Müasir dərsə dair
metodiki təcrübə
Orta məktəblərdə
əsrlərlə aparılan ənənəvi dərs
metodikası sxematik çərçivəyə
salınmış standartlarla ölçülür. Eyni
yemək, eyni paltar
darıxdırıcı olduğu kimi, eyni nəsihətləri
dinləmək, eyni sözləri söyləmək
də hər iki tərəfi yorur. Sovetlər dövründən qalma orta məktəb dərs
metodikası artıq müasir zamanla ayaqlaşa bilmir.
25
illik pedaqoji təcrübəmə əsaslanaraq bu qərara gəldim
ki, nəticəsinə əmin olduğum təcrübəmin
yazılı şərhini verim. Dilçi müəllimə
dərsi tədris etmək üçün sərbəstlik
verilməlidir. Proqramdakı müəyyən mövzu ilə
bağlı hansı dərslikdən isitifadə etməsi, evdə,
yaxud sinifdə yaradıcı və ya praktik
tapşırıqlarla dərsin mənimsənilməsi
sırf müəllimin seçiminə həvalə edilməlidir.
Məsələn, 5-ci sinifdən morfologiyanın tədrisi
dağınıq, səpkili formada aparılmaqdansa,
ardıcıl, bir-birini tamamlayıcı bölmə,
davamlı, konkret və az zaman müddətinə öyrədilməlidir.
Qeyd
edirəm ki, mən 5-6-cı siniflərdə bütün
morfologiyanın mükəmməl mənimsədilməsi,
düzgün morfoloji analizlərin aparılması
texnologiyasını öz təcrübəmdən
keçirdim. Nəticəsi əla oldu. 10-cu siniflər
6-cı siniflərin hələ fevralın əvvəlində
belə bütün morfologiyanı mənimsədiklərini
görüb heyrətləndilər. Bunun üçün
özüm sərbəst dərs sistemi tərtib etdim.
Ardıcıl olaraq bütün nitq hissələrini yazı
lövhəsində yazdım və yazdırdım,
xırdalıqlar və müstəsnalaradək izah edərək
başa saldım.
Terminlərin, qaydaların elə lövhədəncə dəftərə 2 rəngli qələmlə düzgün yazılışı həm hüsnxətt, həm də orfoqrafik vərdişlərin inkişafına gətirib çıxarır. Məsələn, 2 ayda nəzərdə tutulmuş müəyyən nitq hissəsinin tədrisini mən 2-3 dərsə mənimsədirəm. Lövhədəcə qaydaları başa düşdükdən sonra, onlara nəzərdə tutduğum suallarla müraciət edir, misallar çəkir, evə yaradıcı tapşırıqlar verirəm. Sonra davamlı olaraq digər nitq hissəsinə keçir; onların qarşılıqlı əlaqəsini nəzərdə tutaraq mövzuları dağınıq, ancaq kitabda nəzərdə tutulan qaydalar əsasında keçməkdənsə, çox az müddətdə mükəmməl izahını verir; şagirdləri dinləməyə cəlb edir; sualları, testləri tərtib etdirirəm.
Seminar məşğələlərdə dərsin mənimsənilməsinə nə dərəcədə nail olunmasını müşahidə edirəm. Mən isə onlara gələcəyin böyük bir şəxsiyyəti kimi yanaşır, bir aylıq mövzuya nə vaxt tam qaneedici cavab verəcəyi tarixi soruşur, vəd olunan gün sorğunu aparıram. Digər uşaqların da müəllim kimi sorğu aparmağına imkan verirəm. Bu onlarda liderlik xüsusiyyətini inkişaf etdirir, özünə inamı artırır.
Dil dərsi ilə ədəbiyyatı sintez edirəm. Keçiriləcək hansısa bir şeiri, yaxud mətni oxuyur; neçə sözdən ibarət olduğu nitq hissələrini tapmaq, sözlərin leksik mənasına, qrammatik xüsusiyyətlərinə dair praktik çalışmlar verir; bununla onların bədii təxəyyülünə təsir edirəm. Beləliklə, dərsləri mühazirələrə və seminarlara bölürəm.
