Düzgün sosial-iqtisadi strategiya regionların inkişafını
sürətləndirir
Azərbaycan
Prezidenti İlham Əliyevin son 8 ildə elmi əsaslarla
yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində
cəmiyyətin ümumi potensialının milli məqsədlər
naminə səfərbər olunması inkişaf prosesində
yüksək dinamizmi və məqsədyönlülüyü
təmin etmişdir. Paytaxtın və regionların davamlı
inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli
iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun tərəqqisi
hesabına aradan qaldırılması üçün
görülən kompleks tədbirlər ölkəmizin
bugünkü uğurlarını şərtləndirmişdir.
Həyata keçirilmiş məqsədyönlü iqtisadi
siyasət hesabına Azərbaycanda özəl sektor yeni
inkişaf mərhələsinə qədəm qoymuşdur.
Ölkədə
makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının
artımı və səmərəli istifadəsi, milli
valyutanın sabitliyi təmin edilmiş, sahibkarlığa
dövlət dəstəyi gücləndirilmiş, qeyri-neft
sektorunun inkişaf sürəti neft sektorunu üstələmişdir.Bütün
bunlar barədə dövlət başçımız
İlham Əliyev demişdir ki, son iki il ərzində Azərbaycan
iqtisadiyyatı 15 faiz artmışdır.Bu artım qəbul
edilmiş regionların sosial-iqtisadi inkişaf
proqramlarının icrası nəticəsində
mümkün olmuşdur.Əgər vaxtilə regionların
inkişafına böyük diqqət yetirilməsəydi,çox
güman ki,iqtisadiyyatımız bu gün birtərəfli
iqtisadiyyat kimi özünü göstərərdi...
Şübhəsiz
ki,bu uğurun əldə olunmasında görülən
işlərin sistemliliyini təmin edən dövlət
proqramlarının, xüsusilə regionların sosial-iqtisadi
inkişafına dair hər iki proqramın əhəmiyyətli
rolu danılmazdır.
Yeri gəlmişkən,burada bir məqamı qeyd etmək istərdik.Dövlətimizin başçısı İlham Əliyev ikinci regional proqramın icrasını da daim diqqət mərkəzində saxlayır, mütəmadi şəkildə yerlərdə olur,görülən işlərlə ciddi şəkildə maraqlanır,qarşılaşılan problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verir.
Müntəzəm surətdə həyata keçirilən bu səfərlər regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində mühüm rol oynamaqla yanaşı, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran özünəməxsus vəzifələrin müəyyənləşdirilərək yerinə yetirilməsini təmin edir. Xatırladaq ki,bu səfərlərdən sonra dövlətimizin başçısı bir sıra şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalamışdır.Beləliklə, dövlət dəstəyi tədbirləri regionlarda sahibkarlığın inkişafına, yeni müəssisələrin və iş yerlərinin yaradılmasına təkan vermişdir.
Birinci Dövlət Proqramında olduğu kimi, yeni proqramda da sosial infrastrukturun daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifələrdəndir. Əhalinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri də sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəyə, o cümlədən əlillərə, veteranlara, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqətin yetirilməsidir.
Prezident İlham Əliyev avqustun 15-də Siyəzən və Şabran rayonlarına səfəri zamanı ictimaiyyətin nümayəndələri ilə görüşündə də regionların sürətli inkişafı ilə bağlı söhbət açmışdır. Dövlət başçısı Siyəzən rayonu sakinləri ilə görüşündə demişdir: "Azərbaycanda son illər ərzində geniş quruculuq işləri aparılır. Bütün bölgələrdə canlanma, inkişaf vardır, konkret layihələr icra edilir. Mən istəyirəm ki, hər bir yerdə, hər bir rayonda işlər yüksək səviyyədə aparılsın. İlk növbədə insanları narahat edən problemlər tezliklə aradan qaldırılsın və bu istiqamətdə konkret addımlar atılmışdır. Bunu Siyəzən rayonunun timsalında da görə bilərik, infrastruktur layihələri icra edilir, yollar salınır, magistral yol çəkilmişdir, Bakıya gediş-gəliş çox rahatdır. Eyni zamanda, kənd yollarının çəkilişi ilə bağlı əlavə konkret tədbirlər görülməlidir və görüləcəkdir. Elektrik enerjisi təchizatı. Bu məsələ ilə bağlı heç bir problem yoxdur. Qazlaşdırma proqramı icra edilir. Bilirsiniz ki, Siyəzəndə bütün dövrlərdə qaz təchizatı başqa rayonlara nisbətən daha da yaxşı olmuşdur. Ancaq qarşıya vəzifə qoymuşuq ki, bütün kəndlərə qaz xətləri çəkilsin. İndi bu istiqamətdə işlər görülür. İçməli su, kanalizasiya layihələrinin icrası ilə bağlı işlər gedir və bu proqram da demək olar ki, bütün bölgələri əhatə edir. İllər boyu yığılıb qalmış problemlər Azərbaycanda birdəfəlik həll olunmalıdır. İndi hər bir yerdə içməli su, kanalizasiya layihələri icra edilir, ya da ki, hazırlıq işləri aparılır".
