Gədəbəyin
dünəni, bu günü və sabahı...
Bölgə
müxbiri kimi Gədəbəyə 20 ildən çoxdur ki,
gedib-gəlirəm. Bu ucqar dağ rayonunda indiyədək
gördüklərim, eşitdiklərim haqqında artıq
saralmaqda olan qeyd kitabçalarımı hərdən vərəqləyir,
o günləri, azacıq da olsa, xatırlayıram:
"27
may 1992-ci il. Gədəbəyin mərkəzi küçəsində
palçıq əlindən tərpənmək olmur. Mərkəzi
rayon xəstəxanasına gedən yola isə yol demək
mümkün deyil. Xəstəxana binası, baş həkimin
otağı sanki zəlzələdən yenicə
çıxıb. Həkimin təklif etdiyi stulda belə əyləşməyə
cəsarət etmirəm. Hara baxırsan, uçub
tökülür..."
"21
yanvar 1993-cü il. Sürücü ilə bayaqdan
özümüzü danlayırıq ki, nə
üçün belə qarlı-boranlı havada yola
çıxdıq. Şəmkir - Gədəbəy magistral
yolunu qar basıb. Nə təmizləyən var, nə də
köməyə gələn. Onlarla maşın yolda
qalıb".
"4
aprel 1995-ci il. Zəhmət kəndindəyik. İşimiz
çox olduğundan qaranlıq düşənədək
burada qaldıq. Kəndə elektrik enerjisi verilmir. Bir azdan ətraf
zülmətə bürünür. Təbii qaz da kəsilib.
Adda-budda evlərin bacalarından tüstü
çıxır. Nədənsə son vaxtlar Gədəbəyə
gedəndə ürəyim sıxılır. Bu rayonun problemləri
qurtarmaq bilmir ki, bilmir..."
Təbii
ki, qeydlərim sonradan qəzet səhifələrinə
çıxıb. Jurnalistin gücü yalnız qələminə
çatır.
Bu nöqsanlar, problemlər haqqında həmişə
yazmışıq, təkliflərimiz olub. Yazılardan
birinin sərlövhəsi isə hələ də yadımdan
çıxmır: "Gədəbəy: ümidlər
qırılanda..."
İndi
aradan neçə illər keçib. Ümidlər nəinki
qırılıb, ümidlər doğrulub. Gədəbəy
həmin Gədəbəy deyil. Onun özü də dəyişib,
adamları da. Nə vaxt bura yolum düşür, mütləq
bir yeniliyin şahidi oluram. Yol salmaq, körpü tikmək, məktəb
binası ucaltmaq adi hal olub. İllər uzunu heç bir yeni
bina görməyən sakinlər indi ayda hətta 5 məktəbin,
xəstəxananın açılışında iştirak
edəndə qətiyyən təəccüblənmirlər.
Çünki artıq buna alışıblar. Bilirlər ki,
rayon inkişaf yolundadır və bu yolun
başlanğıcını ulu öndər Heydər Əliyev
və onun layiqli davamçısı İlham Əliyev qoyub.
Özünüz fikirləşin, son 4-5 il ərzində
ölkə başçısının iki dəfə ucqar
bir dağ rayonunda olması nə deməkdir. Heç bilirsiniz
adamlar bu diqqəti necə yüksək qiymətləndirirlər?!
Ümumiyyətlə,
Gədəbəyin əsl inkişaf dövrü son 7-8 ilə
təsadüf edir. Məktəb
binalarının, səhiyyə, mədəniyyət
ocaqlarının tikintisi, idman qurğularının
inşası, yolların bərpası, körpülərin
salınması, yeni müəssisələrin, o cümlədən
qızıl emalı kimi zavodun istismara buraxılıması və
digər mühüm işlərin həyata keçirilməsi
Gədəbəyi tanınmaz dərəcədə dəyişdirib.
