Neft və qaz
hasilatının artması iqtisadiyyatın şaxələndirilməsini
sürətləndirir
Cari ilin yeddi ayında Azərbaycanda
27,7 milyon ton neft və 15,1 milyard kubmetr qaz
hasil edilmişdir
Ölkə iqtisadiyyatında müsbət inkişaf
meyilləri, əvvəlki dövrlərdə olduğu kimi,
cari ilin ötən aylarında da davam etmişdir. Bu da ondan irəli
gəlir ki, ölkəmizdə çox düzgün və
düşünülmüş iqtisadi strategiya həyata
keçirilir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən bir neçə il öncə iqtisadiyyatın şaxələndirilməsinin,
qeyri-neft sektorunun inkişaf etdirilməsinin prioritet vəzifə
kimi qarşıya qoyulması artıq öz müsbət nəticələrini
verməkdədir. Təkcə onu demək kifayətdir ki,
2011-ci ilin ötən dövrü ərzində qeyri-neft
sektorunda 7,2 faiz artım qeydə
alınmışdır ki, bu da keçid iqtisadiyyatı
dövrünü yenicə başa çatdırmış Azərbaycan
üçün yüksək göstərici hesab edilə bilər.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə
işlənib hazırlanmış neft strategiyasınin
uğurları nəticəsində Azərbaycan artıq
inkişafın yeni mərhələsinə qədəm
qoymuşdur. Bununla belə, neft sektoru ölkə
iqtisadiyyatının aparıcı sahəsi olmaqla
yanaşı, digər sahələrin də inkişaf etdirilməsi
üçün etibarlı təminat yaradır. Prezident
İlham Əliyev bu məsələyə toxunaraq demişdir:
"...Bizim məqsədimiz neft amilindən uğurla istifadə
edib Azərbaycanın bütün sahələrini də
inkişaf etdirməkdən ibarət olmuşdur və biz bu məqsədə
çatmışıq. Biz növbəti illərdə
bu meyilləri gücləndirməliyik. Elə
etməliyik ki, uzun illər, onilliklər bundan sonra Azərbaycan
iqtisadiyyatı neft amilindən öz
asılılığını maksimum dərəcədə
azaltsın".
Britaniyanın "Guardian" qəzeti də bu
yaxınlarda nəşr olunmuş nömrələrinin birində
qeyd edir ki, neftdən gələn gəlirlər Azərbaycanı
postsovet məkanında ən güclü dövlətlərdən
birinə çevirmişdir.
2011-ci
ilin ötən 7 ayında ölkəmizin sosial-iqtisadi
inkişafını xarakterizə edən ümumi daxili məhsul
istehsalında 1,1 faizlik, yaxud müqayisəli
qiymətlərlə 269,9 milyon manatlıq artım qeydə
alınmışdır. Bundan əlavə, hesabat
dövründə ölkə iqtisadiyyatının əsasını
təşkil edən sənaye istehsalında 2,3
faizlik artım baş vermişdir ki, bu da yüksək göstərici
hesab oluna bilər.
Sənaye istehsalında, bütövlükdə isə
ölkə iqtisadiyyatında qeydə alınan artım, əsasən,
neft-qaz sektorunun hesabına baş vermişdir. Belə ki, yanvar-iyul
ayları ərzində Azərbaycanda 27 milyon 691,1 min ton neft və
15 milyard 145,7 milyon kubmetr əmtəəlik qaz hasil
olunmuşdur. Hesabat dövründə hasil olunmuş neftin təqribən
5,1 milyon tonu, qazın isə 4,2 milyard
kubmetri dövlət sektorunun - ARDNŞ-in payına
düşmüşdür. Göründüyü
kimi, ölkəmizin neft-qaz sektorunda inkişaf meyilləri davam
etməkdədir. Təkcə onu demək
kifayətdir ki, ulu öndər Heydər Əliyevin müəllifi
olduğu yeni neft strategiyasının uğurla
reallaşdırılması nəticəsində Azərbaycanda
neft və qaz hasilatı artıq rekord səviyyəyə
çatdırılmışdır. Bundan
əlavə, alternativ neft-qaz nəql marşrutlarının
uğurlu fəaliyyəti ölkəmizin ixrac
imkanlarını da getdikcə artırır.
