Sözün ölməzliyi. Yaman
uzağa getdin...
Söz bulağı elədir
ki, heç vaxt axıb qurtarmır. Gözü
tutulmur, suyu qurumur. Şairin ilhamı
artdıqca, sözü də dünya durduqca durur. Həyatını, ömrünü
sözə verən şairlərin ömrü
isə bəşəriyyətin yaşı qədər
uzanır. Əbədiyyət qədər şeirinin
ömrü olan xalq şairi Qabil mənə uşaqlıq illərindən
sevdiyim şair olub. Heç vaxt yadımdan çıxmır, atamın verdiyi qəpik-quruşları yığıb
rayon mərkəzinə gedərdim ki, kitablar alım.
Onların içində Qabilin də kitabları var idi. "Nəsimi" poemasını
əzbər bilirdim.
Məktəbdə keçirilən tədbirlərdə səsimin
uca yerinə salib, onun şeirlərini
əzbər deyərdim.
Ədəbiyyat müəlliməm
də Qabil yaradıcılığının vurğunu olduğundan həmişə mənə
beş verərdi.
İstəyirəm şairin poeziyası
ilə baş-başa
qalam.
Qabilin şeirlərində
dünyanın dərdi
özündən böyük
olur. Dünyamızın qayğısına
qalmaq, dərdini çəkmək lirik qəhrəmanın fəal
həyat mövqeyini, vətəndaşlıq narahatçılığını
da dəqiq müəyyən edir:
Canlı-canlı qəbirlər,
Qanlı-qanlı qəbirlər.
Al duvaqlı qəbirlər,
Köksü dağlı qəbirlər,
Düzüldükcə yan-yana,
Qansız
biganəlikdən,
Cansız
biganəlikdən
Şəhidlər gəlir cana.
Şair
bu tip şeirlərində
öz xalqının adından danışır
və bütün gücünü xalqın
mənəviyyatının üstündə kökləyir.
Onun hər bir misrasında söz tam ölçülərlə
üzə çıxır,
daxili duyum, psixoloji çalar sənətkarın yaradıcılıq
özəyini təşkil
edir:
Sən ey xalqım,
ey diyarım,
Ey cananım,
ixtiyarım.
Ey didərgin balalarım,
Çadırlara alışmayın.
Barışqanlıq cinayətdir,
Lap bir anlıq -
cinayətdir.
Alışqanlıq - cinayətdir,
Çadırlara alışmayın!
Şairin aləmində ana - Vətəndir, ana - dünyadır. Torpaq ana məzarları
ilə canlıdır.
Ana haqq-sayını gözünün
nurunda gəz,
Çörəyin də ana tək müqəddəs sayırıq biz,
Ana ilə çörəyi ödəməz heç bir əvəz...
Ana ilə çörəyə
ağ olan
ruzi görməz,
Ana ilə çörəyə
dünyada pis deyilməz.
Ana - namus, dəyanət,
Çörək - xeyir, bərəkət,
Çörək - qüvvət, mətanət.
Şair
təbiətə, torpağa
poeziya gözü ilə baxır:
Göylərin ürəyi nə
yaman dolub,
Tökür sinəmizə göz yaşlarını.
Fələklər, mələklər uşaqmı
olub,
Yoxsa unudublar
öz yaşlarını?
Daşıbdır göylərin səbir
kasası,
İstiqlal yoluysa deyildir rahat.
Ruhumla həmahəng
yağış havası.
Yağış gözümdən də yağır bu saat.
Şairin sevgi və məhəbbəti
də, düşüncə
və duyğusu da, həyəcan və narahatlığı
da təbiətdən
durulanıb qalxır. Onun məhəbbət şeirlərində
lirik "mən"in
daxili bütövlüyü,
tipik xarakteri bu əsasda daha çox açılır:
Onsuz da ömrümün xəzan çağıdır,
Xəzanın üstünə xəzan gətirmə.
Ürəyim mehə bənd
gül yarpağıdır,
Onu qopartmağa
tufan gətirmə.
Onsuz da gecikən vüsalımıza,
Gəl vaxtsız-vədəsiz
hicran gətirmə.
Qabiləm rəhm elə əhvalımıza,
Aman istəmirəm,
aman gətirmə.
Burda lirik səsin daxili fəryadı dağ çayına bənzəyir
- axıb gedir, duruluq gətirir, əsl poeziyani yaradan da elə
bu səsdir. Qabil poeziyasında
şeiriyyəti yaradan
ən başlıca cəhət özünəməxsus
ahəngdarlıq, poetik
axarlıq, fikrin muncuq kimi düzümü
fikir və məzmunun aydın ifadəsidir.
Mən səni görməyə adət etmişəm,
Adət
məhəbbət deyil!
Səni görməyəndə xiffət
etmişəm.
Xiffət
məhəbbət deyil!
Sənə min ehtiram, hörmət
etmişəm,
Hörmət məhəbbət deyil!
Gözündə çağlayan mehribanlığa
Heyrət etmişəm.
Heyrət
məhəbbət deyil!
Yalvarıram, sən
Məhəbbət umma məndən.