Burada bir məqamı da xüsusi vurğulamaq istəyirik
ki, rayonun icra strukturları rəhbərlərinin son illər
adamlarla həddindən artıq qaynayıb
qarışması, onlara qarşı həssaslıq göstərməsi,
arzu və təkliflərini, ehtiyaclarını öyrənmələrinin
ümumi işin gedişinə, inkişafa çox
güclü təsiri olub. Rayon icra hakimiyyətinin
başçısı Kamran Rzazadə Gədəbəyin
abadlaşdırılması, sosial problemlərinin həlli ilə
bağlı ən xırda təklifə belə özü həmin
an müsbət reaksiya verir, şərait
yaradır, həmin işlə dəfələrlə
maraqlanır.
Adi bir faktı qeyd edək. Azərbaycan Kənd
İnvestisiya Layihəsi adında bir təşkilat var. Xeyirxah
işlərlə məşğul olur. Kəndlərimizin
abadlaşdırılması, yolların salınması və
digər işlərdə yaxından iştirak edir.
Keçən il bu təşkilat Gədəbəy
rayonunda 75 min manatlıq iş görüb, yol salıb. Bu il həmin işin həcmi 100 min manatı
keçəcək. Təşkilat Azərbaycanın heç
bir dağ rayonunda bu qədər iş görməyib. Bilirsiniz niyə? Çünki
rayon rəhbərliyi tərəfindən diqqət və
qayğı görüb. Bəzən bir
"sağ ol" da kifayətdir ki, həvəslə işə
girişəsən, onun nəticəsindən həzz alasan.
Həmin qeyri-hökumət təşkilatının rayon
üzrə əlaqələndiricisi Rüstəm Hacıyev
deyir ki, rayon icra hakimiyyətinin başçısı Kamran
Rzazadənin Azərbaycan Kənd İnvestisiya Layihəsi
üzrə birbaşa əlaqə qurması, onları həvəsləndirməsi
olmasaydı, bu qədər işi həyata keçirmək
mümkün deyildi. Məsələn, 2009 -
2011-ci illər ərzində Azərbaycan Kənd İnvestisiya
Layihəsi Gədəbəy rayonunda 10 mikrolayihə həyata
keçirmişdir. Samanlıq, Əliismayıllı,
İnəkboğan, Arıqıran, Moruxlu və sair kəndlərdə
kəndarası yollar qaydaya salınmış, gediş-gəliş
rahat olmuşdur. Təşkilat hazırda 6
kənddə səfərbərlik-təlim işləri
aparır. Bu layihənin bir təsiri də
ictimai tədbirlər, təlimlər vasitəsilə əhalinin
bacarıqlarının artırılması olmuşdur. Ötən ay Bakı şəhərində
keçirilmiş üçüncü milli icma investisiya
konfransında Gədəbəy ziyalıları, faydalanan kəndlərdən
olan nümayəndələr iştirak etmiş, böyük
təəssüratla qayıtmışlar.
Yol, körpü Gədəbəyin canıdır desək,
yanılmarıq. Çünki rayonun dağlıq ərazidə
yerləşməsi, qış aylarında havaların soyuq və
şaxtalı olması, tez-tez düşən
yağıntıların leysan xarakterli olması nəticəsində
avtomobil yolları sıradan çıxaraq yararsız hala
düşür. Amma yaxşı ki, son illər bu vacib
iş rayon icra hakimiyyətinin, o cümlədən əlaqədar
nazirlik və şirkətlərin prioritet fəaliyyətinə
çevrilib. Təkcə bu ilin 6 ayı ərzində
yolların cari təmirinə və salınmasına 306 min
manatdan çox vəsait xərclənmişdir. Yolların cari təmiri üçün 650 ton
asfalt-beton işlənmişdir.
Bu ilin birinci yarısında Dövlət Proqramı
çərçivəsində rayon yollarında yerləşən
körpülərin əsaslı təmirinə və yeni
körpülərin tikintisinə
başlanılmışdır. Hazırda Novosaratovka kəndində
Fındıqlı çayı üzərində
aşırımı 72 paqonometr olan körpünün
tikintisinə başlanılmış, Mis çayı üzərində
sel suları nəticəsində yuyulmuş
körpünün istinad divarları bərpa edilmişdir.