Son illər Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti tərəfindən neft hasilatında əldə
olunmuş sabitliyin qorunub saxlanması, eləcə də qaz
istehsalının artırılması istiqamətində də
mühüm tədbirlər həyata keçirilir. Neft sənayesinin maddi-texniki
bazasının gücləndirilməsi, təchizatla
bağlı əvvəlki illərdə müşahidə
olunan çətinliklərin tam aradan qaldırılması və
s. tədbirlərin müsbət nəticələri getdikcə
daha çox hiss olunur. Artıq neft və qaz
hasilatına dair proqnoz tapşırıqları, bir qayda
olaraq, vaxtından əvvəl və artıqlaması ilə
yerinə yetirilir. Dövlət Neft Şirkətinin
socar.az saytının məlumatına görə, 2011-ci ilin
yanvar-iyul aylarında ARDNŞ üzrə qaz kondensatı da
daxil olmaqla 5 milyon 286,3 min ton neft hasil
olunmuşdur. Bu dövrdə çıxarılmış
ümumi neftin 4 milyon 181 min tonu "Azneft" İstehsalat
Birliyinn tabeliyində olan neft və qazçıxarma idarələrinin
payına düşmüşdür.
Dövlət Neft Şirkətinin ölkəmizdə fəaliyyət
göstərən xarici tərəfdaşları ilə birgə
həyata keçirdiyi layihələr də yüksək
iqtisadi səmərə verir. Cari ilin yeddi ayında qurudakı
yataqların istismarını həyata keçirən
müştərək müəssisələr və əməliyyat
şirkətləri tərəfindən, eləcə də
ARDNŞ-in "Azəri-Çıraq-Günəşli" və
"Şahdəniz" layihələri üzrə payı
çərçivəsində 981,5 min ton neft (qaz
kondensatı ilə birlikdə) hasil olunmuşdur. Bundan əlavə,
ötən dövrdə müştərək müəssisələr
və əməliyyat şirkətlərindən alınan
yerli bazar nefti 83,2 min ton təşkil
etmişdir. Cari ilin yanvar-iyul aylarında Dövlət Neft
Şirkəti üzrə emala 3 milyon 698,3
min ton neft təhvil verilmişdir. Hesabat dövründə
şirkətin Marketinq və İqtisadi Əməliyyatlar
İdarəsi tərəfindən Azərbaycandan xaricə 1
milyon 398,6 min ton neft ixrac olunmuşdur.
Azərbaycanda qaz istehsalının artırılması
istiqamətində həyata keçirilən tədbirlərin
də səmərəsi getdikcə artır. Son illər
Dövlət Neft Şirkəti tərəfindən yeni qaz
proqramının uğurla reallaşdırılması,
yığım-nəql sisteminin təkmilləşdirilməsi,
yeni quyuların qazılıb istismara verilməsi nəticəsində
ölkədə əvvəlki illərdə müşahidə
olunan qaz böhranının qarşısı tamamilə
alınmışdır. Artıq Dövlət
Neft Şirkəti üzrə qaz hasilatı iki dəfəyə
yaxın artmışdır ki, bu da əhalinin və
iqtisadiyyatın "mavi yanacaq"la təminatını xeyli
yaxşılaşdırmışdır. Cari ilin yeddi
ayında Dövlət Neft Şirkəti üzrə qaz
hasilatı 4 milyard 260,5 milyon kubmetr təşkil
etmişdir. Hasil olunmuş ümumi qazın 3 milyard 977,1 milyon kubmetri "Azneft" İB-nin tabeliyində
olan neft və qazçıxarma idarələrinin payına
düşmüşdür. Bundan əlavə, birgə layihələrdə
Dövlət Neft Şirkətinin payı 283,4 milyon kubmetr təşkil
etmişdir ki, bu da əsasən "Şahdəniz" layihəsi
ilə bağlı olmuşdur. "Azəri-Çıraq-Günəşli"
layihəsi çərçivəsində neft hasilatı ilə
yanaşı, səmt qazı istehsalı da ilbəil artır.
Təkcə onu demək kifayətdir ki, 2011-ci ilin yanvar-iyul
ayları ərzində adıçəkilən layihə
üzrə Dövlət Neft Şirkətinə əvəzsiz
olaraq 2 milyard 214,2 milyon kubmetr qaz təhvil
verilmişdir. Bununla yanaşı, hesabat dövründə
"Şahdəniz" layihəsi üzrə Dövlət
Neft Şirkətinə 785,2 milyon kubmetr
"mavi yanacaq" satılmışdır.
