, Azərbaycan və Ermənistan prezidentlərinə baza prinsiplərinə dair son təkliflərin əks olunduğu, yəni 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırılmışdır. Bununla yanaşı, həmin sənəddə ABŞ, RusiyaFransa prezidentlərinin Azərbaycan və Ermənistan prezidentlərinə fikir ayrılıqlarını aradan qaldırmaq və hərtərəfli sülh planının əsasını təşkil edəcək baza prinsiplərinin razılaşdırılmasını başa çatdırmaq çağrışı öz əksini tapmışdır. Eyni zamanda, bəyanatda bu prinsiplərin Helsinki Yekun Aktına uyğunlaşdırılması qeyd olunmuşdur. Helsinki Yekun Aktında güc tətbiq edilməməsi, ərazi bütövlüyüöz müqəddəratını təyinetmə hüququ öz əksini tapır.

ATƏT-in Minsk qrupu həmsədrləri, habelə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar imzaladıqları bütün birgə bəyanatlarda problemin dövlətlərin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə üstünlük verilir. Belə ki, 2008-ci il noyabrın 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə imzaladıqları bəyanatda, həmçinin 2009-cu il dekabrın 5-də ATƏT-in xarici işlər nazirlərinin Afinada keçirilən görüşündə qəbul edilmiş sənəddə də münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. 2010-cu il iyunun 26-da Muskokda ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin prezidentlərinin verdikləri bəyanatda Dağlıq Qarabağ ətrafındakı rayonlar Ermənistan tərəfindən işğal olunmuş ərazilər kimi göstərilib. Qeyd edək ki, həmin bəyanatı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın dövlət başçısı Serj Sarkisyan da imzalayıblar.

Keçən il dekabrın 1-də Qazaxıstanın paytaxtı Astanada ATƏT-in VII sammitində ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin nümayəndə heyətlərinin başçılarının, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatı qəbul edildi. Həmçinin ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev tərəfindən verilmiş xüsusi bəyanatda da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Helsinki Yekun Aktına, eləcə də Akvildə və Muskokda qəbul edilmiş bəyanatlara üstünlük verilir.

Buradan da görünür ki, ərazi bütövlüyünün təmin olunması məsələsində beynəlxalq ictimaiyyət Azərbaycanın mövqeyini dəstəkləyir və ölkəmizin sülh danışıqlarını davam etdirmək barədə siyasi iradə göstərməsini regionun gələcəyi baxımından əhəmiyyətli addım hesab edir. Azərbaycan Prezidenti İlham Əliyev də bütün bəyanatlarında dəfələrlə rəsmi Bakının sülh danışıqlarının tərəfdarı olduğunu bildiribbuna sübut kimi artıq 20 ildir ki, ölkənin sülh prosesində iştirak etdiyini deyib. O, qətiyyətlə bildirib ki, qarşı tərəfdə başqa gözləntilər, ümidlər, arzular olsa da, hər şey beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həll edilməlidir. Hazırda Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən qəbul edilib. Azərbaycan BMT-yə üzv olanda bizim sərhədlər mövcud olan çərçivələrdə qəbul edilib. Xəritədən də görünür ki, Dağlıq Qarabağ ölkənin daxilində yerləşir. Buradakı ermənilər isə müstəqil Azərbaycan dövlətində yaşayan milli azlıqlardan biridir. Beynəlxalq hüququn normalarına əsasən, milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Ancaq bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə bir hüququ yoxdur. Ermənistan tərəfinin bu iddiası beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, bu prinsiplərin kobud şəkildə pozulmasıdır.

Qeyd etdiyimiz kimi, rəsmi Bakı münaqişənin məhz sülh yolu ilə tənzimlənməsinə üstünlük verdiyi üçün danışıqlar prosesində iştirak edir. Növbəti belə görüşlərdən biri bu il martın 5-də Soçidə baş tutmuşdu. Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın görüşü olmuşdur. Görüşün yekunlarına dair qəbul edilən birgə bəyanatda qeyd edilmişdir ki, liderlər onların bundan əvvəl, 2010-cu il oktyabrın 27-də Həştərxanda keçirilmiş görüşü zamanı qəbul edilmiş üçtərəfli bəyanatın praktiki reallaşdırılması məsələlərini müzakirə etmiş və həmin bəyanatda nəzərdə tutulan tədbirlərə əlavə olaraq növbəti addımlar barədə razılığa gəlmişlər.

ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın təşəbbüsü nəticəsində bu il iyunun 24-də Kazanda hər üç ölkənin prezidentlərinin növbəti birgə görüşü keçirildi. Kazan görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər bir daha müzakirə edildigörüşün yekunlarına dair birgə bəyanat qəbul olundu. Bəyanatda deyilir ki, 2011-ci il iyunun 24-də Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının prezidentlərinin Kazanda keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əsas prinsipləri layihəsinin razılaşdırılması məqsədilə aparılan işin gedişi nəzərdən keçirilmişdir. Dövlət başçıları bir sıra məsələlərə dair qarşılıqlı anlaşma əldə edilməsini, bu məsələlərin həllinin Əsas Prinsiplərin bəyənilməsi üçün şərait yaradılmasına kömək etdiyini bildirmişlər.

Maraqlıdır ki, faktiki olaraq bu görüşdə də Ermənistan tərəfi qeyri-konstruktiv mövqedən çıxış etsə də, sonradan ermənilər dezinformasiya siyasətinə əl atdılar. Guya, Kazan görüşündə Azərbaycanın yenilənmiş Madrid prinsiplərinə yeni düzəlişlər irəli sürdüyübunun nəticəsində danışıqların heç bir razılaşma əldə olunmadan başa çatdığı iddia edildi. Amma reallıq budur ki, Kazan görüşündə məhz Ermənistan yenilənmiş Madrid prinsipləri əsasında ilkin sülh sazişinə dair sənədlərin imzalanmasına mane oldu. Bunu dünya ictimaiyyəti də yaxşı bilir. Çünki əvvəlki illərdən fərqli olaraq, son vaxtlar beynəlxalq ictimaiyyət bu məsələyə xüsusi diqqət yetirirbütün ölkələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tam informasiyaya malikdir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını bütün beynəlxalq təşkilatlar qəbul edib. Ona görə də bu məsələ ilə maraqlanan tərəflər status-kvonun dəyişdirilməsini vacib hesab edir və münaqişənin həlli ilə bağlı mütləq formada irəliləyişə nail olunması istiqamətində səy göstərirlər. Bu məsələdə artıq kifayət qədər hərbi, siyasiiqtisadi gücə malik olan Azərbaycanın qətiyyət nümayiş etdirməsi və status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulaması da mühüm rol oynayır.

Azərbaycan işğal faktının ortadan qaldırılması məsələsində beynəlxalq birliyin daha fəal müdaxiləsi üçün ciddi əsaslar olduğuna inanır. Məsələ burasındadır ki, münaqişənin nizamlanmasının hüquqisiyasi əsasları Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 822, 813, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi A/RES/621643 saylı qətnaməsi, habelə ATƏT və Avropa Şurasının müvafiq sənədləri və qərarlarında əks olunan beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Bütün bu sənədlər Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı prinsipini təsdiqləyir. Bundan əlavə, NATO da Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə yönəlmiş səylərini dəstəklədiyini bəyan edib. Bu sadalananlar arasında, təbii ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymasına dair 4 qətnaməsi xüsusilə qeyd olunmalıdır. BMT TŞ-nin Liviyada cərəyan edən hadisələrlə bağlı, haqlı olaraq, qətnamə qəbul etməsi və məlum qərarının operativ icrası, beynəlxalq birliyin Qəddafinin nəzarətində olan silahlı qüvvələrə qarşı dərhal hərbi əməliyyatlara başlaması, bu prosesə NATO-nun qoşulması bir sıra məntiqi sualları ortaya çıxarır. Yəni BMT TŞ-nin Liviya ilə bağlı qərarları dərhal həyata keçirildiyi halda, Ermənistanla bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi 4 qətnamə neçə illərdir ki, icra edilmir. Bu hal dünya siyasətində ikili standartların mövcudluğundan xəbər verir.

