Azərbaycanın
təşəbbüsü ilə reallaşan
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu artıq qlobal prosesə çevrilmişdir
Son
illərdə dünya xalqları arasında dialoqun təşviqi
və inkişafında Azərbaycan mühüm rol
oynamaqdadır. Cari il aprelin 7-dən 9-dək Azərbaycanın
ev sahibliyi ilə keçirilmiş daha bir beynəlxalq tədbir
- Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
ölkəmizin bu sahədə səylərinin nəinki Şərqlə
Qərbin, bütövlükdə dünya xalqları
arasında mədəni və dini əlaqələrin möhkəmlənməsinə
mühüm töhfələr verdiyini bir daha əyani surətdə
göstərdi. Bu, son dərəcə mötəbər beynəlxalq
məclisin başa çatmasından təqribən ay
yarım sonra, daha dəqiq desək, 2011-ci il mayın 27-də
Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan
Respublikasında Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun təşkili barədə" Fərmanla
ölkəmizdə yeni bir ənənənin əsası
qoyulmuş oldu.
Fərmanda
deyilir ki, cari il aprelin 7-9-da Azərbaycanda 102 dövlətin və
10-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin
iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirilmişdir. Mədəniyyətlərarası
dialoqun müxtəliflik və plüralizmlə səciyyələnən
müasir cəmiyyətlərdə ayrı-ayrı aspektlərinin
nəzərdən keçirilməsi və yerli, regional və
qlobal səviyyələrdə gücləndirilməsinə təşviq
edilməsi Forumun əsas məqsədi olmuşdur.
Sənədə
əsasən, 2011-ci ildən başlayaraq hər iki ildən
bir təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun məqsədi ölkəmizin İslam
dünyası ilə Qərb sivilizasiyası və eləcə
də digər mədəniyyətləri təmsil edən
xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində
mühüm rolu nəzərə alınmaqla, müxtəlif mədəniyyətlər
arasında əməkdaşlıq üçün qlobal
platformanı təsis etmək və Azərbaycan
xalqının tolerant mədəniyyətini, tarixi ənənələrini
beynəlxalq aləmə tanıtmaqdır.
Forumun
təşkilində əlaqələndirici orqan Mədəniyyət
və Turizm Nazirliyi müəyyən edilmişdir.
Beləliklə,
Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun
olaraq ölkəmizdə növbəti Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu 2013-cü ildə keçirilməlidir.
AzərTAc-ın
müxbirinin ölkəmizdə keçirilmiş ilk Forumun
yekunları, növbəti tədbirə hazırlıqla
bağlı görülmüş işlər, bu möhtəşəm
beynəlxalq məclisdə əhatə olunacaq mövzu və
tədbirlərlə bağlı suallarını
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun əlaqələndiricisi, Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq
və proqramlar sektorunun müdiri Vasif Eyvazzadə
cavablandırır.
-Son
vaxtlar dünya miqyasında mədəniyyətlərarası
dialoq məsələsi olduqca aktual bir mövzuya
çevrilmişdir. Sizcə, məsələnin bu dərəcədə
aktuallıq kəsb etməsi nə ilə bağlıdır?
-
Bilirsiniz ki, XXI əsrdə baş verən hadisələrin
motivi bir sıra xüsusiyyətlərinə görə əvvəlki
dövrlərdəkindən kəskin surətdə fərqlənir.
Biz bu gün elə bir dövrdə yaşayırıq ki,
artıq millətlərin və xalqların həyat və
yaşam fəlsəfəsini, mədəniyyətlərin və
geniş bir coğrafiyada yaşayan xalqların birgəyaşama
fəlsəfəsi əvəz edir. Bu meyillər bəzən
qloballaşma, bəzən inteqrasiya adlandırılır, bəzən
isə, ümumiyyətlə, bu ifadələrin heç biri qəbul
edilmir. Lakin bizim istəyib, istəməməyimizdən
asılı olmayaraq bu, qaçılmaz bir prosesdir. Sadəcə,
bu prosesin gedişində hadisələrin düzgün
inkişafına şərait yaratmaq lazımdır. Bu əsrdə
fərqli baxışlara, fərqli dinlərə və milli mənsubiyyətə
aid olan insanlar, geniş mənada millətlər bir-birilərini
daha da yaxından tanımaq üçün böyük
imkanlara malikdirlər.
