Tarixi-etnoqrafik
baxış.
Ucalıq, əyilməzlik rəmzi
- Savalan dağı...
Zirvəsi
"ağ çalmalı" Savalan dağı əzəmətinə
və möhtəşəm görünüşünə
görə ucalıq, əyilməzlik rəmzinə
çevrilib. Hər daşı, hər qayası tarixin
canlı şahidi olan bu dağ özündə əsrlərin
salnaməsini yaşadır. Onu Tanrıyla bəndə
arasında ünsiyyət vasitəsi hesab edirlər. Hədisi-şəriflərdə
adı çəkilən müqəddəs dağdır
Savalan. O, tarixin özü qədər qoca və müdrik
ağsaqqal - Dədə timsalı kimi rəmzləşdirilir.
Türk
xalqlarının, eləcə də azərbaycanlıların
mifik görüşlərində, folklorunda ulu, müqəddəs
dağlaır ən ülvi ibadət yeri hesab olunub. Tanrı mərhəmətindən
şəfa tapmaq məqsədilə dağlara, eyni zamanda,
Savalan dağına pir kimi baxıblar, ona sitayiş ediblər.
Dağın şəfa qüdrətinə "Tanrı
ocağı" - deyə inanıblar.
Dünyaca
məşhur alimlər Savalanın müqəddəsliyini Zərdüştlə
də bağlayırlar. Deyirlər ki, dünyada xeyirxah
qüvvələrin başlanğıcı, himayəçisi
kimi tanınan Zərdüşt on il Savalanda məskunlaşıb.
Burada qeybdən ilahi vəhy almış, peyğəmbərlik
məqamına çatmış, təlimini təbliğ etməyə
başlamışdır.
Zərdüşt öz təlimində insanları bu dünyada çalışmağa, əkib-becərməyə, faydalı heyvanlar bəsləməyə, quruculuq və abadlıq işləri görməyə, doğruluğa, yaxşılığa, xeyir işlərə, eyni zamanda, pis əməllərlə, şərlə mübarizə aparmağa çağırır. Bu, insanların mənəvi və daxili paklığa, kamilliyə çatması üçün düzgün yol göstərən qanundur. Bəzi mütəxəssislər Savalanın ətəyində yerləşən Ərdəbili də müqəddəs məkan adlandırmış və onun Zərdüşt dövründə bina edilməsi fikrini irəli sürmüşlər.
Savalan milyon-milyon insanın məbədgahı, ziyarət,
and yeri, inanc qaynağıdır. Savalanın
qayalıqlarında yerləşən qədim ibadətgahlara,
təbii sitayiş və etiqad məbədlərinə bu
gün də gəlirlər. İlin, həyatın
təzələnməsi, nəslin artması, azar-bezarın
candan çıxması, arzu və niyyətlərin yerinə
yetirilməsi diləyi ilə burada ayinlər, mərasimlər
icra edilir, qurbanlar kəsirlər.
Azərbaycanın dahi mütəfəkkir şairi və
orta əsr Şərq intibahının "Zöhrə
ulduzu" sayılan Xaqani Şirvani (1120-1199) 1151-ci ildə
Xorasan ziyarətinə gedərkən Ərdəbildə
olmuş, şəhərin yaxınlığındakı
Savalan dağı öz təbii gözəlliyi və əzəməti
ilə onu heyrətə salmışdır. Müqəddəs
dağın məbəd və məskənlərinə,
qeyri-adi möhtəşəmliyinə, cazibədar təbii mənzərələrinə
məftun olan şair "Savalan dağının tərifi"
şeirində Savalanı haqq yolu, səadət, ədalət
qibləsi, ən ülvi, ən pak arzular, diləklər məkanı
kimi təsvir etmişdir!
Səadət
qibləsi Savalan dağı,
Kamalda Kəbə tək qazanıb şöhrət.
Kəbə
yaşıl geyinər, ağ bürünər
o,
Çünki
eyham tutan geyər ağ xələt.
Bir yerdə
oxudum fəzilətindən,
Üç ildir çəkirəm görməyə həsrət.
Getdim ki,
başına dolanım onun,
Dağlar
anasıdır, çünki o afət...
