Dövlətin
elmə göstərdiyi qayğı millətin daha firavan sabahı üçün yatırılan sərmayədir
Ölkəmizin böyük elmi
potensialı sayəsində bu tezis günün
reallığına çevrilir
İnsan
üçün həyatda xoşbəxtlik gətirəcək
nemətlər çoxdur. Bu ona görə belədir ki, hərə
xoşbəxtliyi bir istiqamətdə görür. Bəlkə
də xoşbəxtliyin mənaları dünyadakı
insanların sayı qədərdir. Ancaq aqillərin fikrincə
xoşbəxtliyi öz ölkəsinin azadlığında,
öz dövlətinin müstəqilliyində, xalqının
hürriyyətində görənlər daha
haqlıdırlar.
Tanrının
bəxtimizə yazdığı səadətin əlamətidir
ki, bu il öz dövlət müstəqilliyimizin 20 illiyini
bayram edəcəyik. Yəni Azərbaycan öz istiqlaliyyətinə
qovuşandan sonra dünyaya gələn uşaqlar indi 20
yaşında igidlər, xanımlardır. Azərbaycanın
sabahını məhz onlar - bu gün 18-20 yaşında olan gənclər
quracaqlar. Bəs onların silahı nədir? Qılınc
dövrü tarixdə qalıb, odlu silah nəinki gələcəyin,
hətta, bu günün davranış, əxlaq normaları ilə
düz gəlmir. Kəndlinin kətməni, fəhlənin
çəkici ilə qurulan sabahın yolu isə çox uzana
bilər. Bəs silahımız nə olmalıdır? Əlbəttə,
elm. Məhəmməd Peyğəmbər Salavatullahın
tövsiyə etdiyi şəkildə - "beşikdən qəbr
evinə qədər" öyrənəcəyimiz elm.
ABŞ,
Fransa, Yaponiya və Kanada alimləri həzrət peyğəmbərimizin
həmin çağırışını artıq
bayrağa çeviriblər. Amerika Birləşmiş
Ştatlarından olan məşhur yazıçı-alim Maykl
Xart bəşər tarixinin ən görkəmli yüz
adamı barədə kitab yazarkən çoxsaylı tədqiqatlar
nəticəsində belə bir qərara gəlir ki, həmin
yüz adamlıq siyahıda birinci yerdə Məhəmməd
Peyğəmbər (s) durur. İsa Peyğəmbərin də
adı olan siyahıda birinci yerin İslam Peyğəmbərinə
verilməsinin səbəbi müəyyənləşdirilərkən
məlum olur ki, əsas səbəb Allahın Rəsulunun elmə
verdiyi böyük önəmdir. Öz hümmətinə
"Elm Çində olsa belə, onun arxasınca get" - deyən
Peyğəmbər dünyanın başqa bir uzaq nöqtəsini
də yada sala bilərdi. Ancaq Çini yada salıb. Bu isə
elmin insan üçün nə qədər böyük əhəmiyyətə
malik olduğunu sübut etmək məğzi
daşıyırdı. Yəni, hətta İslamdan, təkallahlılıqdan
kənar olan insanlar belə hansısa elmi nailiyyət əldə
ediblərsə, onu mütləq öyrənin. Ulu Nizami isə
həmin tezisi başqa şəkildə ifadə etmişdi:
Qüvvət
elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
Bəzi
ekspertlər məsələnin mahiyyətini xeyli dərəcədə
məhdudlaşdıraraq deyirlər ki, insan, ümumiyyətlə
heç kəsə qarşı üstünlük etməməlidir.
Düzgün məntiq deyil. Çünki bu gün bizim kiməsə
üstünlük etmək üçün daha çox
haqqımız və hətta, ehtiyacımız var.
Torpağımızın 20 faizini işğal edənlərə,
1 milyon soydaşımıza qaçqın-köçkün
taleyi yaşadanlara, Azərbaycan türklərinin min illərdən
bəri qazandığı sərvətləri və mədəniyyət
nümunələrini talan edənlərə, yurdumuzu viran
qoyanlara qarşı mütləq üstünlük etməliyik.
Bunun üçün isə köklü, güclü, səmərə
verə bilən elm lazımdır. Fundamental və dünya təcrübəsi
səviyyəsində olan bir elm.
