Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malik dövlətlərdən birinə çevrilir

 

Son illərin siyasi-diplomatik addımları həmin tendensiyanı daha da sürətləndirir

 

Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra ilk vaxtlar ölkədə çaşqınlıq, anarxiya, xaos yarandı. Ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı xalqın qanı bahasına qazanılmış müstəqilliyi tədricən məhvə yaxınlaşdırırdı. Respublikamız müstəqil dövlət kimi beynəlxalq təşkilatlarla əlaqə qura bilmirdi. Ölkəyə rəhbərlik edənlər sanki unudurdular ki, beynəlxalq təşkilatlar dövlətlərarası münasibətlərdə, xüsusilə dünyada gedən siyasi proseslərdə özünəməxsus rol oynayırlar. Bu təşkitlatlar beynəlxalq səviyyədə qlobal məsələlərin, dövlətlərarası münasibətlərin tənzimlənməsinə əsaslı şəkildə təsir göstərir.

 

1993-cü ilin iyunundan - ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası yolunda əsaslı addımlar atıldı. Dövlət idarəçiliyində zəngin təcrübəsi olan ümummilli lider Heydər Əliyev beynəlxalq təşkilatların müasir dünyada baş verən ictimai-siyasi, iqtisadi və mədəni proseslərdə, dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində mühüm rolunu yüksək qiymətləndirərək, Azərbaycanın belə qurumlara üzv olması və əməkdaşlıq etməsi üçün bütün imkanlardan istifadə edirdi.

Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən ardıcıl şəkildə tanınması və diplomatik münasibətlərin qurulması onun dünyanın nüfuzlu təşkilatları ilə əlaqələrinə geniş yol açdı. Ulu öndərin siyasi uzaqgörənliyi sayəsində Azərbaycanın müstəqilliyi daha möhkəm təməllər üzərində qurulur, milli dövlətçilik maraqlarına cavab verən səmərəli və məqsədyönlü xarici siyasət kursu həyata keçirilirdi. Demokratik cəmiyyət quruculuğu və bazar iqtisadiyyatı yolunu seçən Azərbaycan Respublikası dünya təcrübəsində uğurla sınaqdan keçmiş, ümumbəşəri dəyərlərdən faydalanaraq özünün geniş iqtisadi potensialını hərəkətə gətirmək məqsədilə inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyalarını və maliyyə imkanlarını cəlb edir, onların qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirirdi. Bu yönümdə həyata keçirilən xarici siyasətdə dünya dövlətləri ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi də mühüm yer tuturdu.

Müstəqilliyinin ilk illərindən BMT, ATƏT və İKT-yə üzv olan Azərbaycan Respublikası həyata keçirdiyi ardıcıl siyasət nəticəsində 2001-ci ildə Avropa Şurası kimi mötəbər bir quruma da qəbul edildi. Beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə böyük önəm verən ulu öndər Heydər Əliyev Avropa Birliyi, NATO və başqa təşkilatlarla sıx əlaqələr yaradır, bu nüfuzlu qurumlar çərçivəsində qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsi üçün fəal xarici siyasət yeridirdi.

Çox mühüm coğrafi-strateji məkanda yerləşən Azərbaycan bu mövqedən həm özünün, həm də tərəfdaşlarının yetərincə faydalanması üçün əlverişli imkanlar yaradır, milli mənafelərinin və təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirirdi. Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qoşulması, nüfuzlu qurumlarla əlaqələrini genişləndirməsi ilə ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində əsaslı dönüş yaranırdı. Bu prinsipləri rəhbər tutaraq və uzunmüddətli milli mənafelərdən çıxış edərək, Azərbaycanın xarici siyasətinin prioritetlərindən hesab edilən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı daha da möhkəmləndirmək, respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin, ilk növbədə ona qarşı Ermənistan Respublikası tərəfindən edilmiş təcavüzün aradan qaldırılması kimi həyati əhəmiyyətli başlıca məqsəd güdərək konkret siyasət yeridilirdi. Bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Qloballaşan müasir dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə, ölkə iqtisadiyyatının inkişafı üçün müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də Azərbaycanın xarici siyasəti üçün müstəsna əhəmiyyət daşımaqdadır. Demokratik tərəqqi yolunu seçmiş Azərbaycan özünün qonşusu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin qurulub inkişaf etdirilməsi üzrə ümumi məqsədi mümkün qədər tam şəkildə həyata keçirmək əzmindədir.

Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olmuşdur. Azərbaycan Respublikası həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir. Ümumiyyətlə, Azərbaycan müstəqillik qazandıqdan sonra bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və dünyaya inteqrasiya prosesinə sıx cəlb olunmasında beynəlxalq təşkilatların rolundan istifadə etmək məqsədilə qısa müddət ərzində BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Konfransı Təşkilatı (İKT), Türk Dövlətləri Birliyi, Müstəqil Dövlətlər Birliyi (MDB), Beynəlxalq Valyuta Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Bərpa və İnkişaf Bankı və İslam İnkişaf Bankının üzvü oldu. Sonrakı illərdə Parlamentlərarası İttifaq, Avropa Birliyi, Avropa Şurası, Avropa Parlamenti, NATO və digər nüfuzlu beynəlxalq və regional qurumlarla qarşılıqlı faydalı əlaqələr yarandı. BMT Nizamnaməsinə, ATƏT və Avropa Şurası prinsiplərinə, dünya dövlətləri tərəfindən qəbul edilmiş digər beynəlxalq hüquq normalarına əsaslanan Azərbaycan Respublikası dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə fəal və genişmiqyaslı əməkdaşlığını davam etdirir. Bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni, humanitar, hərbi sahələri əhatə edərək çoxşaxəli xarakter daşıyır və ölkəmizin milli maraqlarının daha dolğun ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı faydalı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir.

Azərbaycan hökumətinin Avropa məkanında atdığı addımlar onun həyata keçirdiyi xarici siyasət sistemi çərçivəsində göstərdiyi səylərin tərkib hissəsi olmaqla yanaşı, bu səylərlə tam səsləşir. Müasir şərait köhnə nüfuz dairələri modeli əsasında deyil, həqiqi mənada tərəfdaşlıq və əməkdaşlığa söykənən Avropa təhlükəsizlik və ümumi rifah strukturunun yaradılmasına unikal bir fürsət verir, lakin eyni zamanda yeni tipli təhdidlərin yaranmasına səbəb olur. Bunun üçün Azərbaycan yaranmış obyektiv vəziyyəti nəzərə alaraq, NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də antiterror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir.

Azərbaycan Respublikasının ölçülüb-biçilmiş və milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun işlənib-hazırlanması və gerçəkləşdirməsi bütövlükdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun güclü dövlətçilik duyğusu, dərin məntiqi və məsələlərin mahiyyətini dəqiq dərketmə qabiliyyəti beynəlxalq əlaqələrin qurulması işinə düzgün yanaşma yolunu müəyyən etməyə imkan yaradırdı. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Azərbaycanın xarici siyasəti əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dünya ictimaiyyətinin bütün xoşməramlı üzvlərilə qarşılıqlı faydalı münasibətlərin hərtərəfli inkişafı kursuna öz möhkəm sadiqliyini nümayiş etdirməkdədir. Bu siyasət Azərbaycan Respublikasının çiçəklənməsi, davamlı tərəqqi və əhalinin rifahının təmin edilməsinə yönəldilmişdir.

Azərbaycan Prezidentinin həyata keçirdiyi xarici siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqelərini daha da möhkəmləndirib. Beynəlxalq sülhün səmərəli və çoxtərəfli münasibətlər sistemi vasitəsilə əldə edilməsinə əmin olaraq, Azərbaycan Respublikası bütün dünyada və regionumuzda beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində BMT-nin rolunun vacibliyini qəbul edir. BMT-nin Nizamnaməsində öz əksini tapan beynəlxalq hüququn norma və prinsipləri mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşını təşkil edir. Azərbaycan XXI əsrin problemlərinə və təhdidlərinə daha səmərəli şəkildə cavab vermək üçün beynəlxalq hüquq sisteminin möhkəmləndirilməsi və qəbul edilmiş qərarların həyata keçirilməsi də daxil olmaqla, BMT-nin operativ imkanlarının artırılmasına yönələn islahatları dəstəkləyir.