Ölkə Prezidenti həmin görüşdə həmçinin vurğulamışdır ki, sosial infrastrukturun yeniləşməsi ilə bağlı Siyəzən rayonunda müəyyən işlər görülmüşdür. Bir neçə məktəb tikilmişdir, təmir olunmuşdur. Növbəti illərdə ehtiyac olan məktəblərdə də təmir-bərpa işləri aparılmalıdır. Məndə olan məlumata görə, iş yerlərinin yaradılması ilə bağlı Siyəzən rayonunda o qədər də ciddi problem yoxdur. Burada ənənəvi neft sənayesində işləyənlər kifayət qədər olmuşdur. Vaxtilə burada ulu öndərin rəhbərliyi ilə broyler fabriki yaradılmışdır. İndi o da, iş yerlərinin yaradılması üçün çox vacib funksiyaları icra edir. Ancaq Azərbaycanda əhalinin sayı artır və nə qədər yeni iş yerləri yaradılsa da, yenə də iş yerlərinin açılmasına ehtiyac vardır. Ona görə biznes mühitinin yaxşılaşdırılması, biznesmenləri təşviq etmək, kreditlərin verilməsi, bütün başqa məsələlərin həlli üçün konkret proqramlar vardır. Biz Siyəzən rayonunun turizm imkanlarından da daha geniş şəkildə istifadə etməliyik. Bu rayonun özünəməxsus zəngin turizm potensialı vardır. Böyük dəniz zolağı, eyni zamanda, gözəl hava, dağlar. Azərbaycanda indi, demək olar ki, turizm üçün yararlı, əlverişli olan yerlərdə böyük komplekslər tikilir, otellər, istirahət zonaları, parklar yaradılır. Biz bu istiqamətdə də, əlbəttə ki, özəl sektoru bu işlərə daha çox cəlb etməliyik. Ancaq, infrastruktur olmadan turizmin inkişafı mümkün deyildir. Ona görə hər bir yerdə, hər bir rayonda ilk növbədə infrastruktur layihələri icra edilməli, yollar tikilməli, necə deyərlər, müasir memarlıq təcrübəsi tətbiq olunmalıdır.
Azərbaycan Prezidenti eyni zamanda qeyd etmişdir ki, indi bəzi ölkələrdə iqtisadi-maliyyə böhranının ikinci dalğası başlanmışdır. Azərbaycanda biz bunun tam əksini görürük. Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşıdır. Bütün görülən işlər bir məqsədi güdür ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Bu il həyata keçirilən pensiya islahatı nəticəsində 900 minə qədər pensiyaçının pensiyası orta hesabla 40 faiz artır. İnkişaf etmiş ölkələrdə sosial ödəmələr, sosial proqramlar kəsilir, azalır, ixtisar edilir, maaşlar kəsilir, dövlət qurumlarında işləyənlərin iş yerləri bağlanır. Biz görürük ki, Azərbaycanda iş yerləri açılır, maaşlar, pensiyalar artırılır, sosial proqramlar icra edilir. Bir dənə də olsun sosial proqramda geriləmə, yaxud da ki, ixtisar olmamışdır.