Beləcə,
əhatəli bir girişdən sonra əsl mətləbin
üstünə gəldik. Mətləb ondan ibarətdir ki, cəmi
20 il müstəqil dövlət kimi yaşayan, elan
olunmamış müharibə şəraiti davam edən, ərazi
bütövlüyünün bərpası uğrunda
mübarizəsi hələ də başa çatmayan Azərbaycan
üçün elm daha vacibdir, daha çox lazımdır və
hətta, həyati əhəmiyyətli məsələdir. Elə
Azərbaycan dövləti və Prezident İlham Əliyev də
ölkə elminə qayğı və diqqəti gündən-günə
artırarkən məhz həmin amili əsas
götürür. Azərbaycan dövləti elmi o səviyyədə
inkişaf etdirmək istəyir ki, bu elm ölkəmizin ərazi
bütövlüyünün bərpasına və müstəqilliyimizin
əbədiləşdirilməsinə kifayət edə biləcək
qədər səmərə versin.
Bu
bir arzu deyil, həqiqətdir və niyə də olmasın?
Tarix boyu Azərbaycan alimləri region xalqlarının
heç birinin ata bilmədiyi elmi nəticələrə imza
atıblar. Amerika Birləşmiş Ştatlarının
Kosmik Tədqiqatlar Agentliyi (NASA) və NATO uzun illərdir ki,
öz dəqiq araşdırmalarında azərbaycanlı alim
Lütvi Zadənin qeyri-səlis məntiq riyazi nəzəriyyəsindən
istifadə etmirlərmi? Yaxud, dünyanın digər ən
qüdrətli dövləti olan SSRİ-nin kosmonavtika elminin əsas
simalarından biri, kosmik gəmilərin
buraxılışına və kosmosdakı fəaliyyətinə
nəzarət edən komissiyanın sədri, general Kərim Kərimov
azərbaycanlı deyildimi? Onların hər ikisi Bakıda
doğulmuş, Azərbaycanda təhsil almış, Azərbaycan
elmini son 50 ildə təmsil etmiş görkəmli
simalardır. Onlardan yüz illər əvvəl
yaşamış böyük Azərbaycan alimi Nəsirəddin
Tusi isə məhz özünün yaratdığı
Marağa rəsədxanasında ilk dəfə planetlərin hərəkətini
öyrənmişdir. Müasir astronomlar Nəsirəddin
Tusinin elmi nailiyyətlərinin qərəzli şəkildə
Kopernikin tezisləri ilə üst-üstə
düşdüyünü qeyd edirlər. Tusi həmin nəticələri
Avropa alimlərindən əvvəl əldə edibsə,
söhbət hansı üst-üstə düşməkdən
gedə bilər? Yəni Azərbaycan elminin çox
böyük ənənələri və tarixi nailiyyətləri
vardır. İndi növbə gənc nəslindir. Gənc
müstəqil Azərbaycan dövlətinin böyük elmi
uğurlarının təməli isə bu gün Milli Elmlər
Akademiyasında qoyulur.
Prezident
İlham Əliyevin aprelin 26-da Azərbaycan Milli Elmlər
Akademiyasının illik ümumi yığıncağında
iştirak etməsi və geniş nitq söyləməsi bir
daha sübut etdi ki, Azərbaycan dövləti həqiqətən
milli elmimizin tərəqqisində maraqlıdır və bu tərəqqinin
təmin edilməsi üçün heç nəyi əsirgəmir.
Akademiyada
keçirilən yığıncaqda hər bir azərbaycanlını
sevindirən, elmimizin sabahına inam və ümidləri
artıran məqamlar çox idi. Həmin məqamları həm
Prezidentin nitqlərində - dövlət
başçısı əvvəlcə giriş nitqi, sonda isə
yekun nitqi söyləmişdi - həm də akademiklərin
çıxışlarında eşitdik. Məsələn,
yığıncaqda qeyd edildi ki, 2009-cu ildə Elmin
inkişafı üzrə Milli Strategiya və Dövlət
Proqramı qəbul edilmişdir, ondan sonra isə Elmin
İnkişafı Fondu yaradılmışdır. Bu fondun xətti
ilə nəinki müasir avadanlığın alınması
öz həllini tapır, eyni zamanda, müxtəlif qrantlar
verilir ki, biz Azərbaycanda elmi araşdırmaları
stimullaşdıraq. Akademiyanın prezidenti Mahmud Kərimov isə
öz çıxışında qeyd etdi ki, Prezident İlham
Əliyevin ötən ilin fevralında imzaladığı sərəncamla
yaradılmış Elmin İnkişafı Fondunun xətti ilə
müxtəlif elmi layihələrin
reallaşdırılması məqsədiylə 6 milyon manat vəsait
ayrılmışdır. Fikrimizcə çox yaxşı
başlanğıcdır. Deməli, Azərbaycan elminin
inkişafı üçün nəzərdə tutulan layihələr
öz müsbət nəticələrini, gözlənilən
səmərəsini verəcəkdir.