Standart vaxt bölgüsü ədəbiyyat mövzularının mənimsənilməsində maneçilik yaradır. Əsəri müzakirə edərkən, uşaqları düşündürən sulaların cavabı çox vaxt uzanır, sualdan sual doğur, hadisələrin açılışı, bəsit düşüncələrin zamanla əlaqəsi dünyagörüşünü formalaşdıran diskussiyalar, şəxsi münasibətlər vaxt çərçivəsinə sığışa bilmir. Axı ədəbiyyat bir dəryadır. Sözlər fikir dünyasını ifadə etməkdə acizdir.
Bizim birinci amalımız şagirdlərdə yüksək nitq mədəniyyətini inkişaf etdirmək, dilimizi insanlığı gözdən salan aşağı səviyyəli bayağı arqo sözlərdən təmizləməkdir. Kübar həyatı əks etdirən əsərləri təhlil edərkən personajların qəzəbi necə cilovlamaqlarından, səmimiyyət, bu hisslərin ifadə tərzi, deyiləcək sözlərin yeri, xoş rəftar mehriban baxış, könülləri sevindirən komplimentlərdən nümunələr gətirməklə onların nitqini cilalayır, formalaşdırır, nitq mədiniyyətinin bütün vərdişlərini onlara aşılayıram. Proqram üzrə bir yazıçının, yaxud şairin bir neçə konkret əsərləri keçirilməlidir. Halbuki, həmin ədibin ondan da güclü və təsirli əsərləri mövcuddur. Mən siyahı tərtib edir, digər əsərlər haqqında qısaca məlumat verməklə maraq yaradır, onlara çəkilmiş filmlərə baxdırır, kitabxanalara cəlb etdirirəm. Qeyri əsərlərin oxunulmasını konkret şəxslərə həvalə edirəm, digərlərini dinlədir və birgə müzakirə edirik. Məsələn, Lev Tolstoyun təkcə "Hərb və sülh" əsərini deyil, "Anna Karenina", "Dirilmə", "Hacı Murad" və sairə əsərlərini də öyrənirik.
Ədəbiyyat mənəviyyat elmidir. Yoldaşlıq, dostluq, sevgi, sağ qalmaq, fədakarlıq, sədaqət, mərdlik və sair kimi pozitiv hisslər məhz ədəbiyyat dərslərində aşılanır. Bunun üçün ədəbiyyatçılara geniş imkanlar açılmalıdır. Onlar kabinetlərlə, texnologiyanın müasir imkanlarına cavab verən cihazlarla təmin olunmalıdır. Ədəbiyyat bütün fənlərlə əlaqədar olduğu kimi, incəsənətlə də bilavasitə bağlıdır. Portret, mənzərə, interyerin sözlə ifadəsi əyani vasitələrlə daha parlaq əks olunur. Gözəlliyi - çirkinliyi, yaxşını - pisi əks etdirən incəsənət nümunələri şagirdlərin fəlsəfi dünyagörüşünü inkişaf etdirir.
Hər dövrdə olduğu kimi, novator fikir mürtəce qüvvələr tərəfindən qeyzlə qarşılanır, buna absurd nəzəriyyə damğası vururlar. Orijinal, açıq səslənən bu növ yeniliklər konservatorları qorxudur və indiki zaman çərçivəsində söz sahibləri olduğu üçün hər vasitə ilə onların reallaşamasına mane olurlar. Bu cür qılaflı Belikovlar sağlam, cürətli düşüncələri beşiyində boğmağa qadirdilər. Çünki onlar öz stolu uğrunda əsir, lazım gələrsə bütün bəşəriyyətə şübhə ilə baxarlar. Mütərəqqi nəticələr və istedadlı şəxslər onlarda qısqanclıq, həsəd hissi doğurur. "Sürünmək üçün yarananlar uça bilməzlər" - Qorkinin bu kəlamı bəzi formalist bürokratlara aiddir. Bulqakovun fikrincə, insanlarda ən böyük qüsur qorxaqlıqdır.