Bu günlərdə isə rayonun Qasımlı və
İnəkboğan kəndlərini birləşdirən
İnəkboğan çayı üzərində
aşırımı 52 metr olan nəhəng bir
körpünün istifadəyə verilməsi əhalinin
sevincinə və razılığına səbəb
olmuşdur. Nəzərə
alsaq ki, bu körpüdən rayonun 20 kəndinin əhalisi və
yaylağa çıxan qonşu Qazax, Ağstafa, Tovuz və
Şəmkir rayonlarının heyvandarlıqla məşğul
olan sakinləri də istifadə edəcəklər, o zaman bu
obyektin necə əhəmiyyətli olmasını sübut etməyə
ehtiyac yoxdur. Qeyd edək ki, müxtəlif
vaxtlarda bu çayda olan daşqınlar zamanı yerli və
başqa rayonlardan olan sakinlərdən 10 nəfərdən
çoxu öz həyatını itirmişdir. Bir məsələ
də maraq doğurur ki, 2010-cu ilin yekunları ilə
bağlı Nazirlər Kabinetində keçirilən iclasda
ölkə rəhbəri İlham Əliyevin regionlarda kənd
yollarının təmiri ilə bağlı verdiyi tövsiyələrə
əsasən, hazırda Gədəbəy rayonunun 6 kəndində
bu məsələ il əlaqədar təmir işlərinə
başlamaq üçün hazırlıq işləri
görülür. Bunlar Daryurd, Çalburun, Ərtəpə
və sair kəndlərdir.
Maraqlıdır ki, körpülərin, yolların
salınması ilə bağlı məsələlərin əksəriyyəti
rayon icra hakimiyyəti başçısının yerlərdə
keçirdiyi səyyar qəbullar zamanı
qaldırılmışdır. Elə yuxarıda
haqqında danışdığımız körpülərin
tikintisi xahişi də əhali tərəfindən
qaldırılmışdı. Şahdağ,
Arabaçı və Çobankənd kəndlərində də
keçirilən görüşlər zamanı eyni məsələ
qaldırılmış və həmin kəndlərdə də
kəndarası yollar, o cümlədən kəndləri rayon
mərkəzi ilə birləşdirən 40 metr uzunluğunda
və 4 metr enində körpünün tikintisinə
başlanmış, artıq son tamamlama işləri
görülür.
Yeri gəlmişkən, qeyd edək ki, Gədəbəydə
bir sıra körpülərin, körpü keçidlərinin
salınmasında "Gəncə-körpü-tikinti" ASC
kollektivinin əməyi çoxdur. Səhmdar cəmiyyətin
sədri, əslən Gədəbəydən olan Aqibət Məmmədovu
həmyerliləri buna görə həmişə
böyük ehtiramla qarşılayırlar.
Elə rayondakı 24 saylı yol-istismar idarəsinin rəisi
Firudin İbrahimov da təsadüfən demədi ki, "Aqibət
müəllimin özü də, işi də biz yol
işçiləri üçün əsl nümunədir".
Gədəbəydəki 641 kilometr kəndarası yolun
336 kilometri 24 saylı idarənin balansındadır. Kollektiv
yolların lazımınca saxlanmasına, təmirinə məsuliyyətlə
yanaşmağa çalışır. Lakin
idarənin gücü təbii ki, bütün işləri
tez bir zamanda başa çatdırmağa imkan vermir.
Ümumiyyətlə, Gədəbəydə gedən proseslərdən
heç kim kənarda qalmamalıdır. Bu baxımdan daxili imkanlar, o cümlədən digər
əlaqədar təşkilatların birgə səyi çox
vacibdir. Daxili imkanlar işə salınmasaydı, bu il iyun ayının 7-də baş verən təbii
fəlakətdən zərər çəkənlər hələ
də çıxılmaz vəziyyətdə qalardılar.
