Azərbaycan Prezidentinin regionlara səfərləri ölkənin sosial-iqtisadi inkişafını daha da sürətləndirir

 

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar ölkəmizin sosial-iqtisadi mənzərəsini əsaslı şəkildə dəyişib. Ötən illərdə dünyada baş vermiş qlobal maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan öz dinamik inkişaf yolunu davam etdirmiş, böhrandan alnıaçıq, üzüağ çıxmışdır. Üstəlik, iqtisadiyyatın inkişaf tempinə görə təkcə Cənubi Qafqazda deyil, dünyada lider dövlətlərdən biri olmuşdur. Dünya İqtisadi Forumunun hesabatlarına əsasən, Azərbaycan bugün rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci yerdədir. Ölkəmiz sosial məsələlərin həlli, xüsusilə, pensiya islahatlarına görə də MDB məkanında birincilər sırasındadır.

 

Son illər ölkəmizdə sosial-iqtisadi tərəqqini təmin edən əsas amillərdən biri də regionların davamlı inkişafına nail olunmasıdır. Azərbaycan Prezidentinin təsdiqlədiyi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsində, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafının sürətləndirilməsində və yeni iş yerlərinin yaradılması istiqamətində müstəsna rol oynadı. Bu sahədə həyata keçirilən sistemli tədbirlər, qarşıya qoyulmuş vəzifələrin uğurlu icrası Azərbaycanın beynəlxalq aləmdəki əlaqələrini getdikcə möhkəmləndirdi, nüfuzunu daha da artırdı. Dövlət Proqramında başlıca hədəflər regionların iqtisadi potensialını hərəkətə gətirmək, eləcə də əhalinin həyat səviyyəsini yüksəltməkdən ibarət idi. Bununla da Azərbaycanda regionların inkişafı yeni mərhələyə qədəm qoydu.

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin bütün şəhər və rayonlarına səfər edərək, görülən işlərlə yerindəcə tanış olur, əlavə tapşırıqlar verir. Dövlət başçısının regionlara səfərləri icra hakimiyyəti orqanları işçilərinin məsuliyyətini daha da artırır, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsinə təkan verir. Respublikanın regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye, istehsal sahələrinin, kənd təsərrüfatının inkişafını təmin etmək üçün mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir.

Azərbaycan Prezidentinin 2009-cu ilin aprelində imzaladığı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" məhz regionlarda sosial infrastrukturun inkişafını daha da sürətləndirmiş, ölkənin iqtisadi qüdrətinin artmasına öz töhfəsini vermişdir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.

Azərbaycanın sosial-iqtisadi inkişafının indiki səviyyəsi bir daha təsdiqləyir ki, ölkəmiz ildən-ilə qüdrətlənir, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir. Nəzərdə tutulmuş bütün iqtisadi infrastruktur və sosial məsələlər öz həllini tapmışdır. Hazırda regionlarda elə müəssisələr, istehsal sahələri yaradılmışdır ki, hətta MDB-də belə müəssisələrə çox nadir hallarda rast gəlmək mümkündür. Beynəlxalq standartlara cavab verən belə müəssisələr fəaliyyətə başladıqca həm regionlarda işsizlik problemi aradan qalxır, həm də ümumi daxili məhsul istehsalının həcmi artır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası, həmçinin nəzərdə tutulmuş iri infrastruktur layihələrin reallaşdırılması nəticəsində Azərbaycanın büdcə xərcləri 20 milyard dollara çatmışdır. Bu da nəzərdə tutulmuş digər zəruri infrastruktur və sosial məsələlərin həlli üçün əlavə maddi imkanların yaranmasında çox böyük rol oynayır. Dövlətimizin başçısı ölkənin iqtisadi qüdrətinin getdikcə artmasını yüksək qiymətləndirərək demişdir: "Ölkəmizin strateji valyuta ehtiyatları artır. İlin əvvəlindən ehtiyatlarımız 9 milyard dollar artmışdır. Bu da çox gözəl göstəricidir. Biz həm əldə edilmiş gəlirləri ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan sahələrdə məqsədyönlü şəkildə xərcləyirik, eyni zamanda, ehtiyatları daha da artırırıq. Bütövlükdə, hazırda ölkəmizin strateji valyuta ehtiyatları 98 milyard dollar səviyyəsindədir. Bu, çox böyük rəqəmdir və əminəm ki, bu rəqəm ilin sonuna qədər artacaqdır. Bu, bizə imkan verir ki, ölkə iqtisadiyyatının inkişafını təmin edək, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resursları cəlb edək. Bir sözlə, ölkə iqtisadiyyatının hərtərəfli inkişafına nail olaq".