Qədim və orta əsr yazılı qaynaqlarında bu
dağın Səvalan, Səhalan, Savalan, Səyəlan, Səbəlan
kimi müxtəlif adları mövcuddur. Ona Subolan da
deyiblər. Su aydınlıqdır,
xoşbəxtlikdir, paklıq və təmizliyə
çıxmaqdır, həyat və dirilikdir, müqəddəslikdir.
Savalan dağı Arazın sağ qolunda, Güney Azərbaycanın
mərkəzi hissəsində, Ərdəbil şəhəri
yaxınlığında təbiətin əvəzsiz abidəsidir. Büzquş
silsiləsi ilə birlikdə bu yerlərin əzəmətinin
rəmzidir.
Savalan Azərbaycan ərazisində ən yüksək
zirvədir. Uzunluğu qərbdən şərqə doğru 130
kilometrdən çoxdur. Savalan silsiləsi
cənub-şərqdə Qaraca dağı (2875 m) vasitəsilə
Kiəmki-Qaraca silsiləsinə birləşir. Savalan dağı cavan (pleystosen) vulkan lavalarından,
vulkan küllərindən, tuflarından təşkil
olunmuşdur. Yamacları Acıçay,
Balıqçay, Qarasuçay çayları vasitəsilə
parçalanmışdır. Burada
sıldırım qayalar var, yanları dağ tirələri,
dərələr və dərin dağarası çökəkliklər
əmələ gətirmişdir. Ətraf
dağarası çökəkliklərdən və düzənliklərdən
təqribən 5000 metrə qədər ucalan Savalan
dağı relyefdə öz vulkan konusu ilə çox
qabarıq şəkildə görünür. Zirvədən radial şəkildə ətraf
yamacların ətəklərinə doğru istiqamətlənən
kiçik çay dərələri dağa xüsusi görkəm
verir.
Savalan dağı ən qədim zamanlardan
özünün faydalı qazıntıları ilə
şöhrət tapmışdır. Ətrafda mis, qalay,
qızıl, kükürd, neft yataqları, tikinti
üçün yararlı təbii sərvətlər,
daş karxanaları mövcuddur. Dağ təmiz
suyu, büllur kimi duru bulaqları, şəfa qaynaqları ilə
məşhur olan müalicə əhəmiyyətli mədən
suları ilə zəngindir. Suyu da biri o
birindən soyuq, biri o birindən dadlı, tamlı, dupduru, hərəsi
də min bir dərdin dərmanı.
Tarixi qaynaqlardan məlum olur ki, həmişə bu
müalicə əhəmiyyətli bulaq sularından bəhrələnib,
onların şəfa qüdrətinə pənah aparıblar,
ümid ediblər. XII əsr ərəb alimi Əbü Həmid əl-Qərnatinin
və XIV əsr Azərbaycan səyyahı və tarixçisi
Əbdürrəşid əl-Bakuvinin əsərlərindən
məlum olur ki, göylərə yaxın olan ulu Savalan
dağında behişt bulaqlar var. Bu dağın ətəklərindən
çıxan müalicə əhəmiyyətli isti və
soyuq mineral sulardan şəfa tapmaq üçün oraya
adamlar gəlirlər. Bu bulaqların suyu neçə-neçə
adamı vaxtsız ölümün pəncəsindən
alıb, həyat fəaliyyətini, iş qabiliyyətini
artırıb.
Ərdəbil və ətraf el-oba camaatı ta qədimdən
dağın zirvəsindəki göl suyunu da müqəddəs
hesab etmiş, arzu və niyyətlərini, dərdlərini
suya söyləmişlər, onu hər cür natəmizlikdən
qorumuşlar.
Maqmatik vulkanların püskürməsi nəticəsində
yaranan effuziv və intruziv süxurlar üzərində əmələ
gəlmiş Savalan dağının yamaclarındakı
torpaqlar mikroelementlərlə zəngin olduğundan məhsuldarlığı
və münbitliyi yüksəkdir.
Yayda havası ürəyəyatımlı və
mülayimdir.
Uzun gecələrdən ibarət qış
aylarında təbiəti sərtdir. Savalan
dağı loğman nəfəsliliyi ilə seçilir.