Məhz reallaşdırılan tədbirlərin, xüsusilə regional proqramın uğurla həyata keçirilməsinin nəticəsidir ki, cari ilin ötən yeddi ayı ərzində sosial - iqtisadi sahələrdə mühüm uğurlar əldə edilmişdir. Bu, Statistika Komitəsinin məlumatında da öz ifadəsini tapmışdır. Həmin məlumatda bildirilir ki, bu ilin yeddi ayının makroiqtisadi göstəricilərinin ötən ilin yanvar-iyul aylarının nəticələri ilə müqayisəsi ölkənin həm iqtisadi, həm də sosial sahələrinin dinamik inkişaf etdiyinə dəlalət edir. Yeddi ay ərzində məhsul istehsalı çoxalmış, xidmətlərin çeşidi genişlənmiş, yeni iş yerləri açılmış, əhalinin həyat səviyyəsi yüksəlmişdir. Belə ki, ilin əvvəlindən ötən dövrdə 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 1,1 faiz, yaxud müqayisəli qiymətlərlə 267,9 milyon manat artaraq 26,5 milyard manata çatmışdır. ÜDM-in 66,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 53,4 faizi sənayedə, 7,3 faizi inşaat kompleksində, 6 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 27,4 faiz, o cümlədən nəqliyyatda 6,2 faiz, ticarət və pullu xidmətdə 8,4 faiz, rabitədə 1,7 faiz, sosial və digər xidmətlərdə 11,1 faiz təşkil etmişdir. ÜDM-in 5,9 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2936,5 manat (3708,2 ABŞ dolları) olmuşdur.
Regionların inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, aqrar sahədə də bu ilin ötən aylarında müsbət göstəricilər əldə edilmişdir. Belə ki, avqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 98,5 faizi, yaxud 919,7 min hektarı biçilmış və həmin sahələrdən 2268,2 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 4,8 sentner artaraq 24,7 sentner təşkil etmişdir. Bundan əlavə, məhsulu toplanmış 4,5 min hektar qarğıdalı sahəsindən 14,9 min ton məhsul götürülmüşdür. Yığım başlanandan sahələrdən 503 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 31,3 min ton çox kartof, 709,4 min ton (55,6 min ton çox) tərəvəz, 144,8 min ton (4 min ton çox) meyvə və giləmeyvə, 308 min ton (62,8 min ton çox) bostan məhsulları, 338,1 ton (23,1 ton az) yaşıl çay yarpağı, 1168,8 ton, yaxud 212,6 ton çox tütün toplanmışdır. Bu dövrdə 243,3 min ton, yaxud 2010-cu ilin yanvar-iyul aylarına nisbətən 5,5 faiz çox diri çəkidə ət, 941,3 min ton (8,4 faiz çox) süd, 14,6 min ton (6,8 faiz çox) yun istehsal olunmuşdur. Beləliklə, keçən illə müqayisədə bitkiçilik məhsulları istehsalı 15,1 faiz, heyvandarlıq məhsulları istehsalı 4,8 faiz, kənd təsərrüfatının ümumi məhsulu 10,2 faiz artmışdır.
İlin əvvəlindən inşaat kompleksində aparılmış işlərin yerinə yetirilməsi üçün 5,5 milyard manat məbləğində vəsaitdən istifadə edilmiş və onun 59,7 faizi və ya 3,3 milyard manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə inşaat işlərinə xərclənmiş vəsaitin həcmi 19,1 faiz, tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı 6,5 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 74,4 faizini və ya 4,1 milyard manatını daxili vəsaitlər təşkil etmiş və 12,6 faiz, xarici investisiyanın həcmi isə 42,9 faiz artmışdır.
2011-ci ilin birinci yarısında ölkədə 43,8 min yeni, o cümlədən 32,5 min daimi iş yeri açılmışdır. Ümumilikdə isə 2003-cü il oktyabrın 1-dən 2011-ci il iyulun 1-nə kimi olan dövrdə 956,7 min, o cümlədən 687,3 min daimi iş yerləri yaradılmışdır. Regionların inkişafına yönəldilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində yaradılmış iş yerlərinin 78,8 faizi regionlarda, 87,4 faizi qeyri-dövlət sektorunda açılmışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 20 avqust.- S. 1.