Oxuyur Zakir Əliyev
Səsin göz
qamaşdırmasını görmüsünüzmü?
Amma mən görmüşəm! Bilirsiniz, nə zaman?
İllər öncə Sumqayıtda bir el şənliyində ilk
dəfə müğənni Zakir Əliyevi
dinləyəndə! O, oxuduqca mənə
elə gəlirdi ki, şaqraq,
"dəcəl" səsini görürəm. İlahi, səs necə də canlı bir obraza, nurlu
bir varlığa dönmüşdü!
Göz çəkmək, qulaqardına vurmaq olmurdu.
Zakirin səsi ruhun həyəcanlarını göstərir. Daşların altından çıxan çeşmə, gülün eşqində özünü həlak eləyən bülbül kimidir bu səs. Bir hind müdriki deyib ki, musiqi, əslində, şər qüvvələri qova bilməli, insanlarda ibadət ovqatı yaratmalıdır. Eynən elədir Zakirin səsi.
...Məclis əhli, sanki, şadlıq sarayında deyil, dövlət filarmoniyasında konsertdə idi. Yemək-içmək yaddan çıxmışdı. Sürəkli alqışlar şümşad boylu, qaraşın, parlaq baxışlı Zakiri bir qədər utandırsa da, səsinin iddialı olduğu ortada idi.
Onu dinlədikcə Mir Möhsün Nəvvabın
sözlərini xatırlayırdım: "Mülayim
təbiətlilərin ruhunda əsl
mahnı çaxmaq daşında gizlənmiş
bir oda bənzəyir.
Od yalnız onda aşkara çıxır ki,
çaxmaq daşa
çaxılır". Zakiri
alışdıran çaxmaq daşı
o gecənin selləmə seyrçi
marağı, heyrəti idi.
"Gecəni dan eyləmə,
Zülfünü yan eyləmə..."
Sonralar Zakir Əliyevlə yaxından maraqlandım. 1968-ci ildə Neftçala rayonunun Xolqarabucaq kəndində dünyaya gəlib. Yol olsa, bu Muğan kəndindən əhatə olunduğu Cəlilabad, Masallı, Lənkəran ərazilərinə məsafə çox yaxındır. Zakirin zəngulələri öncə dalğa-dalğa bu ətrafa yol tapıb, sonra bütün Azərbaycana yayılıb. On beş yaşında III Respublika baxış-müsabiqəsində qalib gəlib. Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul edilib. Xalq artisti Arif Babayevin xanəndəlik sinfində oxuyub. 1985-ci ildə Moskvada keçirilən tələbə və gənclərin XII Ümumdünya Festivalının laureatı olub. Elə həmin il Bakıda Üzeyir Hacıbəylinin 100 illiyinə həsr edilmiş dövlət tədbirində Arif Babayevin rəhbərliyi ilə "Leyli və Məcnun" operasından ilk pərdədə Məcnun rolunu məharətlə ifa eləyib. Sonra həmin obrazı Moskvada - "Bolşoy Teatr"da da canlandırıb.
Sonrakı il orta məktəbi uğurla bitirən Zakir Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Orduda xidmət eləyib. Təhsilini başa vurduqdan sonra pedaqoji fəaliyyətə başlayıb. 2005-ci ildən Bülbül adına məktəbdə, 2009-cu ildən Mədəniyyət və İncəsənət Universitetində işləyir. Gecə-gündüz çalışması, dövlət tədbirlərində, radio və televiziyada, el şənliklərində yaddaqalan çıxışları ilə populyarlıq, sevgi qazanıb. Azərbaycan radiosu və televiziyasının fondunda "Zabul segah", "Mahur hindi" dəsgahları, xalq mahnıları, təsnif və bəstəkar mahnılarından ibarət lent yazıları var.
Zakir Əliyev muğam ifaçılığı sahəsində inamla addımlaya bilir. Bəmdə və orta registrdə sərbəst oxuyur, zilə çıxanda o qədər də çətinlik çəkmir. Səs imkanlarını cəlbedici xırdalıqlar, zəngulələr, qaynatmalar vasitəsilə bacarıqla nümayiş etdirir. Tanrının verdiyi səs payına qane olub ona şirinlik, məlahət, incəlik qatır. "Mahur hindi"də araçı, əlaqələndirici şöbə olan "Şikəsteyi fars"ı, digər keçidləri, qabarma və çəkilmələri çox təbii şəkildə təqdim edir. İfalarında Şəkili Ələsgəri, İslamı, Məmmədbağırı yada salır, onların nəfəslərini yaşadır,- desəm, yəqin ki, mübaliğə etmiş olmaram.