ATƏT ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətində mühüm yer tutur. ATƏT-in Helsinki Yekun Aktı və digər sənədlər bu təşkilata üzv olan ölkələr arasında münasibətləri tənzimləyən norma və prinsipləri müəyyən edir və kollektiv təhlükəsizliyin saxlanılması üçün əsas yaradır. Eyni zamanda, milli maraqlarımızın təmin olunması, daxili siyasi və institusional islahatların səmərəli şəkildə həyata keçirilməsi, həmçinin Azərbaycan qanunvericiliyinin Avropanın norma və standartlarına uyğunlaşdırılması nöqteyi-nəzərindən Avropa Şurası ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Azərbaycan tərəfi regional çoxtərəfli əməkdaşlığı vacib hesab edir və GUAM-ın əsas yaradıcısı kimi regionda daha mehriban və daha sabit münasibətlərə nail olunmasına öz töhfəsini verir.

Azərbaycanın sivilizasiyalar arasındakı dialoqda fəal iştirakı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Təqdirəlayiq hal kimi qeyd etmək lazımdır ki, ölkəmizin bu istiqamətdə fəaliyyəti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilir. Sevindirici haldır ki, beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası dialoqa dair üç möhtəşəm beynəlxalq tədbir təşkil olunmuşdur.

Ölkəmizin regional əməkdaşlığı regionda sülhün və sabitliyin qorunub saxlanılması üçün mühüm amil hesab edilir və Ermənistan istisna olmaqla bütün yaxın qonşuları ilə qarşılıqlı faydalı dostluq münasibətləri qurulmuşdur. Qonşu dövlətlərlə əlaqələrin daha da inkişafı həllini gözləyən regional problemlərin qarşılıqlı surətdə qəbul olunan şəkildə nizamlanması variantının tapılmasına imkan yaradacaqdır. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ölkəmizin nüfuzunu getdikcə artırır, əlaqələrini daha da genişləndirir.

Azərbaycan Avropa və Avratlantik birliyin dəyərləri ilə bölüşür, çoxtərəfli Transatlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını inkişaf etdirərək Avropa qitəsində və onun sərhədlərindən kənarda təhlükəsizlik və sabitliyə öz töhfəsini verir. Azərbaycan 1994-cü ildə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulan ilk ölkələrdən biri olmuşdur və Avratlantik Tərəfdaşlıq Şurası və digər vasitələrlə NATO ilə mümkün tərəfdaşlıq mexanizmlərindən tam şəkildə bəhrələnir. Azərbaycan Fərdi Tərəfdaşlığın Fəaliyyəti Planının (FTFP) birinci mərhələsini uğurla başa vurmuş, ikinci mərhələsinin icrasına başlamışdır ki, bu da növbəti illərdə NATO-Azərbaycan münasibətlərini istiqamətləndirəcəkdir.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı ölkənin təhlükəsizlik ehtiyacları çərçivəsindən kənara çıxaraq iqtisadi, siyasi və sosial sahələrdə də genişlənir. Avropa Qonşuluq Siyasəti çərçivəsində 2006-cı ildə qəbul olunmuş Avropa İttifaqı Azərbaycan - Fəaliyyət Planı Azərbaycan və Avropa İttifaqı arasında siyasi dialoqu gücləndirir, siyasi, iqtisadi və institusional islahatlar sahələrində əməkdaşlığı inkişaf etdirir, əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün əsaslar yaradır. Avropa İttifaqı - Azərbaycan Fəaliyyət Planının yerinə yetirilməsi bu qurumla Azərbaycan arasında qarşılıqlı siyasi və iqtisadi asılılığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Müstəqilliyimzin bərpa olunmasından keçən 20 il ərzində Azərbaycan beynəlxalq təşkilatlarla əlaqələrini daha da genişləndirmişdir və hazırda dünya birliyində əhəmiyyətli dövlətlərdən birinə çevrilir. Dövlət başçımız İlham Əliyevin qeyd etdiyi kimi, bu, xarici siyasətimizin bütün istiqamətlərdə uğur qazanmasıdır. Onu da qeyd edək ki, Azərbaycan müstəqillik yoluna qədəm qoyduğu vaxtdan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla yanaşı, eyni zamanda, regional liderə çevrilməyə nail olmuşdur. Hazırda dünyanın aparıcı dövlətləri sırasına qoşulan Azərbaycan beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirmək üçün bütün imkanlardan səmərəli istifadə edir. Qəbul olunan qanunların beynəlxalq standartlara uyğunlaşdırılması, qarşıya çıxan qlobal problemlərin aradan qaldırılmasında beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verilməsi Azərbaycanın nüfuzunu getdikcə artırır və dünya birliyinə inteqrasiyasını sürətləndirir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 23 avqust.- S. 1.