Hanı
iqtidarım
Məhəbbətin tufanına sinə gərəm.
Gəncliyimi
Sənə qurban vermək üçün
Geri qaytarım?!
Geri qaytarım.
Şair kövrək hisslərdən
də ictimai aləmə, geniş dünyaya üz tutmağı bacarır. Bu cəhət
onun şeirlərinin təsir gücünü daha da artırır:
Şair
yalnız şeir yazmaz,
Yazmaq üçün
yazıb, pozmaz.
Haqsızlığa kim
dözsə də,
Şair ölər, şair dözməz.
Qabilin lirikası
çağdaş poeziyanın
ən nikbin, inamlı və işıqlı cəhətlərini
özündə əks
etdirir. Ondakı səmimilik sənətkar
mövqeyinin dolğun
xarakterini yaratmağa çalışır. Təbiət gözəllikləri ömrü
boyu şairi özünə çəkmişdir.
O, təbiətin çovğununu,
boranını ildırımını,
yağışını, dənizini, çayını
sevirdi:
Harda ümman görürəm
Sən yadıma
düşürsən.
Mənim
mavi Xəzərim!
Harda liman görürəm
Sən yadıma düşürsən
Mənim
doğma şəhərim!
O, həyatın, insan ömrünün təzadlarını
düşünən şair
idi. Mübaliğəsiz demək olar
ki, çətin məqamlarda, ən çıxılmaz vəziyyətdə
belə onun harayına çatan öz poeziyası olub. Şair heç vaxt
öz içinə çəkilib susmayıb.
Ən çox sevdiyim şeiri isə "Səhv düşəndə yerimiz"dir:
Küt bıçaq parıldayıb,
Xırçıltı salıb.
Qılınc qında pas atıb.
Qında korşalıb.
Heyf... korşalırıq biz
Səhv düşəndə yerimiz.
Şeirlərinə qoşulub lap uzaqlara gedərəm. Amma tədqiqatçı deyiləm. Onun haqqında yazılan
bütün kitabları
sevə-sevə oxumuşam.
İstəyirəm onunla bağlı
canlı xatirələrimi
danışım. Mən Qabil
poeizyasına söykənəndə
nədənsə kövrəlirəm.
Uşaqlıq çağlarıma qayıdıram. Heç ağlıma
gəlməzdi ki, illər keçər sevdiyim şairlə aramızda ata-bala münasibəti yaranar.
O, gəncliyin əlindən
tutan idi. Dəfələrlə rəhbərlik etdiyi
"Sabir poeziya günləri"nə məni
də dəvət edərdi. Bakıdan Şamaxıya, Şamaxıdan
Bakıya qədər
etdiyi məzəli söhbətlərinin şahidi
olmuşam. O, hamıya
qayğı və səmimiyyətlə yanaşardı.
İnsanlara olan səmimiyyəti,
təbəssümü özündən
qabaqda irəliləyirdi.
Yaxşı yadımdadır,
AYB-də keçirilən
"Payızın yanında
gözlərsən məni"
kitabımın təqdimatına
dəvət etdim,
"mütləq gələcəyəm"
- dedi. Gəldi və səmimi
çıxışı ilə
məni ürəkləndirdi.
Ana mövzulu şeirlərimə və
qızıma yazdığım
"Məndən sevgi
şeiri istəyir qızım" şeirinə
öz münasibətini
bildirdi. Ölümündən bir neçə gün əvvəl görüşdük.
- Fərqanə, de görüm,
səndən sevgi şeiri istəyən qızın necədir?
- Yaxşıdır, Qabil müəllim, hələ
Sevgi adında bir qızı da var dedim.
Qabil müəllim, mənim oğlum sizinlə bir gündə, 12 avqustda anadan olub - dedim,
o isə zarafatla
"o, yaşca məndən
böyük olar"
- dedi .
Qabil müəllimdən
çox danışaram. Oğlumun onunla
eyni gündə anadan olması bəlkə də şairə olan sonsuz sevgimdən irəli gəlib. Kaş bütün oğullar Qabil kimi əsl vətəndaş,
səmimi, təvazökar,
xeyirxah insan olsun! "Gedən
yerim olaydı" - deyən şairin getdiyi yerə gec-tez hamı gedəcək. Əsas
odur ki, alnıaçıq, üzüağ
gedəsən, el qəlbində
yaşamağı bacarıb
gedəsən - şair
Qabil kimi!
Xatirələrimin sonunda onun ölüm günündə
yazdığım bir
neçə bəndi
də xatırlamaq istəyirəm:
Özünə arxa oldun,
Hər gün qabağa getdin.
Ömrü qələmə verdin,
Sözə sadağa getdin.
Günlü-aylı dünyadan,
Yaslı-toylu dünyadan,
Bu səs-küylü dünyadan,
Sakit otağa
getdin.
Üzdün doğmanı, yadı.
Qaldı əbədi adın.
Getməyə yermi tapdın,
Yaman uzağa getdin...
Ruhu şad olsun.
Fərqanə MEHDİYEVA,
"Ulduz" jurnalının poeziya
şöbəsinin redaktoru
Xalq qəzeti.- 2011.- 21 avqust.- S. 5.