Burada yamaclarında seyrək kolluqlar və
yarımkof bitkilər geniş sahə tutur. Dağarası çökəkliklərdə və
maili düzənliklərdə quru çöl və
yarımsəhra bitkiləri üstünlük təşkil
edir. Yamacların yuxarı hissələrində
subalp və alp çəmənlikləri
yayılmışdır. Burada yovşan,
dağ nanəsi, xasa, kəklikotu, xəşəmbül, alp
pişikquyruğu və s. bitir. Onlardan ədviyyatda,
boyaqçılıqda, xalq təbabətində istifadə
edirlər.
Savalan dağının təbii zənginlikləri ilk
növbədə qədim ovçuların və
maldarların diqqətini özünə cəlb etmişdir. Dağın
güllü-çiçəkli, şərq, cənub-şərq
ətəklərində, Ərdəbil mahalı ilə Qarasu
çayı arasındakı ərazilərdə,
Acıçay, Balıqçay çayları, həmçinin
onların qolları boyunca çoxlu yaşayış məskənləri
salınmış, məhsuldar və münbit torpaqlar, zəngin
yaylaqlar və qışlaqlar mənimsənilmişdir. Tarixin bütün dövrlərində bu torpaqlar
xalqın iqtisadi-mədəni həyatında müstəsna
rol oynamış, əkin sahələri bu çayların
suyu ilə suvarılmışdır. Ərazinin
zəngin torpaqları və su ehtiyatları hələ qədim
zamanlardan burada bol əkinçilik və
bağçılıq məhsulları yetişdirilməsinə
imkan vermişdir.
Ərdəbil mahalı ilə Qarasu çayı
arasındakı məhsuldar və münbit torpaqlarda yerləşən
kəndlərdə türk mənşəli Şahsevən
tayfasının on beşdən artıq qol və tirələri
məskən salmışlar.
Tarixdən məlumdur ki, Səfəvilər sülaləsindən
olan İran şahı I Şah Abbas (1587-1629) hakimiyyətə
gəldikdən sonra ölkədəki
dağınıqlığa son qoymaq, vahid mərkəzləşmiş
dövlət yaratmaq, güclü tayfa
başçılarını mərkəzi dövlətə
tabe etmək məqsədi ilə bir sıra islahatlar həyata
keçirmişdi.
Deyilənə görə, Səfəvi hökmdarı
müxtəlif vilayətlərdə, ayrı-ayrı tayfalar tərkibində
yaşayan şah tərəfdarlarını öz ətrafında
birləşdirmək və mərkəzi hakimiyyəti
gücləndirmək məqsədilə bütün ölkədə
"şahın mübarək başını sevənlər
şah ətrafında toplaşsınlar"
şüarını irəli sürmüşdü. Qısa bir
müddətdə onun sayı 100.000-dən çox ailəyə
çatdı. Beləliklə, Şah Abbas
bəzi tayfaları (Əfşarlar, Qacarlar və b.) öz tərəfinə
çəkərək, yeni bir tayfa - Şahsevənlər
tayfasının əmələ gəlməsinə səbəb
oldu.
Bəzi məlumatlara görə, Şah Abbas
qızılbaşların qüdrətini azaltmaq
üçün özünə arxa yaratmaq məqsədilə
Şahsevənlərin əsas özəyi olan əfşar,
qacar, cavanşir və b. türk ellərini Azərbaycanın
şimalında (Muğanda) yerləşdirmişdi. Azərbaycanda
yaşayan Şahsevənlər yerli əhali ilə qaynayıb
qarışmışlar.
Nadir şahın ölümündən (1747) sonra
Şahsevənlər tayfasıının
başçıları mərkəzi qədim tarixə malik
olan Ərdəbil xanlığını yaratdılar və
yarımköçəri həyata son qoyaraq Savalan dağının
ətəyində daimi və oturaq həyat keçirməyə
başladılar. Səfəvilər dövlətinin əsas
hərbi qüvvəsinə çevrilən bu ellərin
nümayəndələri sonralar Azərbaycanın siyasi həyatında
mühüm rol oynamışlar.
Qonaqsevər,
mehriban, saf qəlbli olan bu türk mənşəli Şahsevən
ellərinin özlərinə məxsus mədəniyyətləri,
adət-ənənələri, ayin və mərasimləri,
xalq yaradıcılığı nümunələri var.