Mən ədəbiyyat dərslərində uşaqların düşüncələrinin sərbəst ifadəsinə xüsusi diqqət yetirirəm. Bu onları şəxsiyyət kimi formalaşdıran birinci amildir. Şagirdlər özü belə istedadlı uşaqlara həsədlə yox, diqqətlə yanaşmalıdır. Məktəbdə qeyri-adi istedadı olan uşaqlar (dərs qavraması ilə fərqlənən) bu adilik içində özləri də adiləşir. Çünki, dərs proqramları hamı üçün eyni tərtib edilir. Qabiliyyətli uşaqlar məllimini qavrayır, onlar üçün ayrıca inkişaf etdirici bir proqram olmadığından, vaxtını boş-boş ötürür, özünü inkişaf etdirmək istəmir, çünki hər şeyi asan yolla əldə edir. İstedad elə bir vergidir ki, onu inkişaf etdirməyəndə yavaş-yavaş kütləşir. Bu cür uşaqlar çalışqanlardan nəticə etibarı ilə geri qalırlar.
IX əsr çar Rusiyası məktəblərində dörd rüb fənndən açıq (bütün məktəb müəllimlərinin iştirakı ilə) imtahanlar keçirilərdi. Suallar əvvəlcədən verilər, şagirdlər birgə hazırlaşar (bu da onlarda dostluq, yoldaşlıq hissini möhkəmləndirir), konkret suallarla müəllimlərə müraciət edər, imtahanda ünvanlanan suallara birbaşa cavab verərdilər. I rübdən keçməyən IV rüb ərzində hazırlaşar, nəticə etibarı ilə bütün illik proqramı mənimsəyərdilər. Hamılıqla qoyulan qiymət ədalətli olaraq şagirdlərin özünü belə məmnun edərdi.
Novatorluq heç də o demək deyil ki, bütün keçmişin üstündən xətt çəkəsən. Hər zamanın ən perspektivli, mütərəqqi metodlarından yararlanaraq onun müasir variantını tapmaq və istifadə etmək cəmiyyətin sürətli inkişafına təkan verər. Ən azı, məktəb kollegiyasının qərarı ilə istedadlı şagirdləri açıq imtahan edərək sinifdən-sinfə keçirmək lazımdır.
Yazı işlərinə gəldikdə yenə də bir uyğunsuzluq var ki, bu da nəzərə çarpmaya bilməz. Belə ki, bəzi şagirdlər yazıdan instinktiv olaraq çox güclüdür, praktik dərslərdə ən adi orfoqrafik qaydaların izahını verə bilmir, amma mexaniki olaraq düzgün yazır. Yaxud tərsinə, şagird var ki, şifahi nitqində kompleks olduğundan fikirlərini yazılı surətdə çox aydın, geniş ifadə edə bilir. Bəzən də şifahi dərslərdə çox fərqlənən uşaqlar yazı işlərində geri qalırlar. Yaxşı olardı ki, yazı iş işləri və şifahi nitqdə ayrı-ayrı qiymətləndirmə sistemi tərtib olunsun.
Dilçilik sahəsində test imtahanları qəbulediləndir. Amma gəlin razılaşaq ki, ədəbiyyatla test bir yerə sığmır. Şeirin əzbər və ifadəli oxunuşu bir növ qabiliyyət imtahanı kimi aparılmalıdır. Ədəbiyyatı bilməyən kəs kamil şəxs sayılmaz. Tərtib olunan testlərdə əsərin yazılma tarixi, analizi, süjeti, mövzusu, ideyası, obrazları kimi düşündürücü suallar əvəzinə, çox dayaz, dəxli olmayan mövzudan testlər tərtib olunur.
Beləliklə də, məktəbin təhsil sistemində yeni islahatlar keçirilməsinə ehtiyac duyulur.
Humay HƏSƏNOVA,
201 N-li orta məktəbin rus dili və
ədəbiyyatı müəllimi
Xalq qəzeti.- 2011.- 21 avqust.- S. 4.