"Bir ağac
var, sevgiyə bənzəyir, kimisə
gözləyir, gözləyir..." - Zakirin
həsrət ruhlu, təbii kövrəklik
aşılayan, sakit harayla
dolu nəğmələrindəndir. Dinləyici
çoxluğuna sevdirə bildiyi "Biri vardı, biri yox..."
mahnısı da həmin ruhdadır:
Uzaqdaydı
mən istəyən ocaqlar,
Ürəyimdən
gəlib keçdi sazaqlar.
Atalıydı,
analıydı uşaqlar,
Bizim
evdə biri vardı, biri yox...
Bir
türk mahnısı da oxuyur - o da eləcə təsirli, həyəcanlıdılr.
Bəxtiyar
Vahabzadənin fikridir: "Söz var adi bir səs, quru nəfəs,
səs də var ki, sözün deyə bilmədiyi
sözü deyir". Bu mənada Zakir Əliyev həm dəyərli
söz deyən, həm də nəfis tərzdə oxuyan sənətkardır.
Mənalı, məntiqli mətnlərə üstünlük
verir ki, ifaları hərtərəfli təsirli olsun. Məgər
sözün sərrafı olmaq hər oxuyanınmı
işidir?!
Filosof
dostumuz Adil Əsədovun beş-altı il öncə mənə
bağışladığı "Gözəlliyin fəlsəfəsi"
kitabında musiqi gözəlliyin gerçəkləşdirilmədən
yaşanan mahiyyəti, başqa sözlə, idealın
gerçəklik illüziyası kimi izah olunur. Müəllif
maraqlı bir tərzdə bildirir ki, bütün musiqiçilər
xəyalpərvərdir. Çünki musiqilər səadətin
təsəvvürdə və xəyalda yaşanması ilə
bağlıdır. Elə bil, filosof bu fikirləri Zakirin
yanıqlı ifalarını dinlədikdən sonra qələmə
alıb. Onun kitabında Angirandan misal gətirilən bir fikir də
düşündürücüdür: "Müğənnilər
və bəstəkarlar Allaha xoş gələn himnlər
yaratmalı və bununla da Allahın insanlara qarşı
mülayim rəftar etməsinə nail olmalıdırlar".
Mənə elə gəlir ki, Zakir Əliyev oxuyan zaman buna nail
ola bilir.
O, püxtələşməyi normaya çevirən, öyrənməkdən usanmayan, bildiklərini tələbələrinə sevə-sevə öyrədən sənətkardır. Özü də səhnəyə hər çıxışına bir ilk kimi yanaşır. Alqışları utana-utana qarşılayır. Yetərincə təvazökar, sadə, dostcanlı bir insandır. Xatırlayıram ki, ötən il Masallının Ərkivan qəsəbəsində, dostumuz Ayıq Səmədovun oğlunun toyunda yüzlərlə qonağın arasında məni görcək oxuya-oxuya necə incə ədəb-ərkanla salam verdi, sonra isə ilk fürsətdəcə yaxınlaşıb istiqanlılıq göstərdi. Davranışı ilə də, ifaları ilə də hər kəsi sehrləyə bilənlərdəndir Zakir.
Mən onun disklərinə qulaq asmaqdan yorulmuram. Necə ki, Xəzərin dalğalarının coşmasından, Abşeronun küləklərinin cövlanından, quşların cəhcəhindən usanmıram. Hərdən də elə bilirəm ki, səsi yerdən deyil, uzaq bir qalaktikadan, kəhkəşandan gəlir. Amma o, bizim aramızdadır. Yapışıqlı, yanıqlı, "yaraşıqlı" səsi ilə bizim üçün oxuyur.
...Nəvəm Yağmur beşikdə ağlayır, anası onu kiridə bilmirdi. Mən qonşu otaqda Zakirin diskini oxutmağa başlayanda balaca inadkar o dəqiqə susdu. Hələ dünyanın şirinliyini dərk eləməsə də, nəğmə "şirə"sini dada-dada qəribə bir sevinc içərisində qərq olmağa başladı. Dahilərdən birinin sözləri yadıma düşdü: "Ot gövşəyən antilop balaları ovçunun ney səsini eşidərək sakitcə ölümə doğru gedirlər..."
Zakirin ifaları da bizləri beləcə həyata - sevincə, fərəhə səsləyir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.-21 avqust.- S. 5.