Bütün dövrlərdə Şahsevənlərdə hər
nəslin, hər elin sözükeçəni,
sayılanı, nurani-pirani ağsaqqalı-ağbirçəyi
olur. Dara, çətinə düşənlər
ağsaqqala müraciət edir, çıxış yolu diləyirlər.
Xeyir-şəri ağsaqqalsız keçirmirlər.
Səfərə çıxanlara xeyir-duanı
ağsaqqal verir. Ehtiyacı olanlara təmənnasız
yardım göstərirlər, arxa dururlar. Bütün əməllərində
halallığı uca tuturlar. Allaha, onun
peyğəmbərinə (s) və müqəddəs Qurani-Kərimə
əsaslanıb ruzi qazanırlar, qismətlərinə də
şükr edirlər.
Tədqiqatçıların fikrincə, şahsevənlərin
öz xalq mahnıları, rəqsləri olub və bunlar Azərbaycanın
ayrı-ayrı bölgələrində də geniş
yayılıb.
Məsələn, bu rəqslərdən biri
Naxçıvanda məşhur olan "Şahsevəni"
adlanır. Bu rəqs ağır tempdə,
çevik, vüqarlı hərəkətlər
düzümündə gedir və yalnız kişilər tərəfindən
ifa olunur. Şah pərdə və ya
"Misri kökü"ndə ifa olunan "Şahsevən"
adlı aşıq havası ("Döşəmə
Koroğlu" da deyilir) da onların adı ilə
bağlıdır. Bu aşıq havasının poetik mətni
gəraylıdır: gümrah xarakterli melodiyasının məqam
əsası şurdur, musiqi ölçüsü 3\8, tempi
mülayim-tezdir.
Savalan dağının ətəklərindən istər
şərqə, istərsə də qərbə doğru
aparan mühüm karvan yollarının keçməsi həm
Ərdəbilin, həm də dağın yamaclarında yerləşən
başqa yaşayış məntəqələrinin möhkəmlənməsinə,
ticarət və sənətkarlığın
inkişafına müsbət təsir göstərmişdir. Güney Azərbaycanın
şimal-qərb hissəsi - Savalan dağının
yamacları maldarlıq üçün bol yem ehtiyatı ilə
zəngindir. Yamaclarda geniş təbii
otlaqlar vardır və burada milyonlarla mal-qara saxlamaq
mümkündür. Şahsevənlər
xalq seleksiyası yolu ilə yüksək keyfiyyətli yun,
süd və ət verən qoyun cinsləri, xüsusi
Şahsevən qoyun cinsini yetişdirmişlər. Bu yerləri əzəldən özlərinə yurd
seçmiş xallı marallar, dağ keçiləri,
cüyür sürüləri, kəkliklər dağların
yaraşığı, bəzəyidir.
Qoyun-quzu, mal-qara bu yerlərin camaatının qədim
dolanacaq mənbəyidir. Yayda Savalan yaylaqlarında həyat bulaq
kimi qaynayır. Naxır, davar
örüşdən döndümü, inək-qoyun
sağılır, sərniclər, badyalar köpüklənən
südlə dolur. Hər tərəfdən
süd qoxusu gəlir. Kəndinin ev-eşiyindən
ağartı məhsulları - sulux, bulama, ayran, şor,
qatıq, qaymaq, süzmə, qurut, yağ,
pendir, dələmə, atlama, kətəməz... əskik
olmur.
Ətdən müxtəlif xörəklər (bozartma,
qovurma, bozbaş, şişlik və s.) bişirməklə
yanaşı, qış ehtiyatı üçün qiymə,
cızdaq, qaxac, qovurma hazırlayır, dağarcıqlarda,
küplərdə, bəzən də yunu çox gödək
kəsilmiş motalda saxlayırlar. Şahsevən elində
maldarlığın, xüsusilə qoyunçuluğun
inkişafı və xammalın bolluğu sənətkarlığın,
ilk növbədə xalçaçılığın,
toxuculuğun, dəriçiliyin inkişafına səbəb
olmuşdur. Yun toxuculuqda başlıca xammal olmaqla
yanaşı, yorğan, döşək, mütəkkə,
döşəkcə kimi ev ləvazimatının
hazırlanmasına sərf olunur.