Regionlarda, o cümlədən regional inkişaf proqramının icrası nəticəsində təkcə bu ilin altı ayı ərzində 38 min yeni iş yeri açılmışdır. Bu proses böyük uğurla davam edir. Son illər ərzində isə bir milyona qədər yeni iş yerləri açılmışdır. Bütün bunlar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin müvəffəqiyyətlə icrasının nəticəsidir.

Dövlətimizin başçısı mütəmadi olaraq regionlara səfərlərə çıxır, yeni müəssisələrin açılış mərasimlərində şəxsən iştirak edir, digər zəruri obyektlərin inşası üçün öz tövsiyələrini verir və bu məqsədlə dövlət büdcəsindən lazım olan qədər vəsaitin ayrılması ilə əlaqədar sərəncam imzalayır. Son üç ayda respublikamızın bir çox rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamlar imzalayan möhtərəm Prezidentimiz əsas diqqəti avtomobil yollarının, körpülərin və müasir tələblərə uyğun xəstəxanaların tikintisinə yönəltmişdir. Bununla əlaqədar bir neçə faktı diqqətə çatdırmaq istərdik. Təkcə bu ilin iyul ayında belə məsələlərin həlli ilə əlaqədar dövlət büdcəsindən 36 milyon manat vəsait ayrılmışdır. Məsələn, Azərbaycan Prezidentinin sərəncamı ilə Ağdam rayonunda 46 min nəfər əhalinin yaşadığı 21 kəndi və 6 məcburi köçkün qəsəbəsini birləşdirən avtomobil yolunun tikintisi üçün 6 milyon manat, Füzuli rayonunda zəruri avtomobil yolunun tikintisinə 7 milyon manat, Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 4 milyon manat vəsait ayrılmışdır.

Göründüyü kimi, dövlətimizin başçısı düşmənlə üzbəüz olan rayonların sosial-iqtisadi inkişafını, avtomobil yollarının təmirini, idman-sağlamlıq komplekslərinin yaradılmasını, yeni səhiyyə müəssisələrinin inşasını diqqət mərkəzində saxlayıb. İyul ayında dövlət başçısının imzaladığı digər sərəncamlarla isə Bərdə, Sabirabad, Yevlax, Göyçay, Masallı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlərin həyata keçirilməsi ilə əlaqədar 2011-ci ilin dövlət büdcəsindən ümumilikdə 19 milyon manat vəsait ayrılmışdır. Regionlarda yaşayan əhalinin rahatlığının təmin olunması, sağlamlığının yüksək səviyyədə qorunması dövlət başçısının diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir.

Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərində körpünün tikintisinə başlamaq məqsədi ilə möhtərəm Prezidentimiz bu ilin may ayında imzaladığı sərəncamla ilkin olaraq 2 milyon manat vəsait ayırmışdır. Həmin vəsait Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmışdır. Bu körpü 16 min nəfərdən artıq əhalisi olan Cavad, Yolçubəyli, Narlıq, Türkədi, Həsənli, Əlicanlı, və Zəngənə kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişlərini xeyli asanlaşdıracaq, mərkəzlə kəndlər arasındakı məsafələri dəfələrlə qısaldacaq.

