Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri YUNESKO tərəfindən qorunur

 

Ölkəmiz 1992-ci ilin iyunundan YUNESKO-ya üzv qəbul olunub. 1996-cı ildə isə YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir.

 

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Məhz bundan sonra bu təşkilatla Azərbaycan arasında əlaqələr daha da inkişaf etməyə başlayıb.

YUNESKO bəşəri dəyərlərin dünyada qorunması, onların gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl aparır. Azərbaycanın da qeyri-maddi mədəniyyət nümunələri bu təşkilatın diqqətini çəkmiş və milli-mənəvi dəyərlərimizdən olan muğam sənəti, Novruz bayramı, aşıq və xalça sənəti bu təşkilatın qeyri-maddi mədəni irsin qorunması üzrə reprezantativ siyahısına daxil edilmişdir.

Məlumat üçün bildirək ki, Mehriban xanım Əliyevanın Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması və YUNESKO - Azərbaycan əlaqələrinin inkişafına göstərdiyi xidmətlər nəticəsində ölkəmiz qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə üzv seçilmişdir. Bundan sonra həmin sahədə əlaqələr daha da möhkəmlənmişdir.

Qeyd edək ki, Azərbaycan muğam sənəti 2003-cü ildə YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edildi. Bundan sonra muğam sənətimizə diqqət və qayğı daha da artmağa başladı. Xüsusilə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun muğam sənətimizin qorunması və inkişafı ilə bağlı bir sıra uğurlu tədbirlərin həyata keçirilməsi bu sahədə böyük canlanmaya səbəb oldu. Bakıda Beynəlxalq Muğam Mərkəzi tikildi. Bu sahədəki uğurlardan danışarkən Azərbaycan muğam antologiyasının, Qarabağ xanəndələri albomunun hazırlanmasını, Azərbaycanda keçirilən beynəlxalq muğam müsabiqələri və s. misal göstərmək olar.

İndi xalqımızın milli-mənəvi sərvəti olan muğamlarımız dünyanın əksər ölkələrində səslənir və böyük maraqla qarşılanır.

Qloballaşma şəraitində aparılan bu işlər milli-mənəvi dəyərlərin dünyaya inteqrasiyasına geniş yol açır. Belə bir şəraitdə Mehriban xanım tərəfindən aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ siyahısına daxil edilməsi muğam sənətinin dünyanın mədəni irs siyahısına daxil edilməsindən sonra yeni bir uğurun yaranmasına gətirib çıxardı. Bu, milli irsimizin dünyəviliyini, bəşəriliyini, ona irqindən, dinindən asılı olmayaraq, bütün millətlərin maraq göstərməsini təsdiqlədi. Aşıq sənətinə qarşı yaranmış soyuq münasibəti xeyli mülayimləşdirdi. Azərbaycan xalq yaradıcılığının dünyada işlıqlandırılmasına zəmin yarandı və bu irsin bəşəriliyini ifadə edən amil kimi ortaya qoyulması ilə səciyyələndi. Tezliklə aşıq sənətimiz dünyada tanıdılmağa başlandı, Parisin Luvr Muzeyində və Strasburq şəhərində Azərbaycan aşıqları konsert proqramları ilə çıxış etdilər.

Beynəlxalq çərçivədə qəbul edilən Azərbaycanın milli-mənəvi dəyərləri, sözün əsl mənasında, dünyanı təəccübləndirmək iqtidarındadır.

YUNESKO-nun Qeyri-Maddi-Mədəni İrsin Qorunması üzrə Komitəsinin Abu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında qurumun yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti ilə yanaşı, Novruz bayramı da YUNESKO-nun qeyri-maddi-mədəni irs siyahısına salındı. Novruz bayramının bir sıra dövlətlərdə qeyd edildiyi nəzərə alınaraq təşkilatın tövsiyəsi ilə beynəlmiləl qeyri-maddi-mədəni irs nümunəsi kimi YUNESKO-ya təqdim olunmuşdu.

Bu uğur ölkə Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının nəticəsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizin qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynayıb.

Muğam və aşıq sənətinin, Novruz bayramının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi-mədəni irsinin reprezentativ siyahısına daxil edilməsindən sonra diqqət Azərbaycan xalçasının möhtəşəmliyini dünyaya təqdim etməyə doğru yönəldi. Beləliklə, 2010-cu ildə Azərbaycan mədəniyyətində baş verən önəmli hadisələrdən birixalça sənətimizin YUNESKO-nun bəşəriyyətin qeyri-maddi-mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi ilə yadda qaldı.

Qurumun Qeyri-Maddi-Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin Keniyanın paytaxtı Nayrobidə keçirilən V sessiyasında Azərbaycan xalçaçılıq sənətinin bu mötəbər beynəlxalq qurumun bəşəriyyətin qeyri-maddi-mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi Azərbaycan xalçalarının orijinallığına, toxunulmazlığına, bu sənətin inkişafına, xalçaçılıq məktəblərinin tanınmasına təkan verdi. Eyni zamanda, bu, bir daha sübut etdi ki, Azərbaycan xalçaçılıq məktəbi mövcuddur, dünya tərəfindən tanınır və heç kim bu sənət nümunələrini mənimsəyə, oğurlaya, özününküləşdirə bilməz.

Beləliklə, Azərbaycan muğam sənəti və Azərbaycan aşıq sənətindən sonra milli xalça sənətimizin də bu siyahıda yer alması ümumən, mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması yönündə daha bir uğurlu addımdır.

Xalçaçılıq sənəti dünyanın bir sıra ölkələrində yayılsa da, qətiyyətlə deyə bilərik ki, bu sənət növünün beşiyi Azərbaycandır. Burada toxunanistehsal edilən xalçalar dünyada müqayisə edilməyən nümunələr kimi qəbul olunur. Sonsuz əlvanlığı, bəşəriliyi yaşadan Azərbaycan xalçasının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi-mədəni irsinin Reprezentativ siyahısına daxil edilməsi ölkənin böyük uğuru kimi qəbul olunur.

Bu gün Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara uyğun binanın inşa edilməsi də bu qədim el sənətinə dövlət qayğısının ifadəsidir.

İndi bir sıra digər milli-mənəvi dəyərlərimizin bu siyahıya salınması istiqamətində işlər aparılır. Məsələn, Azərbaycanın milli mətbəxi, Lahıc qəsəbəsi, Nic kəndi və Qırmızı Qəsəbənin adlarını çəkmək olar. Yaxın gələcəkdə bu siyahıda onların da yer alacağı şübhəsizdir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 25 avqust.- S. 4.