Savalan dağının zəngin dağ-çəmən
bitkiləri bu ərazilərdə ənənəvi təsərrüfat
sahəsi olan arıçılığın da
inkişafı üçün zəmin yaratmışdır. Savalan balı
dadına, keyfiyyətinə və müalicə əhəmiyyətinə
görə böyük şöhrət
qazanmışdır.
Azərbaycan
şairi, maarif xadimi Seyid Əzim Şirvani 1856-cı ilin
axırlarında İraqa - Kərbəla və Nəcəf
şəhərlərinə səyahət edərkən yenə
Ərdəbildə olmuş, şəhərə xüsusi əzəmət
və gözəllik verən Savalan dağını vəsf
etmişdir:
Var Ərdəbilin
xeyli gözəl torpağı,
Tər yoncası, göy səbzəsi, xürrəm
bağı.
Hərdən
ki, düşər yadıma həsrət çəkərəm,
Bali-Səbalan ilə gomuş qaymağı.
Boyaqçılıq da Savalan dağına
sığınan ellərin qədim sənət sahələrindən
biridir. Bu ellərdə sarı rəngi tut
ağacının yarpağından, qantəpərdən, naz
gülündən alırlar. Qırmızı
rəngi boyaqkökü, badam ağacı, sumax, qaraağac
qabığı və narıncı kolunun oduncağından,
qızılıya çalan boyağı palıd
qabığından, qara rəngi nar qabığından,
qaraya çalan tünd qəhvəyi rəngi qoz qərzəyindən
hazırlayırlar. Boyaq rənglərini
nar, soğan, qoz ağacının yarpağından, meyvə
ağaclarından, hətta zəfərandan da əldə edirlər.
Boyanmış qırmızı, bənövşəyi,
narıncı, sarı, qara, qəhvəyi, yaşıl və
neçə rəngli iplər bir-birinin yanındaca
üzü günə sərilib qurudulur. Qərinələr,
yüzilliklər keçir, bu rənglər solmur.
Savalan
dağı ətəklərində yaşayan ellərdə
elə bir ev yoxdur ki, orada nəfis və
gözəl xovlu xalı və xalçalar, gəbə, məfrəş,
kilim, palaz, cecim, canamaz, çuval, zərif ilməkli, ipək
xovlu heybə və xurcunlar, yun corablar toxunmasın. Toxuculuq, xüsusilə geniş çeşiddə
yun və ipək parça məmulatı (şal, şahad,
tirmə, qanovuz, çarşab, darayı, atlaz və s.) xalq sənətkarlığının
aparıcı sahələrindən biri hesab olunur. Bunların içərisində əsas yeri müstəsna
rəng ahəngi, mürəkkəb kompozisiya, zəngin
naxış örtüyü ilə seçilən "Əfşari"
adı ilə məşhur olan Ərdəbil xalçaları
tutur.
Şahsevən ellərinin Təbriz və Ərdəbil
mahallarının qız-gəlinlərinin, xalça
ustalarının barmaqlarının təravətini hələ
də özündə saxlamış "Şeyx Səfi"
xalısı haqqında çox yazılmışdır. Xalqımızın
milli iftixarı, ulu sənətimizin şah əsəri, nadir
sənət incilərindən sayılan "Şeyx Səfi"
xalısı 1539-cu ildə toxunmuşdur. Xalça
Səfəvilər sülaləsinin banisi Şeyx Səfinin Ərdəbildəki
türbəsi ətrafında yaranmış dini binalar
kompleksindəki məscid üçün toxunulmuşdur.
350 ildən artıq Şeyx Səfi məscid-türbəsini
bəzəyən bu xalı 1892/93-cü ildə
dünyanın ən iri muzeylərindən olan Londonun
"Viktoriya və Albert" muzeyinə
satılmışdır.
