Almaniyadan məktub.
Azərbaycanlı
yazıçı-filosof Şiller medalına layiq
görülmüşdür
Bir
zamanlar ayrı-ayrı ziyalıların yaratdığı
mükəmməl elmi-bədii əsərlərə və ya
texniki yaradıcılığa milli deyil, bəşəri
nailiyyət adı verilməsini tələb edən mərkəzlər
mövcud idi. Onların fikrincə, hər bir xalq
bütövlükdə bəşəriyyətin tərkibinə
daxil olduğuna görə bütün xalqların nailiyyətləri
ümumilikdə bəşəriyyətin əldə etdiyi sərvətdir.
Xüsusən,
SSRİ dövründə bu ölkədə yaşayan
bütün xalqların əldə etdiyi istənilən ədəbi-bədii
və ya elmi texniki nailiyyət sovet xalqlarının uğuru
kimi təqdim edilirdi. Yəni, yaratdığı şəxsin
milli kimliyi ya ikinci plana keçirdi, ya da, ümumiyyətlə,
nəzərə alınmırdı. Son illər Birləşmiş
Millətlər Təşkilatının həyata
keçirdiyi çoxsaylı tədbirlər nəticəsində
bu məsələ öz müsbət həllini tapıb. Erməni
öz xəstə təxəyyülü ilə erməni kimi
tanınır, türk öz milli-mənəvi zənginliyi ilə
türk kimi təqdim olunur. Bizim üçün fəxr edilməli
məqamdır ki, bu gün dünya miqyasına çıxan
yaradıcı ziyalılarımız beynəlxalq ictimaiyyətə
məhz "bəşər mədəniyyətinə
xüsusi töhfələr vermiş azərbaycanlı"
kimi təqdim olunur.
Biz bu tendensiyanı görkəmli yazıçı-filosof, Azərbaycan, Rusiya və Türkiyə yazıçılar birliklərinin, eləcə də Avrasiya Yazıçılar Liqasının üzvü, dörd beynəlxalq akademiyanın akademiki Hacı Fərhad Mirzə haqqında dünya mətbuatında qələmə alınan yazılarda da görürük. Məsələn, Avropa Təbiyyat Elmləri Akademiyasının prezidenti, professor Vladimir Tıminski Hacı Fərhad Mirzə haqqında söz açarkən yazır: "Üç dildə, 30 mindən artıq tirajla dünyanın əksər ölkələrində maraqla qarşılanan "Kəlamlar" kitabının müəllifi sadəcə bir şərqli deyil, bəşər övladı üçün dəyərli, mükəmməl əsər yaratmış görkəmli azərbaycanlıdır". Professorun sözündəki həqiqətlərdən biri də odur ki, Hacı Fərhadın kitabı 20-30 il əvvəl bu şəkildə dünyanı gəzsəydi, onu bir Şərq filosofu kimi təqdim edəcəkdilər, vəssalam. İndi isə soydaşımız haqqında ən yüksək səviyyədə "görkəmli azərbaycanlı" ifadəsi işlədilir.
Rusiya Yazıçılar İttifaqı Moskva şəhər təşkilatının sədri, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi, şair Vladimir Boyarinov isə soydaşımız haqqında söz açarkən yazır: "Hacı Fərhadın kəlamlarının sirri təkcə onun müqəddəs sadəliyində deyil, eyni zamanda, bu sirr iki mühüm dayaq üzərində dayanır: səmimiyyət və inam". Məqalə müəllifinin fikrincə, "Kəlamlar" müəllifinin səmimiyyəti Azərbaycanın səmimiyyəti, onun bəşərin nicatına olan inamı isə Azərbaycan xalqının inamıdır.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Ankara bölməsinin rəhbəri, professor Xeyrətdin İvginin də azərbaycanlı yazıçı-filosof haqqında dəyərli fikirləri vardır: "Hacı Fərhadın Azərbaycandan sonra Türkiyə və Rusiyada çap olunan "Kəlamlar" kitabı Kanada və Ukraynada keçirilən beynəlxalq kitab sərgilərində öz müəllifinə böyük nüfuz qazandırmışdır. Ancaq "Kəlamlar"ı hamı üçün daha maraqlı edən başqa bir məqam var ki, mən onu "Lent.az" internet saytından oxumuşdum. Sayt xəbər verirdi ki, Bakıda dəhşətli bir yanğının külə döndərdiyi binanın qalıqları arasından "Kəlamlar" kitabını sağ-salamat tapmışlar. Düşünürəm ki, bu hadisə müasir kəlam məktəbinin banisi olan Hacı Fərhad Mirzənin o qədər də sadə olmayan bəxtindən, taleyindən xəbər verir". Qeyd edək ki, Hacı Fərhad Mirzə Misir, Liviya, Suriya kimi ölkələrdə və Avropanın bəzi yerlərində baş verən ictimai-siyasi proseslərin qaçılmaz olmadığını, onların qarşısının alınmasının mümkünlüyünü əvvəlcədən söyləmişdi.
Bu günlərdə isə Almaniyanın Hannover şəhərindən, professor Vladimir Tıminçkinin imzasıyla soydaşımızın ünvanına yeni məktub və təltif göndərilmişdir. Məktubda göstərilir ki, Avropa Təbiyyat Elmləri Akademiyasının Rəyasət Heyətinin 15 iyun 2011-ci il tarixli qərarı ilə dünya mədəniyyətinə, fəlsəfəsinə və ədəbiyyatına göstərdiyi böyük xidmətlərinə görə azərbaycanlı yazıçı-mütəkəllim Hacı Fərhad Mirzə Şiller medalı ilə təltif olunur.
Soydaşımızın XVIII-XIX əsrlər alman ədəbi fikrinin və ümumiyyətlə, alman məfkurəsinin görkəmli simalarından olan Fridrix Şillerin adını daşıyan medala layiq görülməsi bizim üçün böyük uğur və maraqlı xəbərdir. Daha maraqlı xəbərlərdən biri də odur ki, "Kəlamlar" kitabı yaxın günlərdə ingilisdilli oxuculara da təqdim olunacaq. Bütün bu yeniliklər və soydaşımızın uğurları barədə www.hacifarhadmirza.az internet saytından daha geniş məlumat almaq olar.
Əlibəy MÜSƏDDİQ
Xalq qəzeti.- 2011.- 23 avqust.- S. 5.