Nə
qədər ki, millətlər və insanlararası münasibətlər
dövlətlərin bir-biri ilə əməkdaşlığının
səviyyəsi və bununla müəyyən edilən çərçivə
daxilində, həmçinin məhdud informasiya resursları
şəraitində aparılırdı, bu zaman mədəniyyətlər
və dinlərarası məsələlər elə də
aktual deyildi. Hazırda isə biz informasiya
texnologiyalarının elə bir inkişafı dövründə
yaşayırıq ki, bir-birini tanımaq üçün
heç bir əngəl yoxdur. Yetər ki, dövlətlərin
siyasəti bu nöqtədə uzlaşsın. Lakin təəssüflər
olsun ki, son zamanlar Qərb ölkələrində multikulturizmə
qarşı çıxanlar çoxluq təşkil edirlər.
Bir zamanlar bu ideyaları dəstəkləyən və ona
şərait yaradan qüvvələr bu gün onun əməli
nəticələrindən qorxur və geriyə
qayıdırlar. Bu, olduqca təhlükəli meyildir.
Artıq
elə bir vəziyyət yaranmışdır ki,
dünyanın gələcəyi mədəniyyətlərarası
münasibətlərdən asılıdır. Bu məqamda isə
geriyə deyil, irəliyə doğru
düşünülmüş və millətlərarası
münasibətlərin inkişafına töhfə verəcək
addımlar atılmalıdır. Dünyada yaşayan
bütün xalqlar bir-birinin varlığını qəbul
etməli, bir-birinə hörmətlə yanaşmalı və
müasir dünyanın birgəyaşayış prinsiplərinin
məsuliyyətini anlamalıdırlar.
-Azərbaycanın
son vaxtlar aktuallaşmaqda olan mədəniyyətlərarası
dialoqda rolu və fəallığı daha çox hansı
amillərlə bağlıdır?
- Azərbaycanın
mədəniyyətlərarası dialoqda rolunu və fəallığını
şərtləndirən amillər çoxdur. Mən bununla
bağlı iki əsas amili diqqətə çatdırmaq istəyirəm.
Birincisi, Azərbaycanın təbii geosiyasi vəziyyəti,
Şimal ilə Cənub, Şərq ilə Qərb arasında
yerləşməsi və xalqımızın sözün əsl
mənasında əsrlər boyu əldə etdiyi tolerant mədəniyyəti.
İkincisi, Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin
timsalında mədəniyyətlərarası münasibətlərin
inkişafına həm yerli, həm də beynəlxalq səviyyədə
nümayiş etdirdiyi dəstək və bu istiqamətdə həyata
keçirdiyi məqsədyönlü siyasət.
Hesab
edirəm ki, bu gün dünyada mədəniyyətlərarası
dialoqu Prezident İlham Əliyev qədər dəstəkləyən
və bu prosesə şəxsi töhfəsini verən ölkə
rəhbərinə çox nadir hallarda rast gəlmək olar.
Azərbaycanda artıq bu sahə dövlət siyasətinin bir
istiqamətinə çevrilmişdir. Bununla yanaşı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
demək olar ki, BMT sisteminin bütün ölkələrini əhatə
edən YUNESKO səviyyəsində həyata keçirdiyi tədbirlər,
müxtəlif ölkələrdə bu istiqamətdə təşkil
edilən xoşməramlı aksiyalar mədəniyyətlərarası
dialoqun inkişafına, eyni zamanda, müasir dünya mədəniyyətinin
sülh və dialoq əsasında formalaşmasına verilən
töhfənin bariz göstəricisidir.
-Söz
ki, töhfədən düşdü, ümumilikdə bu il
aprelin 7-dən 9-dək Bakıda keçirilmiş
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun
nəticələri barədə nə deyə bilərsiniz?
- Azərbaycan
Prezidenti İlham Əliyevin təşəbbüsü və
himayəsi ilə keçirilmiş Bakı Forumu ilk qlobal hadisədir.
Bu Forum 2008-ci ildə dövlətimizin başçısı
tərəfindən əsası qoyulmuş mədəniyyətlərarası
dialoq üzrə "Bakı prosesi" çərçivəsində
təşkil edilmişdir.
Mənim
fikrimcə, burada konkret nəticələrdən deyil, daha
çox ölkəmizin strateji hədəflərindən
söhbət gedə bilər. Təbii ki, Bakı Forumu
özünün konkret nəticələri ilə yadda
qalmışdır. Təsadüfi deyildir ki, bütün qitələrin
təmsil olunduğu Bakı Forumunda 102 ölkədən
nümayəndə, 10-dan çox beynəlxalq qurumdan rəhbər
şəxslər, dünyanın nüfuzlu beyin mərkəzlərinin
nümayəndələri, qlobal ictimai xadimlər, parlamentarilər
və diplomatlar, merlər və digər yerli hakimiyyət orqanlarının
rəhbərləri, qeyri-hökumət təşkilatlarının
əməkdaşları, jurnalistlər, tanınmış
ziyalılar və digər sahələrdə fəallığı
ilə seçilən insanlar, ümumilikdə 500-ə
yaxın xarici ölkə nümayəndəsi iştirak
etmişdir.