Ölkə üzrə qazın təhvili planına da
artıqlaması ilə əməl olunmuşdur. 2011-ci ilin yeddi ayı ərzində
satılan "mavi yanacağın" həcmi 6 milyard 432,5
milyon kubmetr təşkil etmişdir ki, bunun da 4 milyard 637,6
milyon kubmetri daxili bazarın payına
düşmüşdür. Onu da deyək ki, daxili bazarda
satılmış qazın 1 milyard 208,9 milyon kubmetri əhalinin,
691,7 min kubmetri sənayenin, 147,4 min kubmetri kommunal-büdcənin,
172,3 min kubmetri isə "Naxçıvanqaz"İstehsalat
Birliyinin payına düşmüşdür. Qazın 2 milyard
417,3 milyon kubmetri isə ölkənin
istilik elektrik stansiyalarının normal fəaliyyətini təmin
etmək məqsədilə "Azərenerji"
Açıq Səhmdar Cəmiyyətinə
satılmışdır. Cari ilin yanvar-iyul aylarında Dövlət
Neft Şirkəti tərəfindən xaricə
satılmış "mavi yanacağın" həcmi isə
1 milyard 794,9 milyon kubmetr təşkil etmişdir.
Yeri gəlmişkən,
bir neçə il bundan əvvəl Azərbaycan
xaricdən qaz alırdısa, aparılmış məqsədyönlü
və təxirəsalınmaz işlər nəticəsində
artıq ölkəmiz "mavi yanacaq" ixrac edir. Prezident
İlham Əliyev Azərbaycanın beş
il bundan əvvəl istehlak olunan qazın yarısını
xaricdən aldığını xatırladaraq əməli,
praktik işlərə vaxtında başlamağın
uğurlu nəticələr verdiyini bildirmişdir. Ölkə Prezidenti Dövlət Neft Şirkətinin
bu sahədəki fəaliyyətini yüksək qiymətləndirmişdir.
Məhz həyata keçirilən kompleks tədbirlərin
nəticəsidir ki, bu gün ölkədə
qazlaşdırma prosesi sürətlə gedir, bütün
rayon mərkəzlərinə, eləcə də iri kənd və
qəsəbələrə "mavi yanacaq" verilir. Bütövlükdə isə, artıq Azərbaycanda
qazlaşdırmanın səviyyəsi 85 faiz təşkil edir
ki, bu da neft və qaz hasil edən ölkələr arasında
yüksək göstərici hesab olunur. Bununla
belə, dövlət başçımız yaxın illərdə
ölkə üzrə qazlaşdırma səviyyəsinin
90-95 faizə çatdırılmasını tövsiyə
etmişdir.
Dövlət Neft Şirkəti üzrə neft
hasilatında sabitliyi qorumaq, həmçinin qaz
istehsalını artırmaq məqsədilə bir sıra
texniki və geoloji tədbirlər, eləcə də cari və
əsaslı təmir işləri ilə yanaşı, qazma
işlərinə də diqqət xeyli artırılıb. Bu baxımdan təqribən
dörd il yarım əvvəl şirkətin
tərkibində ayrıca bir qurumun - Kompleks Qazma İşləri
Trestinin yaradılmasını xüsusi qeyd etmək
lazımdır. Məhz adıçəkilən
qurumun fəaliyyətə başlaması dənizdə, eləcə
də 160 ildir istismarda olan qurudakı yataqlarda qazma işlərinin
xeyli intensivləşməsinə səbəb olmuşdur.
2011-ci ilin yeddi ayı ərzində Dövlət Neft Şirkəti
üzrə 91 min 951 metr qazma işi həyata
keçirilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü
ilə müqayisədə 8691 metr çoxdur. Göründüyü
kimi, kəşfiyyat və istismar qazmasının
aparılmasına xüsusi diqqət göstərilməsi yeni
neft və qaz ehtiyatlarının aşkara
çıxarılmasına, eləcə də onların hasilatına
geniş imkanlar yaradır.
2011-ci ildə ölkə neftçilərini daha
mühüm, məsul vəzifələr gözləyir. Hər şeydən əvvəl
qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyev
tərəfindən sentyabr ayının 20-nin "Neftçilər
Günü" peşə bayramı kimi qeyd olunmasına dair
fərman imzalanmasının 10 ili tamam olur. Qarşıdan
gələn peşə bayramlarını yüksək iqtisadi
göstəricilərlə qeyd etməyə hazırlaşan
ölkə neftçiləri neft və qaz hasilatı üzrə
nəzərdə tutulmuş illik proqnoz
tapşırıqlarını da vaxtından əvvəl və
artıqlaması ilə yerinə yetirmək üçün
bütün imkanları səfərbərliyə
almışlar.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2011.- 21 avqust.- S. 2.