Güclü dolu rayonun Saratovka, Qaraməmmədli,
Qızıltorpaq və Ataxal kəndlərinə külli
miqdarda ziyan vurmuşdu. Dam örtükləri tamamilə
sıradan çıxmış, çoxlu sayda mal-qara
qırılmışdı. Məktəb,
xəstəxana, mədəniyyət evi yararsız hala
düşmüşdü. Dolunun
ardınca yağan güclü leysanın evlərdəki
yorğan-döşəkləri, pal-paltarları nə günə
salmasını təsəvvür etməmək mümkün
deyil. Mütəxəssislər
hesablamışdılar ki, hər evə ən azı orta
hesabla 2200 manat ziyan dəyib. Belə bir
vaxtda rayon rəhbərliyi bütün imkanları işə
saldı, ayrı-ayrı kollektivləri, strukturları səfərbər
etdi və tezliklə fəsadlar aradan qaldırıldı.
... Gədəbəydə elə bir sahə yoxdur ki,
unudulsun, diqqət yetirilməsin. Ölkə
Prezidenti ilk dəfə, yəni 2006-cı ilin noyabrın 1-də
Gədəbəydə olarkən aidiyyatı dövlət
orqanlarına xüsusi tapşırıqlar vermişdi. Artıq bu işlərin bir çoxu başa
çatdırılmış, digər mühüm işlər
isə davam edir. Gədəbəy -
Novosaratovka - Şınıx magistral qaz kəməri çəkilib
başa çatdırılmışdır. Sərhəd kəndlərindən Göyəlli,
Hüseynqulular, Gərməşöylü və Rəhimli kəndlərinə
kənddaxili daşıyıcı qaz kəmərlərinin
çəkilişinə başlanılmışdır.
Yaxın vaxtlarda bütün sərhəd
bölgəsində olan kəndlər
qazlaşdırılacaqdır.
Təhsildə, səhiyyədə müsbət dəyişikliklər
çoxdur. Hazırda Səbətkeçməz kənd tam orta məktəbi,
uşaq-gənclər idman məktəbinin yeni tikintisi və 2
saylı şəhər tam orta məktəbinin əsaslı
təmiri davam etdirilir. Bundan əlavə, rayonun 200
şagird yerlik Novosaratovka, 360 yerlik 2 saylı Slavyanka kənd
tam orta məktəblərinin tiknitisi, 480 yerlik Samanlıq və
240 yerlik Qoşabulaq kənd tam orta məktəblərinin əsaslı
təmir işlərinə başlanılmışdır.
Böyük Qaramurad kənd həkim məntəqəsi
istifadəyə verilib. Mərkəzi rayon xəstəxanası
100 min manatdan çox inventar, tibb avadanlıqları alıb xəstəxanalara
və tibb məntəqələrinə paylayıb.
Heydər Əliyev parkında ölkə
başçısının təşəbbüsü ilə
tikilən aşıq musiqi məktəbində son tamamlama
işləri görülür. "Gədəbəy
mineral suları istehsalı" MMC-nin binası istifadəyə
tam hazırdır. "Xatirə" abidə
kompleksi yeni görkəm alıb, Şəhidlər
Xiyabanı abadlaşdırılıb, kartof emalı və
saxlanması müəssisəsi tezliklə istifadəyə
veriləcək və sair.
İşlər
çoxdur və bir an belə
arxayınçılıq hiss olunmur. Biz rayonda
olarkən bunun bir daha şahidi olduq. Heydər
Əliyev prospektində istinad divarları və səkilər əsaslı
təmir olunurdu. Bir çox inzibati binaların dam
örtükləri dəyişdirilmişdi, rayon məhkəməsinin
yeni inzibati binasının tikintisində qızğın
iş gedirdi.
... Gədəbəyin dünənini bu günlə
müqayisə etmək, sabahını görmək istəyənlərə
bu səfalı dağ rayonuna baş çəkməyi məsləhət
bilərdik. Təbii ki, problemlər, hələ
görüləsi işlər çoxdur. Amma bu, bir o qədər də narahatlıq
doğurmur. Çünki iş gedirsə, onun uğurlu
nəticəsi uzaqda deyil.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2011.- 25 avqust.- S. 4.