Forumun
media tərəfdaşı kimi çıxış edən
"Euronews" telekanalı öz yayım şəbəkələri
ilə bir həftə ərzində bu mötəbər beynəlxalq
məclisi 10 dildə təbliğ etmişdir. Dünyanın
bir çox nüfuzlu qəzetlərində və televiziya
kanallarında Bakı Forumu və bu mötəbər beynəlxalq
məclisin baş tutmasında Azərbaycanın rolu, dövlətimizin
və Prezidentimizin ən yüksək səviyyədə mədəniyyətlərarası
əməkdaşlığı dəstəkləməsi
çox mühüm bir addım kimi qeyd olunmuşdur.
Əgər
məsələyə strateji nəticələr kontekstində
yanaşsaq, Bakı Forumu artıq mədəniyyətlərarası
məclis olaraq dünya miqyaslı brend kimi səslənir. Əgər
Davos Forumu iqtisadi məsələlərin müzakirəsi
üçün brendə çevrilibsə, Bakı Forumu da mədəniyyətlərarası
dialoq, sülh, əməkdaşlıq, irqi və dini
dözümsüzlük hallarının aradan
qaldırılması və s. bu kimi məsələlərin
müzakirəsi üçün qlobal brendə çevrilməkdədir.
Forumun nəticələri və dialoqun əhəmiyyəti tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın olduqca dərin məzmunlu və strateji təklifləri özündə əks etdirən nitqlərində əksini tapmışdır. Həmin nitqlərdə mədəniyyətlərarası dialoqun inkişafı və təbliğinin beynəlxalq səviyyədə aparılmasının vacibliyi, Forumun daimi əsasda təsis edilməsi və bu istiqamətdə aparılan müzakirələr üçün ölkəmizin beynəlxalq mərkəzə çevrilməsi və xalqımızın tolerant mədəniyyətinin dünya ölkələri üçün yaxşı nümunə və model ola biləcəyi, mədəniyyətlər və millətlərarası münasibətlərin əsasında qlobal etika və ədalətin durmasının vacibliyi, mədəni müxtəlifliyin və dini dözümlülüyün təbliği və s. vacib fikirlər bəyan edilmişdir.
Bakı Forumu bir sıra vacib nəticələri ilə xalqımızın və dünya ictimaiyyətinin yaddaşında qalmışdır. İlk növbədə ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmlənmiş, xalqımızın mədəniyyəti və ənənələrinə dünyanın bütün regionlarında maraq artmış, ölkəmizin mövqeyini dəstəkləyən mədəniyyət lobbisinin formalaşması istiqamətində irəliləyişlər nəzərə çarpmışdır. Həmçinin artıq Azərbaycan mədəniyyətlərarası münasibətlərin müzakirəsi üçün qlobal mərkəz rolu qazanmışdır. Forumdan bir ay sonra Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsində parlaq qələbəsi ölkəmizdə keçirilmiş belə mötəbər tədbirlərin əks-sədası ilə sıx bağlıdır.
-Məlum olduğu kimi, Prezident İlham Əliyev bu mötəbər məclisdəki nitqində Bakı Forumunun daimi əsasda keçirilməsi məsələsini irəli sürmüş və az sonra müvafiq Fərman imzalamışdır. Bu istiqamətdə hər hansı konkret işlər görülürmü?
- Heç şübhəsiz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli Fərmanı Bakı Forumunun qlobal hadisəyə çevrilməsinə şərait yaradacaqdır. Fərmanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hər iki ildən bir keçirilməsi, əlaqələndirici qurum kimi Mədəniyyət və Turizm Nazirliyinin müəyyən edilməsi, növbəti Forumun 2013-cü ildə təşkili və s. məsələlər əksini tapmışdır. Hazırda Nazirlər Kabineti Prezidentin Sərəncamından irəli gələn məsələləri həll etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin bununla bağlı təkliflərini nəzərdən keçirir.
Nazirlik, ümumiyyətlə, mədəniyyətlərarası dialoqun təbliği və mədəni çeşidliliyin dəstəklənməsi istiqamətində silsilə tədbirlər reallaşdırır.
-Bildiyimizə görə, Forumun təşkili məsələləri ilə Beynəlxalq işçi qrupu məşğul olmalıdır. Bu işçi qrupunda növbəti Forumla bağlı hər hansı müzakirələr aparılıbmı?