Maraqlıdır ki, Ermənistanın indiki rəhbərliyi ölkəsinin təcavüzkar siyasətini özü açıb ortaya qoyur. Bu günlərdə erməni gəncləri qonşu dövlətlərin torpaqlarını işğal etməyə çağırması S.Sarkisyanın müharibə tərəfdarı olmasını, işğalçılıq siyasətindən hələ də əl çəkmədiyini təsdiqləyən daha bir faktdır. O, erməni dili və ədəbiyyatı ilə bağlı yarışmada bir tələbənin ona ünvanladığı suala cavab verərkən ermənilərin hələ də qonşu dövlətlərin torpaqlarına göz dikməsini, Türkiyəyə qarşı ərazi iddiaları olduğunu açıq şəkildə bəyan edib. Tələbənin "Qərbdəki torpaqları Ağrı dağı ilə birlikdə geri ala biləcəklərmi?" - sualına Ermənistan prezidenti belə cavab verib: "Bizim nəsil üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi, Qarabağı düşməndən aldıq. Qərbdəki torpaqlarımızı Ağrı dağı ilə birlikdə geri almaq sizdən asılıdır". Bu da dövlət başçısının gənc nəslə verdiyi öyüd-nəsihət. Serj Sarkisyan "bizim nəsil üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi, Qarabağı düşməndən aldıq"- deməklə, əslində, Ermənistanın işğalçı dövlət olduğunu, digər ölkələrin torpaqları hesabına "Ermənistan dövləti" qurduqlarını bir daha təsdiqlədi. S. Sarkisyan bu sözləri ilə onu da təsdiqlədi ki, rəsmi İrəvan danışıqlar prosesində ancaq görüntü xatirinə iştirak edir. Ermənistanın məqsədi sülh prosesinə töhfə vermək deyil, işğalı "qanuniləşdirməkdir".

Artıq beynəlxalq aləmdə də anlayırlar ki, münaqişənin yoluna qoyulmasında tək maneə rəsmi İrəvanın gah nala, gah da mıxa vurmasıdır. Bu, yüksək səviyyədə keçirilən görüşlərdə də özünü göstərir. Əslində, münaqişənin həllinin uzanmasından ən çox zərər çəkən tərəf də elə Ermənistandır. Erməni ekspertlərinin fikrincə, regionda sülhə nail olunmasakommunikasiya xətləri açılmasa, qısa vaxtdan sonra bu ölkə tamamilə müflisləşəcək. Ölkədə sosial partlayış təhlükəsi isə hər gün daha da artacaq. Erməni xalqı faktiki olaraq hərbi rejimin girovuna çevrilib, neçə illərdir regionun, dünyanın inkişafından təcrid olunub. Ermənilər bir militarist qrupun biznes maraqlarının girovunda saxlanılır.

Məsələnin həlli ilə maraqlanan hər bir dövlət öz mənafeyinə uyğun siyasət həyata keçirsə də, qüdrətli Azərbaycan Respublikasının artan hərbi və iqtisadi gücü, geostrateji önəmi onları bu məsələyə diqqətlə yanaşmağa və bəzi reallıqlarla hesablaşmağa məcbur edir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi bəyanatlar isə göstərir ki, rəsmi Bakı bundan belə də beynəlxalq hüququn aliliyi prinsipinə sadiq qalacaqdır. Dövlət başçısı demişdir: "Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Azərbaycan bu istiqamətdə öz siyasidiplomatik səylərini gücləndirir. Bu gün bütün dünya birliyi və xüsusilə bu münaqişə ilə məşğul olan vasitəçilər məsələnin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasını təklif edirlər. Əminəm ki, bu yanaşma məsələnin tezliklə həll olunmasında bizə kömək göstərəcəkdir. Çünki bütün beynəlxalq hüquq normaları bizim tərəfimizdədir".

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 19 avqust.- S. 3.