Ölkə rəhbəri Yevlax şəhərində 180 çarpayılıq Şəhər Mərkəzi Xəstəxanasının tikintisinə 2 milyon manat vəsait ayırmaqla insanların sağlamlığının qorunmasının diqqət mərkəzində saxlanıldığını bir daha təsdiqlədi. Regionların inkişafına, həmin ərazilərdə yeni iş yerlərinin yaradılmasına, avtomobil yollarının yenidən qurulmasına bu qədər vəsaitin ayrılması Azərbaycanın güclü, qüdrətli iqtisadi imkanlara malik olmasından xəbər verir.

Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Bakı şəhəri və ətraf qəsəbələrin sürətli inkişafına yeni təkan vermiş, bu istiqamətdə konkret addımlar atılmışdır. Bakıətrafı qəsəbə və kəndlərdə yollara 400 min kvadratmetr asfalt örtüyü salınmışdır və bu ilin sonuna qədər daha 480 min kvadratmetr asfalt örtüyünün salınması nəzərdə tutulur. Dövlət Proqramında Bakı və ətraf qəsəbələrdə təhsil müəssisələrinin əsaslı təmiri və yenidən qurulması da əsas vəzifələrdən biri kimi öz əksini tapıb. Hazırda Bakı şəhəri üzrə 37 ümumtəhsil məktəbində əsaslı təmir işlərinə başlanılmışdır. 17 orta ümumtəhsil məktəbində isə yeni korpusların inşasına başlanılmışdır. Eyni zamanda, Bakı şəhərinin 57 uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilir. Həmin uşaq bağçaları ən müasir tələblər səviyyəsində istifadəyə veriləcək.

Azərbaycan Prezidenti Bakı şəhərində və ətraf qəsəbələrdə görülən işlərlə, aparılan yenidənqurma ilə tanış olmaq üçün mütəmadi olaraq həmin ərazilərə gedir, yerli əhali ilə görüşür, onları diqqətlə dinləyir, arzu və təkliflərini eşidir, sakinlərin zəruri hesab etdikləri problemlərin aradan qaldırılması üçün müvafiq təşkilatlara tapşırıqlar verir. Dövlət başçımızın görülmüş işlərə bilavasitə nəzarəti, yerli sakinlərlə görüşlər keçirməsi və verdiyi tapşırıqlar bölgədə davamlı inkişaf strategiyasının perspektivlərini müəyyənləşdirir və keyfiyyətcə yüksək mərhələyə qaldırır.

Bakı şəhəri və onun ətraf qəsəbələrinin etibarlı və dayanıqlı su təchizatı ilə təmin olunması zəruri məsələlərdən biridir. Bununla əlaqədar Dövlət Proqramında konkret vəzifələr müəyyənləşdirilmişdir. Yeni sutəmizləyici qurğunun inşası, paylayıcı magistral kəmərlərin tikilməsi və nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi bu problemin də yaxın vaxtlarda aradan qaldırılmasına öz təsirini göstərəcək.

Ölkə başçısının regionlara səfərləri ölkənin sosial-iqtisadi inkişafını daha da sürətləndirir. Hər şeydən əvvəl bu səfərlər zamanı möhtərəm Prezidentimiz regionların nümayəndələri ilə görüşür, zəruri sahələrin inkişafı ilə əqaqədar müvafiq təşkilatlara göstərişlər verir, dövlət büdcəsindən əlavə vəsait ayrılması üçün sərəncam imzalayır.

Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir. Bu, iqtisadi strategiyanın düzgün müəyyənləşdirilməsi ilə yanaşı, həm də Prezidentlə xalqın sıx vəhdətinin, xalqın öz Prezidentinə olan inamının, etibarının nəticəsidir. Bugün ümummilli lider Heydər Əliyevin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalq bu siyasi kursa inanır və böyük ümidlər bəsləyir. Bu siyasi xətt Azərbaycanı daha yüksək zirvələrə qaldıracaq və ölkəmiz dünyanın ən inkişaf etmiş qüdrətli dövlətləri sırasına daxil olacaq.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 21 avqust.- S. 1.