-Bəli, Beynəlxalq işçi qrupu öz fəaliyyətini davam etdirir. Nazir müavini Sevda Məmmədəliyevanın rəhbəri olduğu həmin qrupa Azərbaycan, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası və Şimal-Cənub Mərkəzinin rəhbər şəxsləri daxildirlər. Əvvəlki Forumun təşkilində nazirlik İSESKO ilə ikitərəfli əsasda işləmişdir. Növbəti Forum üçün isə biz İSESKO-nu Beynəlxalq işçi qrupuna dəvət etməyi düşünürük. Yəni Beynəlxalq işçi qrupunun tərkibi daha da genişlənəcəkdir.
Bu il iyulun 7-8 -də Parisdə Beynəlxalq işçi qrupunun Bakı Forumunun yekunları ilə bağlı hesabat iclası keçirilmişdir. İclasda Forumun təşkilində tərəfdaş qismində çıxış edən beynəlxalq təşkilatların nümayəndələri tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşəkkür etmişlər.
Eyni zamanda, iclasda qeyd olunmuşdur ki, Prezident İlham Əliyev tərəfindən Bakı Forumunun hər iki ildən bir keçirilməsi barədə Fərmanın imzalanması Azərbaycan dövlətinin müasir dövrdə sivilizasiyalararası əməkdaşlığı və dialoqu inkişaf etdirməyə yönələn xeyirxah bir təşəbbüsüdür və tərəfdaş beynəlxalq qurumlar bu addımı dəstəkləyirlər.
Bununla yanaşı, görüşdə əsas müzakirə mövzusu Bakı Forumu çərçivəsində mədəniyyətlərarası dialoq üzrə qlobal tədqiqat qrupunun təsis edilməsi məsələsi olmuşdur. İclasın bütün iştirakçıları bu qlobal tədqiqat qrupunun təsis olunmasının vacibliyini qeyd edərək Azərbaycanın beynəlxalq səviyyədə təbliği, Forumun arxasında güclü akademik və intellektual gücün olduğunu göstərəcək bu qrupun, həmçinin tədbirin müvafiq sənədlərinin hazırlanması ilə məşğul olması təklifini irəli sürmüşlər.
-Qeyd etdiyiniz mədəniyyətlərarası dialoq üzrə Qlobal tədqiqat qrupu ilə Beynəlxalq işçi qrupunun fəaliyyəti necə əlaqələndiriləcəkdir?
-Bilirsiniz, Bakı Forumu yeganə platformadır ki, dörd beynəlxalq təşkilatı bir araya gətirib və həmin qurumların fəaliyyətlərinin əlaqələndirilməsinə və təqdimatına şərait yaradır. Bu, olduqca ciddi məsələdir. Bakı Forumu hər hansı beynəlxalq təşkilatın tək himayəçiliyi altında olan tədbir deyil, Azərbaycan hökumətinin təşəbbüsü və təşkilatçılığı ilə neytral bir məkanda Azərbaycanda - mədəniyyətlərin qovuşduğu bir məkanda azad bir platforma kimi təşkil edilir. Bu format yeganə formatdır və Azərbaycan dövlətinə göstərilən böyük etimadın nəticəsidir.
Vurğulamaq istərdim ki, belə beynəlxalq tərəfdaşların olması foruma xüsusi beynəlxalq siyasi status verir. Məhz bu statusa görə ölkələr belə tədbirlərdə yüksək səviyyədə iştirak etməyə həvəs göstərir və tədbir qlobal əks-səda doğurur. Bu mənada Beynəlxalq işçi qrupunun fəaliyyətinin davam etdirilməsi olduqca vacib sayılır.
Qlobal tədqiqat qrupu ilə Beynəlxalq işçi qrupunun fəaliyyətinin necə əlaqələndiriləcəyinə gəldikdə isə, bildirmək istərdim ki, Forumun bazasında duracaq bu qlobal beyin mərkəzi öz təkliflərini və hazırladığı materialları rəy bildirilməsi üçün Beynəlxalq işçi qrupuna təqdim edəcəkdir. Qrupun üzvlərinin dünyanın bütün qitələrini təmsil etmək şərtilə 10-15 nəfər tanınmış peşəkar ekspertdən ibarət olması, beynəlxalq səviyyədə tanınmış bir şəxsin onun sədri seçilməsi, bir ekspertin məruzəçi təyin edilməsi və qrupun katibinin Azərbaycan tərəfindən olması və həmin qurumun əsasnaməsinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanması nəzərdə tutulur. Hazırda tərəfdaş beynəlxalq qurumlardan təkliflər gözləyirik. Ümid edirik ki, cari ilin oktyabr ayınadək bu qrupu formalaşdıra biləcəyik.
Əhməd MƏMMƏDOV
Xalq qəzeti.- 2011.- 23 avqust.- S. 3.