Savalanın sıldırım olması onu sarsılmaz
müdafiə istehkamına çevirmişdir. Tarixin bütün
çağlarında bu dağ babalarımızın
alınmaz-basılmaz yurd-yuvası, sığınacaq,
söykənəcək yeri olmuşdur. Dünya
mənim deyən ərənlər qayalı-yarğanlı
dağlarda istehkam qalaları hörüb, el-obanın
ağır günündə, dar günündə namus, qeyrət
rəmzi olan bu tərlan oylaqlarında at minib, qılınc
oynadıb, qalxan gəzdiriblər, arxa-dayaq olublar bu yerlərə.
Yağıyla döş-döşə
dayanıblar, yadlara baş əyməyiblər. Əzəmətli Savalan dağına, onun ətrafındakı
bolluq-bərəkət diyarına göz dikənlərin həmişə
gözlərinə ox batırılıb.
Tarixçi Həmdullah Qəzviniyə görə,
Savalan silsiləsinin quşqonmaz qayalı-yarğanlı
şimal zirvəsində uyumuş cəngavəri xatırladan
Bəzz qalası ucalır. Orta əsr
yazılı qaynaqlarından məlum olur ki, Bəzz qalası əvvəlcə
Cavidanın, sonra isə Babəkin başçılıq
etdiyi xürrəmilərin Azərbaycandakı mərkəzi
idi. Dövrünün qaynaqlarında Bəzz
qalasını "Babəkin yurdu"
adlandırmışlar. İranın məşhur
şərqşünas-ədəbiyyatşünası,
tarixçi Səid Nəfisi Savalan dağının şimal
hissəsinin Babəkin yaşadığı yer olduğunu və
xürrəmilərin əvvəlcə İsfahan nahiyələrində
araya çıxdığını, sonralar isə
bütünlüklə Savalan dağlarına pənah gətirdiyini
göstərir.
Ayrı-ayrı dövrlərin qələm sahiblərinin
əlindən çıxan ilk yazılı qaynaqlar,
tarixçilər, coğrafiyaşünas-səyyahlar Savalan
dağının təbiətindən, qüdrətindən,
şöhrətindən maraqlı və qiymətli məlumatlar
vermişlər. Bu əsərlərdə onun güllü-çiçəkli,
yamyaşıl ətəklərində salınmış yurd
yerləri, şəhərlər, buradakı abidələr,
qalalar, bürclər, behişt bulaqlar, müalicə əhəmiyyətli
şəfa suları, bu yerlərin füsunkar gözəlliyi,
əhalisinin həyat və məişəti, qonaqpərvərliyi,
hörmətcil və səxavətli olması, ənənəvi
təsərrüfat sahələri barədə məlumatlar
vardır.
Əl-İstəxri,
X yüzilliyin ərəbdilli coğrafiyaşünas-səyyahı:
"...Azərbaycanın ən böyük şəhəri Ərdəbildir.
Qoşun düşərgəsi və hökmdar evi
buradadır... Ətrafında 3 darvazası olan divar (çəkilmişdir)...
Şəhərin (torpağı) bərəkətli
və münbitdir, ucuzluqdur. Ərdəbilin
2 fərsəxliyində (bir fərsəx təxminən 50
kilometrdir) Səbalan adlanan əzəmətli və yüksək
dağ ucalır. Onun zirvəsindən nə
qış, nə də yay qar əskik olmur.
Əl-Müqəddəsi,
X yüzilliyin ərəb coğrafiyaşünas - səyyahı:
"...Buradakı dağın (Savalan dağının)
uzunluğu 140 fərsəxdir. Bu yerlər
başdan-başa kənd və əkin sahələridir.
Deyirlər ki, bu kəndlərdə 60 dildə
danışırlar. Burada çoxlu meyvə
bağları vardır. Ərdəbilə
bir çox şeylər buradan gətirilir".
Əbü
Həmid əl-Əndəlusi əl-Qərnati, XII yüzilliyin
məşhur ərəb coğrafiyaşünas-səyyahı:
"Bu dağda (Savalanda) behişt bulaqlar vardır. Peyğəmbərlərdən
birinin qəbri buradadır... Bu dağın ətrafında
müalicə əhəmiyyətli isti bulaqlar da var, buraya
şəfa tapmaq üçün xəstələr gəlir.
Dağın ətəyində çoxlu ağac bitir..."