Ancaq
ötən 20 ildə bizi təəccübləndirən və
təəssüfləndirən məqamlar da olmuşdur. Belə
ki, 1945-ci ildə yaradılmış Azərbaycan Milli Elmlər
Akademiyasını 1992-ci ildə bağlamaq, ləğv eləmək
istəyirdilər. Bu barədə rəsmi təkliflər də
irəli sürülmüşdü. Ancaq təəssüf
ki, Prezident İlham Əliyevin aprelin 26-da yada
saldığı həmin məqama Azərbaycan elm ictimaiyyətinin
indiyədək heç bir ciddi münasibətinin şahidi
olmamışdıq. Əlbəttə, elmimiz ayrı-ayrı
alimlərin deyil, bütövlükdə xalqımızın
çox dəyərli və bəlkə də dəyəri
bilinməyən bir sərvətidir. Yəni, onu hamımız
qorumalıyıq. Ancaq Elmlər Akademiyasının təəssübünü
orada çalışan insanlar, əməkdaşlar daha
yaxından çəkməlidirlər. Bu bir xoşbəxtlikdir
ki, ulu öndər Heydər Əliyevin qətiyyəti ilə
Milli Elmlər Akademiyamız qorunub, saxlanılıb və bu
gün dünyanın ən müxtəlif guşələrindəki
alimlərlə sıx əlaqəli şəkildə
çoxsaylı elmi nəticələrə imza atılır.
Başqa
bir məqam. İllik yığıncaqda qeyd edildi ki, 2007-ci
ildən sonra həm Akademiya şəhərciyi, həm də
akademiya nəzdində olan bütün binalarda əsaslı təmir
işləri aparılıb, maddi-texniki baza müasirləşdirilibdir.
Bu xoş xəbərin təəssüratı ilə
yaşayan elm ictimaiyyəti ertəsi günü - aprelin 27-də
Prezident İlham Əliyevin daha iki sərəncamının
sevincini yaşadı. Dövlət
başçısının birinci sərəncamı ilə
Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət
büdcəsindən maliyyələşdirilən elm və
elmi tədqiqat müəssisələrində
çalışan işçilərin əməkhaqqları
orta hesabla 20 faiz artırılırdı. İkinci sərəncamla
isə Azərbaycan Respublikası Prezidentinin 2002-ci ilin iyul
ayında bu məqsədlə verilmiş sərəncamında
dəyişiklik edilir. Prezidentin aprelin 29-da
imzaladığı sərəncamla isə Azərbaycan Milli
Elmlər Akademiyasının maddi-texniki bazasının
möhkəmləndirilməsi tədbirləri müəyyən
edilirdi. Yəni dövlət və dövlət
başçısı Milli elmimizin inkişafı
üçün lazım olan heç bir addımı əsirgəmir.
İndi növbə alimlərindir. Akademik Mahmud Kərimov məhz
bu məqamı əsas götürərək iclasdakı
geniş çıxışında üzünü akademiya əməkdaşlarına
tutaraq dedi: "Akademiyanın Rəyasət Heyəti
adından sizin hamınızı bu işlərdə səfərbər
olmağa çağırıram".
İnanırıq
ki, akademiya prezidentinin elan etdiyi bu elmi səfərbərlik
müstəqil Azərbaycanın yeganə və ən ağır
problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində də öz konkret
sözünü deyəcəkdir. Azərbaycan alimləri
dünya elminə öz yeni töhfələrini verməklə
20 illiyini qeyd etdiyimiz müstəqil dövlətimizi daha da
qüdrətli edəcəklər.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 20 avqust.- S. 3.