Yaqut əl-Həməvi
(1179-1229), ərəb filoloqu, coğrafiyaşünas və
tarixçi: "Savalan Azərbaycan ərazisində Ərdəbil
şəhəri üzərində ucalan hündür
dağdır. Bu dağda bir neçə kənd,
eləcə də bir çox mömin adamlara məxsus qəbirlər
var. Dağın başı yay-qış qarla
örtülüdür. İnsanlar
inanırlar ki, bu, mömin adamların möcüzəsidir.
Bu yer ən çox ziyarət edənlərin
mübarək yerlərindən hesab olunur".
Fəzlüllah
Rəşidəddin (1247-1318), İran alimi, həkim və
tarixçi: "Oğuz xanın qoşunları bu vilayətlərin
bütün yaylaqlarını, Səbəlan, Aladağ və
Ağzıbəri dağlarına qədər bütün
dağlıq yerləri tamamən ələ keçirdilər.
Deyilənə görə, Aladağ və
Savalan adını oğuzlar qoymuşlar. Hər
ikisi də bir dağa aiddir". Türk dilində
"meydana gələn", "dikələn",
"uxalan", "yüksələn" bir şeyə Səbəlan
deyilir".
Həmdullah
Qəzvini, XIV əsr İran tarixçisi,
coğrafiyaşünas: "Səbalan dağı Azərbaycandadır.
Bu, məşhur dağlardan biridir. Ərdəbil, Sərab, Mişkin, Anaq, Əscəq və
Xiyav şəhərləri onun ətəyində yerləşir.
50 fərsəx uzaqdan görünür,
dağın dairəsi isə 30 fərsəxdir. Dağın başı həmişə qarla
örtülüdür, şiddətli soyuğun təsirindən
onun üstündəki bulaqdan axan su çox vaxt buz
bağlayır. Səbalan
dağının bulaq suyundan Ərdəbil şəhərinin
su təchizatında istifadə edilir.
Səbalan dağından cənub-qərbdə yerləşən
iki əyalət şəhəri - Anaq və Əscəq
yaşayış yerləri dağdan axan çay suları ilə
təchiz olunur. Çayın axarı boyu çoxlu gözəl meyvə
bağları var; burada bol üzüm, yemiş və qoz
yetişdirilir..."
Əbdürrəşid
əl-Bakıvi, XIV-XV yüzilliyin Azərbaycan
coğrafiyaşünas-səyyahı, tarixçi: "...Azərbaycan...
orada çoxlu şəhərlər, kəndlər,
dağlar, çaylar var... Ərdəbil
yaxınlığında Savalan dağı ucalır, bu, dünyanın
ən böyük dağlarındandır. O dağın
zirvəsindən suyu soyuqluğundan donan böyük bir bulaq
axır. Peyğəmbərin (Allah ondan razı
qalıb onu salamlasın!) adından söyləyirlər ki,
Savalan dağı Ərməniyə ilə Azərbaycan
arasında yerləşir. Onun zirvəsindən
cənnət bulaqlarından biri axır. Bundan
başqa, orada peyğəmbərlərdən birinin qəbri
var. Yaxınlığında isə üstünə xəstə
adamlar gələn qaynar bulaqlar yerləşir.
Dağın başı yayda da, qışda da qarla
örtülü olur..."
XIV
yüzilliyin Səfəvi tarixçisi Təvəkkül ibn Bəzzaz
Səfəvilərin əcdadı Şeyx Səfiəddinin həyat
və fəaliyyətinə həsr olunmuş "Səfvət
üs-Səfa" ("Saflığın
saflığı") əsərində Səbalan (Səvalan)
dağının Allah məskəni olduğunu, oranın məbədə
çevrildiyini və ziyarətçilərin gəldiyini
yazır: Tarixçi "türk şeyxi", "türk
piri" Səfiəddinin tez-tez Allah adamlarının
olması ilə məşhurlaşmış Savalan
dağına getməsini və o müqəddəs yerdən təbərrik
olaraq su və torpaq götürməsini qələmə
alır.
Bədr Şirvani (1387-1450), Azərbaycan şairi,
Şirvanşahlar sarayında yazıb-yaratmış, məşhur
qəsidələr və qəzəllər müəllifi. Şair
şeirlərinin birində "Ərdəbildə Savalan
dağı kimi dərd çəkərik"
yazmışdır. Bu sətirdə, bu
misrada şair öz dərdini, kədərini başı
dumandan, çəndən əskik olmayan qəmli-qüssəli
Savalana oxşadır.
Yazılı
qaynaqlardan görünür ki, görkəmli dövlət
xadimi, sərkərdə kimi böyük şöhrət
qazanmış, dahi söz ustası Şah İsmayıl Xətai
(1487-1524) dünya şöhrəti qazanmış şəfalı
dağın - füsünkar Savalanın ətəyində
yerləşən Ərdəbildə dünyaya gəlmiş,
müqəddəs Savalanın döşündən axan
büllur sulu, yarpızlı bulağın gözündən
su içmiş, dəfələrlə və günlərlə
Savalanın yaylaqlarında, xüsusilə Sorluq, Göytəpə
yaylaqlarında dincələrək, yaradıcılıqla da məşğul
olmuşdur. Tarixdən o da məlumdur ki, dahi
şair Savalanın gədiyində xəstələnib, sonra
dünyasını dəyişmişdir.
Evliya
Çələbi, XVII yüzillikdə
yaşayıb-yaratmış məşhur türk səyyahı
və coğrafiyaşünası: "Qədim dövrlərdə
Ərdəbil çox böyük bir şəhər olub, bir
tərəfi Səhəlan (Savalan) dağına qədər
idi... Şəhərdən Səhəlana bir
günlük yoldur.
Ərdəbil
məhsuldar, geniş bir düzənliyin ortasında yerləşib,
bir tərəfində abi-həyatdan nişan
verən bir göl vardır. Bu dağın -
Savalanın ən yüksək zirvəsində daim qar olur.
Ərdəbil şəhərinin bütün
suları bu dağdan gəlir. Suyu təmiz və ləzzətlidir...
Qışı çox soyuq olsa da, dənli
bitkiləri çoxdur. Əldə edilən
həmin məhsulun bir hissəsi gələn məhsul ilinə
qalır. Bir gilə toxumdan 80 gilə dənli
bitki götürürlər. Qışın
çox soyuq olması üzündən
bağ-bağçası, yemişləri olmaz. Amma çoxlu bostan və gülzarlıqları
vardır. Şəhərin bir tərəfində
suyu abi-həyat kimi şirin və tamlı göl vardır.
Dörd tərəfdən gölə
kiçikli-böyüklü 40-a qədər çay
axır. Ən böyüyü Səhəlan
çayıdır ki, Ərdəbili su ilə təmin etdikdən
sonra, yenidən həmin gölə tökülür..."
Alman alimi Adam Oleari (1603-1671), 1635-39-cu illərdə səyahəti zamanı Səvəfilər dövlətində olmuşdur. Səyahətləri haqqında yazdığı xatirələrində iki aya yaxın Ərdəbildə qaldığından, bu yerlərin təbiətindən, məhsuldarlığından, həmişə qarla örtülü olan Savalan dağından, bu dağdakı "kəskin kükürd qoxusu verən müalicə əhəmiyyətli qaynar bulaqlardan", müxtəlif dəri xəstəliklərinin - qotur, sızanaq və s. müalicəsi üçün faydalı olan həmin bulaqların "ab qotur", yəni "qotur suyu" və ya "qotur bulaqları" adlandırılmasından bəhs etmişdir".
Savalan dağı barədə A.A.Bakıxanov, eləcə də digər alim, yazıçı və səyyahların qiymətli və maraqlı qeydləri də vardır. A.A.Bakıxanov Şərqə səyahəti zamanı (1846) bir neçə dəfə Ərdəbildə olmuş, Şeyx Səfi məqbərəsini, Şah İsmayıl Xətainin qəbrini ziyarət etmiş, şəhərin Savalan dağının yaxınlığındakı düzənlikdə, Qarasu çayının qolu üzərində yerləşdiyini yazmışdır. O, bu yerlərin təbii mənzərələrindən, füsunkar gözəlliyi və s. haqqında da maraqlı məlumatlar vermişdir.
Tofiq BABAYEV,
tarix üzrə
fəlsəfə doktoru,
əməkdar mədəniyyət
işçisi
Xalq qəzeti.- 2011.- 21 avqust.- S. 6.